Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1793/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)-2643/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1100 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağlamış və müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən tikinti sahəsi 40 kv.m təşkil edən 5.80 metr hündürlüyü, 3.00 metr tavan hündürlüyü, 4 daş kürsüdə olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüş, işin ümumi dəyəri muzd da daxil olmaqla 19000 manat təşkil etmişdir. Sifarişçi həmin məbləğin 13000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, 6000 manatı isə 1 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müəyyən edilmiş 1 ay müddət keçməsinə baxmayaraq cavabdeh 60xx xxxxxxxx 4600 manat ödəmiş, yerdə qalan 1400 manatı isə ödəmir. Fərdi yaşayış evini müəyyən edilmiş müddətdə təhvil vermişdir. Hətta həmin evi eşitdiyinə görə Cavabdeh artıq satmışdır. Cavabdehdən ona olan borcunun qaytarılmasını tələb etsə də cavabdeh borcunu qaytarmaqdan bu günə kimi boyun qaçırır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 2643/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 1100 manat və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad və ya iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, iddiaçı mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etməmişdir. Razılaşmaya görə iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyi üçün həmin qalıq məbləğ ödənilməmişdir. Müqavilə üzrə ev yaşayışa hazır vəziyyətdə təhvil verilməli olduğu halda iddiaçı tərəfindən heç bir kommunikasiya xətti çəkilməmiş və o, məcbur olub özü bu işlərlə məşğul olaraq xərc çəkmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh qeyd olunanlara uyğun izahat verərək, apelyasiya şikayətini müdafiə edib, şikayətin təmin olunmasını xahiş etdi. Qeyd etdi ki, iddiaçı müqavilə öhdəliklərini tam şəkildə icra etməmişdir, ev yaşayış üçün tam hazır vəziyyətdə olmamış, qaz çəkilməmişdir, ümumiyyəltə məhlədə qaz borusu olmamışdır. İddiaçıya müqavilə üzrə 13000 manat və 5000 manat olmaqla, cəmi 18000 manat məbləğində pul ödəmişdir. Sonradan evi başqasına 24000 manata nisyə satmışdır. O, evi satanda belə evə qaz çəkilməmişdir. Yalnız 2020-ci ilin sentyabr ayında evin yeni sahibi evə qaz çəkdirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh ona 13000 manat bir, 5000 manat bir vermiş, lakin 5000 manat verdikdən sonra onun 400 manatını borc olaraq geri istəmiş, o da vermişdir. O, müqavilə üzrə öhdəliklərini icra etmiş, evi tam hazır vəziyyətdə təhvil vermiş, küçədə ümumi qaz xətti olmuş, yalnız həmin xəttə qoşulmaq lazım gəlmişdir. Belə ki, qaz boruları quraşdırılmış, təkcə qaz xəttinə birləşdirmək lazım idi, sayğac qoyulmamışdır. Bu işlərin görüşməsi üçün isə təxminən 260- 300 manat vəsait tələb olunurdu ki, cavabdeh də borcunu tam ödəmədiyi üçün həmin iş yarımçıq qalmışdır. Hazırda həmin məbləği, yəni 300 manatı ümumi məbləğdən çıxaraq, yerdə qalan məbləğin, yəni 1100 manatın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarından görünür ki, İddiaçı (birinci tərəf) ilə X4 (ikinci tərəf) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən tikinti sahəsi 40 kv.m təşkil edən 5.80 metr hündürlüyü, 3.00 metr tavan hündürlüyü, 4 daş kürsüdə olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə görə hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 19000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 13000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir, 6000 manatı isə 1 ay müddətinə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci maddəsinə görə ikinci tərəf tərəfindən birinci tərəfə ödəniş notariusun depozit hesabı vasitəsilə həyata keçirilir. Müqavilənin 4.1-ci maddəsinə əsasən birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2019-cu il tarixə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli məxaric xəzinə orderinə əsasən Cavabdeh podrat müqaviləsi üzrə 13000 manat məbləğində pulu ödəmişdir. xx.xx.2019-cu il tarixli məxaric xəzinə orderinə əsasən Cavabdeh podrat müqaviləsi üzrə 5000 manat məbləğində pulu ödəmişdir. Məhkəmə sorğusuna alınmış cavabdan görünür ki, xx.xx.2020-ci il tarixli Azəriqaz İB-ilə X2 arasında bağlanmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Fərdi yaşayış evi Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 14. 2020-ci il tarixə olan abonentin saldosundan görünür ki, **********02059 nömrəli abonent X1 istifadəsində olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 14 da yerləşən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixdə 4 gözlü qaz piltələri və Natek Enerji G-4 Mexanika markalı sayğac quraşdırılmışdır. Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli İlkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, tərəflər Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən, ümumi sahəsi 55 kv.m olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün öhdəlik götürmüşlər. Evin dəyəri 24000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olsa da, cavabdehdən tutulmalı olan məbləğ məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, 13000 manat və 5000 manat olmaqla, cəmi 18000 manat cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı 5000 manatı aldıqdan sonra 400 manatını cavabdehə geri qaytardığını bildirsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir, iş materialları ilə isə bu hal müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Belə olan halda aydın olur ki, müqavilə üzrə cavabdehin 1000 manat ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsində iddiaçı izahatında bildirmişdir ki, “300 manat qaz pulu üçün çıxıram” (iş.v.19), həmçinin apelyasiya baxışı zamanı da qeyd etdi ki, “qaz üçün rüsum təxminən 260-300 manat təşkil edir, hazırda həmin məbləği də ümumi məbləğdən çıxıram”. Beləliklə, cavabdeh tərəfindən ümumi məbləğdən 13000 və 5000 manat olmaqla, cəmi 18000 manat iddiaçıya ödənilmiş, qalan 1000 manat borcun isə 300 manatını iddiaçı ümumi məbləğdən çıxdığını bildirdiyindən, cavabdehdən iddiaçının xeyrinə 700 manat məbləğində pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2643/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ 700 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-1793/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1793/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver