Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1813/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5164/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissə payı olmaqla İddiaçı, 1/2 hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. Hazırda iddiaçı fərdi yaşayış evinə köçürülməyi barədə qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və cavabdehin onun evdə yaşamağına yaratdığı maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə paylara bölünərək, həmin evin 1/2 hissəsi hazırki iddia ərizəsi üzrə iddiaçının, 1/2 hissəsi isə cavabdehin mülkiyyətinə verilmişdir. Hal-hazırda həmin ünvanda qeydiyyatdadır. 2022-ci ilin noyabr ayına qədər cavabdehlə birlikdə rəsmi nikahda ər-arvad münasibətində uşaqları ilə birlikdə həmin ünvandakı fərdi yaşayış evində yaşamışdırlar. Bütün bu işləri bitirdikdən sonra cavabdeh onu birlikdə yaşadıqları ünvan 1-də 2022-ci ilin noyabr ayında bütün evlərin və çöl giriş qapılarının açarlarını dəyişərək onu evinə buraxmadı. Bütün olanlardan başqa cavabdehin evlə həyətyanı torpaq sahəsinə ayrı-ayrılıqda Daşınmaz Əmlakın Dövlət Reyestrindən öz adına onun xəbəri olmadan çıxarış almasını aşkarladı. Bundan sonra, o, Suraxanı rayon məhkəməsinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə və daşınmaz əmlakın üzərində hüquqlarının olmasına dair iddia ərizəsi ilə müraciət etdi. Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 16(010)-76/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq onun qeyd olunan fərdi yaşayış evi üzərində 1/2 hissədə payı müəyyən edilmiş, icra sənədi icra olunmuşdur. Bu baxımdan onun Bakı şəhəri, ünvan 3 ünvanındakı mənzildə yaşamağı, cavabdehlə ümumi təsərrüfat aparmağı, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşamağı və başqa yerdə yaşayış yerinin olmaması əsası ilə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından onun mənzil hüququna müdaxilə kimi qiymətləndirilməsi və pozulmuş hüquqları bərpa edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5164/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehin onun evdə yaşamağına yaratdığı maneələrin cavabdehə qadağan edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissə payı olmaqla İddiaçı, 1/2 hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. Bu hal iş materiallarında olan müvafiq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı ilə təsdiqlənir. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4353/2022 saylı qətnaməsi ilə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payı müəyyən edilmiş, bu qətnamədən Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin verilən şikayət isə təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. Belə olan halda, iş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh sözügedən fərdi yaşayış evinə və torpaqlarına paylı mülkiyyətçidirlər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən əmlakın mülkiyyətçi kimi öz sahiblik və istifadə hüquqlarını həyata keçirilməsi üçün cavabdeh tərəfindən yaradılan manealərə son qoyulmalı və onlar aradan qaldırılmalıdır. Belə ki, məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə münasibətləri münaqişəli olduğundan, evin açarını dəyişmiş və ona vermir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı sözügedən fərdi yaşayış evin paylı mülkiyyətçisidir, onun əmlakdan sahiblik və istifadə hüquqları digər paylı mülkiyyətçi tərəfindən məhdudlaşdırıla bilməz. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hazırda tərəflər arasında payın bölünməsinə dair məhkəmə mübahisəsi davam edir. Cavabdeh həmin iş üzrə kassasiya şikayət vermişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılması gözlənilir. Odur ki, hazırki işin icraatı dayandırılmalı idi. Məhkəmə işə baxarkən Azərbaycan Mülki Prosesual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələbini pozaraq işə yekun nəticə vermişdir. Göründüyü kimi tərəflər arasında payın tanınmasına, bölgüsünə dair məhkəmə prosesi başa çatmamış İddiaçı “fərdi yaşayış evinə köçürülmə tələbinə dair” iddiası təmin edilməli deyil. Həmçinin İddiaçıla onun arasında münaqişələr davam edir, onların eyni yaşayış evində yaşamaqları daha ciddi problemlər yaradacaqdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual normalara uyğun deyil və ona görə ləğv edilməlidir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13.İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 13.İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Mülki Məcəllə:
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evi və 0.03 ha yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət kimi 1/2 hissə payı olmaqla İddiaçı, 1/2 hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı adına xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixli Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin torpaq sahəsinin planı haqqında məlumatlar qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı 12 oktyabr 2024-cü il tarixindən qeydiyyatdadır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4353/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3593/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İ seriyalı 393099 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 348 nömrə ilə qeyd edilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissə payı olmaqla İddiaçı, 1/2 hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı sözü gedən evə özünə məxsus hissəsinə cavabdeh tərəfindən yaradılmış maneələrə görə köçə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin pay hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin evə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, o isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə iddiaçının 1/2 pay hüququ uzrə ona məxsus olan evə köçürülməsi barədə iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, cavabdeh mübahisəli evə dair payların müəyyən edilməsi barədə qətnamənin qanuni qüvvəsini almamasını bildirsə də, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evi və 0.03 ha yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət kimi 1/2 hissə payı olmaqla İddiaçı, 1/2 hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı adına xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır və həmin çıxarışın məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bununla yanaşı “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, hazırda tərəflərin paylarının müəyyən edilməsi barədə Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilsə də, apellyasiya şikayəti təmin edilməmiş, həmçinin apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh ərizəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3593/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-530/2025 saylı, 12 fevral 2025-ci il tarixli qərarı ilə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3593/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bununla da müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payının müəyyən edilməsi barədə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4353/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5164/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Vahid Sadıqov Sabit Bəhrəmzadə