Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1812/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kirayə haqqı və pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 oktyabr 2021-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC ilə aralarında xx.xx.2018-ci il tarixdə bağlanılmış 210 saylı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə görə ona dəymiş ziyan kimi 2019-cu ilin mart ayından 2021-ci ilin iyun ayının 1-ə kimi hər ay 400 manat olmaqla, 25 aya görə cəmi 10.400 manat məbləğində pulun ziyanın əvəzi şəklində MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 210 saylı müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, o, “Sifarişçi” olaraq "xxxx" olan cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişində, binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 118,5 kv.m olan 2 otaqlı 182 saylı mənzilin tikintisini MMC-yə həvalə edir və mənzilin hər 1 kv.m-i üçün 1.150 manat olmaqla, cəmi 136.275 manat məbləğində pulun bir hissəsi olan 119.000 manatı müqavilə bağlanan zaman, qalan məbləği hisə hissə-hissə MMC-yə ödəyəcək. İddiaçı, cavabdeh MMC-yə olan borcunu tam ödəyib qurtarsa da, 2019-cu ilin mart ayından 14 ay keçməsinə baxmayaraq mənzil MMC tərəfindən iddiaçıya təhvil verilməmişdir. Nəticədə iddiaçı 2019-cu ilin mart ayından hal-hazıra kimi hər ay 400 manat olmaqla kirayə mənzil tutub yaşamaq məcburiyyətində qalmışdır. Nəticədə iddiaçıya 10.400 manat maddi ziyan dəymişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, cavabdehin mənafeyinə uyğun əsassız qətnamə qəbul edilmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı barədə məlumat
7. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən maddənin mənasına görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
8. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 210 saylı müqavilədən görünür ki, həmin müqavilə ilə iddiaçı “Sifarişçi” olaraq "xxxx" olan MMC ilə razılığa gəlmişlər ki, iddiaçı, cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 4-cü girişində, binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 118,5 kv.m olan 2 otaqlı 182 saylı mənzilin tikintisini MMC-yə həvalə edir və mənzilin hər 1 kv.m-i üçün 1.150 manat olmaqla, cəmi 136.275 manat məbləğində pulun bir hissəsi olan 119.000 manatı müqavilə bağlanan zaman, qalan məbləği hisə hissə-hissə MMC-yə ödəyəcək.
10. MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Maliyyə arayışından” görünür ki, həmin mənzilin tam dəyəri iddiaçı tərəfindən ödənilmişdir və iddiaçının MMC-yə borcu yoxdur.
11. İddiaçı bildirir ki, o, cavabdeh MMC-yə olan borcunu tam ödəsə də, 2019-cu ilin mart ayından 14 ay keçməsinə baxmayaraq mənzil MMC tərəfindən ona təhvil verilməmiş və o, 2019-cu ilin mart ayından hal-hazıra kimi hər ay 400 manat olmaqla kirayə mənzil tutub yaşamaq məcburiyyətində qalmışdır. Nəticədə ona 10.400 manat maddi ziyan dəymişdir. Buna görə də, həmin məbləğ MMC-dən tutularaq ona ödənilməlidir.
12. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
14. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
15. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
16. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır. Belə ki, iddiaçı tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbini göstərir.
17. Həmin maddənin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Amma nəzərə alınmalıdır ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 385.1.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.).
19. Məhkəmə qeyd edir ki, cavabdeh MMC-nin öz öhdəliklərini icra etməsi müddəti MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə göstərilməmişdir. Belə olan halda, iddiaçının cavabdehə qarşı irəli sürdüyü hazırki iddia əsaslı hesab edilə bilməz. f) apellyasiya baxışının nəticəsi
20. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsini iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
21. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinin ntələbinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
23. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanıldığından, cavabdeh MMC hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. İddiaçı isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
24. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 oktyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.