Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1785/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və sairə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı baş mühasib vəzifəsinə bərpa edilməsi və buraxılmış müddət üçün hesablanmış əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Nail Abbasov) ilə iddia tələbi təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, işəgötürən tərəfindən işçiyə öz vəzifə öhdəliklərindən əlavə öhdəliklərin tələb edilməsi halına görə işçi əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi üçün dəfələrlə işəgötürənə müraciət etmiş olsa da, cavabdeh tərəfindən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsi ilə deyil, qərəzli olaraq 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və göstərdi ki, iddiaçıyla bağlanmış əmək müqaviləsinin başqa əsasla- öz xahişi ilə ləğvinə razıdırlar, iddiaçının belə müraciətləri də olmuşdur. Həmçinin epikriz təqdim edərək, iddiaçının işə çıxmadığı may ayında onkoloji xəstəliklə bağlı əməliyyat olunduğunu bildirdi, qeyd etdi ki, iddiaçı yaşı az olduğu üçün ola bilsin çəkinmiş, əməliyyatla bağlı həmin epikriz sənədini rayon məhkəməsinə təqdim etməmişdir, bu səbəbdən də həmin sübutu indi təqdim edirlər.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, rəhbərlik iddiaçıya etimad göstərmiş, onu öz hesabına təlimlərə cəlb etmiş, lakin iddiaçı bir ay işə çıxmamış, səbəbləri barədə məlumat verməmiş, xəstə olması ilə əlaqədar bulleten də təqdim etməmiş, onun öz xahişi ilə işdən azad omasına dair ərizələri sonradan düşünülmüşdür, həmin ərizələr işəgötürənə təqdim olunmamışdır, indi təqdim edilən sənəd- epikriz isə əhəmiyyətsizdir, hazırkı mərhələdə qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
7. Əmək müqaviləsinin xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr №11-dən görünür ki, “Office işçiləri” bölməsində “İnsan Resursları üzrə baş mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallard əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.
8. Əmək müqaviləsinin xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr №11-dən görünür ki, “Office işçiləri” bölməsində “Baş mühasib” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndiişçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallard əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.
9. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğun olaraq ofisə yaxınlaşıb əmək kitabçasının təhvil alınması nəzərinə çatdırılmışdır.
10. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində qəbul etdikləri işdən çıxma ilə bağlı olan ərizəsini əlavədə təqdim etməklə, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Cəmiyyət tərəfindən sənədlər təqdim edilmədiyindən əmək müqavilənizə qanunvericiliyin tələblərinə uyğun xitam verilib-verilməməsinə münasibət bildirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən "xxxx" MMC tərəfindən əmək müqavilələrinin bağlanmasına dair bildirişlərin müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qeydiyyata alındığı və həmin bildirişlərin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qeyd edilərək qüvvədən düşdüyü müəyyən edilmişdir.
12. "xxxx" MMC-nin inzibati binasında sənədlərin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixdə direktor Nafiyə Səidova, direktor müavini Nərgizə Çalbay və Vəkillər Kollegiyasının üzvü Vəkil2 tərəfindən imzalanan aktda göstərilmişdir ki, Mərkəzdə baş mühasib vəzifəsində işləyən, insan resursları üzrə baş mütəxəssis vəzifəsi həvalə edilən İddiaçı tərəfindən Asterias Mərkəzinin maliyyə sənədləri, maliyyə hesabatları, eləcə də insan resursları işi üzrə əmək kitabçaları, əmək müqavilələri, əmrlər, əmr kitabı, işçilərə aid qovluqlar təqdim edilməmişdir. Sənədlər pərakəndə halda tapılmış və əmək kitabçalarının işlənilməməsinin, əmr kitabının yazılmamasının və maliyyə sənədlərinin əksər hissəsinin tapılmamasının şahidi olmuşlar.
13. 19.07.2024-cü il tarixdə direktor Nafiyə Səidova, direktor müavini Nərgizə Çalbay və Vəkillər Kollegiyasının üzvü Vəkil2 tərəfindən imzalanan aktda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən aktın tərtib olunduğu tarixinədək "xxxx" MMC-nin ofis binasına giriş etməmişdir.
14. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli iclasının №01/24 protokolundan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində “ç” bəndində nəzərdə tutulan intizam tənbeh növü tətbiq edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
15. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
16. Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
20. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
21. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
22. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
23. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
27. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Mülki iş materiallarından görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirməmiş, heç bir üzürlü səbəb olmadan iş yerinə gəlməmiş, işə gəlməməsinin səbəbi barədə rəsmi olaraq məlumat verməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin «a» bəndində nəzərdə tutulmuş əmək müqaviləsidə müəyyən edilmiş əmək funksiyasını kobud şəkildə pozmuşdur.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair cavabdehə müraciət etməsi barədə dəlilləri üzrə qeyd edilir ki, iddiaçı bunun təsdiqi kimi sübut təqdim etməmişdir. Demək ki, həmin dəlil əsassızdır.
31. Məhkəmə kollegiyası iddiaçının əməliyyat olunması barədə onun vəkili tərəfindən təqdim edilən epikrizlə bağlı bildirir ki, MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. Hazırkı halda iddiaçı tərəf həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadığından, həmin epikriz apellyasiya mərhələsində prosessual qanuna əsasən sübut kimi qəbul edilə bilməz.
33. Məhkəmə kollegiyası eyni zamanda iddiaçı tərəfin əmək müqaviləsinə xitamın əsasının dəyişdirilməklə- öz ərizəsi əsasında xitam verilməsinə razı olması barədə təklifini nəzərə alaraq qarşı tərəfdən həmin məsələnin müzakirəsi üçün tərəflər bir həftə vaxt vermiş, lakin tərəflər arasında müvafiq razılığın əldə edilməsi mümkün olmamışdır.
34. Beləliklə də kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr qanunvericiliyin tələblərinə uyğundur, əmrin qəbul edilməsi zamanı hər hansı pozuntuya yol verilməmiş, qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
35. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:.
36. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.