Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1793/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və yenidən qiymətləndirmə keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4357/2022 nömrəli xx.xx.2022ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qiymətləndirmə birbaşa cavabdeh tərəfindən həyata keçirildiyindən burada icra məmurunun hər hansı qanunsuz hərəkəti olmamış, məhz buna görə də icra məmurunun hərəkətlərindən deyil, qiymətləndirmə rəyinin düzgün aparılmaması mübahisələndirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericliyin tətbiqi üzrə xx.xx.2021-ci il tarixli 02/2021 nömrəli Qərardadının 32-ci bəndinə əsasən bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə icra icraatı qaydasında verilməli olan ərizə iddia icraatı qaydasında verildiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi bununla yanaşı həmçinin icra məmurunun hərəkətindən şikayətin məhkəmə aidiyyətinə də münasibət bildirmiş və həmin işlərə inzibati məhkəmədə baxılmalı olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası bu fikri yanlış hesab edir və göstərir ki, hazırkı mübahisə ümumi məhkəmə (Daşkəsən Rayon Məhkəməsi) tərəfindən çıxarılmış qətnamənin icrası ilə bağlı yarandığından icra məmurunun hərəkətindən şikayət ərizəsinə də ümumi məhkəmədə baxılmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi, hazırkı iddia tələbinin predmeti icra mərhələsində verilmiş qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və yenidən qiymətləndirmə keçirilməsindən ibarətdir. Tələbin əsasını Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi əsasında əmlakın qiymətləndiriməsinə dair verilmiş rəyin ləğvi təşkil edir. Belə olan halda hazırda iddiaçı mübahisə predmeti olan rəyi icra icraatı qaydasında hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında ümumi məhkəmədə mübahisələndirməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan və məhkəmə aidiyyəti ilə bağlı qeyd olunanlar məhkəmənin gəldiyi bu nəticəyə hər hansı formada təsir etmədiyindən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətdə göstərilənlər mübahisələndirilən qərardadın ləğvi üçün əsas vermir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadlarından verilmiş şikayətlərə baxarkən qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1793/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1793/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver