Məhkəmə qərarları › İş №2(103)-1785/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1785/2024

27.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1785/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X14 Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası ƏƏSMN yanında X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı X14 iştirakı ilə, İddiaçı X14 Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası ƏƏSMN yanında X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli 30 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə stomatoloq vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 05 nömrəli əmrinə əsasən müəssisədaxili qaydaları kobud şəkildə pozması, müdiriyyətin verdiyi tapşırıqları yerinə yetirməməsi səbəbindən, "AZ.TÜRK.DENTAL MMC" bölməsində "Stomatoloq" vəzifəsində işləyən ZHİLA ARSHAD XXX ilə bağlanılmış xxxxxxx0000100 nömrəli əmək müqaviləsinə, “Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir.

3. X8 Bakı şəhər İdarəsinin Zhila Arshadın 3-17-5/1-A-24281/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 3-17-5/1-A-25388/2023 nömrəli xx.xx.2023-cü il tarixli və 3-17-5/1-Z- 25621/2023 nömrəli xx.xx.2023-cü il tarixli müraciətlərə dair cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı Zhila Arshad tərəfindən "X29” MMC-nin rəhbərliyinə (Bakı şəhəri, Yasamal rayonu, Əlibala Abdullayev ev 20, mənzil 0 və Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi 115) 3-17-5/2-32121/2023 nömrəli xx.xx.2023cü il tarixli məktubla müraciət olunaraq (SS698153945AZ, SS698153937AZ) ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Birinci qeyd edilən ünvana göndərilən məktub poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yoxdur" qeydi edilərək geri qaytarılmış, digər ünvana göndərilən məktub isə poçt şöbəsi tərəfindən "X29"MMC-yə xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə rəhbərliyi tərəfindən təmin edilmədiyindən müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Zhila Arshadın "X29" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə Nazirlik yanında X22 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsısteminə baxış keçirilərkən “X29” MMC-də Sizə aid əmək müqaviləsinin bağlanmasına dair bildirişin 01 04.2023-cü ildə qeydiyyata alındığı və həmin bildirişin xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qeyd edilməklə qüvvədən düşdüyü məlum olmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. “X29” MMC tərəfindən Sizə aid olan sənədlər X22 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətin yenidən baxılacaq və nəticəsi barədə ona məlumat veriləcəkdir.

4. 08 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd eidlməsi barədə qərara əsasən 29 avqust 2023-ci il tarixdə Nəsimi rayon prokurorluğundan Nəsimi rayon Polis İdarəsinə İran İslam Respublikası vətəndaşı X15 müraciəti daxil olmuş, həmin müraciət üzrə araşdırılma aparılmış, İran İslam Respublikası vətəndaşı olan Zhila Arshadın müraciəti əsasında X4 barəsində Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və İran İslam Respublikası vətəndaşı Zhila Arshada əmək müqailəsinə əsassız xitam verilməsi ilə bağlı aidiyyəti üzrə birinci instansiya Məhkəməsinə müraciət etməsinin izah edilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən X19 ünvanlanmış xx.xx.2023cü il tarixli cavab məktubunda göstərilmişdir ki, onun Fəxrəddin İsrafılov tərəfindən seksual qısnamaya məruz qalmasına dair araşdırmanın qeyri-obyektiv aparılması barədə müraciətinə Baş Prokurorluqda baxılmışdır. Müəyyən edilmişdir ki, eyniməzmunlu müraciəti əsasında Nəsimi rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılmaqla xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, material nəzarət qaydasında Nəsimi rayon prokurorluğunda öyrənilmiş və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilərək müvafiq göstərişlər verilməklə araşdırmanın davam etdirilməsi məqsədi ilə istintaq şöbəsinə göndərilmişdir. Material tələb edilərək Baş Prokurorluqda öyrənilmiş və xx.xx.2023-cü il tarixdə müvafiq yazılı göstərişlər verilməklə istintaqın davam etdirilməsi üçün Nəsimi rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq qərar qəbul edilməsi təmin ediləcəkdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən onun işdən azad olunmağı ilə bağlı verilmiş xx.xx.2023-cü il tarixli, 05 saylı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1992-ci ildə İran İslam Respublikasının Məlekan şəhərində doğulmuşdur. 2014-cü ildə Azərbaycan Tibb Universitetinin stomotologiya fakültəsinə daxil olmuş və 2019-cu ildə həmin universiteti bitirmişdir. 2023-cü il mart ayının 31-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona bir illik iş icazəsi verilmişdir. Həmin vaxtdan "xxxx" klinikası ilə əmək müqaviləsi bağlayaraq iş fəaliyyətinə başlamışdır. Klinikanın direktoru, X12 işə qəbul olunan gündən demək olar ki, onunla cinsi əlaqədə olmağını tələb etmişdir, cavabdehdən asılı vəziyyətdə olduğundan, onunla cinsi əlaqədə olmamağına görə işdən çıxaracağı, deportasiya etdirəcəyi ilə onu hədələmişdir. Fəxrəddin İsrafilov qeyd etmişdir ki, onunla əlaqədə olsa ona yaxşı baxacaq və onu saxlayacaq, razı olmayacağı təqdirdə isə işdən çıxaracaq. Fəxrəddin İsrafilov bilir ki, o, işdən çıxacağı təqdirdə Azərbaycanda yaşaya bilməyəcək, iş icazəsi ləğv olunacaq və mütləq olaraq İran İslam Respublikasına getməlidir. O isə buna razı deyil və milliyyətcə Azərbaycan türkü olaraq Azərbaycan Respublikasında işləyib burda da yaşamaq istəyir. Azərbaycana, onun insanlarına, dövlət rəhbərinə olan rəğbəti elə onu bu dövlətdə oxumağa və işləməyə gətirib çıxarmışdır. İndi isə Fəxrəddin İsrafilov kimisi onunla cinsi əlaqədə olmamağına görə onu bu dövlətdə yaşamağına maneələr yaradır, hətta məhrum etmək istəyir. X12 hər gün ona “whatsApp” vasitəsilə mesajlar yazır, intim videolar göndərir. Mütəmadi olaraq ona əl-qol atır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 15 radələrində iş yerində, mətbəxdə olarkən onu anidən qucaqlayaraq öpməyə başlamışdır. O isə müqavimət göstərərək onun əlindən güclə çıxa bilmişdir. xx.xx.2023-cü ildə onun doğum günüm idi. X12 yenə də ona mesajlar yazaraq birlikdə qeyd elməyi və sonra da birlikdə cinsi münasibətdə olmağı təklif etmişdir. O, razılaşmadığı üçün onu işdən çıxaracağı ilə bir daha hədələmiş və bildirmişdir ki, artıq işə gəlməsin. İş icazəsi isə məhz bu klinikada olduğuna görə başqa iş yerinə də gedə bilmir. Buna görə də məcbur olub qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna müraciət etmişdir. Tərəfindən edilmiş şikayət üzrə toplanmış materiallar hal-hazırda Nəsimi rayon Prokurorluğunda araşdırılması davam etdirilir. Bundan sonra Fəxrəddin İsrafılov, onun əxlaqsız təkliflərini qəbul etmədiyi üçün onu heç bir səbəb olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndnə əsasən, Cavabdeh MMC ilə aralarında əmək müqaviləsinin ləğv olunaraq, tutduğu vəzifədən azad olunması barədə xx.xx.2023-cü il tarixli, 05 saylı əmr vermişdir. Həmin əmrdən də göründüyü kimi işə götürən Əmnin 70-ci maddəsiin ç bəndinə istinad edərək güya onun əmək funkusiyasnı yerinə yerinə yetirə bilməmiş və həmin məcəllənin 72-ci maddəsinəndə sadalanan hallarla əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Əmrdə ƏM-nin 72-ci maddəsində nəzərdə tutulan hansı pozuntulara görə əmək müqaviləsinə xitam verilməsini göstərməmişdir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, o, Tehran şəhərində yaşayır. İldə 3-4 dəfə Azərbaycana turist kimi gəlib-gedir. İddiaçını və cavabdehin qanuni təmsilçisini tanıyır. Cavabdehin qanuni təmsilçisi onun həkim dostudur. İddiaçını isə Cavabdeh MMC-də işlədiyinə görə tanımışdır. O, X16a dəfələrlə demişdir ki, bu işi görməsin. Bir dəfə o, X16un kabinentində olanda, Fəxrəddin İsrafilov ona iddiaçıya onunla cinsi münasibətdə olması üçün 1 həftə vaxt verdiyini, əks halda çıxıb getməsini dediyini bildirmişdir. Onun yanında Fəxrəddin İsrafilov iddiaçıya heç bir nalayiq təklif və ya hərəkət etməmişdir. X6 mesaj yazaraq Azərbaycana gəlməməsini, gəlməsinin ona problem olacağını bildirmişdir. İddiaçının nalayiq hərəkətlər etdiyini görməmişdir. O isə Fəxrəddin İsrafilova dəfələrlə demişdir ki, iddiaçıya 7 ay da işləməsi üçün imkan versin, sonra özünə başqa iş tapsın. Bəzən olur ki, xəstələr qorxudan həkimin əl-ayağını tutur. Bu hala o, təcrübəsində rast gəlmişdir. Orada işləyən qadınlara da Fəxrəddin İsrafilov tərəfindən belə təkliflər olmuşdur. Onlardan birinin adı da İlahə idi.

9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır. 3 ildən artıq müddətdir ki, Cavabdeh MMC-də həkim işləyir. Zhila Arshad özünü həkimə layiq olmayan şəkildə aparmışdır. Xəstələrlə işləyən zaman ətəyini qaldırır, ayaqlarını isə birini bir tərəfə, birini isə digər tərəfə qoyurdu. Həmçinin, xəstələrlə qışqıra-qışqıra danışırdı. Axırıncı dəfə onun xəstəsi iddiaçının kişi xəstəsinin onu əli ilə masaj etdiyini görmüş və ona bildirmişdir. O da Fəxrəddin İsrafilovu çağırıb ona bildirmişdir. Fəxrəddin İsrafilov da Zhila Arshadı çağırmış və mətbəxdə söhbət etmişlər. X9 Arshada hər hansı əxlaqsız təklif etməsini eşitməmişdir. Bir neçə dəfə Fəxrəddin İsrafilovun yanında Zhila Arshadın divanda uzanmasını görmüş, hətta X23 İsrafilova ac olduğunu, onu da yeməyə aparmasını deməyini eşitmişdir. Fəxrəddin İsrafilov ona hər hansı əxlaqsız təklif etməmişdir. O da işə gələndə Fəxrəddin İsrafilov ona kollektiv yemək yeməyi təklif etmiş, o qəbul etməmişdir. Onun otağı Zhila Arshadın otağı ilə üzbəüzdür. İşləyən zaman Zhila xanımın otağı açıq idi və o, içərini görürdü.

10. Məhkəmə tərəfindən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zhila Arshad tərəfindən qeydə alınmış videogörüntülərdə sonuncu «WhatsApp» proqramı vasitəsi ilə Fəxrəddin İsrafilovla görüntülü danışır, Zhila Arshad tərəfindən həmin danışıq digər mobil telefon vasitəsi ilə videoçəkiliş olunur. X17 Arshada 11 avqust 2023-cü il tarixdə işlədyi klinikada müştəri ilə aralarında olan münasibətə görə sonuncuya öz etirazı bildirir, lakin, Zhila Arshad həmin iradları qəbul etməyərək qeyd edir ki, müştəri ilə onun aralarında heç bir hal baş verməmiş, müştərinin dişini müalicə edən zaman sonuncu qorxduğundan onun dizinə yumruqla vurmuşdur. Həmçinin, aralarında olan danışıq zaman X17 Arshada bildirir ki, etdiyi hərəkətə görə onunla bağladığı əmək müqaviləsinə xitam verəcəkdir, həmçinin bu barədə Dövlət Miqrasiya Xidmətini məlumatlandıracaq, orada heç bir səbəb göstərməyəcək, sadəcə olaraq onunla işləmək istəmədiyini bildirəcək və işçisini işdən azad edilməsini xahiş edəcək. Həmçinin bildirir ki, əgər işləmək istəyirsə, o nə deyirsə o da olacaq. X17 Arshada bildirir ki, sırağagün işdən çıxanda ona gəl gedək demiş, Zhila Arshad isə onunla getməmişdir. Həmin gün onun fikri olmuşdur ki, Zhila Arshada don aldığı mağazada onun üçün saxlatdırdığı şalvar və köynəyi ona hədiyyə alsın, həmçinin tort alaraq Əmirlə birlikdə üçü dəniz qırağında onun ad gününü qeyd etsinlər. Sabahki gün iş yerinə gələrək oradakılara Zhila Arshadı bağışladığını bildirəcək, bundan sonra işdə onunla heç kimin işi olmayacaq. Həmçinin, Zhila Arshad ilə Fəxrəddin İsrafilov arasında «Whatsapp» proqramı vasitəsi ilə yazışmadan müəyyən edilir ki, X18 Arshada ”Mənə lazım olan adamı işə götürəndə deyirəm mənimlə olacaqsansa gəl. İstəmirsənsə Bakıda kilinika doludur. Get sənə yaxşı yol” məzmunlu mesaj göndərmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 noyabr 2023-cü il tarixli 2(004)-5163/2023 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilmiş, Cavabdeh MMC-nin 24 avqust 2023-cü il tarixli, 05 nömrəli əmrinin ləğv edilməsi və iddiaçı X14 əvvəlki iş yerinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Cavabdeh MMC tərəfindən X20 ödənilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Əvvəla iddiaçı ilə bağlanmış əmək müqaviləsi 24 avqust 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə baxmayaraq, əmrdə cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun müəssisədaxili qaydaları kobud şəkildə pozması, müdiriyyətin verdiyi tapşırıqları yerinə yetirməməsi əsası ilə xitam verdildiyi göstərilsə də, müəssisədaxili hansı qaydaları kobud pozması, hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyi və işçinin təqsirli davranışının nədə ifadə olunması (nədən ibarət olmasını) göstərilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini və müdiriyyətin verdiyi hər hansı tapşırığı yerinə yetirməməsini qeyd etməmiş, əksinə izahatında iddiaçının yaxşı həkim olduğunu bildirmişdir. Bundan başqa, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl iddiaçının izahatı alınmamış, həmçinin iddiaçının izahat verməkdən imtina etməsinə dair hər hansı sənəd də təqdim edilməmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir.

13. Məhkəmə iddiaçının kişi cinsli xəstələri ilə əxlaqsız hərəkət etməsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində iddiaçının xəstələri ilə əxlaqsız davranışlar etdiyini bildirsə də, həmin şahid cavabdeh müəssisədə hələ də işləyir və MMC-nin qanuni təmsilçisi X2 xidməti cəhətdən asılıdır. Yalnız onun ifadəsi əsasında iddiaçının öz xəstələri ilə əxlaqsız hərəkətlər etməsi qənaətinə gəlmək mümkün deyil. Əksinə, MMC-nin qanuni təmsilçisi X3 dostu olan və məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadəsində X16un kabinentində olanda, Fəxrəddin İsrafilovun ona iddiaçıya onunla cinsi münasibətdə olması üçün 1 həftə vaxt verdiyini, əks halda işdən çıxıb getməsini dediyini bildirmişdir. Hətta, X16un ona mesaj yazaraq Azərbaycana gəlməməsini, gəlməsinin ona problem olacağını bildirmişdir. Fəxrəddin İsrafilov məhkəmə iclasında verdiyi izahatında Amir Behtaşa Azərbaycana gəlməməsini, gəlməsinin ona problem ola biləcəyini bildirdiyini təsdiq etmişdir. Həmçinin, «Whatsapp» proqramı vasitəsi ilə danışıq zamanı X1 ad gününü dəniz qırağında keçirmək, ona saxlatdırdığı geyimi hədiyyə etmək fikrinin olduğunu, belə olan halda onu bağışlayacağını və işdə heç bir probleminin olmayacağını, lakin Zhila Arshadın bunu qəbul etmədiyini bildirmişdir. Qeyd edilənlər cavabdeh müəsissə tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qərəzli şəkildə xitam verilməsini təsdiq edir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il qərarına, Əmək Məcəlləsinin 16, 68.1, 70 “ç” bəndi, 71.2, 71.3, 72, 83.1, 83.2, 84, 186.2, 187.1, 300.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının iki dəfə işlədiyi otaqda xəstə ilə nalayiq hərəkətlərlə məşğul olması əmək və icra intizamının normal ahəngini pozmuşdur. İddiaçı müəssisədaxili qaydaları kobud şəkildə pozaraq, müdriyyətin verdiyi tapşırıqlara əməl etməyərək təkrar kişi cinsli xəstələri ilə əxlaqsız hərəkət etmişdir. Həmçinin iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbi təmin edilməməli idi. xx.xx.2023-cü il tarixdə işdən azad edilmiş, sənədləri həmin tarixdə almış, lakin müddət bitdikdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı izahat verməmişdir, ona görə işçinin yazılı izahatını məhkəməyə təqdim etmək mümkün olmamışdır. Qanunun tələbinə görə işçinin izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

20. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

21. Maddə 68.2.“a” bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür.

22. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

23. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

24. Maddə 72. “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

25. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

26. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

27. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göründüyü kimi qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsaslarının dairəsi göstərilmişdir.

37. Hazırda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və əmrdə göstərilmişdir ki, “müəssisədaxili qaydaları kobud şəkildə pozması, müdiriyyətin verdiyi tapşırıqları yerinə yetirməməsi səbəbindən”.

38. Məhkəmə haqlı olaraq göstərmişdir ki, əmrdə cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun müəssisədaxili qaydaları kobud şəkildə pozması, müdiriyyətin verdiyi tapşırıqları yerinə yetirməməsi əsası ilə xitam verdildiyi göstərilsə də, müəssisədaxili hansı qaydaları kobud pozması, hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyi və işçinin təqsirli davranışının nədə ifadə olunması (nədən ibarət olmasını) göstərilməmişdir.

39. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının iki dəfə işlədiyi otaqda xəstə ilə nalayiq hərəkətlərlə məşğul olması əmək və icra intizamının normal ahəngini pozmuşdur. İddiaçı müəssisədaxili qaydaları kobud şəkildə pozaraq, müdriyyətin verdiyi tapşırıqlara əməl etməyərək təkrar kişi cinsli xəstələri ilə əxlaqsız hərəkət etmişdir.

40. Qeyd edilən halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

41. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş “cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərar ilə X15 müraciəti əsasında Nəsimi rayon Polis idarəsinin istintaq şöbəsində toplanmış HK-1/856 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır.

42. Həmin qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilərək müvafiq göstərişlər verilməklə araşdırmanın davam etdirilməsi məqsədi ilə istintaq şöbəsinə göndərilmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh klinikasının baş həkimi X3 öz cinsi ehtirasını təmin etmək üçün tabeçiliyində olmaqla ondan iş asılılığında olan həmin klinikanın həkim stomatoloqu X21 işdən azad etməklə hədələyərək onunla cinsi əlaqədə olmağa və seksual xarakterli digər hərəkətlərə məcbur etməsi, lakin İddiaçı onun tələblərini yerinə yetirmədiyindən xx.xx.2023-cü il tarixli 05 nömrəli əmrlə əmək müqaviləsinə xitam vermiş, bununla da, zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə seksual xarakterli hərəkətlərə məcbur etmə cinayət əməlini törətməsinə əsaslı şübhələr yaranmışdır.

43. Göründüyü kimi cavabdeh müəsissə tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qərəzli şəkildə xitam verilmişdir.

44. Cavabdehin apellyasiya şikayətinin digər dəlili iddia müddətinin ötürülməsi ilə bağlı olmuşdur.

45. Kollegiya cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən edilir ki, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış xx.xx.2023-cü il tarixdə verilmiş, xx.xx.2023-cü il tarixdə isə iddia ərizəsi verilmişdir, yəni iddia müddəti ötürülməmişdir.

46. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

47. Apellyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar