Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1797/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb olunmaqla iş üzrə QƏTNAMƏ İş № 2(103)-1797/2025 (Açar sözlər: hüquqi faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Ərizəçinin vəkili Vəkil, maraqlı şəxsin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb olunmaqla “Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3238/2023 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 19 mart 2025ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi (bundan sonra- ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra-maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Ərizəçı tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızı xx.xx.1969-cu ildə Ermənistan SSR Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur və azərbaycanlıdır. Ermənistan SSR Kalinin rayon VVAQ şöbəsi tərəfindən anasının adına doğum haqqında şəhadətnamə verilmişdir. Ermənilərin azərbaycanlıları öz dədə- baba yurdundan qovması nəticəsində anası ailəsi ilə birlikdə Ermənistandan Gürcüstana köçkün düşmüşdür. Orada anası xx.xx.1988-ci ildə X12 ilə rəsmi nikaha daxil olmuşdur və onların birgə nikahdan xx.xx.1989-cu il təvəllüdlü özü və xx.xx.1993-cü il təvəllüdlü qardaşı X9 anadan olmuşdur. 1996-cı ildə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına köçüb gəlmişlər. xx.xx.1997-ci ildə Bakı şəhərində bacısı X8 ev şəraitində doğulmuşdur. Anası xx.xx.1997-ci ildən Şabran rayonu Gəndab kəndində qeydiyyatda olmuş və hazırda Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 79 saylı evin 78 saylı mənzilində qeydiyyatdadır. Bundan sonra bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinə müraciət etmişlər. Sonuncu bundan imtina etdiyinə görə bacısı Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin verilməsi və qeydiyyata alınması vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(82)-2932/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, X3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 79 saylı evin 78 saylı mənzilinə qeydiyyata alınması vəzifəsinin Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi tərəfindən ərizəçinin bacısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmiş və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 79 saylı evin 78 saylı mənzilinə qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnaməni itirdiyinə görə anası 13 aprel 1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4564/2019 saylı qətnaməsi ilə ərizəçinin anasının xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonu, Soyuqbulaq kəndində anadan olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən anasına doğum haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-2347/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən anası Piriyeva Başxanım Məhyəddin qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Ərizəçinin anası Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş və ona şəxsiyyət vəsiqəsi verilmişdir. Qeyd edilənlərlə sübuta yetirilir ki, ərizəçi 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşayır. Şəxsiyyət vəsiqəsi olmadığından ərizəçi heç bir müəssisədə işləyə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin arayışında ərizəçinin Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. 3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2023 nömrəli, 12 iyul 2023cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) ərizə təmin edilmiş, ərizəçi 12 may 1989-cu il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmişdir.
4. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, habelə Mülki Prosessual Məcəllənin 305.1.1, 307.2.10, 308-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə hüququn tətbiqində səhvə yol vermişdir. Halbuki sözügedən şəxsin xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının sərhədindən keçidi qeydə alınmışdır. Belə ki, ərizəçi 2008-ci ildə ölkə ərazisinə daxil olduğundan qeyd olunan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin tələbləri ona münasibətdə tətbiq edilə bilməz (həmin maddəyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir). Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan, tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Hesab edirlər ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Sübutların düzgün qiymətləndirilməsi isə qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün vacib olan hallara əsaslansın. Hesab edirlər ki, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq qiymətləndirməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Ərizəçi apellyasiya şikayətinə qarşı etiraz verərək onun təmin olunmamasını xahiş etmişdir.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6134/23 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Bəhramzadə (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ərizəçinin ərizəsi təmin edilməmişdir
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini təmin edərkən ona istinad etmişdir ki, nə qədər ki, onun ailə üzvlərinin 1996-cı ildən daimi olaraq Azərbaycan Respublikasında yaşaması halı öz təsdiqini tapır və ərizəçi də 2007-ci ilə qədər müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk etmək iqtidarında olmamışdır və bunun əksini sübuta yetirəcək hər hansı dəlil araşdırma zamanı məhkəmə tərəfindən aşkar edilməmişdir. İşdən olan sənədlərdən də görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, 12 may 1989-cu il təvəllüdlü Ərizəçioviç 16 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasına məxsus KO8676 nömrəli vətənə qayıtma haqqında şəhadətnamə ilə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatın qeydə alındığı göstərilmiş, bununla da ərizəçinin 2008-ci il tarixdə Azərbaycan Respublikasının sərhəddindən keçidi təsdiq edilmiş olur. Lakin maraqlı şəxsin nümayəndəsinin də təqdim etdiyi dövlət sərhədkeçmə məlumatlarından göründüyü kimi, ərizəçinin anası Piriyeva Başxanım Məhyəddin qızı da məhz ərizəçi ilə birlikdə eyni tarixdə, xx.xx.2008-ci il tarixdə ölkəyə Rusiya Federasiyasından Yalama sərhəd buraxlış məntəqəsindən giriş etmişdir. Göründüyü kimi, Ərizəçi ərizəsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin tələblərinə cavab vermir. Bu da öz növbəsində onun ərizəsinin təmin edilməməsini şərtləndirir
d) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Ərizəçi kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-750/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən), E.Şamayev və Ə.Xıdırov) ərizəçinin kassasiya şikayəti təmin edilmiş, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
12. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ərizəçi 12 may 1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuşdur. Onun Gürcüstan Respublikasının vətəndaşı olmaması iş materialları ilə öz təsdiqini tapır. Həmçinin ərizəçinin anası və qardaşının 1996-cı ildən ölkədə daimi yaşaması, bacısının 1997-ci ildə Bakı şəhərində doğulması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri və qərarları mövcuddur. Ərizəçi 1996-cı ildə 7 yaşında uşaq olmuşdur və ailəsi 1996-cı ildə Azərbaycan Respublikasına gələn zaman onun Gürcüstanda qalması ilə bağlı hər hansı sübut mövcud deyildir. Lakin ərizəçinin ailə üzvləri 1996-cı ildə Azərbaycan Respublikasına köçüb gəlmiş, həmin vaxt 7 yaşı olan ərizəçinin də ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlməsini inkar edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin 2007-ci ilə qədər müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk etmək iqtidarında olmaması faktını nəzərə almadığı halda, 2008-ci ildə ölkəyə qayıdış şəhadətnaməsi əsasında geri qayıtmasını da düzgün qiymətləndirməmişdir. Həmçinin ərizəçinin ailə üzvlərinin 1996-cı ildən bəri Azərbaycan Respublikasında daimi yaşadığı və bunun məhkəmə aktları ilə təsdiqləndiyi faktına diqqət yetirilməmişdir.
e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4176/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən, məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin olunmuş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, ərizəçinin ərizəsinin təmin edilməməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ərizəçi ölkədə 1996-cı ildən deyil, xx.xx.2008-ci ildən yaşayır. Sərhədkeçmə faktının məhkəmə aktları ilə müəyyən edilməsi məsələsi qanunvericiliyə ziddir. Məhkəmə, sərhədkeçmə faktını yalnız DSX məlumatları əsasında müəyyən edilməli olduğunu vurğulamışdır. Həmçinin xx.xx.2002-ci ildən sonra sərhədkeçmə faktının yalnız dövlət sərhədinə nəzarət edən orqanlar tərəfindən qeydə alınması və bu məlumatların İAMAS (Giriş-çıxış və qeydiyyat) bazasında yerləşdirilməsi zərurətini əsaslandırmışdır. xx.xx.2008-ci ildə ərizəçinin ölkəyə gəlişi, onun əvvəllər ölkədən çıxışının qeydə alınmaması faktını da nəzərə alaraq, həmin dövr ərzində ərizəçinin Azərbaycan Respublikasında olmadığını təsdiq edir. “AR-na qayıdış şəhadətnaməsi”nin verilməsi ilə bağlı təqdim olunan məlumatlar qanunsuz olaraq əldə edilmiş və bu şəhadətnamə hüquqi cəhətdən etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi, MPM-in 76.3-cü maddəsinə əsasən, qanunla müəyyən edilməmiş sübutların istifadəsinin qadağan olunduğunu qeyd edərək, şəhadətnamənin qanunvericiliyə zidd olaraq verildiyini vurğulamışdır. Ərizəçinin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı təqdim etdiyi sübutlar – doğum faktı, ərizəçinin yaşadığı yer və digər məlumatlar əsaslı deyil və mötəbər sübutlarla təsdiqlənmir. Doğum faktının müəyyən edilməsi məsələsi yalnız qohumların ifadələrinə əsaslanıb və məhkəməyə təqdim olunan sənədlər bu faktı dəstəkləmir.
f) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Ərizəçi kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3903/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər X10 (məruzəçi), X7 və X4) ərizəçinin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
17. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassasiya instansiyasında bundan əvvəl işə baxan məhkəmə, apellyasiya instansiyası məhkəməsinə ərizəçinin 2007-ci ilədək müstəqil şəkildə, yəni ailəsinin iştirakı olmadan ölkəni tərk edibetməməsinin lazımi qaydada araşdırması; onun 2008-ci ildə ölkəyə qayıdış şəhadətnaməsi əsasında geri qayıtması və ailə üzvlərinin 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşamalarının qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyi halda, ərizəçinin onlarla birlikdə yaşamamasını təsdiq edən mötəbər sübutların mövcud olmamasına dair iş üzrə əhəmiyyətli olan hallara düzgün hüquqi qiymət verilməsi; habelə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinin işin faktiki hallarına münasibətdə düzgün tətbiq edilməsi və sair barədə göstərişlər versə də, apellyasiya instansiyası məhkəməsi həmin göstərişlər üzrə heç bir araşdarma aparmayıb, əksinə, ərizəçinin ailə üzvləri- bacısı X2 22 yanvar 1997-ci ildə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi; anası Piriyeva Başxanım Məhyəddin qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi; qardaşı Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş halları, habelə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən “Azərbaycan Respublikasına qayıtmaq haqqında” ərizəçinin adına verilmiş 07 oktyabr 2008-ci il tarixli, 8676-KO saylı şəhadətnaməni yenidən müzakirə predmetinə çevirməklə MPM-in 82.3 və 420-ci maddələrinin tələblərini pozub. apellyasiya instansiyası məhkəməsi, ərizəçinin qeyd olunan dəlilləri və məhkəməyə təqdim etdiyi sübutlar üzrə heç bir araşdırma aparmayıb, 1996-cı ilədə 7 yaşı olan ərizəçinin kiminlə harada yaşamasını, qalmasını, hansı ölkədə orta məktəbə getməsini, ümumiyyətlə onun Azərbaycan Respublikasında təhsil alıb-almamasını, ölkədən çıxmadığı halda onun adına “Azərbaycan Respublikasına qayıtmaq haqqında” şəhadətnamənin hansı hüquqi əsasla verilməsini, “giriş-çıxış və qeydiyyat” haqqında avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) Azərbaycan Respublikasının DSXdə yalnız 2001-ci ildən etibarən yerləşdirilməsini, bu ilədək, habelə 01 yanvar 2002-ci il tarixədək ölkəyə “giriş-çıxış və qeydiyyat” sisteminin hansı qaydada rəsmiləşirilməsini, bu barədə müvafiq qeydiyyatın aparılıb-aparılmamasını araşdırmadan, sözügedən şəhadətnamənin verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim etməyi ərizəçiyə təklif etmədən və beləliklə də ərizəçinin ölkədən nə vaxt çıxmasına dair işin hallarını tam, hərtərəfli araşdırmadan, yalnız DSX tərəfindən verilmiş 01 yanvar 2002-ci il tarixdən sonra aparılan (İAMAS) məlumata əsaslanaraq, onun 16 oktyabr 2008-ci il tarixdən ölkədə yaşaması nəticəsinə gəlib. apellyasiya instansiyası məhkəməsi, ərizəçinin anasının və qardaşının 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşamaları faktını təsdiq edən məhkəmə aktlarının surətlərini məhkəməyə təqdim etməyi ərizəçiyə təklif etmədən, onun digər ailə üzvləri ilə birlikdə 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşayıb-yaşamaması faktını, habelə kassasiya instansiyasında bundan əvvəl işə baxmış məhkəmənin qərarında şərh edilən məcburi göstərişləri tam, hərtərəfli araşdırmadan, ərizəçinin 2008-ci ildən Azərbaycan Respublikasında yaşaması və belə olan halda 01 yanvar 2002-ci ildən sonra sərhədkeçmə faktının yalnız dövlət sərhədinə nəzarət edən orqanlar tərəfindən qeydə alınması və bu məlumatların giriş-çıxış və qeydiyyat (İAMAS) bazasında yerləşdirilməsi ilə təsdiq edilməli olmasına dair işin halları barədə səhv nəticəyə gəlib.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bu barədə qanunun tələbi qətidir. Şəxs 2006-cı ilədək Azərbaycanda yaşamış olmalıdır. Lakin ərizəçinin Azərbaycana girişi 2008-ci ildə qeydə alınıb. Qayıdışın şəhadətnaməsi onun verilməsi üçün nəzərdə tutulan şərtlərə əməl edilmədən verilib.
19. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçi öz ailəsi ilə 1996-cı ilədək Gürcüstanda yaşamış, 1996-cı ildə Azərbaycana köçmüş, 1997-ci ildə burada bacısı dünyaya gəlmişdir. Həmin vaxtdan burada yaşayır. Anası və bacısına aid də eyni məzmunlu qətnamələr var. Başqa gedəsi yeri yoxdur. Qayıdış şəhadətnaməsinin necə verilməsini bilmirlər. Şəhadətnamənin verilməsi üçün əsas olan sənədlər barədə də məlumat yoxdur, o vaxtı Rusiyada verilib. Lakin sənəd qanunidir. Məktəbdə oxuması barədə sənədləri əldə etmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
21. Maddə 60. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 14. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
32. Belə ki, məhkəmə təkrarçılığa yol vermədən işin mahiyyətinə dair qısa şəkildə qeyd edir ki, ərizəçi məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1996-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizəsini əsaslandırarkən 1989-cu ildə doğulduğunu, 1996-cı ildə anası ilə Azərbaycana gəldiyini və həmin vaxtdan burada yaşadığını, bacısının da ölkədə dünyaya gəldiyini və adı çəkilən şəxslərin də hazırki iddia ilə eyni məzmunlu qətnamələr əsasında heç bir ölkənin vətəndaşı olmamaları faktının təsdiq olunduğunu bildirmişdir. Maraqlı şəxs isə şəxsin qanunvericiliyə əsasən 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gəlmiş olması, ərizəçinin isə yalnız 2008-ci ildə Azərbaycana daxil olmasını əsas gətirərək tələbin təmin olunmasına etiraz etmişdir.
33. Kassasiya instansiyası məhkəməsi işi yenidən apelyasiya baxışına qaytararkən bir sıra məsələlərin araşdırılması barədə göstərişlər vermişdir. Mülki prosessual məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
34. Belə ki, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş “giriş-çıxış və qeydiyyat” haqqında avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) əsaslanaraq şəxsin yalnız 2008-ci ildə Azərbaycana gəlməsinə əsaslanmış, həmin tarixdən öncə burada yaşamasına dair hər hansı sübutun olmadığını qeyd etmişdir. Kollegiya qeyd edilənlərə münasibətdə ilk növbədə qeyd edir ki, sözügedən İAMAS sistemi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində yalnız 2002-ci ildən etibarən tətbiq olunmağa başlanan bir təminat üsuludur və şəxsin həmin tarixdən daha öncə Azərbaycana gəlməsi ehtimalını istisna etmir. Maraqlı şəxsin nümayəndəsi ilə aparılmış sual-cavabda da bu barədə hər hansı məlumatın əldə edilməsinin mümkün olmadığı məlum olmuşdur. Bu halda məhkəmə iş üzrə digər sübutlara qiymət verməyi zəruri hesab edir.
35. Belə ki, iş materiallarından görünür ki, 07 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən ərizəçinin adına “Azərbaycan Respublikasına qayıtmaq haqqında” 8676-KO saylı Şəhadətnamə verilmişdir. Ərizəçi öz izahatında həmin dövrdə müvəqqəti olaraq Peterburqa xalasıgilə qonaq getdiyini bildirmişdir.
36. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
37. Qanunun mənasından da göründüyü kimi şəxsə qayıdış şəhadətnaməsinin verildiyi şəxslərin dairəsinə Azərbaycan Respublikasının vətəndaşlarından əlavə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslər də daxildir və bu şəhadətnamənin verilə bilməsi üçün şəxsin həmin kateqoriyaya aid olması faktı öz təsdiqini tapmalıdır. Hazırki iş üzrə də yuxarıda qeyd edildiyi kimi ərizəçiyə və onun anasına 07 oktyabr 2008-ci il tarixdə sözügedən şəhadətnamə verilmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin vaxt qeyd olunan şəxslərin Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olması və dolayısı ilə ölkəyə 2006-cı ildən öncə gəlmələri yoxlanılmış və nəticədə aparılmış araşdırma nəticəsində sözügedən sənəd verilmişdir. Hazırda həmin şəhadətnamənin verilməsinə əsas olunmuş sənədlərin təqdim edilməsi tərəflərə təklif olunsa da, hər hansı sənəd məhkəməyə verilməmişdir. Lakin hər bir halda şəhadətnamənin verilməsi zamanı bu sənədlərin mövcud olması böyük ehtimal təşkil edir, əks halda bu, inzibati orqanın səhvi olardı və etimad hüququna əsasən şəxsin inzibati orqanın yol verdiyi səhvlərə görə məsuliyyət daşıması istisna olunur.
38. Bundan əlavə iş materiallarında olan məhkəmə qətnamələrindən və ona əsasən verilmiş digər sənədlərdən də görünür ki, ərizəçinin ailə üzvləri - anasının, qardaşının 1996-cı ildən, bacısının isə 1997-ci ildən Azərbaycan Respublikasında daimi yaşamaları faktı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunmuşdur. Ərizəçi 1996-cı ildə 7 yaşında uşaq olmuşdur və ailəsi 1996-cı ildə Azərbaycan Respublikasına gələn zaman onun Gürcüstanda qalması ağlabatan olmamaqla bununla bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir.
39. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin ailə üzvlərinin 1996- 1997-ci illərdən etibarən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları hazırkı iş üzrə ərizəçiyə münasibətdə bilavasitə preyudisial əhəmiyyət daşımasa da, həmin məhkəmə aktları ilə müəyyən edilmiş hallar, o cümlədən həmin vaxt ərizəçinin yaşı və bunları istisna edən hər hansı mötəbər sübutun olmaması ərizəçinin, həqiqətən, 1996-cı ildə Azərbaycan Respublikasına gəlməsini və burada yaşamasını deməyə əsas verir.
40. Ərizəçinin Azərbaycan Respublikasında təhsil alıb-almamasına münasibətdə isə ərizəçi bildirmişdir ki, o, 5-6-cı sinifi 191 saylı məktəbdə sənədsiz oxumuşdur. Məhkəmə tərəfindən ərizəçiyə buna dair müvafiq sənədlərin təqdim edilməsi təklif olunsa da, onların əldə edilməsi mümkün olmamışdır.
41. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxıd itirilmiş sənədlərin bərpası mümkün olmasın.
42. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsində göstərilir ki, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə də işlərə baxır.
43. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi əsaslı olmaqla birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair mövqeyi haqlı olduğundan apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
45. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
47. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3238/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev