Məhkəmə qərarları › İş №2(103)-1807/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1807/2025

07.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1807/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkilləri Vəkil1 və Vəkil2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 866/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85,6 kv.m təşkil edən fərdi yaşayış evi və evə aid olan 0,0685 ha torpaq sahəsi ilə bağlıdır. 2.Həmin əmlak iddiaçının xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2018-ci ildə dövlət reyestrində qeydə alınıb və bu barədə reyestr çıxarışı verilib (cild 1, iş v. 118). Bununla yanaşı, həmin əmlaka dair iddiaçının adına texniki pasport verilib (cild 1, iş v. 6), habelə evə dair bölgü sxemi tərtib olunub, bölgü sxemində iddiaçının mülkiyyətində olan tikili və torpaq sahəsi göstərilib (cild 1, iş v. 119). 3.İddiaçı iddia ərizəsində bildirib ki, cavabdehlər onun əmisi uşaqlarıdır. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində və iddianın dəqiqləşdirilməsi barədə ərizədə (cild 1, iş v. 206) tələb olunub ki, cavabdehlər iddiaçıya məxsus olan evdən və evə aid olan torpaq sahəsindən çıxarılsın. İddia onunla əsaslandırılıb ki, cavabdehlər iddiaçının mülkiyyətində olan əmlakda onun iradəsinə zidd olaraq yaşamaqla əmlaka qanunsuz sahiblik edirlər. 5.Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, cavabdehlər ünvan 1 ünvanında yerləşən 85,6 kv.m fərdi yaşayış evindən və 0,0685 ha torpaq sahəsindən çıxarılsınlar. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. 7.Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı və iddiaçının vəkilləri Vəkil1 və Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Apellyasiya icraatı zamanı keçirilən məhkəmə iclasında tərəflərin iştirakı ilə bölgü sxemi (cild 1, iş v. 119) üzərində cavabdehlərin yaşadığı yer onların öz izahatı əsasında müəyyən edilmişdir. Cavabdehlər bölgü sxemində iddiaçının mülkiyyəti kimi qeydə alınmış yeri göstərərək orada yaşadıqlarını bildirmiş və bu izahatın video-audio yazısı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilmişdir. 9.Göründüyü kimi, cavabdehlər iddiaçının mülkiyyəti kimi qeydə alınmış əmlaka sahiblik etdiklərini məhkəmə iclasında etiraf ediblər. AR Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində qeyd olunub: “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir”. Ona görə də iddiaçı cavabdehlərin onun mülkiyyətində olan əmlaka sahiblik etdiklərini sübut etmə vəzifəsində azaddır. 10.AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdehlər iddiaçının əmlakına onlar tərəfindən həyata keçirilən sahibliyin qanuni olduğunu təsdiq edən sübut təqdim etməyiblər. Həmin əmlak üzərində iddiaçının mülkiyyət hüququ reyestrdə qeydə alınıb. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyib. 11.Beləliklə, qətnamə mübahisələndirilən hissədə, yəni Cavabdeh1 aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Digər Cavabdeh2 apellyasiya şikayəti vermədiyindən qətnamənin ona aid olan hissəsi apellyasiya qaydasında yoxlanılmadı. 12.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-866/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar