Məhkəmə qərarları › İş №2(103)-1786/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1786/2021

05.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1786/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1, cavabdehlər Cavabdeh1, Zəhra Cabbarova və Seyran Cabbarovun iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Əlimusa qızı, İddiaçı4 Əlimusa qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Baladai oğluna qarşı “evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlər Bakı şəhəri, V.Əliyev küçəsində yerləşən 189 №-li evdən (bundan sonra – ev) çıxarılsınlar. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabdehlər evdən çıxarılsın. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Zəhra Cabbarova və Seyran Cabbarov apelyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı1 (eyni zamanda digər iddiaçıların nümayəndəsi) apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ev iddiaçıların xüsusi mülkiyyətindədir. İddiaçılar evə aid olan tikililərin bir hissəsində yaşayırlar. Onlar bildirirlər ki, yaşadıqları hissəni 1996-cil ildə iddiaçıların qardaşı arvadı Mərifət adlı qadından 8.000 ABŞ dollarına alıblar, lakin bu barədə heç bir sənədləri yoxdur. Cavabdehlərin evin bir hissəsinə sahiblik etməsinin hüquqi əsası olmadığına görə bu sahiblik qanunsuz sahiblik hesab olunur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də iddia əsaslıdır, lakin evin texniki pasportunda göstərilən tikililərə münasibətdə. Belə ki, həmin ünvanda əlavə tikililər inşa edilib. Əlavə tikililər qeydiyyatdan keçməyib və evin texniki pasportunda göstərilməyib. İddiaçıların mülkiyyət hüququ yalnız texniki pasportda göstərilən tikililərə şamil olunur. Mülkiyyət hüququnun obyekti olan daşınmaz əşyanın texniki göstəriciləri (əşyanın hansı tikililərdən ibarət olması, həmin tikililərin ölçüləri və s.) texniki pasportla müəyyən olunur. Mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ilə həmin hüququn yaranması dövlət tərəfindən tanınır və təsdiq olunur, hüququn şamil olunduğu əşyanın göstəriciləri isə texniki pasportla müəyyən edilir. Yəni hüquq texniki pasportda göstərilən hüdudlarda dövlət tərəfindən tanınır və təsdiq olunur. Odur ki, iddiaçıların evə olan mülkiyyət hüququ məhkəmədə müdafiə olunarkən yalnız texniki pasportda göstərilən tikililərə münasibətdə müdafiə olunmalı, buna müvafiq olaraq cavabdehlərin evdən çıxarılması qət edilərkən evin texniki pasportunda göstərilən tikililərdən çıxarılması qət olunmalıdır. Hazırkı işə üzrə məhkəmə cavabdehlərin texniki pasportda göstərilməyən tikililərdən çıxarılmasını qət edə bilməz. Belə ki, Mülk-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia ərizəsində 189 nömrəli evdən çıxarılma tələb olunduğundan, iddianın predmetini həmin ev üzrindəki mülkiyyət hüququ, iddianın əsasını isə mülkiyyət hüququnun pozulması faktı təşkil edir. Odur ki, qətnamə iddianın əsasına və predmetinə uyğun çıxarılmalıdır. İcra zamanı icra məmuru cavabdehləri texniki pasortda göstərilən bütün tikililərdən çıxarmalıdır. Əgər icra məmuru cavabdehlərin yaşadığı və ya cavabdehlərin əşyalarının olduğu tikililərin texniki pasportda göstərilib-göstərilmədiyini müəyyən etməkdə çətinlik çəkərsə “İcra haqqında” Qanunun 40-cı maddəsinə əsasən icraata mütəxəssis cəlb edə bilər. Birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almadan iddianı təmin etdiyinə görə qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Baladai oğlu Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində yerləşən 189 №-li evin texniki pasportunda göstərilən tikililərdən çıxarılsınlar. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar