Məhkəmə qərarları › İş №2(103)-1813/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1813/2022

30.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1813/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4374/2021 saylı iş üzrə 10 noyabr 2021-ci il tarixli qiyabi qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki uşağı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 60.6 kv.m olan iki otaqlı 44 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24.04.2004-cü il tarixdə cavabdeh ilə rəsmi nikah qeyd etdirərək evlənmiş və birgə yaşadıqları dövrdə 2005-ci il və 2010-cu il tarixdə iki uşaqları doğulmuşdur. Evləndikdən sonra bir müddət cavabdehin valideynlərinin evində yaşamış, sonra isə ünvan 1 ünvanında yaşayış sahəsi əldə edərək orda yaşamışlar. 2017-ci ildə yaşadıqları ünvanda yerləşən köhnə yararsız binanın sökülüb yerində yeni bina inşa edilməsi ilə əlaqədar olaraq "xxxx" MMC ilə cavabdeh arasında müqavilə bağlanmış, ailəyə yeni inşa edilmiş binada ümumi sahəsi 60.6 kv.m olan iki otaqlı 44 saylı mənzil verilmişdir. Bir müddət bir yerdə yaşasalar da, cavabdehin ailəyə olan laqeyd münasibəti nəticəsində aralarında narazılıqlar yaranmış və cavabdehin təşəbbüsü ilə nikah pozulmuşdur. Hazırda birgə nikah dövründə əldə edilmiş yaşayış sahəsi olmasına baxmayaraq, iki uşağı ilə birlikdə valideynlərinin evində yaşamağa məcburdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4374/2021 saylı iş üzrə 10 noyabr 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən 16 mərtəbəli yeni inşa edilmiş binanın 9-cu mərtəbəsində, 60.6 kv.m sahədən ibarət, 2 otaqlı Cavabdeh məxsus 44 saylı mənzilə köçürülməsi, Cavabdeh 5 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iddiadan əvvəl İddiaçı cavabdehlər Cavabdeh, Qasımov Səxavət Allahverdi oğluna və Bakı şəhəri 13 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi 1-ci blok 9-cu mərtəbədə 2 otaqlı, 60.6 kv.metrdən ibarət 44 saylı mənzilin üçdə bir hissəsi üzərində Cavabdeh, üçdə iki hissəsi üzərində onun pay hüquqlarının tanınması, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Nəsimi rayonu 7-ci Sverdlov döngəsi 10 ünvanında yerləşin mənzilin 1 otağına (y/s 9.5kv.m., k/s 6.0kv.m)dair Cavabdeh ilə Qasımov Səxavət Allahverdi oğlu arasında 16 iyun 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin mənzilin üçdə iki hissəsi üzərində onun, üçdə bir hissəsi üzərində Cavabdeh pay hüququnun tanınması, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri “VAZ 21013” markalı, Az **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üçdə bir hissəsi üzərində Cavabdeh, üçdə iki hissəsi üzərində onun pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart2021-ci il tarixli 2(005)-225/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “VAZ 21013” markalı, Az 10-RP611 dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində Cavabdeh payı müəyyən edilmiş və həmin paylara onların mülkiyyət hüquqları tanınmışdır, yəni Bakış əhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi 1-ci blok 9-cu mərtəbədə 2 otaqlı, 60.6 kv.metrdən ibarət 44 saylı mənzilin üzərində İddiaçı heç bir hüququ tanınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6681/2021 saylı17.08.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov RayonMəhkəməsinin 31 mart 2021-ci il tarixli 2(005)-225/2021saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsində İddiaçı sübut kimi istinad etdiyi və həmin iş materiallarında olan ünvan 4 ünvanında yerləşən binanın sakinləri tərəfindən tərtib olunmuş 21yanvar 2021-ci il tarixli aktdan görünür ki, Abdullayev Firudin Vəli oğlu özünə məxsus ünvan 5 ünvanında evin həyətində yerləşən qarajın yerində 2 otaqlı yaşayış sahəsi tikdirmiş və həmin yaşayış sahəsini oğlu Cavabdeh bağışlamışdır. Cavabdeh 2011-ci ildə həmin yaşayış sahəsinə ailə üzvləri ilə birlikdə köçmüş və ünvan 6 ünvanı ilə pasport qeydiyyatına alınmışdır. Həmin yaşayış sahəsi 2017-ci ildə "xxxx" MMC tərəfindən sökülmüş və əvəzində yeni tikilmiş binada 44 saylı mənzil Cavabdeh verilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsində müəyyən olunmuşdur ki, sökülmüş 5A saylı ev Cavabdeh atası tərəfindən tikilməklə qeyri-rəsmi şəkildə oğlu Zöhraba bağışlanmış və həmin ev özbaşına tikili olmuşdur. İddiaçı həmin evin birgə nikah dövründə tikilməsi barədə həmin məhkəməyədə heç bir sübut təqdim etməmişdir. Nərimanov Rayon məhkəməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsini düzgün olmayaraq tətbiq etmişdir. Belə ki, mübahisəli hüquq münasibətləri 2004-cü il tarixdə yaranmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6681/2021 saylı 17.08.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Abdullayev Firudin Vəli oğlu özünə məxsus ünvan 5 ünvanında evin həyətində yerləşən qarajın yerində 2 otaqlı yaşayış sahəsi tikdirmiş və həmin yaşayış sahəsini oğlu Cavabdeh bağışlamışdır. Cavabdeh 2011-ciildə həmin yaşayış sahəsinə ailə üzvləri ilə birlikdə köçmüş və ünvan 6 ünvanı ilə pasport qeydiyyatına alınmışdır. Həmin yaşayış sahəsi 2017-ci ildə "xxxx" MMC tərəfindən sökülmüş və əvəzində yeni tikilmiş binada 44 saylı mənzil Cavabdeh verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz etməklə öz izahatında bildirdi ki, 2020-ci ilin fevral ayından etibarən atasıgillə birlikdə yaşayır. Halhazırda həmin ev yaşamaq üçün yetərli olsa da, gələcəkdə qardaşı ailə həyatı qurduqda onun həmin evdə yaşaması çətinləşmiş olacaq. Atasına məxsus mənzil “Leninqrad” proyekti olmaqla 4 otaqdan ibarətdir. Suallara cavab olaraq bildirdi ki, ilk öncə qaynatasının yanına gəlin köçüb orada yaşamışlar. Sonradan özbaşına tikilidə yaşamışlar. Sonradan həmin tikili sökülərək, 2011-ci ildə onlara yeni mənzil verilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz etməklə öz izahatında bildirdi ki, İlhamə xanım ilk öncə qaynatasına məxsus evə gəlin köçsə də, sonradan birgə nikah dövründə hazırda köçürülməsi tələb etdiyi mənzili əldə etmişlər. 2 ilə yaxın müddətdir ki, atasına məxsus evdə yaşayır. Birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Mənzil hələ də dövlət qeydiyyatına alınmayıb. Mənzilə dair müqavilə nikah dövründə baxlanılmışdır. Şəxs həmin mənzilə münasibətdə icarədardır və ona görə də iddiaçı icarədarın ailə üzvü kimi, həmin mənzilə köçürülməlidir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4374/2021 saylı iş üzrə 10 noyabr 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 10568903 nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Abdullayeva Zeynəb Zöhrab qızı ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 10568903 nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Abdullayeva Aysu Zöhrab qızı ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.06.2017-ci il tarixli, 33/2017 saylı müqavilədən görünür ki, Cəmiyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı Qərarına əsasən “Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaşxılaşdırılması məqsədi ilə” Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 2- mənzilli yaşayış binasının söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda mülkiyyətçinin söküntüsü nəzərdə tutulan binada mülkiyyətdə olan 47.7 kv.m ibarət 2 otaqlı mənzilin Dövlət Reyestrində çıxarışda göstərilmiş ümumi sahəsi 20% əlavə etməklə tikiləcək binanın 1-ci girişində 60.6 kv.m ibarət 9-cu mərtəbədə, 2 otaqlı, 44 saylı təmirli məznili mülkiyyətçinin sərəncamına verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 155/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Yasamal rayon VVAD şöbəsi tərəfindən 24.04.2004-cü il tarixdə 280 saylı akt qeydi ilə bağlanmış nikah qeydinin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tədbiq edilən maddi hüquq normalarının olmadığını, mübahisəli hüquq münasibətlərinin 2004-cü il tarixdə yarandığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2004-cü il tarixdən yaranması ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı köçürülməsini tələbə etdiyi mənzil, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 60.6 kv.m olan iki otaqlı 44 saylı mənzildir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, həmin mənzil 2011-ci ildə cavabdehin atası Abdullayev Firudin Vəli oğlu tərəfindən özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küşəsi, ev 1, 5 ünvanında yerləşən evin həyətində qarajın yerində 2 otaqlı yaşayış sahəsi olaraq tikdirilmiş və onu öz oğlu hazırki iş üzrə Cavabdeh bağışlanmışdır. Cavabdeh 2011-ci ildə həmin yaşayış sahəsinə ailə üzvləri ilə birlikdə köçmüş və ünvan 8 ünvan ilə pasport qeydiyyatına alınmışdır. Həmin yaşayış sahəsi 2017-ci ildə "xxxx" MMC tərəfindən sökülüş və əvəzində yeni tikilmiş binada 44 saylı mənzil Cavabdeh verilmişdir. Kollegiya hesab edir ki, hazırki halda mübahisəli hüquq münasibətləri tərəflərin nikaha daxil olduğu 2004-cü il tarixdən hesablana bilməz. Belə ki, tərəflər öz başına tikiliyə 2011-ci ildə köçmüş, həmin tikilinin sökülməsi nəticəsində verilən mənzilə isə 2017-ci ildə köçərək yamışlar. Bu halda hazırki mübahisəyə 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyada nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər (N.Musayevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. Hər hansı şəxs məhkəməyə müraciət edərək onun tələbi üzrə araşdırma aparılaraq yekun hüquqi nəticəyə gəlinən zaman maddi və prosessual hüquq normaları fərqli qaydada tətbiq edilir. Belə ki, mübahisə predmeti üzrə tərəflər arasında mübahisəyə hüquq münasibəti baş verən zaman qüvvədə olan maddi hüquq norması tətbiq edilməli olduğu halda, işin faktiki halları müəyyən edilməsindən ötrü sübutlar qiymətləndirilən zaman isə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olan maddi hüquq normasının tətbiq edilməsini qanunverici ona görə zəruri hesab etmişdir ki, mülki hüquq münasibətlərinin müəyyənliyi və sabitliyi təmin edilsin. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Mövcud qanunvericiliyə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı təqdirdə yaranır, əks halda həmin əmlak özbaşına tikili kimi qəbul edilməklə həmin əmlaka hər hansı bir hüquq tanına bilinməz. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Hazırkı işdən də göründüyü kimi mübahisəli mənzil özbaşına tikili deyil, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış ev olmuşdur. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunu 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquq tətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). İddiaçı həmin evə köçərkən cavabdehin həmin evə gözlənilən mülkiyyət hüququ olmuşdur. Buna görə də, bu münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı şəxsi yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini qadağandır. Hüquqi dövlətdə bütün məhrumetmələrin əsası qanuni olmaqlıdır. Buna görə də mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə şəxsin köçmək istədiyi yerdə yaşayıb-yaşamadığı, yaşadığı yerdən məhrum edilməsi və məhrum edilmə qanuniliyi aydınlaşdırılmalıdır. Hazırkı işdən də göründüyü kimi, iddiaçı cavabdehlə yaşayış sahəsinə köçdükdən bir müddət bir yerdə yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmış və cavabdehin təşəbbüsü ilə nikah pozulmuşdur. 2 ilə yaxındır ki, iddiaçı birgə nikahdan olan uşaqları ilə valideynlərinin yanında yaşayır. Kollegiya qeyd edir ki, mənzilə dair cavabdeh ilə keçmiş həyat yoldaşı arasında hər hansı razılaşma mövcud olmadığından və iddiaçı nikah pozulduqdan sonra yaşayış sahəsi ilə təmin olunduğundan ona münasibətdə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin norması tətbiq edilməklə yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılması qanuni və əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gəlməkdə düzgün olmamışdır. Kolegiya həmçinin onu da qeyd edir ki, iddiaçı iddia tələbində iki uşağı ilə birlikdə köçürülməsini xahiş etsə də, birinci instansiya məhkəməsi uşaqlara aid hissədə iddia tələbinə ümumiyyətlə münasibət bildirməmişdir. Ona görə də, kollegiya hesab edir ki, həmin hissədə də iddia tələbinə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilə maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının bir övladı azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə qətnamələri ilə İddiaçı ilə Cavabdeh arasında Yasamal rayon VVADQ şöbəsi tərəfindən 24.04.2004-cü il tarixdə 280 saylı akt qeydi ilə bağlanmış nikah qeydinin ləğv edilmiş 12.06.2005-ci il təvəllüdlü Abdullayeva Aysu Zöhrab qızı və 29.01.2010-cu il təvəllüdlü Abdullayevə Zeynəb Zöhrab qızı anası Abdullayevə İlhamə Şirbala qızının yanında saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələbini və 12.06.2005-ci il təvəllüdlü Abdullayeva Aysu Zöhrab qızı və 29.01.2010-cu il təvəllüdlü Abdullayevə Zeynəb Zöhrab qızının boşanmadan sonra anası Abdullayevə İlhamə Şirbala qızının himayəsinə verilməsini, hazırki qətnamə ilə Abdullayevə İlhamə Şirbala qızının mübahisəli mənzilə köçürülməsi tələbi təmin edilmədiyini nəzərə alaraq, iddianın uşaqların köçürülməsi hissəsində də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4374/2021 saylı iş üzrə 10 noyabr 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4374/2021 saylı iş üzrə 10 noyabr 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi həmin təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar