Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1787/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh, onun nümayəndəsi X1, digər nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəmsinin 18 mart 2021-ci il tarixli, 2(002)-760/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız iddiası nəticəsində sökülmüş tikilinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Babadadaş oğlu ilə qonşuluqda yaşayır. O, daima torpaq sahəsi ilə əlaqədar cavabdehlə aralarında olan mübahisəni barışıq yolu ilə həll etməyə cəhd etsə də, onun tərəfindən bununla əlaqədar heç bir təşəbbüs göstərməmiş, əksinə onun barəsində müxtəlif təşkilatlara şikayətlə müraciət olunmuşdur. Həmçinin cavabdeh tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.10.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən edilərək, onun və cavabdehin faktiki sahibliyi nəzərə alınmaqla, mübahisəli torpaq sahəsində mişar daşından tikintisi başa çatdırılmamış hasarın tikilərək, qonşu torpaqlar arasında mərz kimi müəyyən edilməsi qət edilmişdir. Belə bir qətnamənin qəbul edilməsinə baxmayaraq cavabdeh tərəfindən yenə də qanunsuz hərəkətlər davam etdirilmiş və əsassız olaraq onun inşa etdiyi tikilinin sökülməsi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli, 2(002)- 337/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin mərz nişanının üstünə düşən tikilinin sökülməsi qət edilmişdir. O, bu qətnaməni rəsmi qaydada aldıqdan sonra apellyasiya şikayəti ilə məhkəmə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.08.2018-ci il tarixli, 2(103)-8117/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il qətnaməsi ləğv edilmiş, Cavabdeh iddiası rədd edilmişdir. Bu qətnamə apellyasiya məhkəməsi tərəfindən ləğv edilsə də, əfsuslar olsun ki, apellyasiya şikayəti verməzdən öncə həmin qətnamənin icrası mərhələsində tikili sökülmüşdür. Cavabdehin əsassız iddiası nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymiş, həmçinin o, sahibliyində olan əmlakdan məhrum olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəmsinin 18 mart 2021-ci il tarixli, 2(002)-760/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda tikilmiş və cavabdehin əsassız iddiası nəticəsində sökülmüş tikilinin bərpa edilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(002)-4719/2015 saylı qətnaməsi ilə onun və İddiaçı faktiki sahibliyi nəzərə alınmaqla mübahisəli torpaq sahəsində mişar daşından tikintisi başa çatdırılmamış hasar tikilərək qonşu torpaqlar arasında mərz kimi müəyyən olunmuşdur. Həmin qətnamənin icrası ilə əlaqədar Qaradağ rayon icra şöbəsi mübahisəli yerə gedib qətnaməni icra edərkən onlar tərəfindən müəyyən edilmişdir ki, İddiaçı evinin bir otağı təxminən 8 metr hissəsi həmin mübahisəli əraziyə düşür. Cavabdehin evinin mübahisəli əraziyə düşən hissəsinin sölülməsi qətnamədə öz əksini tapmadığından icra sənədinin icra edilməsi mümkün olmamışdır. Bu barədə akt tərtib edilmişdir. Bundan sonra onun tərəfindən məhkəmənin 20 oktyabr 2015-ci il tarixli qətanməsinin icrası ilə əlaqədar cavabdeh tərəfindən icraya qəsdən maneçilik məqsədilə özbaşına, qanunsuz tikilmiş otağın sökülməsi barədə məhkəmədə iddia qaldırmışdır. Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı qanunsuz tikilmiş otağın həmin mərzin üzərinə düşən hissəsinin sökülməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti əsasında Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddiaçı həmin qətnamədən geç şikayət verməklə Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli qətrnaməsi icraçılar tərəfindən icra edilmişdir. Onun hasarı, İddiaçı isə onun həyatyanı sahəsinə düşəm damı sökülmüşdür. İddiaçı 16.08.2017-ci il tarixli qətnaməsinin icrasının geriyə dönüşü barədə ərizə ilə müraciət etsə də, Bakı Apelyasiya məhkəməsinin 08.07.2019-cu il tarixli qərardadı ilə qətnamənin icrasının geriyə dönüşü barədə iddiaçının ərizəsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddiası tamamilə əsassızdır. Cavabdeh tərəfindən onun heç bir tikintisi sökülməmiş və məhkəmə qətnaməsində onun tərəfindən iddiaçının hansı tikilisinin sökülməsi göstərilməmişdir. Məhkəmə işə birtərəfli baxaraq məhkəmə çəkişmə prinsipinə riayət etməmiş və cavabdehin məhkəmədə iştirakını təmin etməmişdir. Belə ki, məhkəmənin 18.03.2021-ci il tarixdə olmasına dair ona 03.02.2021-ci il tarixdə mesaj gəlmişdir. Cavabdeh dənizdə işlədiyi üçün göstərilən tarixdə işdə olduğu üçün atası tərəfindən onun məhkəmədə iştirak edə bilməyəcəyi barədə məhkəməyə rəsmi olaraq teleqram vurulmuşdur. Lakin, məhkəmə bunu nəzərə almamış, cavabdehin iştirakı olmadan əsassız olaraq qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmədə çəkişmə prinsipinə riayyət edilməmiş, cavabdehin iddiaçının göstərdiklərinin əksinə sənədləri olmaqla onun iddiasının əsassız olmasını sübut etməyə şərait belə yaradılmamışdır. Cavabdeh həmçinin apellyasiya şikayətinə əlavə vermişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılır ki, birinci növbədə müəyyən etmək lazımdır ki, mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsindədirmi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli qətnaməsi icra edilmişdirmi? Mübahisəsi gedən torpaq sahəsi iddiaçının qanuni istifadəsində deyil. Həmin torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsi Müdafiə Nazirliyinə məxsusdur. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli qətnaməsi icra edilməmişdir. Qaradağ rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27.04.2018-ci il tarixli aktdan görünür ki, mərzin üzərində inşa edilmiş 3 mərtəbəli tikilinin sökülməsi mümkün olmadığından icra icraatı təxirə salınmışdır. Məhkəmə tərəfindən icra işi tələb olunmadan belə qənaətə gəlinmişdir ki, həmin qətnamə icra edilməlidir. Halbuki, məhkəmə icra işini tələb edib, baxış keçirtsəydi, belə qanunsuz və əsassız nəticəyə gəlməzdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli, 2(103)- 5627/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(002)-760/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiaysının 17 noyabr 2021-ci il tarixli, 2(102)-6515/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli, 2(103)- 5627/2021 saylı qətnaməsini ləğv edilərək, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti və ona əlavəni müdafiə edərək, izahatında qeyd etdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli qətnaməsi icra edilməmişdir. Belə ki, həmin qətnamə ilə qət olunmuşdur ki, Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə cavabdeh Ələkbərov İddiaçı tərəfindən qanunsuz tikilmiş otağın həmin mərzin üstünə düşən hissəsi sökülməlidir. Tələb olunmuş icra işindən də göründüyü kimi, icra sənədində göstərilmiş mərzin üstünə düşən otaq sökülməmişdir. İcra işində olan aktda göstərilmişdir ki, orada mərz kimi olan hasar sökülüb. Buna görə o, cavabdeh deyil. Çünki o, mərzin üstünə düşən otağın sökülməsini tələb etmiş, otaq isə sökülməmişdir. İcra məmurunun səhv hərəkətlərinə görə o, cavabdehlik daşıya bilməz. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3, onun nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti və ona əlavəni müdafiə edərək, cavabdehin izahatına uyğun məzmunda izahat verdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, izahatında qeyd etdi ki, icra məmuru tərəfindən mərzin üstünə düşən tikili sökülməmişdir. İcra məmuru tərəfindən mərz kimi olan daş hasar sökülmüşdür. O, həmin daş hasarın bərpa edilməsini xahiş edir. Apellyasiya mərhələsində İddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, iddia tələbində sökülmüş tikilinin bərpa edilməsi dedikdə, icra məmuru tərəfindən icra mərhələsində sökülmüş daş hasarın bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, kassasiya instansiyası öz qərarında qeyd etmişdir ki, iş materiallarından görünür ki, İddiaçı tərəfindən inşa edilmiş tikilinin 16 avqust 2017ci il tarixli qətnamənin icrası ilə əlaqədar sökülməsini həm iddiaçı, həm də cavabdeh təsdiq etmişlər. Belə ki, Cavabdeh hazırkı iş üzrə qəbul edilmiş qətnamədən verdiyi şikayətində (işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında iştirak etməmişdir) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar İddiaçı onun həyətyanı sahəsinə düşən damının sökülməsini təsdiq etmişdir. İşdə mübahisə predmeti olan tikilinin sökülməsini təkzib edəh heç bir mötəbər sübut olmadığı üçün həmin tikilinin sökülməsinin təsdiq olunmaması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsinin bununla əlaqədar işdə olan bütün sübutları yoxlamamaqla, onlara müvafiq hüquqi qiymət verməməklə yanaşı hesab etmişdir ki, tikilinin sökülüb-sökülməməsindən asılı olmayaraq iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Yəni məhkəmə kollegiyası işin həmin halını iş üçün əhəmiyyətsiz saymışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən tikilinin qanunsuz olmasına əsaslanmışdır. Mübahisəli tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə qanunsuz olması hazırkı mübahisənin predmeti olmadığından məhkəmə Mülki Məcəllənin 180-ci maddəsinin tələbinə əsaslanmaqla iddianı əsassız saymaqda haqlı olmamışdır. Hazırkı mübahisə tikilinin məhkəmə qətnaməsi əsasında sökülməsi və həmin qətnamənin isə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilərək tikilinin sökülməsi tələbinin rədd edilməsi ilə bağlı olduğundan, kollegiya hesab edir ki, iddianın əsaslılığı həmin həddə yoxlanılmalı idi. İddiaçıya görə ona məxsus tikili məhkəmənin sonradan ləğv edilmiş qətnaməsi əsasında söküldüyündən həmin qətnamənin icrasına dönüş edilməklə tikilinin bərpası təmin edilməmişdir. Mülki prosessual qanunvericilikdə işə baxılan dövrdə qətnamənin icrasına dönüş edilməsi nəzərdə tutulmasa da, kollegiya hesab edir ki, qanunun analogiyasından istifadə olunmaqla icraya dönüşün mümkünlüyü məsələsinə qiymət verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını nəzərə almadan iddianın əsassız olması barədə nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarından qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(103)-8117/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(002)-4719/2015 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı faktiki sahibliyi nəzərə alınmaqla mübahisəli torpaq sahəsində mişar daşından tikintisi başa çatdırılmamış hasar tikilərək qonşu torpaqlar arasında mərz kimi müəyyən olunmuşdur; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(002)-2779/2016 saylı qərardadına əsasən iddiaçı Cavabdehlər İddiaçı və Salyan rayon Mənzil İstismar İdarəsinə qarşı torpaq sahəsinə faktiki sahiblik nəzərə alınmaqla, mərz kimi müıyyən edilmiş əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası üzrə mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir; 13 oktyabr 2016-cı il tarixli akta əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4719/2015 saylı, 20 oktyabr 2015-ci il tarixli qətnaməsi üzrə 23 noyabr 2015-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdehin evinin mübahisəli əraziyə düşən hissəsinin sökülməsi qətnamədə öz əksini tapmadığından icra sənədinin icrası təmin edilməmişdir; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilərək, Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə cavabdeh Ələkbərov İddiaçı tərəfindən qanunsuz tikilmiş otağın həmin mərzin üstünə düşən hissəsinin sökülməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(103)-8117/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsi ləğv edilərək, ididaçı Cavabdeh (3-cü şəxs Qaradağ rayon İcra şöbəsi cəlb olunmaqla) cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Mənzil-İstismarı İdarəsinin Salyan rayon Mənzil İstismar Hissəsinə qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.10.2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar cavabdeh tərəfindən icraya qəsdən maneçilik məqsədilə özbaşına, qanunsuz tikilmiş otağın sökülməsi barədə iddiası rədd edilmişdir. Hazırki apellyasiya mərhələsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsinin icrası ilə bağlı icra işi tələb edilmişdir. Həmin icra işində olan: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsinin icrası ilə bağlı 07 noyabr 2017-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə cavabdeh Ələkbərov İddiaçı tərəfindən qanunsuz tikilmiş otağın həmin mərzin üstünə düşən hissəsinin sökülməsi qət olunmuşdur; İcra məmuru tərəfindən 27.04.2018-ci il tarixdə tərtib edilmiş akta əsasən qətnamənin icrası təyin edilən gün 27.04.2018-ci il tarixdə ünvanda olmuşlar. Tərəflərə qanunun tələblərinə riayət etmələri izah olunmuşdur. Qətnamənin icrası ilə əlaqədar aradan qanunsuz tikilmiş mərzin üstündə hasar söküldü. Həmin mərzin sökülməsi tamamilə başa çatdırıldı. Qanunsuz tikilmiş otağın həmin mərzin üstünə düşən hissəsi 3 mərtəbədən ibarətdir və bir gün ərzində həmin otaqların sökülməsi mümkün deyildir. Çünki mərtəbələr arası betonun sökülməsi üçün texniki vasitə lazımdır. Bundan əlavə söküləcək otağın müəyyən hissələrinin sökülməsi vaxt tələb edir; Bakı şəhəri Qarabağ rayon İcra və Probasiya şöbəsinin 10.09.2018-ci il tarixli qərarına əsasın Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(103)-8117/2018 saylı qətnaməsi ilə ləğv olunduğu üçün icraata xitam verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olundu ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(002)- 4719/2015 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı faktiki sahibliyi nəzərə alınmaqla mübahisəli torpaq sahəsində mişar daşından tikintisi başa çatdırılmamış hasar tikilərək qonşu torpaqlar arasında mərz kimi müəyyən olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilərək, Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə cavabdeh Ələkbərov İddiaçı tərəfindən qanunsuz tikilmiş otağın həmin mərzin üstünə düşən hissəsinin sökülməsi qət olunmuş, həmin qətnamə əsasında icra sənədi verilmişdir. İcra məmuru tərəfindən 27.04.2018-ci il tarixdə tərtib edilmiş akta əsasən qətnamənin icrası ilə əlaqədar aradan qanunsuz tikilmiş mərzin üstündə hasar sökülmüş, həmin mərzin sökülməsi tamamilə başa çatdırılmışdır. Qanunsuz tikilmiş otağın həmin mərzin üstünə düşən hissəsi 3 mərtəbədən ibarət olmaqla, bir gün ərzində həmin otaqların sökülməsi mümkün olmadığından, mərtəbələr arası betonun sökülməsi üçün texniki vasitə lazım olmaqla, söküləcək otağın müəyyən hissələrinin sökülməsi vaxt tələb etdiyindən sökülmə həyata keçirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(103)-8117/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsi ləğv edilərək, ididaçı Cavabdeh (3cü şəxs Qaradağ rayon İcra şöbəsi cəlb olunmaqla) cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Mənzil-İstismarı İdarəsinin Salyan rayon Mənzil İstismar Hissəsinə qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.10.2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar cavabdeh tərəfindən icraya qəsdən maneçilik məqsədilə özbaşına, qanunsuz tikilmiş otağın sökülməsi barədə iddiası rədd edilmişdir. Bakı şəhəri Qarabağ rayon İcra və Probasiya şöbəsinin 10.09.2018-ci il tarixli qərarına əsasın Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(103)-8117/2018 saylı qətnaməsi ilə ləğv olunduğu üçün icraata xitam verilmişdir. Hazırda iddiaçı iddia tələbində Cavabdeh əsassız iddiası nəticəsində icra məmuru tərəfindən icra mərhələsində sökülmüş daş hasarın bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. MM-nin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinən əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdehin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsi ilə qismən təmin edilən iddiası Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə cavabdeh Ələkbərov İddiaçı tərəfindən qanunsuz tikilmiş otağın həmin mərzin üstünə düşən hissəsinin sökülməsindən ibarət olmuşdur. Yəni, Cavabdeh mərzin üstündə olan hasarın sökülməsi ilə bağlı iddiası olmamışdır. İcra məmuru tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsi icra edilərkən, 27.04.2018-ci il tarixdə tərtib edilmiş akta əsasən qanunsuz tikilmiş mərzin üstündə hasar sökülmüş, həmin mərzin sökülməsi tamamilə başa çatdırılmış, mərzin üstündə olan otaq isə sökülməmişdir. Qeyd olunan halı məhkəmədə iddiaçı etiraf etmiş, iddia tələbində dəqiqləşmə barədə ərizə təqdim edərək, cavabdehin əsassız iddiası nəticəsində icra məmuru tərəfindən icra mərhələsində sökülmüş daş hasarın bərpa edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Kollegiya hesab edir ki, icra sənədində qeyd olunmamış icra hərəkətinin (hazırkı halda mərzin üstündə olan hasarın sökülməsi) icra məmuru tərəfindən icradan kənar icra edilməsinə görə cavabdehin məsuliyyəti yarana bilməz. Yəni, cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsi üzrə mərzin üstündə olan hasarın sökülməsini tələb etməmiş, qanunsuz tikilmiş otağın həmin mərzin üstünə düşən hissəsinin sökülməsini tələb etmiş, otağın söküntüsü isə icra olunmamışdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki halda faktiki hallar iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmır. Kollegiya qeyd edir ki, iddiaçı mərzin üzərində yerləşən hasarın qanunsuz sökülməsi ilə bağlı hərəkətləri mübahisələndirə bilər. Buna görə də, kollegiya apellyasiya şikayətinin təmin edilməklə, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsi qənaətinə gəlir. Kollegiya icraya dönüşlə bağlı qeyd edir ki, bununla bağlı qüvvədə olan məhkəmə qərarı mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(103)- 8117/2018 saylı qərardadı ilə cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 10.08.2018-ci il tarixli, 2(103)-8117/2018 saylı qətnaməsinin icraya yönəldilməsi və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli, 2(002)-887/2017 saylı qətnaməsinin icrasının geriyə dönüşü barədə ərizəsindən imtina edilməklə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəmsinin 18 mart 2021-ci il tarixli, 2(002)- 760/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-1787/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1787/2022
06.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver