Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1803/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğv olunması, işə bərpa və buraxılmış əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2379/2022 saylı 14 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X1 xx.xx.2021-ci il tarixdən "xxxx" QSC-də əməliyyat şöbəsinin mütəxəssisi vəzifəsinə işə başlamış, xx.xx.2021-ci il tarixdə isə hesablama şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə keçirilmişdir. Bunun nəticəsində İddiaçı tərəf olduğu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 2 saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən Amani (Abbasova) Nərgiz Allahverdi qızı 25-26 həftəlik hamilə olmuşdur, bu barədə arayış onun tərəfindən cəmiyyət rəhbərliyinə xx.xx.2022-ci il tarixində təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Amani (Abbasova) Nərgiz Allahverdi qızı cavabdeh "xxxx" QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun əməliyyat şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi və buraxılmış müddət üçün hesablanmış əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci ildən "xxxx" MMC-də əməliyyat şöbəsinin mütəxəssisi olaraq fəaliyyət göstərməyə başlamışdır. İşəgötürənlə aralarında bağlanılmış razılaşmaya əsasən, xx.xx.2021-ci il tarixdən etibarən əmək haqqı 1115,00 manat məbləğində müəyyən edilmişdir. 2021-ci il noyabr ayından etibarən qısa müddət sonra hamiləliklə bağlı sosial məzuniyyətə çıxacağı işəgötürənə və mühasibə məlum olduğundan onunla bağlanılmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi üçün ona qarşı təzyiqlər edilməyə başlanılmışdır. Bunun davamı olaraq xx.xx.2022-ci il tarixdə işəgötürən tərəfindən ştatın ixtisar edilməsi barədə xəbərdarlıq göndərilməklə xx.xx.2022ci il tarixdən işdən azad olunacağı bildirilmişdir. O, qeyd olunan bildirişə imza atmaqdan imtina etsə də, hamilə olduğu üçün qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinin yolverilməz olduğunu bildirsə də, onunla bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Qeyd edir ki, nə əmək müqaviləsinə xitam verilmə barədə əmr, nə də əmək kitabçası işəgötürən tərəfindən ona təqdim edilməmişdir, bu səbəbdən həmin sənədlərin iddia ərizəsinə əlavə edilməsi mümkün olmamışdır. Ona qarşı əmək hüquqlarının bu kobud pozuntuları ilə bağlı X6 etmiş olduğu müraciət əsasında aparılmış araşdırma nəticəsində X3 Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə işəgötürənin ünvanına göstəriş ünvanlanaraq onun işə bərpa olunmağı barədə tələb irəli sürülmüşdür. "xxxx" QSC tərəfindən isə X3 göstərişi düzgün formada icra edilməyərək, ona işlədiyi əməliyyat şöbəsində deyil, onun fəaliyyət sahəsi ilə heç bir əlaqəsi olmayan digər struktur bölmə üzrə surətçıxarma-çoxaltma üzrə baş operator vəzifəsində işləməsi təklif edilmişdir. Onun tərəfindən həm işəgötürənə, həm də göstəriş verən qurum olan X6 dəfələrlə qanunsuz formada işdən azad olunduğu zaman mövcud olan əmək şəraiti ilə eyni şəraitli işə bərpa olunmalı olduğu bildirilsə də, müraciətləri bugünədək cavabsız qalmışdır. Bu səbəbdən pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd etmək istəyir ki, Mediasiya Şurasına etmiş olduğu müraciət əsasında mediatorun dəvəti ilə xx.xx.2022-ci il tarixdə o və cavabdeh "xxxx" MMC ilkin mediasiya sessiyasına dəvət edilmişlər. Lakin "xxxx" MMC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir.
4. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı tutduğu hesablama şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə ştatın ixtisar ediləcəyi barədə xx.xx.2022-ci il tarixdə xəbərdar edilmiş, xx.xx.2022-ci il tarixli 2 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixisarı ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən vəzifəsindən azad olunmuş, istifadə edilməmiş 18 təqvim günü məzuniyyət üçün kompensasiya və orta aylıq əmək haqqı miqdarında birdəfəlik işdənçıxarılma müavinəti almışdır. Mülki işdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin direktoru Fuad Axundova müraciət ünvanlayaraq hamilə olduğundan işdən çıxarılmasının və bununla bağlı Elektron informasiya sistemində yerləşdirimiş xx.xx.2022-ci il tarixli əmrin qanunsuz olduğunu bildirib işə bərpa edilməsini xahiş etmişdir. Mülki işdən görünür ki, iddiaçı, onunla "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli əmrini qanunsuz hesab etməsi ilə bağlı şikayətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli **********5 saylı məktubu ilə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilərək nəticəsi barədə məlumat verilməsi "xxxx" QSC-dən xahiş edilmişdir. Mülki işdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya və onun vəkilinə işdən çıxarılma ilə bağlı sənədlərlə tanış olmaq üçün bir neçə dəfə müraciət edilib, iddiaçı və vəkili sənədlərlə tanış olmaqdan imtina etdiklərindən əmək kitabçası, xx.xx.2022-ci il tarixli 02 və 03 saylı əmrlərdən çıxarışlar, əmək haqqının hesablanması haqqında arayış və xx.xx.2022-ci il tarixli 1 saylı protokol xx.xx.2022-ci il tarixli məktubla iddiaçının nümayəndəsi X2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Nümayəndə küçəsi, ev 137, mənzil 24 ünvanına sürətli poçt xidməti vasitəsilə göndərilmiş, məktub və qoşma sənədlər elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə ünvanda iddiaçının nümayəndəsi X4 təqdim edilməsinə baxmayaraq, sonuncu tərəfindən qəbul edilməsindən imtina edilmişdir. Yəni iddiaçı xx.xx.2022-ci il tarixli 2 nömrəli əmrin verilməsindən ən geci xx.xx.2022-ci il tarixdə xəbərdar olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 2 nömrəli əmrin ləğv edilməsi tələbi üzrə iddia ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Odur ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıdakı məqamları nəzərə alaraq bildirir ki, işəgötürənin hərəkətləri qanuvericiliyin tələblərinə tam uyğundur və buna görə də, İddiaçı 17 yanvar 2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam əsaslı və qanunidir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2379/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı cavabdehin 17 yanvar 2022-ci il tarixli, 2 nömrəli əmri ilə 31 yanvar 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad edilsə də, hamiləlik barədə arayışı cavabdehə xx.xx.2022-ci il tarixdə, yəni işdən azad olunduqdan sonra təqdim etmişdir. Qeyd olunan hal iddiaçının müraciəti əsasında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən aparılan araşdırma zamanı da öz təsdiqini tapmışdır.
7. İddiaçı 17 yanvar 2022-ci il tarixindən işdən çıxarılması barədə məlumatlı olmuş, ona xx.xx.2022-ci il tarixdən işdən azad ediləcəyi barədə xəbərdarlıq təqdim edilsə də, o, imza etməkdən imtina etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə əmək müfəttişliyinə, xx.xx.2022-ci il tarixdə isə ərizə ilə cavabdeh müəssisənin rəhbərinə müraciət etsə də, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Bununla da, o, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
Apelyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2379/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsinin təmin edilməməsinin əsası kimi iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.2-ci maddəsində qeyd olunan bir aylı iddia müddətini ötürməsini rəhbər tutmuşdur. Halbuki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə nəzarət orqanı olan X6 müraciət edilmiş, Əmək Müfəttişliyinin cavabdehə göndərmiş olduğu göstərişə əsasən iddiaçının işdən azade dilməsinin qanunsuz olması əsas gətirilərək əvvəlki vəzifəsinə bərpa edilməli olduğu qeyd olunmuş, lakin cavabdeh tərəfindən göstərişə riayət edilməmişdir. Həmçinin iddiaçının qanunsuz olaraq işdən azad edildiyi zaman 26 həftəlik hamilə olması və iddia müddəti kimi nəzərə alınan 1 aylıq müddətdə və ondan sonrakı müddətdə uşağın dünyaya gəlməsi səbəbindən Əmək Məcəlləsinin 296.6-cı maddəsinə uyğun olaraq üzrlü əsasının olması məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçının əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış müddət üçün hesablanmış əmək haqqının ödənilməsi ilə bağlı tələbi qanuni və əsaslı olduğundan və iddia müddətinin ötürülməsinə görə iddiaçının üzrlü səbəbi olması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığından Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(009)- 2379/2022 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Əmək müqaviləsinə işəgötürən tərəfindən birtərəfli qaydada xitam verilərkən İddiaçı hamiləliyin son dövrlərində olmuşdur və sonrakı müddət ərzində yeni doğulmuş körpəsinə qayğı göstərməsi səbəbindən iddia müddətinin ötürülməsi üzrlü səbəbdən olsa da, bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə İddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma təqdim edilmişdir. Qeyd olunan razılaşma sənəd saxtalaşdırılması yolu tərtib edilmişdir, belə ki həmin razılaşmaya İddiaçı tərəfindən imza çəkilməmişdir. Bu hal məhkəmə tərəfindən təyin olunacaq texniki ekspertiza tərəfindən asanlıqla müəyyən edilə bilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək dəlillərinə uyğun məzmunda izahat vermişdir. 12.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2379/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, birinci instansiya məhkəməsində təqdim etdiyi ərizəsinin məzmununa uyğun izahat vermişdir.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
17.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. 18.70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 19.71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 20.77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 21.77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
22. 79-cu maddəsinin birinci və ikinci hissələrinə görə işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 23.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 24.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 25.296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Abbasova (Amani )Nərgiz Allahverdi qızı xx.xx.2021-ci il tarixdən "xxxx" QSC-də əməliyyat şöbəsinin mütəxəssisi vəzifəsinə işə başlamış, xx.xx.2021-ci il tarixdə isə hesablama şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə keçirilmişdir. Bunun nəticəsində İddiaçı tərəf olduğu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 2 saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən Amani (Abbasova) Nərgiz Allahverdi qızı 25-26 həftəlik hamilə olmuşdur, bu barədə arayış onun tərəfindən cəmiyyət rəhbərliyinə xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. 27.Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2022-ci il tarixli 2 saylı əmri Əmək Məcəlləsinin 77-ci və 79-cu maddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, cavabdeh-təşkilat iddiaçıya ştatın ixtisar edilməsi barədə müvafiq bildirişi xx.xx.2022-ci il tarixdə təqdim etsə də, əmək müqaviləsinə müvafiq xəbərdarlıq müddətini gözləmədən xx.xx.2022-ci il tarixdə xitam vermişdir. Halbuki işəgötürən yalnız işçinin razılığı ilə qanunvericiliklə müəyyən edilmiş xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 28.Bundan başqa cavabdeh iddiaçının hamilə olmasını, bu faktı təsdiq edən arayış əmək müqaviləsinə xitam verildikdən sonra təqdim edildiyi üçün gec bildiyinə istinad etsə də, qeyd olunmalıdır ki, iddiaçının hamiləliyi artıq gözlə görünən mərhələdə (24-25 həftəlik) olmuşdur. Hər bir halda bu hal iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsin “b” bəndi ilə xitam verilməsini bilavasitə qadağan edir. 29.Tərəflər arasında əmək münasibətlərinə xitam verilərkən cavabdeh tərəfindən müvafiq qanun pozuntusuna yol verildiyi həmçinin ondan irəli gəlir ki, müəssisədə ixtisar edilmənin məqsədəuyğunluğu məsələsi müvafiq qaydada müzakirə edilməmiş, bununla əlaqədar gəlinən nəticə əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı sənəd (əmr, hesabat və s.) təqdim edilməmiş, iddiaçının işdə saxlanmaq üçün üstünlük hüququnun olub-olmaması araşdırılmamışdır. 30.Mübahisləndirilən qətnamədən göründüyü kimi, birinci instnasiya məhkəməsi iddianı rədd edərkən iki hala istinad etmişdir. Belə ki, məhkəmə əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsinin aşkar edilmədiyini, eyni zamanda iddiaçının fərdi əmək mübahisəsinin həll edilməsi üçün müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürdüyünü göstərərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. 31.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın əsassız olmasına dair mövqeyi ilə razı olmasa da hesab edir ki, məhkəmənin iddia müddətinin keçməsi barədə gəldiyi qənaəti maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. 32.Məhkəmə kollegiyasının qənaətinə görə hüququnun pozulduğunu 2022-ci ilin fevral ayında bilən iddiaçı məhkəməyə bir ay müddətində müraciət etməmiş, iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2022-ci ildə hazırkı iddianı məhkəmədə irəli sürmüş, cavabdeh tərəfindən təqdim edilmiş ərizəyə əsasən isə məhkəmədən iddia müddətinin tətbiq edilməsi xahiş edilmişdir. 33.İddiaçı apellyasiya şikayətində iddia müddətinin üzrlü səbəbdən buraxdığını, yəni işə bərpa, əmək haqqı və sair tələblərinə dair məhkəməyə müraciət etməzdən öncə, əmək qanunvericiliyinin tətbiq edilməsinə nəzarət edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etdiyini, daha sonra isə yeni doğulmuş uşağı ilə məşğul olduğunu göstərmişdir. İddiaçının istinad etdiyi bu dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. İşçi isə, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ay ərzində məhkəməyə müraciət etməlidir. 34.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 35.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2379/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov