Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-181/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh MMC-nin nümayəndəsi X1 və iddiaçının özünün iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: (TƏSVİRİ HİSSƏ) a) iddia barədə məlumat:
1. İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işçısı olduğu cavabdeh MMC-dən ödənilməmiş qalan məzuniyyət haqqına görə orta aylıq əmək haqqı olaraq 679 manat, artıq işlədiyi saatlara görə əmək haqqı olaraq 7.833 manat, cəmi 8.512 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh MMC-də kredit mütəxəssisi kimi işlədiyi dövrdə iş saatı 10:00 dan 20:00-a kimi olmuşdur. Lakin buna uyğun olaraq əlavə iş saatlarına uyğun ödəniş edilməmişdir. Həmçinin məzuniyyət günləri düzgün hesablanmamış, həftəlik iş saatı 60 saat olmuşdur. Əmək müqaviləsində 40 saat olmasına baxmayaraq 20 saat əlavə işləməyi tələb olunub. İddiaçının iş saatlarınından artıq işə cəlb olunması xx.xx.02017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə baş vermişdir. Artıq iş saatlarına görə ödənilməli olan məbləğ 2 qat hesablanmalıdır. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı işçısı olduğu cavabdeh MMC-dən ödənilməmiş qalan məzuniyyət haqqına görə pul tələb etsə də, işin hallarından müəyyən edilir ki, iddiaçı ilə MMC arasında bağlanmış "xxxx" xitam verilərkən bu növ ödəniş MMC tərəfindən iddiaçıya verilmişdir. Bundan başqa, iddiaçı, artıq işlədiyi saatlara əmək haqqının ödənilməsini tələb etsə də, işin hallarından müəyyən edilir ki, iddiaçı, əlavə iş saatlarına cəlb olunmasını sübuta yetirə bilmir. c) Apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Əslində o, iddia tələbinin əsaslı olmasını sübuta yetirmişdir. d) Apellyasiya icraatında iş üzrə tərəflərin izahatları
7. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.
8. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışının iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) Apellyasiya baxışının hədləri
9. İşə apellyasiya qaydasında baxılan zamanı iddiaçı ərizə ilə Məhkəməyə müraciət edərək iddianın ödənilməmiş qalan məzuniyyət haqqına görə 141,37 manat və iş saatından artıq işlədiyi saatlara görə 2.608,48 manat hissəsindən imtina etdiyini bildirmiş, ödənilməmiş qalan məzuniyyət haqqına görə orta aylıq əmək haqqı olaraq 537,63 manat, artıq işlədiyi saatlara görə əmək haqqı olaraq 5.225,48 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “iddiadan qismən imtina barədə” ərizənin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli qətnamənin qismən, yəni ödənilməmiş qalan məzuniyyət haqqına görə 141,37 manat, iş saatından artıq işlədiyi saatlara görə 2.608,48 manat məbləğində pulun MMCdən tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iş üzrə icraata xitam verməsini qərara almışdır.
11. Bununla da müəyyən olunur ki, apellyasiya baxışının predmetini Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamənin “iddianın ödənilməmiş qalan məzuniyyət haqqına görə 537,63 manat və iş saatından artıq işlədiyi saatlara görə 5.224,52 manat hissəsinin təmin edilməməsi barədə” hissəsi təşkil edir. f) Hazırki işdə olan sübutlar
12. İşdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə 289/K saylı “Əmək müqaviləsi” bağlanmış və iddiaçı xx.xx.2017-ci il tarixdən əmək funksiyalarını icra etməyə başlamışdır.
13. MMC üzrə verilmiş xx.xx.2018-ci il tarixli 66M saylı, xx.xx.2018-ci il tarixli 137/M saylı, xx.xx.2018-ci il tarixli 540/M saylı, xx.xx.2018-ci il tarixli 674/M saylı, xx.xx.2018-ci il tarixli 720/M saylı, xx.xx.2018-ci il tarixli 1315/M saylı, xx.xx.2019-cu il tarixli 660/M saylı, xx.xx.2019-cu il tarixli 762/M saylı, xx.xx.2019-cu il tarixli 895/M saylı, xx.xx.2019-cu il tarixli 1853/M saylı, xx.xx.2019-cu il tarixli 1943/M saylı əmrlərdən görünür ki, həmin əmrlər iddiaçıya ödənilməli olan məzuniyyət pullarının hesablanılaraq ödənilməsi və iddiaçıya müvafiq olaraq 2018-2019-cu təqvim illərində məzuniyyət verilməsi üçün qəbul edilmişlər.
14. MMC üzrə xx.xx.2020-ci il tarixdə verilmiş 586/K saylı əmrdən görünür ki, həmin əmrlə, MMC ilə iddiaçı arasında bağlanmış "xxxx" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən son iş günü xx.xx.2020-ci il hesab edilməklə xitam verilmiş, iyun 2019 – iyun 2020-ci iş ili üçün 7, iyun 2020 – iyun 2021-ci iş ili üçün 3 gün, cəmi isə 10 əmək məzuniyyəti günü üçün son haqq-hesab hesablanmaqla ödənilmişdir. (ƏSASLANDİRİCİ HİSSƏ) g) Məhkəmənin mövqeyi
15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışında qalmış hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir.
16. Belə ki, iddiaçının tələblərindən biri artıq işlədiyi iş saatlarına görə əmək haqqı tələbi barədədir. İddiaçı bildirir ki, iş saatı 10:00 dan 20:00-a kimi olmuş, həftəlik iş saatı əmək müqaviləsində 40 saat göstərilməsinə baxmayaraq, faktiki 60 saat təşkil etmişdir.
17. Məhkəmə qeyd edir ki, iddiaçı həmin saatdan artıq, yəni 65,15 saat işə cəlb olunmuşdur.
18. İşin bu halı apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən təyin edilmiş və X2 MMC tərəfindən həyata keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi ilə verilmiş xx.xx.2022-ci il tarixli, 77 saylı rəyində, həmçinin iş vaxtının uçotuna dair tabellərə əsasən də öz təsdiqini tapır.
19. Həmin rəy ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdeh MMC-də işlədiyi müddətə görə əmək məzuniyyətinə görə müavinət 352,94 manat və artıq iş saatlarına görə ödənilməli olan məbləğ 228,80 manat təşkil edir.
20. Göründüyü kimi yuxarıda göstərilən rəydə iddiaçının iddia ərizəsində qeyd edilən xüsusatlar qismən öz əksini tapır. Belə ki, iddiaçı xx.xx.02017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə əlavə işə cəlb edildiyini bildirsə də, bununla bağlı sübutları təqdim etməmişdir. Lakin iş materiallarına əlavə edilmiş iş vaxtının uçotuna dair tabellərdən (iş v. 5-9) görünür ki, iddiaçı xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.20250, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə iş saatlarından əlavə işə cəlb edilmişdir.
21. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Beləliklə işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı iş saatlarından əlavə işə cəlb edilmiş və ekspertiza tərəfindən verilmiş rəydən görünür ki, artıq iş saatlarına görə ödənilməli olan məbləğ 228,80 manat təşkil edir.
23. İşəgötürən olan MMC həmin məbləği iddiaçıya ödəməmişdir. Hal bu ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin mənasına görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
24. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi işin bu hallarının müəyyən edə bilməmiş, müzakirə edilən bu tələbi tam həcmdə rədd etməklə işin hallarına uyğun olmayan, səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlili qismən əsaslıdır.
25. İddiaçının digər bir tələbi ödənilməmiş qalan məzuniyyət haqqına görə orta aylıq əmək haqqı olaraq 537,63 manatın cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədədir.
26. Məhkəmə bu tələblə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin tələblərinə görə, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ var (maddə 128.). Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir (maddə 129., hissə 1.). İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər (maddə 110., hissə 1.). Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır (maddə 139., hissə 1.). İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir (maddə 131., hissə 1.). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir (maddə 135., hissə 2.).
27. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə müəyyən edilməli məsələ iddiaçının ödənilməmiş qalan məzuniyyət günlərinin sayıdır.
28. İddiaçı bildirir ki, 54 gün əmək məzuniyyəti hüququndan məhrum edilmişdir.
29. Cavabdeh MMC isə bildirir ki, iddiaçıya əmək məzuniyyəti verilmiş və bu əmrlərlə rəsmiləşdirilmişdir (bax: bənd 13 və 14).
30. Həmin əmrlərdən görünür ki, iddiaçıya cavabdeh MMC-də işlədiyi müddətdə cəmi 63 təqvim günü əmək məzuniyyəti verilmişdir. İddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin sayı 34 gün təşkil edir. Göründüyü kimi cavabdeh MMC iddiaçıya işlədiyi müddətə görə əmək məzuniyyətinin verilməsini tam sübut edə bilməmişdir. Bir sözlə, iddia tələbi həmin hissədə qismən əsaslıdır.
31. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh MMC-də işlədiyi müddətdə istifadə etmədiyi əmək məzuniyyətinə görə müavinət rəydə qeyd edilən məbləğdə - 352,94 manat ödənilməlidir.
32. Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi işin bu hallarının müəyyən edə bilməmiş, müzakirə edilən bu tələbi tam həcmdə rədd etməklə işin hallarına uyğun olmayan, səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlili də qismən əsaslıdır. h) Apellyasiya baxışının nəticəsi
33. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi həmin hissədə işin hallarını səhv müəyyən etmişdir.
34. MPM-nin 385-ci maddəsinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. (NƏTİCƏVİ HİSSƏ)
35. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışında qalan hissədə, yəni “iddianın ödənilməmiş qalan məzuniyyət haqqına görə 537,63 manat və iş saatından artıq işlədiyi saatlara görə 5.224,52 manat hissəsinin təmin edilməməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü “əmək haqqı tələbi barədə” iddiasının apellyasiya baxışında qalmış hissəsi qismən təmin edilsin. Ödənilməmiş əmək məzuniyyətinə görə 352 (üç yüz əlli iki) manat 97 (doxsan yeddi) qəpik və artıq iş saatlarına görə 228 (iki yüz iyirmi səkkiz) manat 80 (səksə) qəpik, cəmi isə 581 (beş yüz səksən bir) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə iddia təmin edilməsin. İddiaçı, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qətnamədən kassasiya şikayəti verə bilər. Cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.