Məhkəmə qərarları › İş №2(103)-1799/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1799/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1799/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4754/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, vəkilə hüquqi yardım üçün ödənilmiş 110 manat və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 33.1 kv.m. mənzil iddiaçının mülkiyyətindədir və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 749 nömrəli reyestr kitabının 70034 nömrəli vərəqində qeydiyyata alınmış, xx xxxx 2008-ci il tarixdə qeydiyyat nömrəsi **********9 olan MH seriyalı N-0169459 saylı çıxarış verilmişdir. Cavabdeh - qardaşı Cavabdeh1 onunla qonşuluqda yaşayır. İddiaçı səhhətilə bağlı həmin mənzildə yaşamır. Cavabdehlərin həmin dövrdə yaşamağa yerləri olmadığından və iddiaçının həmin mənzilə ehtiyacı olmadığından onların mübahisəli evdə məskunlaşmalarına şərait yaratmışdır. Hal-hazırda isə iddiaçı həmin evə köçmək istəyir, lakin həmin mənzil onun şəxsi mülki olsa belə orada yaşamaq üçün yer yoxdur. Bu isə iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4754/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 110 (yüz on) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4754/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi xahiş olunmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd olunur ki, İddiaçı onun doğma bacısıdır. O, Yasamal rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyi Yasamal rayonu, İnşaatçılar pr. ev11A, mən.54 ünvanında yerləşən mənzildən onun və ailə üzvlərinin çıxarılmasını bildirmişdir. Cavabdeh bildirir ki, sahəsi 33,1 kv.m olan Yasamal rayonu, İnşaatçılar pr. ev 11A, mənzil 54 ünvanında yerləşən sahəsi 33,1 kv.m olan mənzil onun, yaşayış binasının eyni tərkib hissəsi hesab olunan Yasamal rayonu, İnşaatçılar pr. ev 11A, mən.53 ünvanında yerləşən mənzil isə onun mülkiyyətindədir. Bacısı İddiaçı qeyd etdiyi mənzillə onun mənzili eyni dəhlizə açılmaqla kommunal şəraiti məhdud mənzillərdi. Həmin mənzilin kənar şəxslərə özgəninkiləşdirilməsi onun mülkiyyət hüquqlarının tamamilə pozulmasıyla nəticələnəcəkdir. Eyni zamanda, iddiaçı iddia ərizəsində də etiraf edir ki, səhhətiylə bağlı həmin mənzildə yaşaya bilməyəcək. Lakin bir məlumatı yalnış qeyd edir ki, o, həmin mənzili cavabdehə müvəqqəti yaşamağa verməmişdir. Onun qeyd etdiyi Yasamal rayonu, İnşaatçılar pr.ev 11A, mən.54 ünvanında yerləşən sahəsi 33,1 kv.m olan mənzil anası tərəfindən bacısının həyat yoldaşının adına alınmışdır. Lakin bacısı mənzil alınan vaxtdan indiyədək həmin mənzildə yaşamamış və mənzilin faktik hansı formada olduğu barədə təsəvvürü belə yoxdu. Həmin vaxtdan xx.xx.2020-ci ilə qədər anası orada yaşamış və mənzilin bütün kommunal məsrəfləri isə cavabdeh tərəfindən ödənilmişdir. Bacısı İddiaçı isə mənzillə bağlı iddiasının tək səbəbi anasıın artıq həyatda olmaması səbəbiylə mənzili özgəninkiləşdirmək istəməsidir. Bacısı mənzili anasının aldığını özü də etiraf edə bilər və anasının ömrünün son günlərində bacısı onunla ümumiyyətlə maraqlanmamış, daima mübahisələri olmuş, bütün qohumlar da bunun real şahididir. Anası yaşadığı müddətdə isə cürət edib, evə dair heç bir iddiası və tələbi olmamışdır. Çünki bu mənzildən əlavə də anası bacısı üçün mərkəzdə (Ayna Sultanovaya yaxın ərazidə) 3 otaqlı mənzil, Bilgəhdə 40 sot sahəsi olan bağı da almış, təmir etdirmişdir. Hal-hazırda bacısı ailəsiylə birgə həmin mənzildə uzun illərdir ki, yaşayır. Cavabdeh isə 2010-cu ildə Yasamal rayonu, İnşaatçılar pr-ti, evli A, mən. 53 ünvanında yerləşən yaşayış binasının eyni tərkib hissəsi hesab olunan, eyni dəhlizə çıxan mənzili anasının adına əldə etdi, çünki anası yaşlanmışdı, qayğıya və diqqətə ehtiyacı varıydı, bacıları isə anası ilə ümumiyyətlə maraqlanmırdılar, baxmayaraq ki, anası hər iki bacısının həm ailəsinə, həm də övladlarına hər zaman maddi dəstək olmuş, bacısının övladlarının böyüməsində cavabdehin maddi dəstəyi daima olmuşdur, bunu inkar edə bilməzlər. Daha sonra anası mənzillər kiçik olduğuna görə iki mənzilin arasını açaraq mənzili genişləndirmişdir. Cavabdeh anasına baxmaq üçün həmin mənzilə ailəsi ilə birgə yerləşib. Bacısının hal-hazırda digər rahat mənzili olsa da, onun əlavə heç bir mənzili yoxdur. Həyat yoldaşı Cavabdeh2 anasının son günlərinədək onun qayğısına qalmış, bütün əziyyətini çəkmişdir. Həyat yoldaşı bacısının ev tələbiylə bağlı psixi gərginlik keçirtdiyinə görə mövcud xəstəlikləri daha da ağırlaşmışdır. Bacısı İddiaçı anası rəhmətə gedəndən sonra evə hüquqlarının bərpa olmasını tək istəmə səbəbi həmin mənzili özgəninkiləşdirmək istəməsidir. Bu barədə dəfələrlə razılığa gəlməyə çalışıb. Cavabdeh heç yerdə işləmir. Əlavə qazanc yeri yoxdu. Həmin mənzilin kommunal şəraiti imkan vermir ki, mənzil ailənin üzvü olmayan kənar şəxsə özgəninkiləşdirilsin. Cavabdeh bacısına 30.000 AZN borc götürərək evi ona satmasını bildirsə də, o bundan birmənalı imtina etmişdir. Ondanreal olmayan 75.000 AZN ödəməyini tələb edir. Bunu ödəyə bilməyi isə heç cür mümkün deyil. Cavabdeh ömrünün ahıl yaşında harda yaşaya bilər axi, bacısı anası ilə olan ədavətini onunla davam etdirir. Kənar şəxsin həmin mənzildə yerləşməyi onun mənzili ilə bağlı mülkiyyət hüquqlarını məhdudlaşdırır. Digər tərəfdən Yasamal rayon Məhkəməsinin hakimi Təhminə Xəlilovanın icraatında olan işdə məhkəmə baxışı zamanı o, bacısına aid mənzili zəbt etmədiyini bildirsə də, bu, qərarda qərəzli olaraq qeyd olunmamış və məhkəmə onun evdən çıxarılmağı barədə qərar çıxartmaqla onu təhqir etdiyini düşünür. Bacısı İddiaçı onun evdən çıxarılmağını tələb etsə də, cavabdeh ona aid əmlakı zəbt etmədiyini də məhkəmədə bildirmişdir. İstədiyi vaxt gəlib öz evində məskunlaşa bilər. Cavabdeh birləşdirilmiş kommunal qovşaqları ayırmaq üçün məhkəmədən 6 aylıq müddət verilməsini istəsə də,məhkəmə bunu nəzərə almayaraq yaşayış binasının ümumi tərkib hissəsi sayılan mənzildən onun dərhal çıxarılmağı barədə qərar qəbul etmişdir. Bacısı İddiaçı isə həmin ümumi istifadədə olan mənzili kənar şəxslərə özgəninkiləşdirmək və cavabdehin yaşadığı mənzildən istifadə ilə bağlı mülkiyyət hüquqlarını məhdudlaşdırmaq istəyərək qərəzli mövqe nümayiş etdirir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəməyə gəlməmiş, teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, səhhəti ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 aid təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni Cavabdeh1 mübahisələndirmiş, digər Cavabdeh2 isə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4754/2020 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi vətamamlığı prezumpsiyası qüvvədədir. MM-nin 148.2-ci maddəsinin tələbinə görə, daşınmaz əmlakın dövlət reyesrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. MM-nin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 11A saylı evin, 54 saylı mənzilinin mülkiyyətçisidir. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə heç bir hüquqi əsas olmadan yaşayır, həmin mənzil cavabdehin qanunsuz istifadəsində və sahibliyindədir. Bu hal iddiaçının qanunla müəyyən olunmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. MM-nin 157.2-ci maddəsin əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, “Loizidu Türkiyəyə qarşı” işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə “müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər” (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-cu il tarixli, 2(004)-4754/2020 saylı qətnaməsi mübahisələndirilən- Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar