Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1800/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş torpağın qaytarılması və orada həyata keçirilmiş qanunsuz tikililərin sökülməsi tələbi barədə ilk, cavabdehin iddiaçıya qarşı qanunsuz tikintinin sökülməsi tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş torpağın qaytarılması və orada həyata keçirilmiş qanunsuz tikililərin sökülməsi tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı qanunsuz tikintinin sökülməsi barədə qarşılıqlı iddia ərizələrinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(011)-143/2022 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin qaytarılması və həmin ərazidə həyata keçirilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində cavabdeh İddiaçı tərəfindən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində hörülmüş (iddiaçının həyətinə baxan) pəncərənin İddiaçı hesabına hörülməsi, həmin ünvanda yerləşən 6 nömrəli fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsində yerləşən hasarın üzərində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)- 143/2022 nömrəli qətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir.
4. Qətnamə 01 sentyabr 2022-ci il tarixdə Cavabdeh vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir.
5. Qətnamənin Cavabdeh göndərilməsi barədə məktubun 22 avqust 2022-ci il tarixdə tərtib olunduğu görünsə də, reyestrdən görünür ki, məktub 14 sentyabr 2022-ci il tarixdə göndərilmiş və 19 sentyabr 2022-ci il tarixdə sonuncu tərəfindən təhvil alınmışdır.
6. Cavabdeh tərəfindən həmin qətnamədən 10 oktyabr 2022-ci il tarixdə apelyasiya şikayəti verilmiş, şikayət baxılması üçün mülki işlə birlikdə 28 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)-7581/2022 nömrəli qərardadına əsasən apelyasiya şikayətinin müddət ötürülməklə verilməsi qənaətinə gəlinərək qeyri-mümkün hesab edilmiş, apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(011)- 143/2022 nömrəli qərardadına əsasən apelyasiya şikayəti geri qaytarılmışdır.
9. Qərardad yalnız Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)-7581/2022 nömrəli qərardadına əsasən apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi ilə əsaslandırılmışdır.
10. Bundan sonra Cavabdeh qətnamədən yenidən apellyasiya şikayəti vermiş və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh qətnamənin surətini rəsmi qaydada 16 sentyabr 2022-ci il tarixdə əldə etmiş, bundan sonra apellyasiya şikayəti vermişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi qənaətinə gəlmiş və tərəfimdən verilmiş apellyasiya şikayətimi geri qaytarmışdır. Buna görə də apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddət üzrlü hesab edilərək bərpa olunmalıdır.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(011)- 143/2022 nömrəli qərardadına əsasən ərizənin rədd edilməsi və şikayətin geri qaytarılması qərara alınmışdır.
13. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmənin 2(011)-143/2022 saylı, 12 avqust 2022-ci il tarixli qətnaməsi 01 sentyabr 2022-ci il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən ilk apelyasiya şikayəti 10 oktyabr 2022-ci il tarixdə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2(103)-7581/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin apellyasiya şikayəti qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, qətnamə 01 sentyabr 2022-ci il tarixdə iddiaçı tərəfə məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Apellyasiya şikayəti isə 10 oktyabr 2022-ci il tarixdə, yəni qətnamənin rəsmi qaydada verildiyi gündən 01 ay 10 gün keçdikdən sonra verilmişdir.
14. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv olunmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, vəkil tərəfindən təqdim edilmiş vəkil orderləri hər instansiya prosesində yenidən tərtib olunur. O, istənilən mərhələdə vəkilin onu təmsil etməsi üçün vəkil xidmətindən istifadə edilməsi hüququndan yararlanaraq istənilən vəkillə müqavilə bağlaya və onu təmsil etməyi xahiş edə bilər. Birinci instansiya məhkəməsində o, vəkillə məhkəmə icraatında müdafiə və təmsil etməsi üçün müqavilə bağlamışlsh. Lakin maddi imkanının kifayət qədər yetməməsi səbəbindən o, apellyaisya instansiya məhkəməsində vəkillə təmsil edilməmiş, öz asan imzası vasitəsilə apellyasiya şikayətini göndərmişdir. Belə ki, qətnamə ona 16 sentyabr 2022-ci il tarixində çatdırılmış, o, isə 10 oktyabr 2022-ci il tarixində apellyasiya şikayətini göndərmişdir. Göründüyü kimi, məhkəmənin ona çatdırıldığı vaxtdan deyil, vəkilə çatdırıldığı (elektron məhkəmə sisteminə) vaxtdan apellyasiya şikayətinin verilmə müddətini hesablaması, belə bir əsaslandırma ilə məhkəmə tərəfindən apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməməsi onun hüququna toxunur. 16 sentyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixinədək apellyasiya şikayəti vermək hüququ qanunvericiliklə müəyyən olunduğu halda vəkilin elektron kabineti vasitəsilə qətnamənin təqdim edilməsinə və bu səbəbdən də apellyasiya şikayətimin geri qaytarılması, müddətin bərpa eidlməsi barədə ərizəmin təmin edilməməsi heç bir hüquqa əsaslanmır.
16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(011)- 143/2022 saylı qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər; Maddə 68.2. Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir; Maddə 68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. İş materiallarının 41-ci vərəqəsində olan etibarnamədən görünür ki, cavabdehin vəkili Vəkil2 hüquqlarının məhkəmə müdafiəsi üçün verdiyi etibarnamənin qüvvədə olma müddəti 03 iyul 2022-ci il tarixdə bitmişdir.
20. Yəni, Vəkil2 nəinki apelyasiya şikayətinin verildiyi vaxt, hətta qətnamənin çıxarıldığı vaxt Cavabdeh təmsil etmək hüququna malik olmamışdır. Lakin istər qətnamədə, istərsə də, müddətin bərpası ilə bağlı yuxarıda göstərilən qərardadlarda etibarnamənin müddətinin bitməsinə əhəmiyyət verilməmiş və Vəkil2 hüquqi statusu Cavabdeh nümayəndəsi kimi qeyd olunmuş, həmçinin, qərardadlarda nümayəndə kimi qətnamənin ona rəsmi qaydada verilməsinə istinad edilmişdir.
21. Nümayəndə statusunda olmayan vəkilin isə hüquqları mülki prosessual qanunvericilikdə dəqiq göstərilmişdir. Bu hüquqların məzmunundan görünür ki, birinci instansiya məhkəməsinin yekun məhkəmə aktının qəbul edilməsi ilə nümayəndə statusunda olmayan vəkilin səlahiyyətləri bitmiş olur. Növbəti prosessual addımların atılması üçün isə (məhkəmə aktlarından şikayət verilməsi və s.) hüquqlarını müdafiə etdiyi şəxsin birbaşa tapşırığı olmalıdır.
22. İş materialları ilə belə bir tapşırığın olması müəyyən edilmir. Belə olanda halda vəkilin elektron kabinetinə yerləşdirilmiş məhkəmə aktı cavabdehə çatdırılmış hesab oluna bilməz. Odur ki, cavabdeh tərəfindən 10 oktyabr 2022-ci il tarixdə verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət daxilində verilmişdir.
23. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, qeyd olunan xüsusatlar müddətin ötürülməsinə səbəb olan üzrlü hal kimi nəzərə alınmalıdır.
24. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(011)- 143/2022 nömrəli qərardadı ləğv edilməli, cavabdehin ərizəsi təmin edilməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(011)-143/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(011)-143/2022 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)-143/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh münasibətdə bərpa edilsin . Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev