Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1783/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC, Cavabdeh onun xeyrinə 1946 manat təhsil haqqı borcu və onun gecikdirilməsinə görə hesablanmış 887 manat cərimə olmaqla, ümumilikdə 2833 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh 1566 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli tam orta təhsil xidməti haqqında müqavilədən görünür ki, 2019-2020-ci tədris ili üçün təhsil haqqı nəqliyyat vasitəsindən istifadə etmədikdə 4170 manat təşkil edir. Müqaviləyə əsasən, məktəb şagirdin dünya standartlarına, Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil alması üçün zəruri şərait yaratmaq, orta təhsili yüksək pedaqoji, elmi-metodik səviyyədə və dünya təcrübəsi əsasında təşkil etmək, ev tapşırıqlarının məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etmək, əsas fənlərdən əlavə ingilis dilini tədris edilməsini təşkil etmək, dərsləri tam həcmdə və ardıcıl keçmək vəzifələrini daşıyır. Lakin işin müəyyən edilmiş hallarından və iddiaçının verdiyi izahatdan görünür ki, məktəb bu öhdəliklərini yerinə yetirməmişdir. Bundan başqa, qətnamədə qeyd olunur ki, pandemiya dövründə distant təhsil verilmişdir. Lakin iş materiallarında bu halı təsdiq edən heç bir sübut yoxdur. Üumumiyyətlə, tərəflər arasında bağlanmış müqavilədə ənənəvi təhsillə yanaşı hər hansı digər formada (distant) təhsilin verilməsi nəzərdə tutulmamışdır. Bu hal baş verdikdə isə müqaviləyə dəyişiklik edilməli idi ki, bunun qaydası da MM-in müvafiq normaları ilə tənzimlənir. Eyni zamanda, pandemiya ilə əlaqədar dövlət virtual məktəb internet platformasını yaratmışdır ki, pandemiya dövründə təhsil bu platforma üzərindən verilməli idi. Lakin məktəb, bu platforma üzərindən də təhsil verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, onun rədd olunması, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı MMC ilə şagird X2 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 159 saylı tam orta təhsil xidməti haqqında müqaviləyə əsasən, 2019-2020-ci tədris ili üçün təhsil haqqı nəqliyyat vasitəsindən istifadə etmədikdə 4170 manat təşkil edir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, müqavilə üzrə ödənilməli olan 4170 manat təhsil haqqından Cavabdeh tərəfindən 2224 manat ödənilmiş, 1946 manat qalıq borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qalıq borca hesablanmış 887 manat cərimə olmaqla, ümumi borcu 2833 manat təşkil edir. Məktəbin xx.xx.2020-ci il tarixli, 20 saylı əmrinə əsasən, ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlim-təribyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, cari iin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq 1-ci və 2-ci siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda) 380 manat məbləğində güzəşt tətbiq edilmişdir. Hazırda iddiaçı, cavabdehin aralarında bağlanmış tam orta təhsil xidməti haqqında müqavilə üzrə öhdəliyini pozaraq təhsil haqqını tam ödəmədiyini bildirərək, qalıq borcun ödənilməsini tələb edir. Cavabdeh isə, iddiaçının müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədiyini, başqa sözlə sözügedən tədris ilində onun övladına müqavilədə nəzərdə tutulmuş şəraitdə (ənənəvi formada) təhsil xidməti göstərilmədiyini bildirərək, iddiaya etiraz edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin (o cümlədən borc pul öhdəliyinin) yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlı müqavilə sayılır. Baxılan işdən görünür ki, xx.xx.2019-cu il tarixdə tərəflər arasında tam orta təhsil xidməti haqqında müqavilə bağlanmış və bu müqavilə ilə bir tərəf (İddiaçı MMC) digər tərəfin (Cavabdeh) övladına Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil verməyi, digər tərəf isə bunu müqabilində müqavilə ilə müəyyənəşdirilmiş məbləğdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. COVİD-19 pandemiyası ilə əlaqədar ölkə ərazisində distant təhsil rejiminə keçməsi ilə əlaəqdar məktəb tərəfindən dərslərin əyani şəkildə keçirilməsi dayandırılaraq, onlayn formaya keçilmişdir. Sözügedən müqavilənin 2.1.12-ci maddəsinə görə, qarşıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara görə məktəb məsuliyyət daşımır. Kollegiya, bildirir ki, respublikada baş verən pandemiya forsmajor hal hesab edilir və bu halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı olmamışdır. Bu baxımdan, iddiaçı tədrisin ənənəvi formadan distant formaya keçirilməsinə və bununla əlaqədar onun tərəfindən müqavilə üzrə bəzi öhdəliklərin lazımi şəkildə yerinə yetirilməsinin mümkün olmamasına görə məsuliyyət daşımır. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bu hallarla bağlı təhsil haqlarına müəyyən güzəştlər edilməsi ilə bağlı əmr (xx.xx.2020-ci il tarixli, 20 saylı) verilmişdir. Belə olan halda, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtinası hüquqi baxımdan yol verilməzdir. Belə ki, təhsil formasının dəyişməsindən sonra da cavabdehin övladı həmin məktəbdə təhsil almaqda davam etməklə iddiaçının xidmətlərindən istifadə etdiyi halda, bunun müqabilində təhsil haqqını ödəməkdən imtina etməsi öhdəliyə ziddir. Çünki, bu barədə xəbərdar olduqdan sonra cavabdehin müqavilədən birtərəfli qaydada imtina edərək, uşağını başqa məktəbə göndərmək imkanı olmuş, lakin o bu hüququndan istifadə etməyərək, övladının iddiaçının təşkil etdiyi onlayn dərslərdə iştirakını təmin etməklə faktiki olaraq, distant təhsil rejimini qəbul etmişdir. Mülki Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərinicra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4419/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1783/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1783/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver