Məhkəmə qərarları › İş №2(103)-1789/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1789/2024

16.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1789/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4382/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin 10 saylı xx.xx.2015-ci il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzili xx.xx.1992-ci il tarixli qərara əsasən MKTD-yə məxsusdur, mənzilin icarədarı X2, mənzildə icarədarın oğlu İddiaçı və nəvəsi Cavabdeh daimi qeydiyyatdadırlar.

2. Bakı Nikah evi tərəfindən verilmiş AZ-İ 593804 saylı xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Nümayəndə Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1690 saylı akt qeydi tərtib edilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-5919/2015 saylı qətnaməsindən müəyyən olunur ki, ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-6644/2015 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-5919/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

4. Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 914250 saylı xx.xx.2018ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 78 saylı akt qeydi tərtib olunmuşdur.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh adına Bakı şəhəri Nərimanov rayonu X17 küçəsi 117 saylı evin 23 saylı mənzili Bakı şəhəri 38 saylı DNK-nun 2v-113 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.

6. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin 338 saylı xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzili üçün İddiaçı xx.xx.2024-cü il tarixinə mənzil haqqı və mənzil tullantılarının daşınması borcu yoxdur.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Azəristiliktəchizat ASC-nin xx.xx.2017-ci il tarixli mədaxil qəbzinin surətindən müəyyən olunur ki, T.Makarenkonun adından Natavan ev 8 mənzil 25 ünvanı üzrə 2016-2017-ci illər üçün 5 aylıq istilik haqqı ödənilmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Azəristiliktəchizat ASC-nin 2018, 2020, 2021, 2022, tarixli mədaxil qəbzlərinin surətindən müəyyən olunur ki, T.Makarenkonun adından Natavan ev 8 mənzil 25 ünvanı üzrə isti su xidməti üzrə ödəniş edilmişdir.

9. Məhkəməyə İddiaçı tərəfindən təqdim olunan 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin mənzil-kommunal xidməti üçün mədaxil qəbzlərinin surətindən müəyyən olunur ki, İddiaçı 2020, 2021, 2003-cü illər üzrə Natəvan 8-25 ünvanı üzrə xidmət haqqını ödəmişdir.

10. Məhkəməyə Cavabdeh tərəfindən təqdim olunan 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin mənzil-kommunal xidməti üçün mədaxil qəbzlərinin surətindən müəyyən olunur ki, Cavabdeh 2016, 2017, 2018, 2019, 2021, 2022-ci illər üzrə Natəvan 8-25 ünvanı üzrə xidmət haqqını ödəmişdir. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladı X16 ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzili onun anası X6 məxsus olmuşdur, hal-hazırda da T.V.Makarenko həmin mənzilin kirayəçisidir. Mənzildə o və Cavabdeh qeydiyyatdadırlar. xx.xx.2018-ci il tarixdə anası T.V.Makarenko vəfat etmişdir. T.V.Makarenkonun ölümündən sonra məzil onun və ailəsinin istifadəsində qalmışdır. Cavabdeh 2010-cu ildə vətəndaş Nümayəndəla rəsmi nikaha daxil olmuş, həmin vaxtdan daimi olaraq Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 120 saylı evin 45 saylı mənzilinə köçmüşdür. Həmin mənzildə yaşadıqları dövrdə, yəni 2013-cü ildə onların uşaqları anadan olmuş, hazırda da Cavabdeh öz ailə üzvləri, əri və uşağı Ruslanla qeyd edilən mənzildə yaşayır. Cavabdeh Y.A. Makarenko nikaha daxil olmamışdan əvvəl də mübahisəli mənzildə bir gün də olsa belə yaşamamış, uzun müddət əzində bu mənzildə qeydiyyatı formal xarakter daşımışdır. Nikaha daxil olmamışdan əvvəl xalası X3 Bakı şəhəri H.Əliyev küçəsi 117 saylı evin 23 saylı mənzilində daimi olaraq yaşamış, orta təhsilini də həmin ərazidəki məktəblərin birində almış, 2021-ci ildə cavabdehin xalası A.Q.Barannikova vəfat etmiş, onun ölümündən sonra Cavabdeh Bakı şəhəri Nərimanov rayonu X17 küçəsi 117 saylı evin 23 saylı mənzilinə qanun üzrə vərəsəlik hüququna daxil olmuş, hazırda həmin mənzil Cavabdeh mülkiyyətindədir. Beləliklə Cavabdeh iki yaşayış yeri vardır. Bakı şəhəri Nərimanov rayonu Akademik küçəsi 117 saylı evin 23 saylı mənzili mülkiyyət hüququ üzrə cavabdehə məxsusdur. İstənilən vaxt oraya köçüb orada yaşaya bilər. Eyni zamanda, 2010-cu ildən fasiləsiz olaraq Cavabdeh yoldaşı Nümayəndə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 120 saylı evin 45 saylı mənzilində yaşayır. Bununla da, iddiaçının anası X6 məxsus olan Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə Cavabdeh istifadə hüququnu tam itirmişdir.

13. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı X1 qarşı iddia ərizəsində göstərilənlər tamamilə yalandır, həqiqətdən uzaqdır, mənasız söz yığınağından başqa bir şey deyildir. Belə ki, iddia ərizəsində göstərir ki, o, evlənməmişdən əvvəl və 2010-cu ildə ailə qurduqdan sonrada bir gün olsun bu mənzildə yaşamamışdır. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5919/2015 saylı xx.xx.2015-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6444/2015 saylı xx.xx.2015-ci il tarixli qətnamələrini məhkəməyə təqdim etməyi nədənsə unutmuşdur. Həmin məhkəmə qətnamələrində qeyd olunur ki, o, 1974-cü ildə doğulandan həmin mənzildə qeydiyyatdadır, fasiləsiz olaraq həmin mənzildə yaşamış, mənzilin kommunal xərclərinin və digər xərclər üçün sərf olunan pul məbləğlərinin ödənilməsində iştirak etmişdir. Buna sübut kimi 2004-2012-ci illər üzrə ödəniş qəbzləri məkhkəmə qətnaməsində qeyd edilmişdir. Həmçinin cavabdeh mənzilin saxlanılması və icarə müqaviləsindən irəli gələn digər hərəkətlərin yerinə yetirilməsində, 2016-2022-ci illər üçün kommunal xidmət haqlarının ödənişi üçün müvafiq məbləğlər ödəmiş, bu barədə qəbzlərini də məhkəməyə təqdim etməyə hazırdır. Bundan əlavə cavabdehin həmin mənzildə şəxsi əşyalarının olması da məhkəmə qətnaməsində öz əksini tapmışdır. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, o, 2010-cu ildə Nümayəndəla ailə həyatı qurduqdan sonra ona məxus Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 120 saylı evin 45 saylı mənzilində yaşayır. Yenə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə istinad ederək bildirir ki, Nümayəndə onunla ailə qurmamışdan öncə evli olmuş, həmin evlilikdən onun 2 övladı var və hal-hazırda həmin mənzildə onlar yaşayır. Hesab edir ki, mənzildə istifadə hüququ olan iddiaçı ilə bərabər həmin mənzildən istifadə hüququna malik olduğundan, onun həmin mənzildən istifadə hüququna məhdudiyyətlərin yaradılması və istifadə hüququndan məhrum edilməsi mənzil hüququna müdaxilə kimi qiymətləndirilməlidir.

14. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, o, İddiaçı və Cavabdeh tanıyır, Sergeyin anasına baxmış, qulluq etmiş, İddiaçı Rusiya Federasiyasına gedəndə Sergeyin anası Tatyana xanıma o baxmışdır. Tatyana xanım xəstə olduğundan gəzə bilməmiş, o, xəstə baxıcısı kimi Tayanaya tək qulluq etmiş, Tatyana xanımın yeməyini vermiş, geyimlərini dəyişmiş, ev işləri ilə Sergeyin həyat yoldaşı məşğul olmuşdur. İlləri dəqiq xatırlamır. Yelena həmin mənzilə qonaq kimi həftədə 2-3 dəfə gəlib-getmiş, lakin mənzildə qalmamışdır. Ərinin sözlərindən bilir ki, Tatyana Yelenanın evində olanda qayınanası və həyat yoldaşı Tatyana xanımı Yelenagildən götürüb, Sergeyin evinə aparmış, lakin bunun səbəbi ona məlum deyil.

15. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, o, Sergeyin qonşusu, həmdə yaxın dostudur. O, 2016-2017-ci ilərdə Yulya adlı qonşu qadınla yataq xəstəsi olan Tatyanaya qulluq etmiş, daha sonra Tatyananın vəziyyəti pisləşdiyindən Sergey onu yaşadığı evə aparmışdır. O, Yelenanı Tatyananın mənzilində görməmiş, Yelena heç vaxt bu mənzilə gəlməmiş, o, Yelenanı ilk dəfə Tatyananın dəfnində görmüş, Tatyana 2018-ci ildə ölmüş, 2018-ci ildən sonra da o, Yelenanı mənzildə görməmişdir. Tatyananın mənzilinə Sergey baxmış, Yelena həmin mənzilə gedib-gəlməmişdir.

16. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, o, 1957-ci ildən ailə quran vaxta qədər Binəqədi rayonu Biləcəri qəsəbəsi Natavan küçəsi 12 saylı evin 15 saylı mənzilində yaşamış, İddiaçı ilə qonşu olmuş, bir həyətdə böyümüşlər. Sergey ailə qurandan sonra sonra yoldaşına məxsus evdə yaşamış, Sergeyin anası Tatyana xanım isə tək yaşamışdır. Tatyana xanım ölməmişdən 2 il əvvəl ona Tatyana xanımın infakt keçirməsi, insult olması, xəstə yatması, oğlu Sergey ilə yaşaması məlum olmuşdur. Tatyana xanım yatağa düşməmişdən əvvəl həmişə həyətə düşürdü, gəzirdi. Sergey və onun həyat yoldaşı Nina xanım hər gün Tatyana xanıma baş çəkirdilər. O, Dəmir yolları idarəsinin kadrlar şöbəsinin rəisi işləmiş, Nina da kadrlar şöbəsində işləyirdi, o, isə Biləcəri stansiyasında işləmişdir. Həm qonşu kimi, həm də iş yoldaşı kimi onlar bir-biriləri ilə əlaqə saxlayırdılar. Nina xanım ona Tatyananın xəstə olmasını və onlarda yaşamasını demişdir. Sergey və Nina Tatyana xalaya qulluq edib saxlayırdılar. O, Biləcəri qəsəbəsi Natəvan küçəsində yerləşən evdə ailə həyatı qurandan sonra yaşamasa da hazırda 2 bacısı, biri Natəvan 12, mənzil 15, o biri bacısı Natəvan 12, mənzil 18 ünvanında yaşayırlar. Həmin ünvanda onun uşaqlıq rəfiqələri yaşayır. O, bacıları və rəfiqələri ilə əlaqə saxlayır, tez-tez həmin ünvana gedib-gəlir, hər şeydən də xəbəri vardır. O, Cavabdeh tanımır, Yelnanı birinci dəfə Tatyananın yas mərasimində görmüşdür. Yas mərəsiminə Aleksadr da gəlmişdir. Aleksandr onun sinif yoldaşı olmuşdur. Yelena xanım Tatyana xanımın mənzilində heç vaxt yaşamamışdır.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4382/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, məhkəmə aktına əsasən istifadə hüququ tanınan və həmin mənzilə köçürülən cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan övladı ilə mənzildə köçürüldüyü gündən yaşamadığından, həmin mənzilin saxlanması üçün hər hansı bir xərc çəkmədiyindən, ərinin istifadəsində olan mənzildə ailə üzvləri ilə birlikdə yaşamaqla, birgə təsərrüfat apardığından dövlət mülkiyyətində olan Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilindən ibarət yaşayış sahəsinə ehtiyacının olmadığını nümayiş etdirmişdir.

19. Həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçının da Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilində yaşamadığını, onun iddiaçı tərəfindən mənzilə buraxılmadığını, mənzildən istifadəsinə maneələr yaradılmasını bildirsə də, bu halları sübuta yetirə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla mənzilin iddiaçının istifadəsində olması, cavabdehin isə mənzildə yamamasının səbəbinin onun başqa yaşayış sahələri olduğu üçün dövlət mülkiyyətində olan bu yaşayış sahəsinə ehtiyacının aradan qalxmasının olması öz təsdiqini tapmışdır.

20. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1, 158.4cü; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53, 54-cü; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədən qüvvədə olan) 59.1, 59.2, 59.3, 59.4, 60.1, 60.2, 61.1, 67, 68.1, 68.2, 68.4, 70, 82.3, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

21. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4382/2023 saylı iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

22. Apelyasiya şikayəti iddiaya etirazda qeyd edilən dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mənzildə istifadə hüququ olan iddiaçı ilə bərabər həmin mənzildən istifadə hüququna malik olduğundan, onun həmin mənzildən istifadə hüququna məhdudiyyətlərin yaradılması və istifadə hüququndan məhrum edilməsi mənzil hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə nəzərə almamışdır ki, iş materiallarında iddianın tam rədd etmək ücün kifayət qədər sübutlar mövcuddur. Lakin məhkəmə tərəfindən iş üzrə bununla bağlı heç bir araşdırma aparılmamış, iddiaçının mövqeyindən çıxış etmişdir. 2015-ci ildə də eyni tələb ilə məhkəməyə müraciət edilmiş, məhkəmə iddianı rədd etmişdir. Verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı Cavabdeh qarşı Cavabdeh yetkinlik yaşına çatmayan övladı NamazovRuslan Aydın oğlu ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələblərinin heş bir əsası olmadan məhkəmə iddianı təmin etmişdir. Məhkəmə iddianı təmin edərkən bir cümlə ilə qətnaməsini əsaslandırmağa calışmışdır.

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və bildirmşdir ki, iddiaçı özü istifadə hüququndan istifadə etmir. Cavabdehin xalasının evində yaşamasını qarşı tərəfin dediyi kimi deyildir. Cavabdehin bibisinin ayağını amputasiya etmişdilər və cavabdeh Yelena ona qulluq etmək üçün xalasıgildə qalırdı. 2010-cu ildən etibarən Cavabdeh ilə ailə həyatı qurmuşdur. Yoldaşı həmin evdə yaşayırdı. Yoldaşının mübahisələndirilən mənzilə ehtiyacı olduğu üçün həmin evə gedib-gəlirdi. Belə ki, onun birinci ailə həyatından olan övladları onlara gəlib-getdiyi üçün narahatlıq yaranmasın deyə həmin evə gedirdi. Həyat yoldaşını qovmurdu və sadəcə olaraq artıq söz-söhbət yaranmasın deyə orada qalırdı. Həyat yoldaşı ilə öz evində bir yerdə qalırdı. Cavabdehin xalasından qalan ev mübahisəlidir. Xalasının vərəsəsi birinci olaraq anası hesab olunur və o da Rusiyada yaşayır. Çıxarış yoldaşının adınadır, lakin onun evi deyildir, formal olaraq onun adınadır. Həyat yoldaşının daimi yaşadığı yer onun evidir. 25.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirişdir ki, evi yandığı üçün müvəqqəti olaraq ona yaşamaq üçün evi vermişdik ki, ev tapıb sonra çıxar. Həmin iki otaqdan biri qıfıl vurularaq bağlı saxlanılıb. Belə ki, qarşı tərəfin anası əvvəl orada yaşayıb, sonradan gəlib qıfıl vuraraq aradan çıxıblar. Həmin otaqdan istifadə edə bilmir. Çünki həmin otağa qıfıl vurulub. Faktiki olaraq bir otaqdan istifadə edir. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, İddiaçı vəfat etmiş anası Tatyana o vaxt Yelenaya qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə iddia vermiş, Yelena isə qarşılıqı iddia ərizəsi ilə mənzilə köçürülmə ilə bağlı iddia vermişdir. Onun ilkin iddiası təmin olunmamış, qarşılıqlı iddia ərizəsi isə təmin olunmuşdur. Lakin həmin vaxtdan mənzilə köçürülməmiş, mənzildən istifadə etməmişdir. 2018-ci il tarixində Tatyana vəfat etmiş, onun ölümdən sonra, 2010-cu ildən indiyə kimi Yelena öz həyat yoldaşının evində yaşayır. Bundan başqa qeyd etmişdir ki, 2021-ci ildə Yelenanın xalası vəfat etmişdir. Yelena faktiki olaraq ailə həyatı qurmadan əvvəl xalasına məxsus olan Həsən Əliyev küçəsində yerləşən mənzildə daimi yaşamışdır. 2021-ci ildə Yelenanın xalası vəfat etdikdən sonra vərəsəlik hüququna daxil olmuş və 10 yanvar 2022-ci ildə Daşınmaz Əmlak üzrə Dövlət Reyestr Xidmətindən öz adına çıxarış almışdır. Yelena evdən istifadə hüququnu tam itirmişdir. Çünki faktiki olaraq ailə həyatı qurmamışdan əvvəl xalasının evində yaşamış, 2010-cu ildən indiki dövrə qədər ərinin evində yaşayır və onun adına mülkiyyət hüququ üzrə mənzil var. Amma iddiaçı Sergeyin adına heç nə yoxdur. Halhazırda anasının ölümündən sonra şəxsi hesabı dəyişdirmək istəyir, lakin cavabdehin razılığı olmadan bu mümkün deyil. Tatyana evin əsl sahibi idi. İddiaçının evdə faktiki yaşamasının sübutu odur ki, iddiaçı evdə təmir işləri aparır və bütün kommunal xərcləri ödəyir. Cavabdeh 15 ildən çoxdur ki, həyat yoldaşının evində qalır. Bundan başqa mülkiyyət hüququ üzrə ona məxsus mənzil var. 27.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 29.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 31.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnmənin tam ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

32.11. 1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərinrazılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 33.11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normalarıolmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 34.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 35.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 36.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin

37.53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsiniicarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 38.54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 39.60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onlarınyaşayış sahəsi altı ay saxlanır. 40.87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarəmüqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

41.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

43.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 44.İşin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinin icarədarı xx.xx.1961-ci il tarixdə verilmiş orderə əsasən X5muşdur. Həmin mənzildə iddiaçı (oğlu), cavabdeh (nəvəsi) 1990-cı ildən və nəticəsi (X16) 2013-cü ildən qeydiyyatdadırlar. Cavabdeh Nümayəndə ilə 2010-cu ildə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5919/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh isə mübahisəli ünvana köçürülməsi qət edilmişdir. 45.Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmışdır. 46.Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cümaddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 47.2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmış istifadə hüququnun qanuni əsaslarla aradan qalxması da mümkündür. Həmin Məcəllənin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir. 48.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, Dövlət mənzil fonduna aid mübahisəli mənzildən istifadəsini davam etdirən iddiaçının həmin yaşayış sahəsinə dair yaranmış istifadə hüququ qüvvədə qaldığından, o, hazırki iddianı irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. 49.Birinci instansiya məhkəməsi də hazırki iddiaya baxarkən cavabdehin 2015-ci ildən etibarən himayəsində olan yetkinlik yaşına çatmayan övladı ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış yerinə köçdüyünü müəyyən etmiş, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinadən, onların əvvəllər yaranmış hüquqlarına köçdükləri gündən xitam verildiyi qənaətinə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəyə qeyd olunan normaları tətbiq etməklə, həmin qaydalar çərçivəsində meydana gəlmiş istifadə hüququnun (bu fakt daha əvvəl məhkəmə aktı ilə təsbit olunmuşdur) aradan qalxması ilə bağlı halları lazımi şəkildə araşdırmış və mübahisəli hallara düzgün hüquqi qiymət vermişdir. 50.Qeyd edilməlidir ki, şəxsi servitut sayılan mənzildən istifadə hüququnun, müəyyən qanunvericilik normasına əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) hər hansı kompensasiya verilmədən qanuna uyğun şəkildə aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.

51. Apellyasiya şikayətində göstərilənlərlə bağlı isə qeyd edilməlidir ki, cavabdeh daimi yaşamaq üçün başqa ünvana köçmədiyinə, mülkiyyətində əlavə yaşayış sahəsinin olmasına baxmayaraq, əslində ona məxsus olmadığına istinad etsə də bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin mübahisəli mənzillə davamlı əlaqələrinin nə şəkildə olması, istifadə hüququ sahibi olaraq mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəallığının nədən ibarət olması (icra məmuruna və digər aidiyyəti orqanlara müraciət edib-etməməsi və s.) səbəbləri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurmamasına dair aydın şəkildə izahat verə bilməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Ümumiyyətlə, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində və ya icarəsində başqa yaşayış sahəsinin olması, yaxud ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququn itirilməsinə əsas verir. Beləliklə də Cavabdeh tərəfindən 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə Natəvan 8-25 ünvanı üzrə 2015-ci ildən sonra xidmət haqqını ödənilməsi onun mübahisəli mənzildən yaranmış hüququnun, bu yaşayış sahəsindən müvafiq şəkildə istifadə etmədiyi təqdirdə itirilmiş hesab edilməsi üçün əngəl deyildir.

53. Kollegiya həmçinin cavabdehin himayəsində olan yetkinlik yaşına çatmamış X12 münasibətdə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmənin işin faktiki hallarına əsasən gəldiyi qənaətdən göründüyü kimi Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun itirildiyi və mövcud vəziyyətdə olmadığı müəyyən edildiyindən, xx.xx.2013-cü il təvəllüdlü X11 mübahisəli mənzildən istifadə hüququnun saxlanması qeyri-mümkündür.

54. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

55. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4382/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar