Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1784/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı X2 və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 ƏƏSMN yanında X10 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-563/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X9 Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsaslanan 07.12.2020-ci il tarixli əmrinin əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının 4700 manatdan hesablanaraq verilməsi, ona vurduğu 30.000 manat mənəvi ziyanın əvəzinin və onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X9 cavabdeh ‘‘Stentor’' MMC ilə aralarında bağlanmış 03 fevral 2020-ci il tarixli əmək müqaviləsinə əsasən həmin MMC-yə icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bildirişində onun işə götürülməyi 03 fevral 2020-ci il tarixi göstərilsədə əslində o həmin şirkətdə əmək fəaliyyətinə 2019-cu ilin dekabr ayının 10-dan başlamışdır. Qeyd edir ki, o, Azərbaycan Respublikasında müxtəlif şirkətlərdə işləmişdir və hazırki şirkətə də MMC-nin təsisçisi olan X8 dəvəti ilə gəlmişdir. Onunla olan razılaşmaya uyğun olaraq ona hər ay əmək haqqı kimi 5.500 manat ödənilməli idi. Lakin COVİD-19 pandemiyası qarşısının alınması ilə bağlı mağazaların bağlanması ilə əlaqədar əmək haqları aşağı salınmış, o cümlədən onun öz təklifi əsasında da onun da əmək haqqı 4700 manata endirilmişdir. Onun 1000 manatı rəsmi, 3.700 manatı isə qeyri-rəsmi verilmişdir. Onun ilkin olaraq 5500 manat, sonradan isə 4700 manat almağı şirkət daxili sənədləşmələrdə və yazışmalarda öz əksini tapmışdır. Onun fəaliyyəti pandemiya dövrünə düşməsinə baxmayaraq bu heç də şirkətin fəaliyyətinə heç bir maneçilik törətməmiş, əksinə bu müddətdə o iki yeni mağazanın açılmasına nail olmuşdur. O, konkret nəticələr ortaya qoyaraq şirkətin inkişaf etdirilməsinə müstəsna fəaliyyəti olmuşdur. 04 noyabr 2020-ci il tarixdə nahar fasiləsinə yaxın MMC-nin təsisçisi olan Əhəd Əsgərov tərəfindən heç bir əsas olmadan təhqir və təzyiqlərə məruz qalmışdır. O, ona sakitləşdikdən sonra təkrar onunla danışacağını bildirmişdir. Nahar fasiləsindən qaytıdıqdan sonra onun sistemə və meyl ünavana girişinin qadağan olunduğunu, kompyuterdən istifadə edə bilməyəcəyini görmüşdür. 05 noyabr 2020-ci il tarixdə olanlardan özünü pis hiss etdiyi üçün Medera hospitalına müraciət etmişdir. Bir müddət müalicə olunduqdan sonra 12 noyabr 2020-ci il tarixdə təkrar işə çıxmışdır. Lakin onu işə buraxmayaraq bildirmişlər ki, guya o işdən çıxarılmışdır. Ancaq ona işdən çıxarılmağına dair əmr təqdim olunmamışdır və bugünə qədər də təqdim olumnayıb. Təkrar səhhətində ağırlaşmalar olduğu üçün ona ambulator ev şəraitində müalicə təyin olunmuşdur və bu barədə o şirkət rəhbərliyinə məlumat vermişdir. Sonuncu dəfə ona şifahi qaydada 07 dekabr 2020-ci il tarixdə şirkətin hüquqşünası Ayazbəy Əhmədov işdən çıxarılmağı barədə məlumat verilmişdir. Şirkət rəhbərliyi onu işdən çıxararkən hətta dövlət başçısı cənab İlham Əliyevin pandemiya (karantin dövründə) qeyri-neft sektorunda da çalışan işçilərin işdən çıxarılmamasına dair etdiyi tövsiyəyə belə əhəmiyyət verməmişdir. Hesab edir ki, cavabdehin 07 dekabr 2020-ci il tarixli, əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. O, işdən azad olunarkən cavabdeh tərəfindən Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməmişdir. Səbail Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC 07.12.2020-ci il tarixli 202/k nömrəli əmri ləğv edilməsi, X9 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilməsi, cavabdehdən 500 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iş materiallarına əlavə olunmuş 04 noyabr 2020-ci il tarixli xəbərdarlıqla Əmək Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən X5 xəbərdarlıq edilmiş və həmin xəbərdarlıq iddiaçıya 05 noyabr 2020-ci il tarixində poçt vasitəsilə təqdim olunmuşdur. 07 dekabr 2020-ci il tarixli əmrə əsasən X1 Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və son haqq-hesab və müvafiq məbləğli əmək haqqı işçinin əmək haqqı hesabına köçürülmüşdür. İddiaçının qeyd etdiyi bütün sözlər həqiqətə uyğun deyildir. Belə ki, onunla imzalanmış əmək müqaviləsinə əsasən işçinin əmək haqqı 1000 manat olmuşdur. Son haqq-hesab da onun əmək haqqı nəzərə alınmaqla qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmış və ödənilmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırır ki, guya müddətli əmək müqaviləsinin ləğvi ilə bağlı qanunvericilikdə göstərilmiş tələblərə cavabdeh "xxxx" MMC tərəfindən riayət olunmamış və bununla da Ahmet Kandemirin qanunla mühafizə olunan mənafeyinə zərər dəymişdir. Halbuki, Kandemir Ahmetin əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi əmək müqaviləsinin müddətli və ya müddətsiz olması amilindən asılı edilməyib və bu səbəbdən də imperativ norma cavabdeh tərəfindən Azərbaycan Respublikası ƏM-in 77.1-ci maddəsi ilə əlaqəli şəkildə düzgün tətbiq olunmuş və X9 xəbərdarlıq müddətində yazılı etiraz bildirməmişdir. İşə əlavə edilmiş 07.12.2020-ci il tarixli poçt xəbərnamələrindən görünür ki, iddiaçıya həmin tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair 07.12.2020-ci il tarixli Cavabdeh MMC-nin direktorunun əmri və əmək kitabçasının əsli cavabdeh tərəfindən sürətli poçt vasitəsilə göndərilmiş, lakin iddiaçı tərəfindən məktubların qəbulundan imtina olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC tərəfindən Kandemir Ahmetə ünvanlanmış 04.11.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cəmiyyətin strukturunda müvafiq dəyişikliklər həyata keçirildiyindən 04.11.2020-ci il tarixdən icraçı direktor vəzifəsi ixtisar ediləcəkdir. Bununla əlaqədar, bu xəbərdarlıq aldığı gündən 4 təqvim həftəsindən sonra onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam veriləcəkdir. Xəbərdarlıq müddəti ərzində ixtisasına (peşəsinə) uyğun vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə ona məlumat veriləcəkdir. Eyni zamanda qeyd olunmuşdur ki, onun yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırki, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli miqdarında bir dəfəlik ödəniş edilməklə və orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında işdənçıxarma müvaniəti ödənilməklə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. Həmin xəbərdarlıq iddiaçıya 05 noyabr 2020-ci il tarixində poçt vasitəsilə təqdim olunmuşdur. Bundan sonra Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış 07.12.2020-ci il tarixli 202/k saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrə əsasən “İcraçı direktor” ştatı ixtisar olunması barədə qərar verildiyindən X9 ilə 03.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bununla bağlı olaraq bildirilir ki, Ahmet Kandemirlə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla xitam verilmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə qənaətə gəlmişdir ki, əmrin verilməsinə səbəb X3 vəzifəsinin ixtisar edilməsi olsa da iddiaçı bu qərar və ya əmr ilə tanış olmamış, həmçinin əmrin verilməsinə əsas olan (qərar və ya əmr) məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı olaraq bildirir ki, müəssisə öz strukturunu və ştat tərkibini müstəqil sürətdə özü müəyyən edir. Yəni konkret müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ məhz işəgötürənə məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsində birbaşa göstəriş vardır. Orada deyilir ki, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də bu məcəllənin və digər normativ aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququdur. Buna görədə ştat cədvəli tez-tez dəyişə bilər, işçilərin sayı və ya ştatının ixtisarı ilə əlaqədar tədbirlər həyata keçirildikdə əmək müqaviləsi ləğv edilməli olan işçilərinamizədləri işəgötürən müəyyən edir. Bundan əlavə, əmək haqqının 4700 manat məbləğində olması ilə bağlı məhkəmə hesab edir ki, tələbin bu hissəsində də Cavabdeh MMC tərəfindən Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, vergi ödəyiciləri tərəfindən işçilərə əmək haqqının verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədikdə, bu işçilərin sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir. İş materiallarına əlavə olunmuş 03.02.2020-ci il tarixli, 17 nömrəli əmək müqaviləsinə əsasən işçi X9 icraçı direktor vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı üzrə içşiyə 1000 azn məbləğdə əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinin 4.3-cü bəndinə əsasən Əmək haqqı:-ayda bir dəfə ay yekunlaşdıqdan sonra növbəti ayın ilk 5 iş günündə ödənilir;-əmək haqqı və digər ödənclər işçinin Şirkət tərəfindən açılmış Bank hesabına köçürülür; Həmçinin, 4.4-cü bəndinə əsasən tərəflərin əmək haqqının ödənilməsi barədə razılığa gəldikləri digər şərtlər müəyyən edilməmişdir. Göründüyü kimi, işçi ilə işəgötürən arasında əmək münasibətləri əmək müqaviəsi üzrə müəyyən edilmişdir. İddiaçının 4700 manat məbləğində əmək haqqı alması həqiqəti əks etdirmir. Bundan əlavə, iddiaçının ailəsi üçün müəyyən vaxtlarda Türkiyədə yaşayan ailəsinə 11300 ABŞ dolları vəsaitin göndərilməsini sübut kimi qəbul edərək, Cavabdeh MMC tərəfindən ona 4700 manat əmək haqqı alması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru deyil və iddiaçının bu dəlliləri üzrə göstərdiyi sübutları məhkəmə mötəbər sübut kimi qiymətləndirilə bilməz. “Paşa Bank" ASC tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışdan görünür ki, 07.12.2020-ci il tarixdə əmək haqqı 909 manat Ahmet Kandemirin hesabına ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışından görünür ki, 07.12.2020-ci il tarixdə son haqq hesab 2026.67 manat Ahmet Kandemirin hesabına ödəniş edilmişdir. İddiaçının Şirkət rəhbərliyi ilə ziddiyyətli münasibətdə olması ilə bağlı işdən azad olunması barədə irəli sürdüyü dəlillər öz təsdiqini tapmır. Belə ki, iddiaçı qeyd edir ki, işə gəldikdən sonra onun girişinin qadağan olunduğunu, kompyuterdən istifadə edə bilməyəcəyini görmüşdür. Həmçinin, iddiasında bildirir ki, o, 05 noyabr 2020-ci il tarixdə olanlardan özünü pis hiss etdiyi üçün Medera hospitalına müraciət etmiş, bir müddət müalicə olunduqdan sonra 12 noyabr 2020-ci il tarixdə təkrar işə çıxmışdır. Lakin, onun tərəfindən 05.11.2020-ci ildən 12.11.2020-ci il tarixədək Medera hospitalında müalicə almasını təsdiq edən tibbi arayışı iş yerinə təqdim etməmişdir. Göründüyü kimi, işçi həmin günlərdə işə çıxmamışdır. Əgər ona qarşı hər hansı qərəzli münasibət göstərilmiş olsaydı, onun barəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş intizam tənbeh tədbirinin verilməsi barədə qərar qəbul edilə bilərdi. Bundan başqa, iddiaçının hüquqları pozulduğunu halda, Azərbaycan Respublikasının ƏƏSM yanında X7 şikayət ilə müraciət edə bilərdi. İddiaçı ilə əmək müqaviləsinə məhz ştatın ixtisarı ilə bağlı xitam verilmişdir. Həmin əmr ləğv edilmədən və ştat bərpa edilmədən işə götürənin üzərinə işçinin işə bərpa olunmasını doğru hesab etmir. Halbuki, Əmək müqaviləsinin müddəti 03 fevral 2021-ci il tarixdə qurtardığından cavabdehin üzərinə həmin tarixdən sonra məcburi iş buraxmağa görə əmək haqqı ödəmək öhdəliyi qoyula bilməz. Halbuki, işə görtürən Cavabdeh MMC ilə işçi X9 arasında bağlanmış 03.02.2020-ci il tarixli əmək müqaviləsin 03.02.2021-ci il tarixədək, yəni 1 il müddətində bağlanmışdır. Bundan əlavə, iddiaçının əcnəbi vətəndaş olması, onunla əmək müqaviləsi bağlanarkən onun üçün cavabdeh tərəfindən bir il müddətinə fərdi iş icazəsi (iş №0049106) alındığını, həmin iş icazəsinin müddətinin 14 yanvar 2021-ci il tarixdə başa çatmasını məhkəmə nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın tutulması hissəsində səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfindən göstərilənlər formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən maddi hüquq normalarını pozmuş, tətbiq etməli olduğu qanun normasını tətbiq etməmiş, onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları dəqiq aydınlaşdırılmamış, sübutlara düzgün qiymət verməmiş həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməsi, Səbail Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi qismən (təmin edilən hissədə) ləğv edilməsi, iddiaçı X3 Cavabdehnə qarşı "Stentor” MMC-nin 07.12.2020-ci il tarixli 202/5 nömrəli əmrin ləğv edilməsi, X3 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, "Stentor” MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilməsi, cavabdeh "xxxx" MMC-dən 500 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməsi (iddianın təmin edilən hissəsində iddia təmin edilməməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən iddiaçı A.Kandemir tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4221/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirr. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...işə birinci instansiyası məhkəməsində baxılması zamanı cavabdeh tərəfə kifayət qədər şərait yaradılmasına baxmayaraq həmin tərəf onda olan və iş üçün əhəmiyyət kəsb edən sübutlarını (iddiaçının tutduğu vəzifənin ixtisar edilməsi barədə əmrin (qərarın) surətini məhkəməyə təqdim etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi MPM-in 184.2 və 184.3-cü maddələrinə əsasən işdə olan mövcud materiallar əsasında işə baxmaqda haqlı olmuşdur. Apellyasiya baxışı zamanı MPM-in 371 və 372.2-ci maddələrinin tələblərinə zidd olaraq cavabdehin təqdim etdiyi yeni sübutlar qəbul edilərək iş materiallarına əlavə edilmiş, lakin cavabdeh həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, bununla bağlı işdə iştirak edən şəxslərlə hər hansı müzakirə aparılmamışdır. Nəzərə alınmalıdır ki, hüquqi şəxs olan cavabdehin vəkilinin xəstə olması həmin tərəfi məhkəmədə digər vəkil və ya nümayəndə ilə təmsil olunmaq hüququnu istisna edən vəziyyət kimi qiymətləndirilə bilməz. Digər tərəfdən birinci instansiya məhkəməsinə göndərdiyi etirazda cavabdeh qeyd olunan əsasla işin baxılmasının təxirə salınması barədə vəsatət verməmiş, əksinə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, аpеllyаsiyа şikаyəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə Kandemir Ahmet arasında bağlanmış 17 saylı 03.02.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Kandemir Ahmet həmin MMC-nin icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin direktoru Əhəd Əsgərov tərəfindən imzalanmış 07.12.2020-ci il tarixli 202/k saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrdən görünür ki, “İcraçı direktor” ştatı ixtisar olunması barədə qərar verildiyindən X9 ilə 03.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. "xxxx" MMC-nin nəzdində “Köhnə Günəşli” Tibb Mərkəzinin 54 nömrəli, 03 dekabr 2020-ci il tarixli arayışından görünür ki, Kandemir Ahmet 03.12.2020-ci il tarixdə mərkəzdə müayinələrdən keçmişdir və ona işialqiya, lyumbaqo diaqnozu qoyulmuşdur. Xəstənin səhəti nəzərə alınaraq 01.01.2021-ci il tarixinə qədər ambulator ev şəraitində müalicə təyin edilmişdir. "xxxx" MMC beynəlxalq pul köçürmələri barədə məlumatından görünür ki, Ahmet Kandemir adından 11.02.2020-ci il tarixdən 08.10.2020-ci il tarixə kimi ümumilikdə 11300 ABŞ dolları Türkiyə Respublikasına göndərilmişdir. Paşa Bank tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışdan görünür ki, 07.12.2020ci il tarixdə son haqq hesab 2026.67 manat Ahmet Kandemirin hesabına ödəniş edilmişdir. Paşa Bank tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışdan görünür ki, 07.12.2020ci il tarixdə əmək haqqı 909 manat Ahmet Kandemirin hesabına ödəniş edilmişdir. “Music Gallery” X6 tərəfindən (Elektron ünvan ) 28.04.2020-ci il tarixdə Kandemir Ahmete göndərilmiş əmək haqqı cədvəlindən görünür ki, 03.02.2020-ci il tarixdə Kandemir Ahmet icraçı direktor vəzifəsinə danışılan əmək haqqı 5500, rəsmi əmək haqqı 1000 manat olmuşdur. Cavabdeh MMC tərəfindən (tarix yoxdur, xəbərdarlıqda isə 04.11.12 qeyd edilib) X5 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cəmiyyətin strukturunda müvafiq dəyişikliklər həyata keçirildiyindən 04.11.2020-ci il tarixdən icraçı direktor vəzifəsi ixtisar ediləcəkdir və onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam veriləcəkdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi baxılan iş üzrə iddiaçının irəli sürdüyü tələblərdən, əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyan tutularaq iddiaçıya verilməsi hissəsini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasnın Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 16-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Məhkəmə kollegiyası qanunvericiliyə əsasən qeyd edir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr. Kollegiya qeyd edir ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü bəndinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Bundan başqa iş materiallarından əmrin verilməsinə səbəb X3 vəzifəsinin ixtisar edilməsi olsa da, iddiaçı bu qərar və ya əmr ilə tanış olmamış, həmçinin əmrin verilməsinə əsas olan (qərar və ya əmr) birinci instansiya məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfə dəfələrlə bildiriş göndərilsə də, məhkəmə iclasında iştirtak etməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandıra bilməmişlər və hər hansı bir sübutu təqdim etməmişlər. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, bu halda sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür, sonuncu da əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Kollegiya iş materiallarına əsaslanaraq qeyd edir ki, işə birinci instansiyası məhkəməsində baxılması zamanı cavabdeh tərəfə kifayət qədər şərait yaradılmasına baxmayaraq həmin tərəf onda olan və iş üçün əhəmiyyət kəsb edən sübutlarını (iddiaçının tutduğu vəzifənin ixtisar edilməsi barədə əmrin (qərarın) surətini məhkəməyə təqdim etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi MPM-in 184.2 və 184.3-cü maddələrinə əsasən işdə olan mövcud materiallar əsasında işə baxmaqda haqlı olmuşdur. Kollegiya bildirir ki, apellyasiya baxışı zamanı MPM-in 371 və 372.2-ci maddələrinin tələblərinə zidd olaraq cavabdehin təqdim etdiyi yeni sübutları qəbul etmir. Kollegiya nəzərə alır ki, hüquqi şəxs olan cavabdehin vəkilinin xəstə olması həmin tərəfi məhkəmədə digər vəkil və ya nümayəndə ilə təmsil olunmaq hüququnu istisna edən vəziyyət kimi qiymətləndirilə bilməz. Digər tərəfdən birinci instansiya məhkəməsinə göndərdiyi etirazda cavabdeh qeyd olunan əsasla işin baxılmasının təxirə salınması barədə vəsatət verməmiş, əksinə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya, həmçinin, birinci instansiya məhkəməsinin iddiaçının mənəvi ziyan tələbi hissəsində iddianın qismən təmin edilərək 500 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməsi barədə qənaətini də əsaslı hesab edir Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa məhkəmə mənəvi ziyan tələbi ilə bağlı əlavə olaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd olaraq işdən azad etməsi öz təsdiqini tapdığından iddiaçı əmək haqqı almaqdan məhrum olmaqla ona ziyan dəymişdir. Lakin bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məcburi işə buraxma müddəti üçün ödənilməli əmək haqqının məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə bu hissədə hesab etmişdir ki, məcburi işə buraxma müddəti üçün ödənilməli əmək haqqının məbləği 4700 manat müəyyən olunmalıdır. Kollegiya hesab edir ki, tərəflər əmək müqavilə bağlayarkən onun məsuliyyətini və nəticəsini dərk etmişlər, onunla bağlı nəticələridə görmüşlər. Belə olan halda müqavilənin doğan məsuliyyəti də hər iki tərəf daşımalıdır. İş materiallarında məcburi işə buraxma müddəti üçün 4700 manat tutulması üçün hər hansı bir əsas müəyyən olunmur. Əksinə iş materiallarında olan əmək müqaviləsi və digər sənədlərdən müəyyən olunur ki, Kandemir Ahmetin aylıq əmək haqqısı 1000 manat olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə məcburi işə buraxma müddəti üçün ödənilməli olan əmək haqqının məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-563/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi “X9 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilsin” hissəsində dəyişdirilsin. X9 məcburi iş buraxma müddəti üçün aylıq 1000 (min) manat əmək haqqı ödənilməklə Cavabdeh MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilsin Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onun ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1784/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1784/2022
06.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver