Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1808/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X12 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2(011)-7585/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 24 avqust 1987-ci il tarixli, 251304 nömrəli orderə əsasən X2 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 60,26 kv.m-dən ibarət yaşayış sahəsi verilmişdir
2. 20 noyabr 2003-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən 01 oktyabr 2003-cü ildə vəfat etmiş X1 vərəsəsi oğlu Cavabdeh2dur və şəhadətnamə ilə ona verilən miras əmlak Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 60,26 kv.m-dən ibarət yaşayış sahəsidir.
3. Cavabdeh3 ilə X8 24 avqust 2018-ci tarixdə rəsmi nikaha daxil olmuşlar.
4. 01 fevral 2021-ci il tarixdə X13 və 29 iyun 2019-cu il tarixdə X14 anadan olmuşdur.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2016-cı il tarixli, 2(011)- 2713/2016 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər Cəlilov Faiq Ziyafəddin oğlu, Cavabdeh3 və X4 qarşı mənzildən istifadə hüququnun itirilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(011)-5144/2017 nömrəli qətnaməsi ilə X5, Cəlilov Faiq Ziyafəddin oğlu və Cavabdeh3 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nə, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat Kontoruna qarşı Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi) 5 saylı evin, 78 saylı mənzilinin X1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilə dair Bakı şəhər Tİ və MHQİ tərəfindən X1 adına 03 iyun 2000-ci il tarixdə aparılmış qeydiyyatın və mübahisəli mənzilə dair Cavabdeh2 adına 20.noyabr 2003-cü il tarixdə Bakı şəhəri 18 saylı DNK-da 2V-01-154 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin və ona əsasən Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi və iddiaçılar X3, Cəlilov Faiq Ziyafəddin oğlunun və Cavabdeh3 Bakı şəhəri, Xocalı prospekti (Telnov küçəsi) 5 saylı evin, 78 saylı mənzilinə köçürülmələri barədə iddianın rədd edilməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli, 2(103)-10320/2017 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(011)-5144/2017 nömrəli qətnaməsinin iddiaçıların mənzilə köçürülmə tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, iddiaçılar X5, Cəlilov Faiq Ziyafəddin oğlu və Cavabdeh3 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülmələri, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2018-ci il tarixli, 2(102)-2757/2018 nömrəli qərarına əsasən iddiaçılar X5, Cəlilov Faiq Ziyafəddin oğlu və Cavabdeh3 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 noyabr 2017-ci i! tarixli, 2(103)-10320/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(011)-57/2022 nömrəli qətnaməsinə əsasən X3 Cavabdeh3 və İddiaçı ailə üzvləri ilə birlikdə X9 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzildən çıxarılması və mənzil boşaldılması qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-6816/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(011)-57/2022 nömrəli iş üzrə qətnaməsi mübahisələndirilən hissədə (cavabdeh X4 aid hissədə) dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(102)-2416/2023 nömrəli qərarına əsasən cavabdeh X3 ötürülmüş müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və kassasiya şikayəti geri qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(103)-6816/2022 nömrəli qərardadından vermiş olduğu kassasiya şikayəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus ünvan 2 ünvanına iki azyaşlı uşaqları və zəruri əşyaları ilə birlikdə köçürülməyi, hüquqi yardım üçün ödənilmiş 121 manat və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilsini xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 rəsmi nikahdan iki azyaşlı övladları dünyaya gəlmişdir. 2018-ci ildən mübahisəli mənzilə gəlin köçmüşdür. Həmin mənzil mübahisəli olduğundan həmin mənzillə bağlı məhkəmədə mübahisələr olmuş və nəhayət yekun məhkəmə aktına əsasən həmin mənzildən iddiaçının da həyat yoldaşı və qayınanası X5 birlikdə ilə çıxarılması qət edilmişdir. Cavabdeh3 və qayınanası X3 mübahisəli mənzilə istifadə hüquqları yaranmış, mənzilə köçürülmələri barədə məhkəmə aktları mövcuddur. Hazırda məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və Xətai rayon icra şöbəsi tərəfindən həmin ünvana köçürülmələri barədə icra işi vardır. İddiaçı da Cavabdeh3 ailə üzvü olduğundan hesab edir ki, uşaqları ilə birlikdə həmin ünvana köçərək ailə olaraq birlikdə yaşamalıdır və buna hüququ vardır. Mənzil 5 otaqdan ibarətdir. Cavabdeh həyat yoldaşı Cavabdeh3 həmin mənzilə köçüb orada yaşayacaqsa iddiaçının başqa yaşaması mümkün deyil. Hesab edir ki, həyat yoldaşı bu mənzildə 1988ci ildən yaşadığına görə məhkəmə hazırkı mübahisəyə mübahisəli hüquq münasibətinin yarandığı zamana uyğun olaraq 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarını tədbiq etməklə mübahisə üzrə həmin vaxt qüvvədə olmuş qanunun normalarını tətbiq edərək iddiaçını ailə üzvləri ilə birlikdə bu mənzilə köçürməlidir.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2(011)- 7585/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
15. Qətnamə onunla əsaslandırlmışdır ki, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvləri olması zəruri şərtdir. Qanunla mülkiyyətçinin ailə üzvləri 2 kateqoriyaya bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Qanunun müəyyən etdiyi mənada İddiaçı birinci kateqoriya üzrə “mülkiyyətçinin” ailə üzvü hesab edilmir. Ailə Məcəlləsinin 15-ci fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə İddiaçı “mülkiyyətçinin” digər qohumu da hesab edilmir. Göründüyü kimi İddiaçı qeyd edilən mənzilə hər hansı bir hüququ yaranmadığından, onun sözügedən evə köçürülməsi üçün yuxarıda şərh edilən əsaslar olmadığından, habelə o, mülkiyyətçinin nə ailə üzvü, nə də digər qohumu olmadığından onun iddiası təmin edilə bilməz. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi həyat yoldaşı Cavabdeh3 1988-ci ildən mübahisəli mənzildə qeydiyyatda olmasını və həmin dövrdən istifadə hüququnun yarandığını əsas gətirərək, həmin dövr üçün qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarını tədbiq edilərək, iddiaçının Cavabdeh3 ailə üzvi kimi həmin mənzilə köçürməsi dəlilini əsassız sayır. Belə ki, iş materiallarına əlavə edilən qətnamələrdən də göründüyü kimi Cavabdeh3 (eyni zamanda onun valideynləri) həmin vaxt mənzilin icarədarı olmuş Ziyafəddin Cəlilov razılığı və təşəbbüsü ilə mənzilə köçmüş, habelə uzun müddət orda yaşamış, bununla da onun mənzilə istifadə hüququnun əsası kimi qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddəsi qəbul edilmişdir. Eyni hallar iddiaçıya şamil edilmədiyindən, iddiaçı Cavabdeh3 ilə 2018-ci ildə nikaha girdiyinindən, ümumiyyətlə mübahisəli mənzildə yaşamadığından hazırkı münasibətlərə köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinin tətbiqini qeyri-mümkün edir. Bundan başqa iddiaçının həyat yoldaşının mübahisəli ünvanda istifadə hüququnun olduğunu əsas gətirməsi və iş üzrə həyat yoldaşının də cavabdeh kimi qoymasını prosessual cəhətdən düzgün saymır. Belə ki, mülki hüquq məsələləri üzrə ilkin vəziyyət bundan ibarətdir ki, adətən bir-birinə zidd maraqları güdən iki və ya daha çox fiziki yaxud hüquqi şəxs qarşı-qarşıya durur. Bu zaman bir tərəf o biri tərəfdən konkret faktlara və hallara istinad edilməklə müəyyən icranın, yəni hərəkət və ya hərəkətsizliyin həyata keçirilməsini tələb edir. Cavabdeh3 özünün də mübahisəli mənzilə köçürülməsi barədə qanuni qüvvəsini almış qətnaməsi olmasına baxmayaraq, o, həmin ünvana köçürülməmiş, icra sənədi hələ də icra olunmamış vəziyyətdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatındadır. “Azemis” elektron məhkəmə informasiya sistemində əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh2 həyat yoldaşı mübahisəli mənzildə pasport qeydiyyatındadır. Məhkəmə hazırda mübahisəsi olunun mənzilin dövlət reyestrində qeydə alınmamasına münasibət olaraq bildirir ki, iş materiallarında cavabdehin evi miras əmlak kimi qəbul etməsinə dair vərəsəlik şəhadətnaməsi vardır. Mübahisəli mənzilinin X1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilə dair Bakı şəhər Tİ və MHQİ tərəfindən X1 adına 03 iyun 2000-ci il tarixdə aparılmış qeydiyyatın və mübahisəli mənzilə dair Cavabdeh2 adına qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin və ona əsasən Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsinə dair iddia qaldırılmasına baxmayaraq, həmin tələb təmin edilməmiş və iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almışdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 127, 152.2, 157.8, 158.1, 158.2, 158.4, 159, 228.1, 228.2, 228.5, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarları, Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlillərinə görə, o 2018-ci ildə ailə qurmuş, Cavabdeh3 və qaynanası X5 ilə birgə təsərrüfat aparmış və məni həmin mənzildə onlarla 2018-ci il tarixdən bu günədək də yaşadığı üçün hüquq münasibətləri 2018-ci il tarixdən yaranmışdır. Amma həyat yoldaşım Cavabdeh3 mübahisəli mənzildə 1988-ci ildən qeydiyyatdadır və həmin dövrdən hüququ yarandığı üçün hesab edir ki, onun ailə üzvü olduğu üçün ona münasibətdə də tədbiq edilməlidir. Belə olduğu halda ona və ailə üzvlərinə münasibətdə mübahisəyə dair mülki qanunvericiliyn müddəaları deyil məhs həmin vaxt qüvvədə olmuş mənzil qanunvericiliyinin müddəaları da tətbiq edilməlidir. Çoxsaylı mötəbər dəlillər təqdim etməyinə baxmayaraq birinci instansiya məhkəməsi tamamilə əsassız olaraq iddianı qismən təmin etmişdir. İddiaçı tərəfin mövqeyinə cavabdeh tərəfin təqdim etdiyi sübutlara nisbətən üstünlük verilməsi bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Onun tərəfindən təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Axərbaycan Respublikasının Qanunu: Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
25. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarı: 2001-ci ilin 01 sentyabrdan sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir
26. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 may 2008-ci tarixli qərarı: AR MM-in 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığı” yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
32. İşin müəyyən olunmuş hallarına görə Cavabdeh2 20 noyabr 2003-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mübahisəli mənzili miras əmlak kimi qəbul etmiş, Cavabdeh3 onun qardaşıdır və 1988-ci ildən həmin mənzildə qeydiyyatdadır və bu günə kimi orda yaşamışdır, həmçinin İddiaçı onun qardaşı arvadıdır və heç vaxt həmin mənzildə yaşamamışdır.
33. MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Yəni, Konstitusiya Məhkəməsinin qərarının nəinki nəticəvi, əsaslandırıcı hissəsində qeyd olunanlar da məhkəmə üçün məcburi xarakter daşıyır. Hazırkı iddianın əsası kimi istinad edilən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, “Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.”
34. Qeyd olunan qərarın məzmunudan belə nəticəyə gəlinir ki, şəxsin “ailə üzvü” anlayışının əhatə dairəsinə daxil olması üçün 3 şərtin hər biri mövcud olmalıdır: yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olması və mülkiyyətçi ilə birlikdə yaşayırsa.
35. Mənzilin mülkiyyətçisi Cavabdeh2 olduğundan ilk növbədə onun ailə üzvlərinin dairəsi müəyyən edilməlidir. Belə ki, İddiaçı Cavabdeh2 qardaşı arvadı olduğuna görə yuxarıda qeyd edilən normaların mənasına görə onun ailə üzvlərinin dairəsinə daxil deyildir.
36. Sözügedən maddənin ikinci cümləsində qeyd edilir ki, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
37. Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə İddiaçı mülkiyyətçinin “digər qohumu” da hesab edilmir.
38. Apellyasiya şikayətinin qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddəsinə əsasən iddaçının yoldaşının mənzildən istifadə hüququnun tanınmasına istinad edərək, həmin məcəllənin 123-cü maddəsinin iddiaçıya münasibətdə tətbiq edilməsi dəlillərinə münasibətdə məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iş materiallarından da göründüyü kimi Cavabdeh3 ilə X8 24 avqust 2018-ci tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan qətnamələrdən isə müəyyən olunur ki, 23 aprel 2018-ci ildən Cavabdeh3 mənzilə köçürülməsi qət edilmişdir. Burdan belə nəticəyə gəlinir ki, Cavabdeh3 həmin vaxt iddiaçı ilə rəsmi nikahda olmadığından onun ailə üzvü hesab edilmirdi. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, münasibətlər 2018-ci ildə yarandığından 01 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının hazırkı iş üzrə tətbiqi yolverilməzdir.
39. Digər tərəfdən iddiaçıya istər qüvvədə olan qanunvericilyin, istərsə də qüvvədən düşmüş Mənzil Məcəlləsinin müdəaları tətbiq edilsə də, bu qəbildən olan iddialarda ilk növbədə iddiaçının həmin mənzildə əvvəllər yaşaması faktı müəyyən olunmalıdır. Yuxarıda qeyd edilən faktlarla isə müəyyən olunur ki, iddiaçı ümumiyyətlə həmin mənzildə yaşamamışdır.
40. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2(011)- 7585/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e-2(011)- 7585/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev