Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1816/2025 12.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması, hasarın bərpa edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-36/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində istifadədə olan 0.00716 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.9 kv.m yaşayış, 24 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Soltanova (Abdullayeva) Zülfiyyə Ağasalam qızının adına həmin ünvana (torpaq sahəsinə) dair texniki pasport xx.xx.2003-cü ildə tərtib edilmişdir.
3. "xxxx" MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvandakı tikintinin sahibi Cavabdehdur.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0027784, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində istifadəsində olan 0,00716 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,9 kv.m yaşayış, 24 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə məxsus Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş eni 40 sm., uzunluğu 25 metr olan torpaq sahəsinin alınıb iddiaçıya geri qaytarılmasını, torpağın ilkin vəziyyətinə gətirilməsini, burada mövcud olmuş dəmir hasarın cavabdehin hesabına bərpa olunmasını və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı, ailəsi ilə birlikdə anadan olduğu Ağsu rayonunun, Nöycü kəndinə Qurbanlıq Bayramına getmişdir. Evdə olmadığından istifadə edən qonşusu Cavabdeh həyətlərinin arasında olan dəmir hasarı sökmüş, daş hasarla əvəz etmiş və bu zaman eni 40 sm, uzunluğu 25 metrdən ibarət şəxsi mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. O, bu işləri iddiaçı ilə razılaşmadan özbaşına etmişdir. Cavabdeh göstərilən daşınmaz əmlak üzərində qanunsuz sahiblik etmiş, dəfələrlə ondan mülkünü geri tələb etməsinə baxmayaraq onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Yerli İcra Hakimiyyəti orqanlarına məsələ barəsində müraciət etdiyində məsəllənin məhkəmə üsulu ilə həll olunması gərəkldiyini iddiaçıya bildirmişlər. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, sözügedən daş hasarı iddiaçının razılığı ilə inşa etdirmiş, hətta aralarındakı dəmir hasarı sökdürərkən və daş hasarın yeri müəyyən edilərkən onun həyat yoldaşı bu prosesdə iştirak etmişdir. Daş hasarın çəkilməsinə təqribən 700 manat məbləğində xərci çıxmış, yəni onu öz büdcəsi hesabına inşa etdirmişdir. Ustalar işləyərkən tikintiyə yardım məqsədilə iddiaçı həyat yoldaşı vasitəsilə iddiaçıya 200 manat pul göndərmişdir ki, hasarın inşasında onların da iştirakı olsun. Lakin sonradan o, pulu geri tələb etmiş və o da aralarında soz-söhbət olmasın deyə 200 manat məbləğində pulu ona geri qaytarmışdır. Bunun səbəbi isə onun hasarın çəkilməsinə narazı olması deyil, tamamilə başqa xüsusatdır. Məsələnin məğzi ondan ibarətdir ki, iddiaçı onun qonşuluğundakı həyətində iki mərtəbəli ev inşa etdirərkən ikinci mərtəbədə onun həyətinə baxan divarında pəncərə qoyulmasına razı olmadığından Suraxanı rayon İcra Hakimiyətinə müraciət edərək onun pəncərəsini bağlatdırmışdır. Bu səbəbdən də iddiaçı ondan narazı qalmış, onu məhkəmələrdə süründürəcyi ilə hədələmişdir. Digər tərəfdən, özünün yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin uzunluğu iddia ərizəsində göstərildiyi kimi 25 metr deyil, 18 metrdir. Necə ola bilər ki, hasarı öz həyətinin uzunluğundan artıq inşa etdirsin? Bunun sübutu kimi, torpaq sahəsinin cizgi planındakı özünə məxsus torpaq sahəsinə və yeni inşa edilmiş daş hasara yerli baxış keçirilərsə, iddia ərizəsindəki mülahizələrin tam yalan olduğu öz əksini tapacaqdır. İddia ərizəsindəki mülahizələr tamamilə yalan və böhtan xarakterli müddəalardır, ona görə də ərizə təmin edilməməli, iddia tələbi rədd edilməlidir.
7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 512/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1539 nömrəli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən mübahisə predmeti olan torpaq sahəsinin faktiki ölçüləri ilə mülki iş materiallarında olan Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli Texniki Pasport sənədinin “torpaq sahəsinin planı” hissəsində qeyd olunan ölçülər arasında kəskin uyğunsuzlu aşkar edilmişdir. Belə ki, qeyd olunan “Texniki Pasport sənədində tədqiq olunan torpaq sahəsinin ümumi sahəsi 207 kv.m qeyd olunsada faktiki olaraq həmin torpaq sahəsinin ümumi sahəsinin 607 kv.m təşkil etdiyi müəyyən olunur. ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin ölçüləri ilə Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli Texniki Pasport sənədində qeyd olunan ölçülər arasında kəskin uyğunsuzluq (konfiqurasiya fərqi) olduğunda həmçinin, qeyd olunan texniki pasport sənədində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsində çəkdiyi hasarın iddiaçının istifadəsində olan torpaq sahəsinə müdaxilə edib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.
9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 512/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir.
10. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 36/2024 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5320 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, fərdi yaşayış evinin texniki pasportuna əsasən sahə 207 kv.m olsa da, texniki pasportun baş planında qeyd olunan məsafələrə uyğun olaraq 190 kv.m təşkil edir (əlavə sahə mövcuddur). Texniki pasportda qeyd olunan birmərtəbəli yaşayış evi sökülmüş, yerində ikimərtəbəli yaşayış evi inşa edilmişdir (bir hissəsi əlavə sahəyə düşür). Baxış zamanı məlum oldu ki, texniki pasportun baş planında qeyd olunan istinad məsafələrini nəzərə alsaq yeni hasar iddiaçının ərazisinin bir hissəsinə 30 sm daxil olub. Qeyd olunanlarla bağlı torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahədən şimal tərəfdə 15 m məsafədən 325 mm-lik orta təzyiqli yerüstü qaz xətti keçir.
12. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 36/2024 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia qismən təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0027784, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən İddiaçı qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yerləşən eni 30 sm., uzunluğu 25 metr olan torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı qaytarılması, hasarın Cavabdeh hesabına sökülərək bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, torpaq mülkiyyətçisi onun mülkiyyət hüququnu pozan və ya məhdudlaşdıran zəbt etmə halına qarşı məhkəmə müdafiəsindən isitifadə edə bilər. Bu hüquq mülkiyyətçinin birbaşa hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş Konstitutsion hüquqdur və həyata keçirilməsi üsulları maddi hüquq normalarında təsbit edilmişdir. Normaların tələblərinə nəzər saldıqda görünür ki, bu iddianın əsaslı hesab edilməsi üçün iki şərtin mövcud olması vacibdir. Birinci torpaq sahəsi maraqlı şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı, ikinci cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olmalıdır, hansı ki, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozur və ya məhdudlaşdırır. Hazırkı işdə hər iki hal mövcuddur. Yəni, iddiaçının qanuni istifadəsində torpaq sahəsi var. Eləcə də, hazırki mülki iş üzrə iş materiallarında olan mütəxəssis, ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı Zülfiyyə Abdullayevanın qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yerləşən eni 30 sm., uzunluğu 25 metr olan torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir və həmin torpaq sahəsi cavabdeh tərəfindən daş hasarla hörülmüşdür.
14. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı vindikasiya barədə tələbi (mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi) əsaslıdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 140, 152.1, 157.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 84, 111-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 63.1, 77.1, 88, 97.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iddianın tam olaraq təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ailəsi ilə birlikdə 1993-cü il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yerləşən, eni 15 metr, uzunluğu 18 metr olan torpaq sahəsində ev tikdirərək yaşayır. Həmin torpaq sahəsi ona torpaq şəhadətnaməsi və bələdiyyə sənədinə əsasən verilmişdir. İddiaçıya məxsus olduğu və onun tərəfindən zəbt edildiyi iddia edilən torpaq sahəsinin sənədi yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi sənəd isə əvvəldən mövcud olmuş, kiçik ölçülü və hal-hazırda kirayə verilən evin sənədidir. İddiaçı iddia ərizəsində iddia edir ki, guya cavabdeh ona məxsus torpaq sahəsinin eni 40 sm, uzunluğu 25 metr olan torpaq sahəsini zəbt etmişdir. Lakin bu hal tamamilə yanlışdır. Bələdiyyə tərəfindən ona təqdim edilmiş sənəddə torpaq sahəsinin eni 15 metr, uzunluğu isə 18 metrdir. Həmin vaxtdan indiyə kimi də torpaq sahəsinin ölçülərində heç bir dəyişiklik olmamışdır. Əgər o, həqiqətən də, iddiaçının torpaq sahəsini zəbt etmiş olsaydı, o zaman torpaq sahəsinin ölçüləri artmalı idi. Lakin belə bir hal mövcud deyildir. Yeni hasar tikildikdən sonra da onun torpaq sahəsinin ölçüləri dəyişməmişdir. Burdan da görünür ki, onun iddiaçının torpaq sahəsinə daxil olmağı barədə iddia əsassızdır. İddiaçı sözgedən torpaq sahəsində sənəddə göstərilən kiçik ölçülü evi sökərək, onun yerində iki mərtəbəli böyük ölçülü ev tikmiş, həmin ev də sənəd üzərində göstərilən torpaq sahəsində deyil, iddiaçının qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsində tikilmişdir. İddiaçı həmin torpaq sahəsində iki ev tikdirmişdir. Sənəd üzərində göstərilən kiçik ölçülü torpaq sahəsində iki evin tikilməsi, bu azmış kimi həmin torpaq sahəsinin 30 sm enində hissəsinin zəbt edilməsi mümkünsüzdür. Buradan belə nəticəyə gəlmək olur ki, iddiaçı qanunsuz olaraq torpaq sahəsi zəbt etmiş, cavabdehlə onun torpaq sahəsi arasında tikilmiş hasar iddiaçının sənəd üzərində olan torpaq sahəsini deyil, qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsini cavabdehin torpaq sahəsindən ayırır. Məhkəmə tərəfindən ekspertiza təyin olunsa da, həmin ekspertizanın keçirilmə vaxtı barədə cavabdehə heç bir məlumat verilməmiş, ekspertiza onun iştirakı olmadan, ondan xəbərsiz keçirilmişdir. Həmçinin, ekspert onun torpaq sahəsinə baxış da keçirməmişdir. Həmçinin iddiaçının daş hasarın sökülərək, dəmir hasarın bərpa edilməsi barədə iddiası da tamamilə əsassızdır. Qanunvericilikdə torpaq sahələrini ayıran divarın daş, yaxud dəmirdən hörülməsini tənzimləyən bir qayda yoxdur. Təhlükəsizlik və güvənlilik baxımından hesab edir ki, hasarın daşdan hörülməsi məqsədə uyğundur. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, mükli işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar düzgün qiymətləndirilməmişdir. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qismən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Yanlış mütəxəssis və ekspert rəyinə əsaslanan qətnaməyə əsasən cavabdehin torpaq sahəsinin əlindən alınması mülkiyyət hüquqlarının qanunsuz pozulmasına səbəb olacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayəti təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qaytarılmalı olan torpaq sahəsinin ölçüləri ilə bağlı hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. İşdən müəyyən olunur ki, tərəflər qonşudurlar. İddiaçının mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində istifadəsində olan 0,00716 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,9 kv.m yaşayış, 24 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi var.
29. Cavabdehin faktiki sahibliyində olan torpaq sahəsinə və üzərində inşa edilmiş tikililərə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən plan tərtib edilmişdir. Həmçinin, cavabdeh vergi ödəyicisi kimi Bülbülə Bələdiyyəsi tərəfindən qeydiyyata alınmışdır.
30. Tərəflərin izahatları və işdə olan fotoşəkillərlə müəyyən edilir ki, cavabdeh tərəfindən qonşu sahələrin arasında əvvəldən mövcud olan dəmir hasar sökülmüş və daş hasar inşa edilərək iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edilmişdir.
31. Apellyasiya araşdırması zamanı alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus texniki pasportda göstərilən torpaq sahəsinin sərhədinin bir tərəfi mişar daşı ilə, bir tərəfi zavodun hasarı, bir tərəfi şərti, digər hissə isə yeni tikilən evin divarı ilə sərhədlənib. Aparılan ölçülər nəticəsində yeni çəkilmiş hasarın uzunluğu 10.66 m-dir. Həmin məsafənin orta hissəsində eni 30.0 sm, digər hissədə şimal tərəfdə 10.0 sm iddiaçının sahəsi tərəfə yeni hasar inşa edilib.
32. Mütəxəssis rəyindən və texniki pasportdan həmçinin müəyyən edilir ki, yeni inşa edilmiş hasar iddiaçının mülkiyyətində olan həyətinə girişin enini azaltmışdır.
33. Mülki qanunvericiliyin tələblərinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Həmçinin, nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
34. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə müdaxilə aşkar edilən kimi o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, onun cavabdehin pozuntusuna dözmək öhdəliyi yaranmamışdır.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sözügedən hasarın cavabdeh tərəfindən özünün faktiki sahibliyində olan torpaq sahəsi hüdudlarında, yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edilmədən inşa edilməsi istisna edilmir.
36. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə müvafiq icra hakimiyyətinin icazəsi tələb olunmur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-36/2024 nömrəli qətnaməsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan torpaq sahəsinin ölçüsü ilə bağlı hissədə dəyişdirilsin, iddiaçı X1 qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yerləşən, orta hissəsində eni 30.0 sm, digər hissədə şimal tərəfdə 10.0 sm, uzunluğu 10.66 metr olan torpaq sahəsi Cavabdeh alınaraq iddiaçı X2 qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR