Məhkəmə qərarları › İş №2(103)-1796/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1796/2021

04.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1796/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi işburaxma müddəti üçün əmək haqqının və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə MMC-də X1 İnsan Resursları üzrə mütəxəssisi vəzifəsinə işə qəbul olunduğunu, işlədiyi dövrdə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək fuksiyalarını vicdanla yerinə yetirdiyini, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etdiyini, iş yoldaşlarının əmək hüquqlarını pozmadığını, xx xxxxxx 2020-ci il tarixdə MMCnin İR Departamentinin direktoru Maqsud Orucov tərəfindən ona göndərilmiş məktubda onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən-qəsdən, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməkdən imtina etdiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması və ya birbaşa rəhbərinin hüquqlarına və qanuni qorunan mənafelərinə hər hansı formada ziyan vurmasını nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verildiyinin göstərildiyini, müraciəti əsasında işdən çıxarılması barədə əmrin xx xxxxxx 2020-ci il tarixli məktubla ona xx xxxx 2020ci il tarixdə poçt vasitəsilə çatdırıldığını, nəyə görə işdən azad edilməsinin aydın olmadığını, əmrdə də bunun aydın yazılmadığını, əmrdə işdən çıxarılmasına əsas kimi göstərilən aktdan və təqdimatdan xəbərsiz olduğunu, ondan izahat alınmadığını, işdən çıxarılmasını qanunsuz hesab etdiyini, əmrdə istifadə edilən ifadələrlə ona həm də mənəvi ziyan vurulduğunu bildirmiş, buna görə də MMC-nin xx xxxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının, habelə mənəvi zərərin əvəzi olaraq 10 000 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 48/k nömrəli əmrinin ləğv olunması, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “xxxx” MMC-nin X1 İnsan Resursları mütəxəssisi vəzifəsinə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın qismən təmin edilməsi ilə bağlı hissədə - ləğv edilməsini xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyi, iddiaçının öz rəhbəri ilə mübahisə etmiş olmasının, əmək funksiyalarını yerinə yetirməkdən imtina etməklə müəssisənin mənafeyinə xələl gətirdiyininin sübuta yetirildiyini, onun əmək qanunvericiliyinin tələblərinə əməl olunmaqla işdən çıxarıldığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh müəssisənin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını; iddiaçı isə şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 48/k nömrəli əmrinin ləğv olunması, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “xxxx” MMC-nin X1 İnsan Resursları mütəxəssisi vəzifəsinə bərpa edilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdehin nümayəndəsinin şikayəti isə qeyd olunan hissədə qətnamənin ləğvinə yönəlmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı xx.xx.2018-ci il tarixdə “xxxx” MMC-nin X2 mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, MMC-nin xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında surəti olan xx.xx.2020-ci il tarixli 48/K saylı əmrdə iddiaçının konkret olaraq hansı pozuntuya yol verdiyi üçün işdən azad edilmiş olduğu əsaslandırılmasa da, əmrin əsası kimi göstərilən və iş materiallarına surəti əlavə olunmuş X1 direktorunun təqdimatında aşağıdakılar göstərilmişdir: “...İddiaçı xx.xx.2020-ci il tarixində otağıma dəvət edərək vəzifə təlimatına uyğun olaraq ona bəzi işləri tapşırdım. O da razılaşaraq işinin başına getdi. 15-20-dəqiqədən sonra sonra gərgin şəkildə otağıma qayıdaraq mənə şəxsinə aid olmayan və vəzifə səlahiyyətlərini aşaraq suallar verməyə başladı. Mən də ona “bu sizin şəxsinizə heç bir aidiyyatı olmayan sualdı, bunları məndən soruşmamağı” bildirdim. O da əsəbiləşərək “mən heç bir iş görməyəcəm, qoy işlər qalsın” deyə səsini ucaltdı və otaqdan çıxdı. Ondan sonra mən onun otağına getdim, nə üçün belə bir addım atdığını aşkarlamaq üçün sakit şəkildə yenidən otağıma dəvət etdim. O da gəlməkdən imtina etdi. Növbəti gün yenidən daxili və şəxsi telefon nömrəsinə zəng etdim, telefonlarımı açmadı. Yenidən otağına getdim və otağıma dəvət etdim məsələni aydınlaşdırmaq üçün. Yenə gəlməkdən imtina etdi. Otağında məsələ açdım və niyə bu cür hərəkət etdiyini soruşdum. Cavab verməkdən imtina etdi. İddiaçı subordinasiya və intizam qaydalarını pozması, vəzifə səlahiyyətlərini aşması, vəzifə təlimatında olan öhdəliklərini icra etməməsi, Şirkəti iş görməməklə təhdid etməsi və başqa bu kimi halları nəzərə alaraq işinə xitam verilməsini təklif edirəm”. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçının yol verdiyi iddia olunan hərəkətləri onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas ola bilməz və iddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əsasla xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğuna dəlalət edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğuna görə məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin digər işçi (yaxud rəhbəri) ilə mübahisəsinin onun əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün, qeyd olunan bu hal nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Halbuki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əsas götürülən təqdimatdan və birinci instansiya məhkəməsində dindirilən şahidlərin ifadələrindən aydın olur ki, iddiaçı iş yoldaşı olan Yelena Quliyevanın işdən çıxarılmasına etirazını bildirmiş, bununla əlaqədar X1 direktoru ilə sözlü mübahisə etmiş, adı çəkilən işçinin işdən çıxarılmasından sonra iş yükünü təkbaşına çatdıra bilməyəcəyini diqqətə çatdırmış, bu mübahisə nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu ümumiyyətlə göstərilməmişdir. Kollegiyanın qənaətinə görə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olubolmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, əvvəllər intizam tənbehi almamış olması, ailə vəziyyəti, məcburi köçkünlüyü nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi əmək funksiyasını tam və ya qismən yerinə yetirməyən, yaxud keyfiyyətsiz yerinə yetirən, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun xarakterinə adekvat olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş olmasına baxmayaraq ondan izahat alınmamışdır; halbuki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” məhdu məsuliyyətli cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2124/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar