Məhkəmə qərarları › İş №2(103)-1796/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1796/2022

15.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1796/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, e-2(009)-2324/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə ünvanladığı 13.04.2021-ci il tarixli “14.04.2021-ci il tarixindən məzuniyyətə çıxmağı və məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” barədə ərizəsinin “məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” hissəsinin məcbur etmə səbəbi ilə yazıldığı üçün həmin hissədə etibarsız hesab edilməsi; 13.04.2021-ci il tarixli “məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” barədə ərizənin ləğv edilməsinə və ya etibarsız hesab edilməsinə dair 30 iyun 2021-ci il tarixli Ərizəsi qanuna uyğun hesab edilərək, iddiaçının cavabdehə ünvanladığı 13.04.2021-ci il tarixli 14.04.2021-ci il tarixindən məzuniyyətə çıxmağı və məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” barədə ərizəsinin “məzuniyyət müddəti bitdikdən sonra tutduğu vəzifədən azad olunmağı” hissəsində ləğv və ya etibarsız hesab edilməsi; cavabdehin 13.04.2021ci il tarixli 10/6 saylı Qərarı, 07.07.2021-ci il tarixli 08-14/2021 saylı məktubu, 12 iyul 2021-ci il tarixli Sərəncamının, 02 avqust 2021-ci il tarixli 353 saylı Sərəncamının qanunsuz hesab edilməsi; cavabdehin 13.04.2021-ci il tarixli Qərarının ləğv edilməsi, cavabdehin 12 iyul 2021-ci il tarixli Sərəncamının ləğv edilməsi, cavabdehin 02 avqust 2021-ci il tarixli Sərəncamının ləğv edilməsi, iddiaçının AMEA-nın Rəyasət Heyəti aparatının İşlər İdarəsi müdiri vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 aprel 2021-ci il tarixdə Cavabdehə məzuniyyət hüququndan istifadə etməklə müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə vermişdir.Həmin ərizəni o, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin məcbur etməsi təzyiqi ilə yazmışdır. Bu faktı sübut edəcək dəlillər məhkəmə prosesində təqdim ediləcəyi kimi, eyni zamanda bu məcbur etməni, təzyiqi həmin ərizənin məzmunundan da görmək də mümkündür. Belə ki, ərizədə deyilir: “AMEA-nın Rəyasət heyəti aparatının İşlər İdarəsinin müdiri təyin edildiyim vaxtdan salışdığım müddətdə və hər zaman Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu siyasəti dəstəkləmişəm və dəstəkləməkdə davam edirəm. Dövlətimizin mənafeyini qoruyaraq və dövlətçilik prinsiplərini rəhbər tutaraq çalışmaq ən başlıca ideologiyamdır. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasında elmin inkişafına, abadlıq və quruculuq işlərinə önəm verdiyim və dövlətçilik prinsiplərini rəhbər tutduğum halda öz mənafelərini üstün tutan həm daxildən, həm də xaricdən sağlam dövlətçilik ideologiyasına əsaslanan iş prinsiplərimə maneçilik törədilir. Qeyd etdiklərimi nəzərə alaraq 14.04.2021-ci il tarixindən məzuniyyətə çıxmağımı və məzuniyyət müddətim bitdikdən sonra tutduğum vəzifədən azad olunmağımı Sizdən xahiş edirəm”. Ərizənin məzmunundan da məlum olduğu kimi, iddiaçı əslində işdən azad olmaq üçün ərizə yazmaq məqsədində olmamış, amma Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin (daxili qüvvələrin) təzyiqi ilə məcbur qalıb belə bir Ərizə yazmışdır. Buradan məlum olduğu kimi, iddiaçı 13 iyun 2021-ci ildə növbəti əmək məzuniyyətinə çıxmışdır və bu məzuniyyətinin müddəti 14 iyun 2021-ci il tarixində sona çatır. Əmək məzuniyyətində olduğu vaxt 08 iyun 2021-ci il tarixində onun səhhətində problem yarandı, xəstələndiyi üçün əmək qabiliyyətini müvəqqəti itirdi. Ona görə də 08 iyun 2021-ci il tarixindən etibarən xəstəlik kağızı açılmış və bu xəstəlik kağızı 25 iyun 2021-ci il tarixində bağlanmışdır. Xəstə olduğu vaxt 5 günülük əmək məzuniyyətindən istifadə edə bilmədiyi üçün 11 iyun 2021-ci il tarixində cavabdehə Ərizə verərək istifadə olunmamış 5 əmək məzuniyyəti gününün xəstəlik vərəqəsinin bağlanacağı tarixdən sonrakı günlərə keçirilməsini xahiş etmişdir. 30 iyun 2021-ci il tarixində cavabdehə ərizə göndərərək işdən azad olunmağı ilə bağlı verdiyi 13 aprel 2021-ci il tarixli ərizənin ləğv və ya etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh 07.07.2021-ci il tarixli məktubda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə istinadla, israrla bildirir ki, “Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçinin ərizəsini geri götürməsi və ya onu etibarsız hesab etməsi üçün müddət 1 aydır“. Məlum olduğu kimi, iddiaçı 14.04.2021-ci il tarixdə məzuniyyətə çıxmağı və məzuniyyət müddəti bitəndən sonra tutduğu vəzifədən azad olunmağı barədə verdiyi 13 aprel 2021-ci il tarixli ərizənin ləğv edilməsi və ya etibarsız sayılması barədə ərizəni 30 iyun 2021-ci il tarixində, yəni əmək məzuniyyətində olduğu vaxt vermişdir. Belə ki, iddiaçı 08 iyun 2021-ci il tarixindən 26 iyun 2021-ci il tarixinə qədər xəstələndiyi üçün əmək məzuniyyətindən 5 təqvim gününü istifadə edə bilməmişdir və 11 iyun 2021-ci il tarixli ərizəsi ilə həmin 5 təqvim gününü sağaldığı gündən sonra istifadə edəcəyini rəsmi olaraq cavabdehə bildirmişdir. 26 iyun 201-ci il tarixində sağaldı və 30 iyun 2021-ci ildə, yəni əmək məzuniyyətinin sonuncu günü rəsmi qaydada ərizə verərək 13 aprel 2021-ci il tarixli ərizənin ləğv edilməsi və ya etibarsız sayılmasını cavabdehdən xahiş etmişdir. Yəni Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı bəndinin tələblərinə əməl edərək 30 iyun 2021-ci il tarixli ərizəni cavabdehə göndərmişdir. Bunu cavabdehin 12.07.2021-ci il tarixli Sərəncamı da sübut edir. Belə ki, məlum olur ki, iddiaçının xəstəlik kağızını nəzərə alaraq cavabdeh onun əmək məzuniyyət müddətini 8 iyun 2021-ci il tarixindən əmək qabiliyyətini müvəqqəti itirdiyi 25 iyun 2021-ci il tarixinə qədər dayandırıb və əmək məzuniyyətinin istifadə etmədiyi 5 günü 25 iyun 2021-ci il tarixindən işlədib. Dolayısı ilə buradan məlum olduğu kimi, onun əmək məzuniyyəti 30 iyun 2021-ci il tarixində sona çatıb. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2324/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 13 aprel 2021-ci il tarixli 10/6 nömrəli Qərarının ləğv edilməsi, Azərbaycan Elmlər Akademiyasının Prezidentinin 12 iyul 2021-ci il tarixli 261 nömrəli Sərəncamının ləğv edilməsi, Azərbaycan Elmlər Akademiyasının Prezidentinin 02 avqust 2021-ci il tarixli 353 nömrəli Sərəncamının ləğv edilməsi, İddiaçı Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri vəzifəsinə bərpa edilməsi, Azərbaycan Elmlər Akademiyası tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh Azərbaycan Elmlər Akademiyasının nümayəndəsi Kamal Əliyev apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 10 dekabr 2021-ci tarixli 2(009)-2324/2021 saylı qətnaməsinin ləğv olunması və İddiaçı iddialarının tamamilə rədd edilmələri haqqında Məhkəmənin yekun qərarının qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) 1-ci hissəsinə əsasən İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Sözü gedən maddənin 4-cü hissəsinə əsasən Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Xəbərdarlıq müddəti yazılı ərizə verildiyi günün ertəsi günündən başlayır. Bu müddətə həm iş, həm də qeyri-iş günləri daxildir. Əgər işçi əmək müqaviləsini ləğv etmək barədə işəgötürənə yazılı ərizə ilə 2021-ci il 13 aprel tarixdə müraciət etmişdirsə, belə halda bir aylıq xəbərdarlıq müddəti 14 aprel 2021-ci il tarixdən başlayır və 17 may 2021-ci il tarixdə bitir. Belə ki, Xəbərdarlıq müddətinin sonuncu günü qeyri-iş gününə düşdüyü üçün onun ardınca gələn ən yaxın iş günü, yəni 17 may 2021-ci il tarixi xəbərdarlıq müddətinin bitdiyi gün hesab edilir. Əgər xəbərdarlıq müddəti bitənədək işçi xəstələnmiş və xəbərdarlıq müddəti bitdikdən sonra da onun xəstəliyi davam edərsə işəgötürən işçi ilə əmək müqaviləsini ləğv etməkdə haqlıdır. İşçinin əmək qabiliyyətini itirdiyi dövr bir aylıq xəbərdarlıq müddətini dayandırmır və bu müddət bitdikdən sonra işçi işdən çıxarılmalıdır. İşçi əmək qabiliyyətini itirdiyi dövrdə də onun ərizəsi ilə əmək müqaviləsinin ləğv edilməsi mümkündür, çünki əmək müqaviləsini ləğv etmək barədə təşəbbüs işə götürəndən deyil, işçidən gəlmişdir. Qanuna əsasən əgər xəbərdarlıq müddəti bitənədək işçi xəstələnmiş və xəbərdarlıq müddəti bitdikdən sonra da onun xəstəliyi davam edərsə işəgötürən işçi ilə əmək müqaviləsini ləğv etməkdə haqlıdır. İddiaçı isə 01.07.2021-ci il tarixdə AMEA-ya müraciət edərək ərizəsinin ləğv və ya etibarsız hesab edilməsini tələb etmişdir. Yəni, işçi xəbərdarlıq müddəti bitdikdən sonra öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin etibarsız olması haqqında müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə işə baxan zaman xəbərdarlıq müddətinin 17 may 2021-ci il tarixdə artıq bitdiyini nəzərə almamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 143-cü maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Bu səbəbdən də, əmək müqaviləsinə 17 may 2021-ci tarixdə xitam verilməklə yanaşı işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının “iddianın təmin edilmiş hissəsində” yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, iddiaçı AMEA-nın Rəyasət Heyətinin aparatında İşlər İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 14.04.2021-ci il tarixdən 14.06.2021-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. İddiaçı əmək məzuniyyətinə buraxılması ilə bağlı yazmış olduğu ərizədə eyni zamanda əmək məzuniyyətinin bitdiyi tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Əmək məzuniyyətində olduğu dövrdə iddiaçının səhhətində nasazlıq yaranmış və 08 iyun 2021-ci il tarixdə ona xəstəlik kağızı açılmışdır. 2 saylı şəhər poliklinikası tərəfindən iddiaçıya 08.06.2021-ci ildən 25.06.2021-ci il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Bundan sonra cavabdeh qurumun rəhbəri tərəfindən İddiaçı əmək müqaviləsinə 17 may 2021-ci il tarixdən xitam verilməsi, onun əmək məzuniyyətinin uzadılması və işdən çıxma tarixinin məzuniyyətinin son günü hesab olunması haqqında 12 iyul 2021-ci il tarixli Sərəncam qəbul edilmiş və həmin sərəncamla onun əmək məzuniyyətinin müddəti 5 gün müddətinə uzadılmışdır. Daha sonra iddiaçı 30 iyun 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, işdən azad olunması ilə bağlı vermiş olduğu ərizəsini geri götürdüyünü və əmək fəaliyyətinə davam etmək istədiyini bildirmişdir. Cavabdeh qurumun rəhbərinin 02 avqust 2021-ci tarixli Sərəncamı ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İşin bu halları mübahisəsizdir və tərəflərin izahatları, iş materiallarında olan SN00007 seriyalı, 160437 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surəti və AMEA-nın 13 aprel 2021-ci il tarixli 10/6 nömrəli Qərarı, 12 iyul 2021-ci il tarixli və 02 avqust 2021-ci il tarixli Sərəncamlarının surətləri ilə təsdiqlənir. Birinci instansiyanın mövqeyinə görə, işəgötürən işçini işdən azad edərkən Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, iş materiallarında olan SN00007 seriyalı, 160437 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 08.06.2021-ci il tarixdən 25.06.2021-ci il tarixədək müalicədə olmuşdur. Bu səbəbdən onun əmək məzuniyyətinin müddəti cavabdeh qurumun rəhbərinin sərəncamı ilə 30 iyun 2021-ci il tarixə kimi uzadılmışdır. Məzuniyyətinin son günü olaraq 30 iyun 2021-ci il tarixdə iddiaçı işdən azad olunması barədə 13 aprel 2021-ci il tarixdə vermiş olduğu ərizəni geri götürməsi ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, işəgötürən işçinin bu müraciətini nəzərə almamış və işçi ilə əmək müqaviləsinə işçinin öz ərizəsi əsasında xitam vermişdir. Halbuki qanunvericiliyin tələbinə uyğun olaraq işçi məzuniyyət müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə müraciət etmək hüququna malikdir. Belə olan halda isə qanunvericilik işəgötürənin üzərinə işçinin bu xahişinin təmin olunması öhdəliyini qoyur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69.6-cı maddəsinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. Həmin Məcəllənin 134-cü maddəsinin 3-cü hissəsinin a bəndinə əsasən işçinin təşəbbüsü ilə əmək qabiliyyəti müvəqqəti itirildikdə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, tərəflər arasında olan əmək münasibətləri pozularkən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş və birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını tam araşdıraraq qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, e-2(009)-2324/2021 saylı qətnaməsi “iddianın təmin edilmiş hissəsində” dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar