Məhkəmə qərarları › İş №2(103)-1813/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1813/2024

29.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1813/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “mənzilin əvvəlki vəziyyətə gətirilməsi və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən evin ümumi sahəsi 55,0 kv.m. olan 3 saylı mənzilinin 2 otağı xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs1, 1 otağı X10 adına qeydiyyata alınmışdır.

2. Elxan İsmayılov xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ünvan 1 ünvanında yerləşən evin ümumi sahəsi 55,0 kv.m. olan 3 saylı mənzilinin ona məxsus olan 1 otağına (12,2 m2) dair onun vərəsələrinə - anası Cavabdeh2 Həsən qızına, xx.xx.2002-ci il təvəllüdlü qızı Elay İsmayılzadəyə, arvadı İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü azyaşlı oğlu Tofiq İsmayılzadəyə və xx.xx.2013-cü il təvəllüdlü azyaşlı qızı Canel İsmayılzadəyə xx.xx.2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

3. Hazırda ünvan 1 ünvanında yerləşən evin ümumi sahəsi 55,0 kv.m. olan 3 saylı mənzilinin 2 otağı xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs1, 1 otağı 2/5 hissədə X6, 1/5 hissədə X3, 1/5 hissədə X4, 1/5 hissədə İddiaçı mülkiyyətindədir.

4. ünvan 1 ünvanında yerləşən evin ümumi sahəsi 29,2 kv.m. olan 7a saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 26, mənzil 3 ünvanında yerləşən daşınmaz əmlakdan Maraqlı şəxs1 məxsus payın (2 otaq) naturada ayrılması, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 26, mənzil 3 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı, X18, X13 və X7 məxsus hissəsinin (1 otaq) açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri - İddiaçı, X18, X13 və X14 arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir.

6. Səbail rayon İcra şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədov, icra məmuru Aslan Astanov, “Alliance Consultinq” qiymətləndirmənin nümayəndəsi Müşfiq Məmmədov, Maraqlı şəxs2 MKTX-nin texniki şöbəsinin müdiri Bəxtiyar Quliyev, hal şahidləri Elnur Rüstəmov və Mirvüqar Abbasovun iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 26, 3 saylı mənzilə baxış keçirmək məqsədi ilə həmin ünvana gəlinmiş, qiymətləndirilməli olan sahəni müəyyən etmək üçün icra iştirakçıları ilə birlikdə sözügedən ünvanda yerləşən Maraqlı şəxs1 məxsus naturada ayrılmış 2 otağa baxış keçirilmiş, hərracda satışı təşkil edilməli olan 1 otağın ərazisinə baxış keçirilərkən həmin ərazinin Cavabdeh2 mülkiyyətində olan sahəyə birləşdirildiyi müəyyən olunmuşdur.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin “Mərkəz” Vəkil Bürosunun sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanı X2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

8. Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidməti tərəfindən “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil1 sorğusuna verdiyi cavab məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında tam ölçmə işlərinin aparılmasına mülkiyyətçi tərəfindən şərait yaradılmamışdır.

9. Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidmətinin “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil1 sorğusuna verdiyi xx.xx.2022ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında son 10 il ərzində hər hansı təmir işləri aparılması qeydə alınmamış, eyni zamanda ünvanda tam ölçmə işləri üzrə araşdırma işlərinin aparılmasına mülkiyyətçi tərəfindən şərait yaradılmamışdır.

10. Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidmətinin “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil1 sorğusuna verdiyi xx.xx.2022ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olanlar: 1. mülkiyyətçi X11 - 1991-ci il təvəllüdlü; 2. atası Cavabdeh3 - 1964-cü il təvəllüdlü; 3. anası Cavabdeh1 - 1967-ci il təvəllüdlü. Məlumat üçün bildirilir ki, ünvana dair Mənzilkommunal və Təmir Xidmətində texniki sənədlər mövcud deyildir.

11. Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Cavabdeh3 verilmiş Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 7a saylı mənzilinə dair xx.xx.1996-cı il tarixdə tərtib olunmuş Texniki Pasportda əks olunan məlumatlara görə, mənzilin ümumi sahəsi 29,1 kv.m-dir (yaşayış sahəsi 12,9 kv.m. 1 otaq, sahəsi 7,4 kv.m. olan mətbəx, sahəsi 6,5 kv.m. olan daxili dəhliz, sahəsi 2,3 kv.m. olan vanna otağı).

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı (iddiaçı) Cavabdeh1 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 otaqlı 3 saylı mənzilinin təcrid olunmuş 12,2 kv.m. yaşayış sahəsinin ayrıca girişi və sanitar qovşağı olan otağının əvvəlki vəziyyətə gətirilərək təmir edilmiş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, əri X21 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ona və övladlarına - X8, X7 və X12 mərhum ərindən miras qalan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 saylı 3 otaqlı mənzilin təcrid olunmuş 12,2 kv.m yaşayış sahəsi, ayrıca sanitar qovşağı, təsərrüfat məqsədli sahəsi olan otağına dair vərəsəlik şəhadətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən o 1/5, X13 1/5, X14 1/5, X18 2/5 hissədə mülkiyyətçidir. Uzun sürən araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən, mərhum ərindən ona və övladlarına vərəsə qalmış otağı Cavabdeh2, Cavabdeh1 özbaşınalıq edərək qanunsuz olaraq divarları söküb binada dəyişikliklər edərək Mirzə Mənsur küçəsi, 26 saylı evin 7A saylı mənzilinə qatmışlar. Belə ki, Binəqədi Rayon Məhkəməsinin icra sənədini icra edərkən Səbail İcra və Probasiya İdarəsinin icra məmuru Səbuhi Əhmədov və Maraqlı şəxs2 qoruğunun mühəndisi Bəxtiyar Quliyev həmin ünvana gedərək müəyyən etmişlər ki, ona və uşaqlarına məxsus olan otaq divar qonşusu Cavabdeh2 mülkiyyətində olan Mirzə Mənsur küçəsi, ev 26, mənzil 7A ünvanına onun və anası Cavabdeh1 tərəfindən qanunsuz olaraq divarlar dağıdılaraq qatılmışdır. Bu barədə Səbail Rayon İcra və Probasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur.

14. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında Cavabdeh2 və Cavabdeh3 birgə cavabdehlər qismində işə cəlb edilmişlər.

15. Cavabdeh1 iddia tələbinə qarşı etiraz ərizəsi ünvanlamış, etirazında aşağıdakıları göstərmişdir: “ünvan 5 ünvanda yerləşən daşınmaz əmlakın qanuni sahibi o deyil. Belə olan halda, o, başqa bir vətəndaşın daşınmaz əmlakına görə necə cavabdehlik daşıya bilər? İddiaçı əsaslı maddi sübutlar olmadan, şahid ifadələri olmadan, iddia etdiyi kimi, "divarların sökülməsini” sübut edən foto-şəkillər olmadan, divarların sökülməsini sübut edən ərazi üzrə polis sahə müvəkkilinin və Maraqlı şəxs2 Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin və bu idarənin nəzdindəki Mənzil-kommunal və təmir xidmətinin müvafiq aktı və protokolu olmadan, iddia olunan söküntünün tarixini göstərmədən onu və Cavabdeh2 necə ittiham edə bilər ki, guya onlar Mirzə Mansur küçəsi, ev 26, 3 ünvanda yerləşən mənzilin divarlarını sökmüşlər? Bu qədim tarixi evlər dövlət tərəfindən qorunur və mühafizə olunur. İki mənzil arasında sökülməsi iddia olunan divar neçənci ildə sökülüb? Həmin divar söküləndə İddiaçı harada idi? Nəyə görə İddiaçı o vaxt bu məsələni qaldırmırdı? Yuxarıda sadalanan bu sübutların heç biri olmadan məhkəmə belə bir iddia ərizəsini icraata necə götürə bilər? İddiaçı 2011-ci ildə onun qaynı Elxan İsmayilov ilə ailə qurub, Elxanın adında olmuş Əhməd Rəcəbli küçəsindəki mənzildə yaşayıb. Yəni iddiaçı mərhum Elxan İsmayılov ilə ailə həyatı qurmamışdan çoxçox qabaq da onların yaşadığı Mirzə Manzur küçəsi, ev 26, mənzil 7A-nın ümumi sahəsi 29.2 kv.m təşkil etmişdir, bu gün də 29.2 kv.m təşkil edir. Səbail İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədov və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun nəzdində fəaliyyət göstərən mənzil-kommunal və təmir xidmətinin mühəndisi Bəxtiyar Quliyev və digər vəzifəli şəxslər xx.xx.2022-ci il tarixində saxta akt tərtib edərək yalandan yazıblar ki, Mirzə Mansur küçəsi, ev 26, mənzil 3 ünvanda yerləşən Maraqlı şəxs1 mənzilinə baxış keçirilərkən 1 otaq, yəni mübahisə edilən 12.2 kv.m yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində olan sahəyə birləşdirilib. Təəssüf edir ki, bu aktı imzalayan 6 nəfər qanunsuzluq edərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, bilə-bilə akta heç bir əsası olmayan yalan və saxta məlumatlar daxil etmişlər. xx.xx.2022-ci il tarixli akt saxta olduğu üçün etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verdiyi № ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışdan da görünür ki, Mirzə Mansur küçəsi ev 26, 7A ünvanda yerləşən mənzilin ümumu sahəsi 29.2 kv.m təşkil edir. Göründüyü kimi, bu çıxarış Cavabdeh2 verilərkən, mənzilin ümumi sahəsi 1996-cı ildə necə idisə, elə də qalmışdır. Yəni heç bir artım olmamışdır. Hüquqi fakt kimi qeyd edə bilər ki, Bakı şəhər İHB-nın Aparatının Tİ və MH qeydiyyatı darəsinin xx.xx.1996-ci ildə Cavabdeh3 (Zülqiyyənin atası) adına verdiyi texniki pasportda da 7A mənzilin ümumi sahəsi 29.1 kv.m göstərilmiş və təsdiq edilmişdir. Yəni burada yaşayış sahəsi 12.9 kv.m, koridor 6.5 kv.m, mətbəx 7.4 kv.m, hamam-tualet 2.3 kv.m təşkil etmişdir. Bu sənədlər - çıxarış və xx.xx.1996-ci il tarixli texniki pasport hüquqi faktdır və əsaslı sübutlardır. İddiaçı, Səbail rayon İcra və probasiya şöbəsinin əməkdaşı Səbuhi Əhmədov, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mühəndisi Bəxtiyar Quliyev və 13.01 2022-ci il tarixli aktda adları qeyd edilən digər vəzifəli şəxslər yalandan necə iddia edə bilərlər ki, 12.2 kv.m yaşayış sahəsi divar sökülməklə 3 saylı mənzildən qopardılaraq 7A saylı mənzilə qatılmışdır? İddiaçının və bu vəzifəli şəxslərin iddiaları, eləcə də tərtib etdikləri akt tamamilə uydurmadır, qanunsuzdur və məhkəməni aldatmağa və çaşdırmağa, beləliklə də iddiaçının qanunsuz tələblərini təmin etməyə yönəlmiş bir addımdır. Barəsində belə bir saxta və qanunsuz aktın tərtib edilməsi nəticəsində o və ailəsi mənəvi sarsıntı keçirmişlər. Ona qətiyyən aidiyyatı olmayan Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci iltarixli 2(001)-40/2021 saylı qətnaməsinin icrası adı altında Səbuhi və Mənzil-kommunal və təmir xidmətinin əməkdaşları Bakı şəhəri, Mirzə Mansur küçəsi, ev 26, 7A saylı onun mənzilinə gəlmiş, saxta mülahizələr səsləndirməklə onu aldatmış, mənzilə daxil olmuş, baxış keçirmiş və qətnamənin icrasını 7A saylı mənzilə yönəltməyə cəhd etmişlər. Bugünkü məhkəmə prosesinin başlanmasına səbəb olan iddia ərizəsi də məhz həmin saxta akta əsaslanır. Sözügedən məhkəmə qətnaməsinə görə, Mirzə Mansur küçəsi, ev 26, mənzil 3 ünvanda yerləşən daşınmaz əmlakın İddiaçı, X18, X13 və X7 məxsus hissəsi (1 otaq) açıq hərracda satılmalıdır. İddiaçınm və onun vəkili Vəkil1, Səbail icra məmuru Səbuhi Əhmədovun, "İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Mənzil-kommunal və təmir xidmətinin mühəndisi Bəxtiyar Quliyevin və akta imza atan digər şəxslərin absurd və məntiqsiz yanaşması həm də ondan ibarətdir ki, Jalənin iddia etdiyi 12.2 kv.m yaşayış sahəsi hətta qanunsuz olaraq 7A saylı mənzilə qatılıbsa belə, belə bir suala cavab verməyiblər ki, həmin 1 otaqlı yaşayış sahəsinin giriş qapısı haradan olub? Yəni İddiaçı həmin 1 otağa hansı qapıdan girib çıxırmış? Jalə axırıncı dəfə o otaqda olanda hansı qapıdan girib və çıxıb? Bəs 3 saylı mənzilin çıxarışında qeyd olunan 12.2 kv.m yaşayış sahəsini İddiaçı 3 saylı mənzilin içində görməyəndə, nəyə görə polis orqanlarına və digər qurumlara müraciət etməyib? Əgər Jalənin iddia etdiyi 12.2 kv.m yaşayış sahəsi 7A saylı mənzilin sahəsinə qatılıbsa, onların məntiqinə görə belə çıxır ki, iddia olunan "absurd və abstrakt divar söküntü əməliyyatı”na qədər 7A saylı mənzilin ümumi sahəsi 17 kv.m təşkil edib. Belə olan halda digər sual ortaya çıxır: 7A saylı mənzilin yaşayış sahəsi nə qədər olub? 7A saylı mənzilin mətbəxin sahəsi, korridorun sahəsi və s. nə qədər olub? İddia ərizəsi ilə İddiaçı, vəkili Vəkil1, Səbail İcra şöbəsinin əməkdaşı icra məmuru Səbuhi Əhmədov və Mənzil-kommunal və təmir xidmətinin mühəndisi Bəxtiyar Quliyev və akta imza atan digər şəxslər AR ƏMDK yanında DƏDRX-ni qanunsuzluqda ittiham edirlər. Necə ola bilər ki, qanunsuz olaraq zəbt etdiyim 12,2 m2 yaşayış sahəsini AR ƏMDK yanında DƏDRX çıxarışa daxil etmişdir? Bu məsələ ilə bağlı növbəti sual budur ki, əgər o və Cavabdeh2 divarı söküb 12.2 kv.m yaşayış sahəsini 7A mənzilinə qatmışıqsa, necə ola bilər ki, 3 saylı mənzilin ümumi sahəsi və yaşayış sahəsi azalmadı? Bakı şəhər İHB Aparatının Tİ və MHQİ-nin xx.xx.1996-ci ildə iddiaçının mərhum həyat yoldaşı İsmayılov Elxanın adına verdiyi texniki pasportdakı yaşayış sahəsi ilə DƏDRX-nin verdiyi çıxarışdakı yaşayış sahəsi arasında heç bir fərq yoxdur. Yəni azalma müşahidə edilmir. Bu fakt da iddianın əsassız olduğunu göstərir. Bakı şəhər İHB Aparatının Tİ və MHQİ-nin xx.xx.1996-ci ildə iddiaçının mərhum həyat yoldaşı İsmayılov Elxanın adına verdiyi texniki pasportda da Mirzə Mansur küçəsi ev 26, mənzil 3 ünvanda yerləşən daşınmaz əmlakın ümumi sahəsi 54.9 kv.m, yaşayış sahəsi 48.5 kv.m göstərilmişdir. Yəni burada 1 -ci otaq 20.3 kv.m, 2-ci otaq 16.2 kv.m, 3-cü otaq 12 kv.m, mətbəx 6.4 kv.m göstərilmişdir. İş materiallarından da görünür ki, Mirzə Mansur küçəsi, ev 26, mənzil 3 ünvanda yerləşən daşınmaz əmlaka dair verilmiş çıxarışda da yaşayış otaqlarının sahəsi 3, mənzilin ümum: sahəsi 55 kv.m, yaşayış sahəsi 48.4 kv.m göstərilmişdir. Hətta sözügedən mənzilin texniki pasportunda da bu sahələr olduğu kimi qeyd edilmişdir. Bir faktı xüsusilə qeyd etmək istərdi. M.Mansur küçəsi, ev 26-da 3 saylı mənzilin texniki pasportunda 3-cü otaq "qonşunun otağı”kimi göstərilmiş və işarələnmişdir. Yəni texniki pasportda "qonşu” sözü ilə işarələnmiş və ya qeyd edilmiş 3-cü otaq məhz mübahisə predmeti olan otaqdır. Həmin "qonşu” adlandırılan otaq 7A saylı mənzildə yoxdur. Burada məhkəmə ekspertizasına heç ehtiyac da yoxdur. Yəni Bakı şəhər İHB Aparatının Tİ və MHQİ-nin, eləcə də DƏDRX-nin təqdim etdikləri izahatlar, təsdiq etdikləri sənədlər olduğu təqdirdə, hansı məhkəmə ekspertizasından söhbət gedə bilər? Növbəti hüquqi fakt bundan ibarətdir ki, iş materiallarında 3 saylı mənzilin çıxarışında mənzilin hüquq sahiblərinin adları göstərilmişdir. Bunlar Rüstəmova X22, İddiaçı, X18, X13, X9r. Bundan başqa, 3 saylı mənzilin əvvəlki çıxarışında hüquq sahibinin adları X21 və Maraqlı şəxs1 göstərilmişdir. Sözügedən 3 saylı mənzilin əvvəlki mülkiyyətçisi Tamilla xanımın həyat yoldaşı X25 və X21 olmuşdur. Problem budur ki, vətəndaş bu 3 saylı mənzili alqı-satqı müqaviləsi ilə alanda X10 adının çıxarışda nəyə görə qeyd edilməsi ilə maraqlanmamış və nəticədə belə bir vəziyyət yaranmışdır. Məhkəmədə çaşdırıcı vəziyyət yaradan sənədlər "İçərişəhər” Dövləti Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Mənzil-kommunal və təmir xidmətinin iş rejimində 3 saylı və 7A saylı mənzillərlə bağlı özləri üçün tərtib etdikləri və məhkəməyə təqdim etdikləri mənzillərin eksplikasiya sxemidir ki, bu sxemlər də AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarış və texniki pasportla, hətta Bakı şəhər İHB Aparatının Tİ və MHQİ-nin təsdiq etdiyi texniki pasportla uzlaşmır və uyğun gəlmir. Biz o vaxt bu eksplikasiya sxemini Mənzil-kommunal və təmir xidmətindən istəyəndə dedilər ki, "bu əsaslı sənəd deyil, sadəcə öz işçilərimizin, xadimələrimizin işinə kömək etmək məqsədilə tərtib etmişik” və məsləhət gördülər ki, DƏDRX-dən mənzilin sxemini istəyək. Lakin buna baxmayaraq, Mənzil-kommunal və təmir xidməti bu işçi eksplikasiya sxemlərini əsaslı sənəd kimi məhkəməyə təqdim etmişdir. Məqsəd bizi azdırmaq və qanuni mənafelərimizə zərbə vurmaq olubmuş. Odur ki, Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən hazırlanmış və digər şəxslər tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır”.

16. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin 10/212 nömrəli 12 iyun 2023-cü il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir: “...Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən 26 saylı evin 3 saylı mənzilində Maraqlı şəxs1 istifadəsində olan tikililərin ümumi sahəsi 42.8 kv.m olmaqla, həmin mənzilə dair tərtib edilmiş texniki pasportda göstərilən, sahələri 20.2 kv.metr və 16.0 kv.metr olan iki yaşayış otağının, eləcə də sahəsi 6.6 kv.metr olan 1, 2 və 3 saylı tikililərin Maraqlı şəxs1 faktiki olaraq istifadəsində olduğu müəyyən edilir. Maraqlı şəxs1 faktiki istifadəsində olan tikililərin çıxarışla Maraqlı şəxs1 məxsus olduğunu, o cümlədən, 12.2 kv.metr kimi göstərilən tikilinin 3 saylı mənzilə dair tərtib edilmiş texniki pasportda Maraqlı şəxs1 faktiki istifadəsində və mülkiyyətində olan tikililərdən ayrı göstərildiyini nəzərə alaraq, İddiaçı övladları ilə birlikdə məxsus olan 12.2 kv.m payın sahəsinin Maraqlı şəxs1 məxsus payın sahəsinə daxil olmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin 7A saylı mənzilinin faktiki ölçülərinin 39.5 kv.metr təşkil etdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin 7A saylı mənzilinin faktiki sahəsinin, digər texniki parametrlərinin həmin mənzilə dair tərtib edilmiş ******* saylı çıxarışa uyğun olmadığını, eləcə də, sahəsi 12.2 kv.metr olan 4 saylı tikilinin Maraqlı şəxs1 məxsus 3 saylı mənzil ilə Cavabdeh2 məxsus 26 saylı evin 7A saylı mənzili arasında olan sahədə yerləşdiyini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsi, 26 saylı evin 3 saylı mənzilinə dair tərtib olunmuş texniki pasportun məlumatlarında göstərilən tikillərdən sahəsi 12.2 kv.metr olan 4 saylı tikilinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 istifadəsində olduğu müəyyən edilir. Həmin tikilinin iddiaçıya təcrid olunmuş mənzil şəklində ayrılması, 7A saylı mənzil həmin mənzilə dair olan çıxarışda göstərilən 29.2 kv.metr sahəyə uyğun vəziyətə, yəni ilkin vəziyyətə gətirilməklə mümkün ola bilər”.

17. Cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddianın əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddia ərizəsinin xahiş hissəsi abstrak və qeyri-müəyyən formada yazıldığı üçün iddia tələbi təmin edə bilməz və rədd olunmalıdır. Çünki iddiaçı tələb edir ki, “3 saylı 3 otaqlı mənzilin təcrid olunmuş 12.2 kv.metr yaşayış sahəsi, ayrıca girişi və sanitar qovşağı olan otağı əvvəlki vəziyyətinə gətirilsin”. 12.2 kv.metr yaşayış sahəsinin əvvəlki vəziyyətini göstərən sxemlər, texniki pasportlar yoxdur. 12.2 kv. metr yaşayış sahəsinin ayrıca giriş qapısını, sanitar qovşağını göstərən heç bir texniki pasport yoxdur. Dövlət reyestr xidmətinin məhkəməyə təqdim etdiyi sənədlərdə də 12.2 kv.metr yaşayış sahəsinin ayrıca giriş qapısı, sanitar qovşağı göstərilməyib. İddiaçının ərizəsindəki iddia tələbləri hansı tarixi sənədlərə, çıxarışlara əsaslanır? İddiaçı öz tələblərinin əsaslandığı halları maddi sübutlarla sübut etməlidir. Əks halda iddia tələbi rədd edilməlidir. Məhkəmə qərarı əsasında 2 mart 2023-cü il tarixində 3 və 7A saylı mənzillərdə tikinti-texniki ekspertizası keçirilmiş və 3 ay 10 gündən sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidov tərəfindən xx.xx.2023-cü il tarixli 10/212 nömərli yanlış və natamam bir rəy yazılmışdır. Əsas yanlışlıq ondan ibarətdir ki, ekspert Elmar Səidov 7A saylı mənzilə baxış keçirərkən mənzilin faktiki ölçülərini dəftərində qeyd etsə də, rəydə həmin faktiki ölçüləri göstərməmiş və 7A saylı mənzilin sahəsini kupçada olduğu kimi 29.2 kv.metr yox, yanlış olaraq 39.5 kv.metr olduğunu göstərmişdir. 7A saylı mənzilin sahəsinin, ekspert Elmar Səidovun yazdığı kimi 39.5 kv.metr olmasını qəbul edilsə, onda iddiaçının yazdığı kimi, iddia ərizəsində və 3 saylı mənzilin çıxarışında qeyd edilmiş 12.2 kv.metr aşayış sahəsinin 7A saylı mənzildə olması fikri avtomatik olaraq alt-üst olur. Çünki 39.5- 29.2=10.3 kv.metr təşkil edir. Bu rəqəm isə iddiaçının tələb etdiyi 12.2 kv. metr yaşayış sahəsi deyil. Digər tərəfdən ekspert 3 saylı mənzillə 7 A saylı mənzili ayıran divarı tədqiq etmədən rəydə yazmışdır ki, guya iki mənzili ayıran divarın arxasında boş yaşayış sahəsi (yəni 12.2 kv.metr sahə) vardır və guya həmin boş yaşayış sahəsini 7A saylı mənzilin mülkiyyətçisi divar hörməklə öz mənzilinə qatmış, amma həmin boş sahə iki divar arasında qaldığından heç kim istifadə edə bilmir. Müstəqil ekspertiza mərkəzi olan "Az - Ekapertiza” MMC Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəydən fərqli bir rəy vermişdir. "Az-Ekspertiza” MMC-nin 08/23 nömrəli xx.xx.2023-cü il tarixli rəyində göstərilir ki, 12.2 kv.metr yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində olan mənzilin istifadəsində deyil və sahəsi 12.2 kv.metr olan otaq Rüstəmova X19 məxsus 3 saylı mənzil ilə Cavabdeh2 məxsus 26 saylı evin 7A saylı mənzili arasında olan sahədə yerləşmir. Belə olduğu təqdirdə iş üzrə əlavə ekspertiza təyin edilməli idi. Digər tərəfdən, cavabdehin bütün ailə üzvlərinin cavabdeh kimi işə cəlb edilməsi, əsl olmayan cavabdeh kimi üzərinə öhdəlik qoyulmasına yönəlmiş qətnamənin qəbul etməsinə səy göstərilməsi, 7A saylı mənzilin mülkiyyətçisinin mülkiyyət hüququ və ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə məhkəmə prosesinin aparılması, indiyə kimi iddia tələbinin rədd edilməməsi və ya iddia ərizəsinin geri qaytarılmaması məhkəmənin qərəzli olmasına və işə qeyriobyektiv yanaşmasına dəlalət edir.

18. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 iddia tələbinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, həyat yoldaşı mərhum Araz Rüstəmov 2008-ci ildə Mirzə Mənsur küçəsi, ev 26, mənzil 3 ünvandakı 2 otaqlı evi almış, bu mənzili əvvəl Ninel adlı xanım Temraz adlı Türk vətəndaşına, həmin şəxs də onun həyat yoldaşına satmışdır. Mənzilinin altında sahəsi 31.5 kv.m. olan zirzəmi də vardır ki, həmin zirzəmi mənzilinin əvvəlki mülkiyyətçisi Ninel tərəfindən Səbail rayon İcra Hakimiyyətinə müraciət edilərək sərəncam əsasında ona verilmişdir. Divar qonşusu cavabdeh İsmayılovlar ailəsidir, yəni Pərvanə, Rəhim, Zülqiyyə. İsmayılovların mənzili Mirzə Mənsur, ev 26, mənzil 7 ünvandır. Cavabdehlərlə onlar çox mehriban qonşu olmuşlar. Onun qızı Aysel Zülqiyyə ilə rəfiqə idi və tez-tez bir-birlərinin evinə girib-çıxırdılar. Onun mənzilinin divarına bitişik Zülqiyyənin yataq otağı idi. Pərvanə xanım dəfələrlə deyirdi ki, bu yataq otağı qaynı Elxan İsmayılovundur. Təxminən 2011-2012-ci illərdə Pərvanə xanım aradakı divarı sökərək həmin otağı öz sahələrinə qatdı və mətbəx studio kimi yaratdı, özünün əvvəlki mətbəxindən isə hamam yaratdı. Evin daxili vəziyyətini tamam dəyişəndən sonra Pərvanə xanım öz hissələri olan 29 kv.metri 7 A ünvanı altında sənədləşdirmiş, Elxan İsmayılovun 12 kv.metrini zəbt etmişdir. Pərvanəgilin mənzilində uzun müddətdir ki, kirayəçilər yaşayırlar. Məhkəmə tərəfindən ekspertiza təyin olunduqdan sonra o, dəfələrlə işdən icazə alıb mənzilinə gəlmiş, iddiaçı və ekspert də gəlmiş, lakin cavabdehlərdən kimsə gəlib qapını açmamışdır ki, ekspert mənzilə baxsın. Sonuncu dəfə də ekspert gələndə artıq cavabdehlərin razılığı ilə mənzildə yaşayan kirayənişinlər evin qapısını açdılar ki, ekspert mənzilə baxsın. Ekspert onların iştirakı ilə onun da, Pərvanəgilin də mənzilində ölçmə işləri apardı və Pərvanəgilin mənzilinin ölçülərinin artıq olduğunu və mənzildə rekonstruktiv dəyişiklər aparıldığını müəyyən etdi.

19. Maraqlı şəxs1 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) də iddia iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vaxtında keçirilməsinin mümkün olmaması cavabdehlərin təqsiri üzündən olmuş, onlar məhkəmə çağırışlarına bilə-bilə gəlməməklə, mənzili baxış keçirilməsi üçün uzun müddət ekspertə təqdim etməməklə işin düzgün gedişatına mane olmağa çalışmışlar. Onlar ekspertlə birlikdə dəfələrlə mübahisəli ünvanda olsalar da, cavabdehlər oraya gəlməmiş və cavabdehlərin ünvanında yaşayan kirayənişinlər də mənzilin qapısını açmamışlar ki, ekspert mənzilə baxsın. Sonuncu dəfə nəhayət ki, cavabdehlərin razılığı ilə kirayənişinlər mənzilin qapısını açaraq ekspertin mənzilə baxmasına şərait yaratmışlar. Ekspert tərəfindən proses iştirakçılarının iştirakı ilə tədqiqat aparılaraq, mənzillərin faktiki sahələri ölçülmüş, cavabdehlərin mənzilinin ölçülərinin çıxarışda göstərildiyindən artıq olduğunun onlar da şahidi olmuşlar. Ekspert rəyində göstərilən ölçülər tədqiqat yerində ekspert tərəfindən müəyyən olunan ölçülərdir və ona görə də, ekspert rəyi ilə tam razıdırlar.

20. Məhkəmə iclasında dindirilən ekspert Elmar Səidov iş üzrə vermiş olduğu rəyi müdafiə etmiş, bildirmişdir ki, rəydə yazılmış ölçülər mübahisəli mənzilin ölçüləri ilə 99,9% eynidir, ölçülərdə çox az fərq ola bilər ki, o da ehtimaldır. Tədqiqat obyektinə baxış keçirmək uzun müddət mümkün olmamışdır, belə ki, cavabdehlər məhzili tədqiqat aparılması üçün təqdim etməmişlər. Nəhayət mənzillərdə ölçmə işləri aparılması mümkün olmuşdur. İddiaçı, onun vəkili və Maraqlı şəxs1 və onun vəkili ekspertiza tədqiqatında iştirak etmiş, lakin cavabdehlərdən orada heç kim olmamış, cavabdehlərin mənzilini orada yaşayan kirayəçilər onlara təqdim etmişlər. Ölçü apararkən Tamilla xanımın sahəsində həmin mərtəbə səviyyəsində artıq heç bir sahə aşkar edilməmişdir. 7A saylı mənzilin ölçüsü müayinə vaxtı 39,5 kv.m müəyyən olunmuşdur. 7A saylı mənzildə ilkin vəziyyətdən fərqli olaraq, divarlar sökülərək konstruktiv dəyişikliklər edilib. 7A saylı mənzil söküntü işləri aparılmaqla ilkin vəziyyətə qaytarıla bilər. Orada əvvəllər studio mətbəx olmayıb. 7A saylı mənzilin faktiki sahəsi texniki pasportda göstərilənlərlə müqayisədə artırılıb. 3 saylı mənzilə dair tərtib olunmuş texniki pasportun məlumatlarında göstərilən tikililərdən sahəsi 12,2 m2 olan otağın iddiaçıya təcrid olunmuş mənzil şəklində ayrılması, yalnız 7 A saylı mənzilin ona dair olan çıxarışda göstərilən 29,2 kv.m. sahəyə uyğun vəziyyətə, yəni ilkin vəziyyətə gətirilməklə mümkündür.

21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin mütəxəssis rəyinin verilməsi ilə bağlı sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır.

22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvanda yoxlama-ölçü işləri aparılmış, müayinə zamanı məlum olmuşdur ki, sözügedən mənzil iki mərtəbəli yaşayış binasının 1ci mərtəbəsində yerləşir. Texniki pasportda göstərilən 1, 2 və 3 saylı sahələr (ümumi sahə 42,8 kv.m.) digər payçı olan Maraqlı şəxs1, 4 saylı sahə (12,2 kv.m.) isə İddiaçı, X5, X3 və X4 uyğun olaraq 1/5, 2/5, 1/5, 1/5 hissə olmaqla mülkiyyətlərindədir.

23. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3, habelə üçüncü şəxslər qismində işə cəlb olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Maraqlı şəxs2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri məhkəmə iclaslarına gəlməmişlər.

24. Birinci instansiya məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 26 ünvanda 3 saylı mənzilin İddiaçı məxsus 12,2 kv.m. olan 1 otağının, həmin ünvan üzrə Cavabdeh2 məxsus 7 A saylı mənzilin ona dair çıxarışda göstərilən 29,2 kv.m. sahəyə uyğun ilkin vəziyyətə gətirilməklə, təcrid olunmuş şəkildə İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

25.1. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 saylı 3 otaqlı mənzilinin təcrid olunmuş ümumi və yaşayış sahəsi 12,2 kv.m olan 1 otağı xx.xx.1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən iddiaçının həyat yoldaşı X15 məxsus olmuş və xx.xx.2018-ci il tarixində onun ölümündən sonra miras əmlak olaraq hər birinin payı 1/5 hissədə olmaqla vərəsələrinə, eləcə də, iddiaçı və onun övladlarına keçmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-40/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Səbail rayon İcra şöbəsinin icra məmurları, Maraqlı şəxs2 MKTX-nin texniki şöbənin əməkdaşı, “Alliance Consultinq” qiymətləndirmənin nümayəndəsi və hal şahidlərinin iştirakı ilə Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 26, 3 saylı mənzilin Maraqlı şəxs1 məxsus naturada ayrılmış 2 otağına baxış keçirilmiş, həmin mənzilin hərracda satışı təşkil edilməli olan 1 otağın ərazisinə baxış keçirilərkən həmin ərazinin Cavabdeh2 mülkiyyətində olan sahəyə birləşdirildiyi müəyyən olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. 25.2. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, cavabdehlər, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin 7a saylı mənzilində qeydiyyatda olan mənzilin mülkiyyətçisi Cavabdeh2 və onun ailə üzvləri - atası Cavabdeh3 və anası Cavabdeh1 tərəfindən iddiaçı və onun övladlarına məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 3 saylı mənzilinin təcrid olunmuş 1 otağının divarı sökülərək həmin otağı sahəsi 7a saylı mənzilin sahəsinə qatılmış və 7a saylı mənzildə rekonstruktiv dəyişikliklər aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** nömrəli çıxarışda Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 7a saylı mənzilinin ümumi sahəsinin 29,2 kv.m. olmaqla Cavabdeh2 mülkiyyətində olduğu göstərilmiş, həmin mənzilə dair tərtib edilmiş sxemdə mənzilin sahələri 12,35 kv.m., 14,06 kv.m., 8,73 kv.m., 2,64 kv.m. və 1,72 kv.m. olan 5 tikilidən ibarət olmaqla, ümumi sahəsinin 39,5 kv.m. təşkil etdiyi göstərilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Cavabdeh3 verilmiş Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 26 saylı evin 7a saylı mənzilinə dair xx.xx.1996-cı il tarixdə tərtib olunmuş Texniki Pasportunda mənzilin ümumi sahəsinin 29,1 kv.m. olmaqla 4 tikilidən ibarət olduğu (yaşayış sahəsi 12,9 kv.m. 1 otaq, sahəsi 7,4 kv.m. olan mətbəx, sahəsi 6,5 kv.m. olan daxili dəhliz, sahəsi 2,3 kv.m. olan vanna otağı) göstərilmişdir. 25.3. Məhkəmə tərəfindən təyin olunmuş tikinti-texniki ekspertizası üzrə 10/212 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin 3 saylı mənzilində Maraqlı şəxs1 istifadəsində olan tikililərin ümumi sahəsi 42.8 kv.m olmaqla, həmin mənzilə dair tərtib edilmiş texniki pasportda göstərilən, sahələri 20.2 kv.metr və 16.0 kv.metr olan iki yaşayış otağı, eləcə də sahəsi 6.6 kv.metr olan 1, 2 və 3 saylı tikililər Maraqlı şəxs1 faktiki olaraq istifadəsindədir və İddiaçı övladları ilə birlikdə məxsus olan 12.2 kv.m payın sahəsi Maraqlı şəxs1 məxsus payın sahəsinə daxil deyil. Ekspert tərəfindən aparılmış ölçü işləri nəticəsində 26 saylı evin 7 a saylı mənzilinin ümumi sahəsinin 39,5 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. Ekspert rəyindən eləcə də görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsində yerləşən, 26 saylı evin 7A saylı mənzilinin faktiki sahəsinin, digər texniki parametrlərinin həmin mənzilə dair tərtib edilmiş ******* saylı çıxarışa uyğun olmadığını, eləcə də, sahəsi 12.2 kv.metr olan 4 saylı tikilinin Maraqlı şəxs1 məxsus 3 saylı mənzil ilə Cavabdeh2 məxsus 26 saylı evin 7A saylı mənzili arasında olan sahədə yerləşdiyini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, M.Mansur küçəsi, 26 saylı evin 3 saylı mənzilinə dair tərtib olunmuş texniki pasportun məlumatlarında göstərilən tikillərdən sahəsi 12.2 kv.metr olan 4 saylı tikilinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 istifadəsində olduğu müəyyən edilir. 25.4. Məhkəmə hesab edir ki, belə olan halda iddiaçı bu hərəkətlərə son qoyulmasını tələb etməkdə tam haqlıdır. 25.5. Hazırkı mübahisədə cavabdehlərin iddiaçıya və onun övladlarına məxsus yaşayış sahəsinə sahiblik etmələri nəticəsində iddiaçının və onun övladlarının müllkiyyət hüququ pozulmuş (onların yaşayış sahəsindən sərbəst şəkildə sahiblik imkanı tam aradan qaldırılmış), lakin bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməsi, eləcə də mütənasib olması məhkəmə tərəfındən müəyyən edilməmişdir. 25.6. Məhkəmə iclasında eləcə də müəyyən olunmuşdur ki, cavabdehlərin mübahisəli mənzilə nə kirayə, nə əvəzsiz istifadə, nə də sair müqavilələrdən irəli gələn sahiblik hüququ təsbit edilməmişdir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməyərək mübahisəli mənzilə sahiblik hüququnun mövcudluğuna dair heç bir dəlil təqdim etməmişlər. O da nəzərə alınmalıdır ki, müdafıəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ona sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə sahiblik etməyi də ehtiva edir. 25.7. Göründüyü kimi, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan MM-in 157.2-ci maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən iddiaçının öz əmlakını cavabdehlərin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmalıdır.

26. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 152.1-ci, 157.1-ci, 157.2-ci maddələrinə, “İnsan Hüquqlarının və X16 haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin “Broniovski Polşaya qarşı” və “Marck Belçikaya qarşı” işlər üzrə qərarlarına, Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri üzrə” xx.xx.2004-cü il tarixli və “S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli” qərarlarına istinad etmişdir.

27. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini Cavabdeh1 tərəfindən iddia tələbinə qarşı məhkəməyə ünvanlanan etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən halları nəzərə almadığını, iddiaçıya aid olan mübahisəli sahənin 7A saylı mənzilin deyil, 3 saylı mənzilin tərkibində yerləşdiyinə əhəmiyyət vermədiyini, əsaslı olmayan ekspert rəyinə istinad etdiyini, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə etiraz

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

29. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.

30. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh3, habelə üçüncü şəxslər qismində işə cəlb olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Maraqlı şəxs2 Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

31. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

32. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

33. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

34. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

37. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

38. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

39. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

41. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

53. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin tam yoxlanılması təşkil edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qətnamədən şikayət verməsələr də, Cavabdeh2 şikayəti onların da mənafeyinə uyğun olmaqla qətnamənin ləğvinə yönəlmişdir və həmçinin mübahisənin predmeti bölünməz xarakterlidir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

54. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini, habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini təsbit etmişdir (§ 39, 40).

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

56. İşin müəyyən olunan halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən evin 3 saylı mənzilinin 1 otağı 2/5 hissədə X6, 1/5 hissədə X3, 1/5 hissədə X4, 1/5 hissədə İddiaçı mülkiyyətindədir və həmin otaq Cavabdeh2 mülkiyyətində olan 7A saylı mənzilə birləşdirilmişdir (7A saylı mənzilin tərkibində qalmışdır).

57. Buna görə də kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.

58. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-39/2023 saylı iş üzrə 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar