Məhkəmə qərarları › İş №2(103)-18/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-18/2022

05.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-18/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili Nümayəndə1, Cavabdeh, Sabunçu rayonu Balaxanı bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı (Sabunçu rayonu Balaxanı bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən istifadə ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair iddiа ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(008)-7406/2017 saylı qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadə ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri Sabunçu rayonu, Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivində 600 kv.metr torpaq sahəsindən istifadəsi ilə bağlı Cavabdeh tərəfindən edilən məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin tərkib əlamətləri olduğuna dair ciddi şübhələr olduğundan bununla bağlı Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə müvafiq olaraq xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivində 600 kv.m torpaq sahəsindən istifadəsi ilə bağlı cavabdeh tərəfindən edilən məhdudiyyətlərin aradan qaldırılması və ona dəymiş 500 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 116/A saylı 08 yanvar 2004-cü il tarixli sərəncamı əsasında Yeni Balaxanı yaşayış massivində şəxsi mülk tikmək üçün ona 600 kv.m torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsini hasarlamış və ev tikməyə hazırlaşarkən cavabdeh həmin hasarın qarşısında taxta qapı qoydurmuş, həmin torpaq sahəsinin satıldığını qeyd etmişdir. Cavabdehin bu hərəkətləri ilə onun sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsindən istifadə ilə bağlı hüquqları məhdudlaşdırılmışdır. Ona edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh torpaq sahəsindən istifadə ilə bağlı etdiyi məhdudiyyətləri könüllü olaraq aradan qaldırmır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(008)-7406/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 08 yanvar 2004-cü il tarixli 116/A saylı sərəncamına əsasən ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivində 600 kv.m torpaq sahəsindən istifadəsi ilə bağlı cavabdeh tərəfindən edilən məhdudiyyətlərin aradan qaldırılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-7406/2017 saylı iş üzrə 08 dekabr 2017-ci il tarixli qətnaməsinin “dəymiş maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində ləğv edilərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin “dəymiş maddi ziyanın ödənilməsi hissəsində” təmin edilərək iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi və Cavabdeh əməlində Azərbaycan Respublikası CM- nin 188, 322-ci maddələrinin tərkibinin əlamətləri olmağına ciddi şübhələr olduğundan bununla bağlı Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə müvafiq olaraq xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli, 2(103)-5369/2018 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş və qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(102)-6532/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 116/A saylı 08 yanvar 2004-cü il tarrixli sərəncamı əsasında Yeni Balaxanı yaşayış massivində şəxsi mülk tikmək üçün ona 600.0 kv.m. torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsində onun tərəfindən daş hasar çəkilərək dəmir darvaza qoyulmuş və ev tikmək üçün hazırlıq gördüyü bir vaxtda Cavabdeh darvazanın qarşısında taxta qapı qoydurmuş, eyni zamanda hər yerə bu torpaq sahəsinin satıldığını qeyd edərək (***-***-**-** mobil telefon nömrəsini də) yazmışdır. Cavabdehin bu hərəkətləri ilə onun sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsindən istifadə ilə bağlı hüquqları məhdudlaşdırılmışdır. Ona edilən xəbərdarlıqlara, baxmayaraq cavabdeh torpaq sahəsindən istifadə ilə bağlı etdiyi məhdudiyyətləri könüllü olaraq aradan qaldırmır. Qanunvericilyin tələblərindən də göründüyü kimi Cavabdeh ona verilmiş torpaq sahəsini qanunsuz zəbt edərək torpaq sahəsinə girişi məhdudlaşdırmış, hər yerə bu torpaq sahəsinin satıldığını qeyd edərək onun torpaq sahəsindən sahiblik və istifadəsi ilə bağlı hüquqlarını məhdudlaşdırmış, onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. İşə məhkəmədə baxılan zaman Cavabdeh özbaşınalıq edərək, qeyd olunan torpaq sahəsində qonşu ilə arasında çəkdirdiyi daş hasarın 40 kv.metrini, 800 ədəd daşı uçurdaraq sökülmüş daşlardan 200 ədədini də götürüb aparmışdır. Qeyd edilən hasarı əvvəlki vəziyyətinə gətirmək üçün 150 manat dəyərində 1 Zil maşını qum, 120 manat dəyərində 20 kisə sement, 80 manat dəyərində 200 ədəd daş və hasarı bərpa etməyə görə 150 manat usta pulu, cəmi 500 manat pul lazımdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesi başdan-sona qədər formal keçirilmişdir. Çəkişmə zamanı dəfələrlə qarşı tərəfin arqumentlərinin əsassız olması sübut edilsə də məhkəmə sonda iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxartmış və üstəlik qətnamədə heç bir mötəbər sübuta istinad etməmişdir. İlk öncə, işlə bağlı iki mübahisəli ərazi olmasına baxmayaraq, məhkəmə bu sahələrin eyni ərazi olub-olmamasını və ya onların kəsişibkəsişmədiyini müəyyən etmək üçün heç bir tədbir görməmişdir. Yalnız qarşı tərəfin sözlərinə əsasən iddiaçının torpaq sahəsi ilə onun torpaq sahəsinin eyni olması qənaətinə gəlmişdir. Məsələnin dəqiq müəyyən edilməsi üçün bu sahədə xüsusi biliyə malik ekspertlərin iştirakı ilə yerli baxışın keçirilməsi üçün hər hansı tədbir görülməmiş və ya iddianı təsdiq edəcək əlavə sübut tələb etməmişdir. Digər tərəfdən, ekspertiza keçirtmədən, əlavə sübut tələb etmədən və məhkəmə prosesləri ərzində heç bir dayandırılma olmadan işə baxılmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə1 iddiaçının apellyasiya şikayətini müdafiə edərək, cavabdehin şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək, iddiaçının şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sabunçu rayonu Balaxanı bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını nəzərə alıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 08 yanvar 2004-cü il tarixli 116/A saylı sərəncamının və ona əlavə olunmuş eskiz sxeminin surətindən görünür ki, İddiaçı Yeni Balaxanı yaşayış massivində şəxsi mülk tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən torpaq rüsumu olaraq 704 manat ödənilmişdir. Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 14 yanvar 2003cü il tarixli 18N saylı sərəncamının surətindən görünür ki, Cavabdeh Yeni Balaxanı yaşayış massivində 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş məktubdan görünür ki, Balaxanı Bələdiyyəsi tərəfindən 2000-2005-ci ilə qədər verilən sərəncam və qərarların arxiv məlumatları olmadığı üçün 14 yanvar 2003-cü il tarixli 18N saylı sərəncamının Bələdiyyə tərəfindən verilib-verilməməsi haqqında heç bir məlumat verilməmişdir. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş məktubdan görünür ki, Balaxanı Bələdiyyəsi tərəfindən 2000-2005-ci ilə qədər verilən sərəncam və qərarların arxiv məlumatları olmadığı üçün Cavabdeh adına verilmiş 14 yanvar 2003-cü il tarixli 18 nömrəli sərəncamla 1200 kv.metr torpaq sahəsinin ayrılıb-ayrılmaması haqqında məlumat verə bilmirlər. Eyni zamanda, Azərbaycan Respublikası Torpaq qanunvericliyinin X2 edilməsi haqqında "Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən Balaxanı qəsəbəsi 11-ci zonada yerləşdiyinə görə qərar və ya sərəncamla 600 kv.metrdən artıq torpaq sahəsinin ayrılması qeyri-qanunidir. Qeyd olunan torpaq sahəsi daş hasarla hörüldüyü üçün cizgidə göstərilən torpaq sahəsi ilə uyğun gəlmir. Sorğuda qeyd olunan, İddiaçı verilmiş 08 yanvar 2004-cü il tarixli 116/A saylı sərəncamının Bələdiyyə tərəfindən verilibverilməməsi haqqında heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2017-ci il tarixli **********72 nömrəli məktubdan görünür ki, İddiaçı və Cavabdeh Bakı şəhəri, Balaxanı qəsəbəsi, Yeni yaşayış massivində 600 kv.metr torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Balaxanı Bələdiyyəsi tərəfindən məhkəmənın sorğusuna cavab olaraq ünvanlanmış 61 nömrəli, 26 may 2022-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı və Cavabdeh adına torpaq sahəsinin olmasına dair Sərəncam və digər sənədlər Balaxanı Bələdiyyəsinin arxivində aşkar edilməmişdir. Həmin ərazi neft ərazisidir, Balaxanı bələdiyyəsinin balansında deyil. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı X4 garsi cavabdeh tərəfindən onun istifadəsinə verilmiş Yeni Balaxanı yaşayış massivində şəxsi mülk tikmək ücün 600 kv.metr torpaq sahəsinə qarşı yönələn hər hansı maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbinin əsası kimi istinad etdiyi hallara, o cümlədən mübahisəli torpaq sahəsinin onun istifadəsində olmasına dair sübutu məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı hazırkı tələblə məhkəməyə müraciət etməkdə də haqlı olmuş və onun bu tələblə bağlı subyektiv hüququ vardır. Lakin bundan başqa, Cavabdeh Yeni Balaxanı yaşayış massivində 1200 kv.metr torpaq sahəsinin ayrılmasına dair, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 14 yanvar 2003-cü il tarixli 18N saylı sərəncamı məhkəməyə təqdim edilsə də, sərəncamın verildiyi müddətdə Bələdiyyələrin həmin sahənin qanunla yəni, X2 Edilməsi Haqqında “Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən Balaxanı qəsəbəsi 11-ci zonada verləşdiyinə görə qərar və ya sərəncamla 600 kv.metrdən artıq torpaq sahəsinin ayrılması nəzərdə tutulmadığı halda, Cavabdeh 1200 kv.metr torpaq sahəsinin hansı əsasla ayrılmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, Cavabdeh 1200 kv.metr torpaq sahəsinin ayrılmasına dair sərəncamın verilməsinə dair sübutlar Sabunçu rayonu Balaxanı Bələdiyyəsində və arxivində aşkar edilmədiyindən həmin sənədin qanunauyğun verilməsi təsdiqini tapmır. Bundan başqa, İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivində 600 kv.metr torpaq sahəsi ayrılarkən iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməsi öz təsdiqini tapsa da, Cavabdeh tərəfindən sərəncam verilərkən belə bir rüsumun ödənilməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. İşin ilkin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək qətnaməsini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sabunçu rayonu Balaxanı Bələdiyyəsi ilə iddiaçı arasında torpaq sahəsinin istifadəyə verilməsi barədə “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada müqavilə bağlanmamış, aktla təhvil verilməmiş, torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən qanunla nəzərdə tutumuş sənədlər olmadığından onun torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Bələdiyyə tərəfindən tərəflərin istifadəsinə verilmiş torpaqların dəqiq koordinatları olmadığından torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən ekspertiza keçirmək mümkün olmamışdır. Eyni zamanda işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən tərəflərə ayrılmış torpaq sahələri üzərində Balaxanı Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmadığı müəyyənləşdirilməmişdir. Halbuki “Bələdiyyə torpaqlarınn idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyələr yalnız mülkiyyətlərində olan torpaq sahələri üzərində sərəncam vermək hüququna malikdirlər. Mübahisəli torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ olduğu məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə mövqeyinə görə isə, hər iki tərəf bələdiyyənin qərarı əsasında mübahisəli torpaq sahəsinin onlar üçün ayrıldığını bildirir. Bu halda işin düzgün həlli üçün ilk növbədə həm iddiaçının, həm də cavabdehin torpaq sahələri yerində müəyyən olunmalı, mübahisə edilən torpaq sahələrinin sərhədləri dəqiqləşdirilməli, daha sonra iddiaçıya verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən tutulub-tutulmadığı araşdırılmalıdır. Eyni zamanda mübahisəli torpaq sahələrinə dair sərəncam verərək eskiz planı tərtib etmiş bələdiyyə və torpaq üzrə mütəxəssis cəlb edilməklə torpaq sahələrinin sərhədləri naturada müəyyən edilə bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərini rəhbər tutaraq, qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamış, eyni zamanda iddia tələbini iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Hazırki işin hallarından isə görünür ki, cavabdehə mübahisəli torpaq sahəsi bələdiyyənin qərarı əsasında 2003-cü ildə, iddiaçıya isə iddia etdiyi torpaq sahəsi eyni bələdiyyənin qərarı ilə 2004-cü ildə ayrılmışdır. Lakin, hər iki tərəf bu sərəncamların həqiqiliyini təsdiq edən digər sübutları (arxiv arayışlarını, sərəncamın əsllərini və s.) məhkəməyə təqdim edə bilməmişdirlər. Bundan başqa, işin təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspertiza tədqiqatının aparılması mümkün olmamışdır. Ekspertlər müvafiq rəyin verilməsi üçün mütəxəssis rəyinin verilməsinin zəruri olduğunu qeyd edərək, iş üzrə ekspertiza tədqiqatından imtina etmişdirlər. İşin həqiqi halının müəyyən edilməsi üçün məhkəmə kollegiyası iddiaçının və cavabdehin torpaq sərhədlərini müəyyən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X6 və Balaxanı Bələdiyyəsinin sədri X1, həmçinin tərəflərin iştirakları ilə mübahisəli torpaq sahələrini yerində müayinə etmişdir. Yerində müayinə iclası zamanı Balaxanı Bələdiyyəsinin sədri B.Haşımov bildirmişdir ki, İddiaçı və Cavabdeh adına torpaq sahəsinin olmasına dair sərəncam və digər sənədlər Balaxanı Bələdiyyəsinin arxivində yoxdur. Həmin ərazi neft torpaqlarına aid ərazidir, Balaxanı bələdiyyəsinin balansında deyil. Tərəflərə verilən sərəncamların və torpağın sxemlərinin isə mübahisəli olduqlarını bildirdi. İddiaçı tərəfindən verilən sxem mübahisəli torpağa aid deyil. Yerində müayinə iclası zamanı mütəxəssis qismində iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı İ.Bahadov bildirmişdir ki, iddiaçıya verilmiş torpaq sahəsinin sxemində qonşu torpaqların göstəriciləri, yəni torpaq sahəsinin ətrafında nələrin olduğu qeyd edilmədiyindən, bu torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyil. Lakin, cavabdehə verilmiş torpaq sahəsinin sxemində qonşu torpaq sahələri, həmçinin Rus məzarlığı ilə sərhəddə olduğu qeyd edilir və bu hal yerində də təsdiqini tapır. İddiaçının təqdim etdiyi torpaq sahəsinin sxemi ilə cavabdehin təqdim etdiyi torpaq sahəsinin sxemi faktiki sahələrlə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinin 645 kv.metr, yəni 6 sot, 2 yan-yana torpaq sahəsinin isə birlikdə 14 sot olduğunu bildirmişdir. Yerində müayinə iclası zamanı iddiaçının iddia etdiyi torpaq sahəsində qonşu ilə arasında çəkdirdiyi daş hasarın 40 kv.metrini, 800 ədəd daşı uçurdaraq sökülməsi, daşlardan 200 ədədini də götürüb aparılması sübut olunmadı. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ olmadığından, onun müvafiq subyektiv hüquqa, malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki olaraq kimə ayrılması və harada yerləşməsinə dair sübutlar, həmçinin cavabdeh tərəfindən torpaq sahəsinə müdaxilə hallarını təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası tədqiq olunan işin halları üzrə mülki hüquq və torpaq münasibətlərini tənzimləyən qanunvericilik normalarına əsaslanaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. - 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 50.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. - 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. - 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. - 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “X2 edilməsi haqqında” Qanunun: - 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada bağlanmaması müəyyən edilmiş, yerində müayinə aparılarkən sərhədlər müəyyən edilməmiş, mübahisəli torpaq sahəsinin Balaxanı Bələdiyyəsinin mülkiyyətində olmaması olduğu halda iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə hüququ olmamışdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının subyektiv hüququ olmuş olsa belə, işdən göründüyü kimi cavabdehə torpaq sahəsi 2003-cü ildə 1200 kv.metr torpaq sahəsi, iddiaçıya isə 2004-cü ildə 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Məhz iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsi isə təsdiq olunmamışdır. Bu fakt mübahisəli torpaq sahəsinin yerində müayinəsi zamanı mütəxəssislər tərəfindən də təsdiq edilmişdir. Belə olan halda, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt olunması sübuta yetirilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumları və məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(008)-7406/2017 saylı ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(008)-7406/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar