Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1808/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünərək sərhəddinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 saylı evin “A” tikilisinin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olduğunu, mülkiyyətindən və torpaq sahəsindən istifadə zamanı cavabdeh qaynının gəlini Cavabdeh tərəfindən qanunsuz müdaxilələrlə və mülkiyyət hüququndan sui-istifadə halları ilə qarşılaşdığını, evin “B” tikilisinin mülkiyyətçisi olan cavabdehin həyətdə kiçik fermer təsərrüfatı ilə məşğul olaraq orada ev heyvanları - toyuq-cücə saxladığını və onun dincliyini pozaraq ona aid olan hissədən rahat istifadəsinə maneə yaratdığını, ərazidə özbaşına tikililər - hamam-tualet və tövlə tikdiyini, cavabdehə bununla bağlı tədbir görməyi və tikililəri sökməyi tələb etməsinə baxmayaraq, onun ərazini boşaltmaqdan imtina etdiyini bildirmiş, buna görə də ünvan 1, ev 3 daxilindəki “A” tikilisinə olan payının naturada ayrılaraq mülkiyyətinə verilməsi, sərhədlərin müəyyən edilərək cavabdehlə qonşu hasarın çəkilməsi, ayrıca giriş qapısının açılması və yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1, 3 saylı fərdi yaşayış evinin “A” və “B” tikililərinin həmin tikililərin yerləşdiyi torpaq sahəsinin daxilindən 10 metr enində və 16 metr uzunluğunda küçəyə doğru sərhəd hasarı çəkilməklə İddiaçı və Cavabdeh arasında bölünməsi, küçə tərəfə torpaq sahəsinə ayrıca giriş qapılarının açılması, Cavabdeh İddiaçı xeyrinə dövlət rüsumuna görə 10 (on) manat tutulması, keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatının İddiaçı, 50 (əlli) manatının isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, ekspertiza rəyinin reallığı əks etdirmədiyi, ekspertin yerində müayinə aparmadan qeyriobyektiv rəy verdiyi, həyətdə olan tikililəri nəzərə almadığı, rəydə göstərilən 10 və 16 metrlik hasarın çəkilməsinin, eləcə də giriş qapısının açılmasının həyətdəki tikililərə görə mümkün olmadığı, məhkəmənin isə həmin rəyi əsas götürüb qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclaslarında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən, ünvan 1, 3 saylı fərdi yaşayış evinin “A” tikilisi iddiaçının, “B” tikilisi isə cavabdehin mülkiyyətindədir və tərəflər (birgə mülkiyyətçilər) arasında əmlakda sahiblik və ondan istifadədə narazılıqlar mövcud olmaqla onlar ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilməmişlər. Mülki Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Birinci instansiya məhkəməsi, təyin etdiyi ekspertiza tədqiqatı əsasında verilmiş ekspert rəyinə əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, fərdi yaşayış evinin tərəflərin paylarına müvafiq təcrid mənzillər şəklində natura qaydasında bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür və bunun üçün yaşayış evləri yerləşən torpaq sahəsinin daxilindən 10 metr enində, 16,0 metr uzunluğunda sərhəd hasarı çəkilməli, habelə küçə tərəfə qapı quraşdırılmalıdır. Apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq iki dəfə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, əlavə tədqiqat aparan ekspertin 30 iyul 2021-ci il tarixli rəyində, “ünvan 1-də yerləşən 3 saylı ünvanın daxilində A və B literli yaşayış evlərinin ayrı-ayrılıqda yerləşdiyi nəzərə alındığında mübahisəli həyətyanı torpaq sahəsinin ilkin ekspert rəyində göstərildiyindən fərqli şəkildə bölünməsinin mümkün olduğu”, “bunun üçün yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin daxiliindəki D literli tikilidən 1,10 metr ara məsafəsi saxlamaqla 14,0 metr uzunluğunda və 12,0 metr enində sərhəd hasarının çəkilməli və küçə tərəfdən əlavə qapının quraşdırılmalı” olduğu göstərilmişdir. Kollegiya işin hallarını, xüsusilə sonuncu rəyi vermiş ekspertin mübahisəsi gedən evə baxış keçirməklə və ərazinin real vəziyyətinə əsas götürməklə rəy hazırladığını nəzərə almaqla hesab edir ki, mübahisənin həllində məhz həmin rəy əsas götürülməli, qətnamə sözügedən rəylə müəyyənləşdirilən bölgü qaydasına uyğun dəyişdirilməlidir. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir və rəyin həqiqiliyinə olan təminat, onun “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyildir və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilməlidir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-438/2020 saylı iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi “ünvan 1, 3 saylı fərdi yaşayış evinin “A” və “B” tikililərinin həmin tikililərin yerləşdiyi torpaq sahəsinin daxilindən 10 metr enində və 16 metr uzunluğunda küçəyə doğru sərhəd hasarı çəkilməklə İddiaçı və Cavabdeh arasında bölünməsi, küçə tərəfə torpaq sahəsinə ayrıca giriş qapılarının açılması” hissəsində dəyişdirilsin. ünvan 1, 3 saylı fərdi yaşayış evinin “A” və “B” tikililəri, həmin tikililərin yerləşdiyi torpaq sahəsinin daxilindəki “D” literli tikilidən (sanitar qovşaq) 1,10 metr ara məsafəsi saxlanılmaqla 14,0 metr uzunluğunda və 12,0 metr enində sərhəd hasarı çəkilərək İddiaçı və Cavabdeh arasında bölünsün. Müvafiq qaydada bölünmədən sonra küçə tərəfdən torpaq sahəsinə əlavə giriş qapıları açılsın (quraşdırılsın). Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertizaların xərci qismində 200 (iki yüz) manatın 100 (yüz) manatı Cavabdeh Zülfüqar qızından, 100 (yüz) manatı İddiaçı tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ona aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1808/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1808/2021
14.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver