Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1806/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1900/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən aldığı qüsurlu malların dəyişdirilməsi və yaxud da mala görə ödədiyi məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə verərək “xxxx” MMC-dən aldığı qüsurlu mallara görə ona dəymiş maddi və mənəvi zərərə görə cavabdeh qurumdan 1.800 manat təzminatın ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin oktyabr ayında “xxxx” MMC-dən müəyyən edilmiş müqavilə əsasında, illik zəmanət müddəti və kredit şərti ilə Xiaomi A-2 Lite markalı mobil telefon və 500Gb-lıq yaddaş kartı almışdır. Lakin cəmi bir neçə aydan sonra həmin mobil telefonda yaranmış problemlə əlaqədar həmin mağazaya müraciət etməli olmuşdur. Şirkətin servis xidmətində mobil telefona baxış zamanı yaranmış problemin istehsalçının özündən qaynaqlandığı aşkarlandıqdan sonra cihazı təmir üçün servis xidmətinə təhvil vermişdir. Təmir müddəti başa çatdıqdan sonra mobil telefonu servis xidmətindən təhvil alarkən bir neçə gün servisdə qalmasına baxmayaraq məhsulda elə həmin gün servisin özündə yenidən eyni qüsur aşkarlandı. İkinci dəfə də mobil telefonun yenidən təmir edilməsi ilə razılaşmalı olmuşdur. Ancaq üçüncü dəfə mobil telefonda yenidən eyni qüsur meydana gəldiyi üçün artıq onu təmir etdirməyin əhəmiyyətsiz olduğunu nəzərə alaraq cavabdeh şirkətdən mobil telefonun yenisi ilə əvəz edilməsini tələb etmişdir. Cavabdeh şirkət öz məhsulunun əvvəlcədən keyfiyyətsiz olduğu faktını nəzərə almadan mobil telefonun yenisi ilə əvəz etməkdən imtina edərək yenidən təmir etdirəcəklərini və bundan əlavə heç bir tədbir görülməyəcəyini bildirərək, ona satılan keyfiyyətsiz məhsula görə isə kredit ödənişini davam etdirməyini tələb etdi. Belə olduqda o, məhsulu texniki servis xidmətində qoyaraq həmin məhsuldan imtina etmiş və bu məhsula görə cavabdehliyin artıq şirkətin özünə aid olduğunu bildirərək ona dəymiş ziyanın ödənilməsini və kredit müqaviləsinin ləğvini tələb etmişdir. Onun, yəni müqaviləni bağlayan tərəfin razılığı olmadan cavadeh şirkətin əməkdaşları müqavilə şərtlərini pozaraq məhsulu müqaviləni bağlayan şəxslə deyil, məhsulun istifadəçisi olan ailə üzvü ilə tam razılıq belə olmadan bitərəfli qaydada təmir etmək üçün mobil telefona texniki müdaxilə etmişlər. Şirkətin servis xidməti və operatorları isə bu cihaza servisdənkənar müdaxilə etdirdiyi barədə hətta ona böhtan da atmışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1900/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Əliyev X1 Rayon Məhkəməsinin 2(008)- 1900/2020 saylı, 07 oktyabr oğlu apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1900/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsinin səbəbini əsaslandırmamışdlr. xx.xx.2019-cu il trixdən cihaz şirkətdədir, həmin vaxtdan cihazdan istifadə etmir. Həmin cihaz cavabdehin istifsdə və sahibliyində olmaqla, cihazdan heç bir bəhər götürmür. Cavabdeh ona qüsurlu məhsul satmış, servis xidmətləri ilə onu aldatmış, ailə büdcəsinə zərər vurmuşdur. Sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-dən aldığı qüsurlu mallara görə ona dəymiş maddi və mənəvi zərərə görə cavabdeh qurumdan 1.800 manat təzminatın ödənilməsini xahiş etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1900/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, verdiyi apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1900/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1900/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən apelyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma aparılarkən aşağıdakılar müəyyən edilmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqaviləyə və müqavilənin 1 №-li əlavəsinə əsasən “xxxx” MMC tərəfindən İddiaçı hər ay 49 manat ödmək şərti ilə “Xiaomi Mİ A-2 Lite” markalı mobil telefonu satmış, ödəniş cədvəli tərtib edilmişdir. Həmin Müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmeti alıcının 1 saylı əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə satılaraq verməsi, alıcının isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul etməsi, habelə borcunu satıcıya ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən satıcı alıcıya nisyə satılan malı yoxlayıb təhvil vermək, 3.2.5-ci bəndinə əsasən alıcı nisyə malı yoxlayıb qəbul etmək vəzifələrini öhdələrinə götürmüşlər. Müqavilənin 3.2.6-cı bəndinə əsasən alıcı bu müqaviləyə əsasən aldığı əmlakın dəyərini tam ödəyənədək əmlakda hər hansı bir nasazlıq yaranarsa, nasazlığı aradan qaldırmaq üçün alıcı əmlakı yalnız zəmanət talonunu vermiş rəsmi səlahiyyətli təmir xidmətinə təqdim edə bilər. Rəsmi səlahiyyətli təmir mərkəzindən kənar heç bir yerdə əmlak üzərində hissə dəyişikliyi, imei dəyişdirilməsi və həmçinin proqram təminatı dəyişikliyi edə bilməz. Eyni zamanda iddaiçıya 12 ay müddətinə zəmanət talonu verilmiş, həmin talonda zəmanətli təmirin yalnız istehsalçının günahından baş vermiş güsurlara aid edilməsi, 14 gün ərzində məhsulun əmtəə görüntüsünün pozulmadığı və malın işlədilmiş olmadığı təqdirdə müştərinin istəyi ilə qaytarıla və ya dəyişdirilə bilməsi barədə qeyd edilmişdir. İş materiallarında olan, 00010384 saylı, xx.xx.2019-cu il tarixli müştəri müraciətinin surətindən görünür ki, İddiaçı “xxxx” MMC-dən aldığı Xiaomi Mİ A-2 Lite” markalı telefonda olan qüsurlarla bağlı “xxxx” MMC-yə müraciət etmişdir. Müraciətdə müştəri tərəfdən göstərilən defekt aşağıdakı olmuşdur: donur, öz özünə proşivka verir, şəkil yollmaq olmur heç bir halda, nə blütuz nə votsap, 3-cü dəfə eyni problem. Məhsulun vəziyyətinə aid olan sütunda “rəng qopuqları, ləkələr, ekran, qoruyucuda çat və hava var” qeyd edilmişdir. İş materiallarında olan, “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçının “xxxx” MMC-yə xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 384 manat əsas borcu, 115 manat cərimə borcu, 499 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 583.4-cü maddəsinə əsasən satıcının qarantiya müddəti ərzində qüsurları aşkar edilmiş əşyanın (komplektləşdirici məmulatın) əvəzinə verdiyi əşya (komplektləşdirici məmulat) üçün, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici məmulat) ilə eyni qarantiya müddəti müəyyənləşdirilir. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə əsasən lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” xx xxxx 2005-ci il tarixli 925-İİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını işin faktiki halları ilə əlaqəli təhlil edib hesab edir ki, cavabdeh “xxxx” MMC tərəfindən İddiaçı satılan əmlakın qüsurlu olması öz təsdiqini tapsa da, cavabdeh “xxxx” MMC müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən qeyd olunanlarla bağlı işin hallarına düzgün qiymət verməmiş, iddia ərizəsində göstərilən halları düzgün qiymətləndirməmiş, əsassız olaraq iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin İddiaçı apelyasiya şikayətinin “xxxx” MMC-dən aldığı qüsurlu mallara görə ona dəymiş maddi və mənəvi zərərə görə cavabdeh qurumdan 1.800 manat təzminatın ödənilməsi barədə dəlilinə münasibət bildirərək apelyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllnin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və X2 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin iddiaçı cavabdehdən 1.800 manat mənəvi ziyanın alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları, nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllnin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllnin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllnin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 390.0.2-ci maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, məhkəmə kоllegiyası iş üzrə tоplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları, apelyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və оbyektiv araşdırıb, tərəflər arasındakı hazırki mülki hüquq münasibətlərinə tətbiq edilməli оlan maddi hüquq nоrmalarına uyğun оlaraq qiymət verərək hesab edir ki, İddiaçı apеlyasiya şikayəti məhkəmə qətnaməsinin ləğv edilməsinə dair hissədə qismən təmin edilməli, mülki iş üzrə məhkəmə qətnaməsi apelyasiya şikayətinə əsasən “cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə iddiaçının iddia tələbinin təmin edlməməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməli, İddiaçı “xxxx” MMC-dən aldığı qüsurlu malların dəyişdirilməsi və yaxud da mala görə ödədiyi məbləğin geri qaytarılması öhdəliyi cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulmalı, məhkəmə qətnaməsi apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1900/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi “cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə iddiaçının iddia tələbinin təmin edlməməsi” hissəsində ləğv edilsin. İddiaçı “xxxx” MMC-dən aldığı qüsurlu malların dəyişdirilməsi və yaxud da mala görə ödədiyi məbləğin geri qaytarılması öhdəliyi cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulsun. Qətnamə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1806/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1806/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver