Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1818/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1037/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı «öhdəliyə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 57 nömrəli ilkin müqavilə üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1037/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı «öhdəliyə xitam verilməsi» tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin,iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
3. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, iddia tələbinə Nəsimi Rayon Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tərəfindən qərardaddan verilmiş şikayət Məhkəmənin eynisaylı, xx.xx.2023cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilərək mülki işə mahiyyəti üzrə baxılması üçün iş materialları Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.
8. Rayon məhkəməsi öz mövqeyini cavabdehin rəsmi qeydiyyat ünvanının İmişli rayonu olması ilə əlaqələndirmiş, MPM-in 35.1-ci maddəsinə istinad etmişdir.
9. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.13-cü maddəsində qeyd edilir ki, məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur.
11. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
12. Hazırkı işdən də görünür ki, iddia tələbi tərəflər arasında olmuş xx.xx.2019-cu il tarixli № 57 saylı mənzil tikintisini müəyyən edən müqavilədən irəli gələn öhdəliklərlə bağlıdır.
13. Tərəflər arasında mübahisəyə səbəb olan həmin müqavilədın isə bəlli olur ki, müqavilə ünvan 1 ünvanda inşa edilən binadakı mənzillərin inşası və təhvil verilməsini nəzərdə tutur. Demək ki, həmin müqavilənin icra yeri Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisinə aid olur.
14. MPM-in 36.11-ci maddəsində təsbit olunmuşdur, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.
15. Bundan başqa, mülki materiallarından görünür ki, tərəflər arasında hazırkı müqavilə ilə əlaqədar başqa məhkəmə mübahisələrinə də məhz Nəsimi Rayon Məhkəməsində baxılmışdır.
16. Belə olan halda, Kollegiya hesab edir ki, rayon məhkəməsinin gəldiyi qənaət əsaslı olmamışdır, bu səbəbdən də şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
18. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
19. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
20. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş şikayət təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1037/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov