Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1819/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: «əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndələri X1 və X5 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5097/2022 saylı, 27 dekabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin «ASAN3» şöbəsinə aparıcı mütəxəssis (xəzinədar-əməliyyatçı) vəzifəsinə işə qəbul edilib, xx.xx.2019-cu il tarixdə «ASAN3» şöbəsinin xəzinə bölməsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilib, xx.xx.2020-ci il tarixdə «ASAN3» şöbəsinin xəzinə bölməsinin aparıcı mütəxəssis xəzinədar-əməliyyatçı vəzifəsinə təyin edilib, xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud 72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduğu vəzifədən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilibdir.
2. "xxxx" ASC-nin “ASAN3” şöbəsinin əməkdaşları Mədinə Allahverdiyeva, X6, X2 və X4 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli izahatlarda göstəriblər ki, işlədikləri vaxtdan İddiaçı tərəfindən qeyri-etik davranışlar və hərəkətlər görmüş, dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq bunu zarafat adlandıraraq İddiaçı öz hərəkətlərinə davam etmişdir.
3. İddiaçı tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli izahatda etdiyi zarafatları, işlətdiyi ifadələri, həmçinin əməkdaşlarlara fiziki olaraq, xüsusən əllə toxunması faktını qəbul etmiş və bunu danmamış, bunun pis niyyətlə olmadığını bildirmiş və üzr istəyərək gələcəkdə təkrarlanmayacağına söz vermişdir.
4. Bakı şəhəri 39 saylı şəhər poliklinikası tərəfindən verilmiş SN 00007 seriyalı ******* nömrəli və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən İddiaçı xəstə olduğuna görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamışdır.
5. Əmək kitabçasının verilməsi barədə çıxarışa əsasən İddiaçı əmək kitabçasını xx.xx.2022-ci il tarixdə almışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin 2742k saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, mediasiya üçün ödənilmiş 50 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiada göstərilir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olmuşdur. ******* və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrini təqdim etmişdir. xx.xx.2022-ci il tarixli əmri qanunsuz hesab edir. Əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, son dövrlərdə filialının rəhbərliyi tərəfindən ona qarşı müxtəlif təzyiqlər olurdu, uzaqlaşdırmaq istəyirdilər. İşlədiyi müddətdə heç bir inzibati tənbeh almamışdır. Filialın rəhbərliyi bir neçə qadın işçilərdən izahat alıb ki, guya onlara qarşı qeyri-etik hərəkət və davranışlar etmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstəliyi ilə əlaqədar işdə olmadığı dövrdə Həmkarlar İttifaqı Komitəsinin qərarı qəbul edilib. İşdən çıxarılmaqla əlaqədar əmr xəstə olduğu dövrdə, 15 avqustda yazılıb, 17 avqustda işə çıxarkən ona bildirdilər ki, işdən azad edilmişdir. Belə bir qərəzçiliyə qarşı, o, bu cür iş yerində işləmək istəmir. Bununla əlaqədar öz xahişi ilə işdən çıxmasına dair ərizə yazsa da, qəbul etmədilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən qanunsuz olaraq işdən çıxarılması barədə X7 Xidmətinə müraciət etmişdir. Mediasiya Şurasının Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə mediasiya sessiyasında iştirak etsə də, barışıq əldə edilmədiyinə görə mediator tərəfindən xx.xx.2022-ci il tarixdə «Mediasiya haqqında» Qanuna uyğun olaraq «İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış» verilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5097/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozaraq bank daxilində qeyri-etik hərəkətlərinə yol vermiş və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.3-cü maddəsində işçinin vəzifələri qeyd edilmiş, onlardan biri də işçinin əmək intizamına və Bankdaxili intizam qaydalarına, o cümlədən "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin tələblərinə riayət etməkdən («b» bəndi) və iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaqdan («e» bəndi) ibarətdir. "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, bank əməkdaşları bu Məcəllənin, habelə ümumilikdə Bankın digər müvafiq normativ sənədlərinin tələblərinin lazımi qaydada yerinə yetirilməsinə bilavasitə məsuliyyət daşıyırlar. Bu Məcəllədə, habelə ümumilikdə Bankın digər müvafiq normativ sənədlərində nəzərdə tutulmuş tələblərin pozulması (və ya pozulmasına şərait yaradılması) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətin yaranmasına səbəb ola bilər (maddə 8.2.). İş mühiti çərçivəsində etik qaydalara və əxlaq normalara riayət etmək "xxxx" ASC-nin hər bir əməkdaşının vəzifəsidir və əks halda həmin şəxs müvafiq məsuliyyət daşıyır. İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozaraq, bankdaxili qeyrietik hərəkətlərinə yol vermiş və müəssisədaxili intizamı pozmuşdur. Bu hallar məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə təsdiq olunmuşdur. İddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə tam əsas olmuşdur. İddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı tərəfin etirazlarından biri də işəgötürən tərəfindən işdən azad olunma barədə əmr verilərkən Həmkarlar İttifaqının iclasına onun dəvət edilməməsi olmuşdur ki, bununla bağlı Əmək Məcəlləsinin 80-ci maddəsində (Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar) işçinin iştirakının məcburiliyi nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı tərəfin digər etirazı isə ondan ibarət olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə xəstə olduğu müddətdə xitam verilmişdir. 2742K saylı əmrdən də görünür ki, işəgötürən tərəfindən işdən azad olunma barədə əmr işçinin xəstə olduğu dövrdə (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yəni, xx.xx.2022-ci il tarixdə) verilsədə əmrin qüvvəyə minmə tarixi (xx.xx.2022-ci il tarix) işçinin əmək qabiliyyətinin bərpa olunaraq işdə olduğu dövrdə təsadüf etmişdir ki, bu hissədə iddiaçının etirazı əsassız hesab edilməlidir. Bu səbəbdən, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. İddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir. İddiaçı tərəfindən sübut kimi təqdim edilmiş «Votsap» yazışmaları və disk formatda səs danışıqları bağlı qeyd edir ki, həmin «Votsap» yazışmaları və səs danışıqları gizli yolla əldə edildiyi üçün və şəxsi yazışma olduğu üçün bu yazışmalar və səs danışıqları sübut kimi qəbul edilə bilməz. MPM-in 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2). Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə bağlı qeyd edir ki, iddia tələbinin özü əsassız olduğundan iddia müddətinin tətbiq edilməsi barədə ərizədə münasibət bildirməsi məqsədəmüvafiq deyil.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş edərək göstərir ki, X2 arasında olan “Votsap” yazışmalarını məhkəmə sübut kimi qəbul etməsə də, həmin yazışma reallığı əks etdirir. Birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 71, 79, 83 və 189-cu və Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217.3-cü maddələrinin tələblərini pozmuşdur.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında cavabdehin nümayəndələri X3 və X10 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Maddə 11 «b» bəndi. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Maddə 70 «ç» bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71.2 və 71.3. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Madddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 186. 1-ci hissə.İşəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2-ci hissə.İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Maddə 189.2-ci hissə. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından, iddia haqlı sayılmır.
22. Belə ki, iddiaçının əmək müqaviləsinin ləğv edildiyi 17 avqust 2022-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirməməsi və işdə olması işin mübahisəsiz halıdır, yəni bu fakt hər hansı bir formada nə iddiaçı, nədə digər şəxslər tərəfindən mübahisələndirilməyib. Mübahisələndirilən hal həmin əmrin 15 avqust 2022-ci il tarixdə verilməsi ilə bağlıdır. Ancaq bu hal iddianın əsaslı olduğunu təsdiq etmir. Çünki, əmrin tarixi 15 avqust 2022-ci il olsa da, iddiaçı ilə əmək müqaviləsinə 17 avqust 2022-ci ildən xitam verildiyi elə həmin əmrdə göstərilmişdir. Başqa sözlə, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir. Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsində də göstərilir ki, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Yəni, qeyd olunan normaların məzmunundan da görünür ki, qadağa əmrin tarixi ilə deyil, əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlıdır, başqa sözlə işçiyə əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində intizam tənbehi verilə bilməzdi. Ancaq hazırki işdə iddiaçıya intizam tənbehi əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində deyil, işdə olduğu gün verilmişdir. Ona görə də iddiaçının bu normanı öz mənafeyinə uyğun şəkildə təfsir etməyə çalışması əsaslı sayıla bilməz.
23. Cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 71-ci maddələsinin tələbləri pozulmamışdır. Çünki, iddiaçı qəsdən vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmuş, eləcə də əmək kollektivinin ayrı-ayrı üzvləri olan 4 qadının hüquqlarına və qanunla qorunan mənafelərinə onlara qarşı etdiyi qeyri-etik hərəkət və davranışlar nəticəsində ziyan dəymişdir. Belə ki, cavabdeh qurumun 4 qadın əməkdaşı bu barədə 2022-ci ilin iyul ayının 20 və 22-də izahat verərək bu faktları təsdiq etmişdir. İddiaçı özü də bu halları inkar etməmiş, sadəcə bunu zarafatla etdiyini, onlara toxunmasını, xüsusən də əli toxunmasını pis niyyətlə etmədiyini göstərmişdir. Ancaq onun bu izahatı, iddiası və şikayətində göstərdiyi digər dəlillər o zaman mötəbər hesab edilə bilərdi ki, qeyd olunan qadınlar da iddiaçının fikrini təsdiqləsin. Ancaq onlar iddiaçının göstərdiklərini təsdiq etməyiblər. Düzdür, iddiaçı həmin qadınlardan biri olan Gülnar Mansurova ilə 2022-ci ilin avqust ayında olan “votsap” yazışmalarını kağız formada və səs danışıqlarını maddi daşıyıcıda məhkəməyə təqdim etmişdir. İddiaçı həmin yazışmaları Gülnar Mansurovanın iradəsinə zidd qeydə alsa da həmin yazışmalarda iddianı əsaslı edəcək dəlillər mövcud deyildir. Çünki, həmin yazılarda Gülnar Mansurova iddiaçının ona qarşı qeyri-əxlaqi hərəkətlər etmədiyini təsdiqləmir, sadəcə baş verənlərdən təəssüfləndiyini bildirir ki, buda normal insana xas olan bir hiss sayılır. Birdəki, Gülnar Mansurova 27 dekabr 2022-ci il tarixli məhkəmə iclasında şahid qismində də ifadə vermiş və ifadəsində iddiaçının ona və digər qadınlara qarşı etik olmayan hərəkətlər etdiyini təsdiq etmiş və digər xanımlarla birlikdə “səbirkasası” daşdığı üçün rəhbərliyə məlumat verildiyini göstərmişdir. Göründüyü kimi, iddiaçı həmin qadınlardan biri olan Gülnar Mansurovanın etibarından sui-istifadə edərək onunla olan danışıqlarını gizli olaraq qeyd etsə də bu faktın özü də onun iddiasının və şikayətinin keçərli olmasına təsiri olmamışdır.
24. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. İddiaçı ilə qeyd olunan əsasla əmək müqaviləsinin ləğv edilməsinə cavabdeh qurumun həmkarlar təşkilatının qabaqcadan razılığı alınmışdır(bax;i.v.53).Ancaq iddiaçı həmin iclasa dəvət edilmədiyini mübahisələndirir. Bu hal həqiqi olsa belə, iddia əsaslı olmasa da mütləq təmin edilməli olduğunu labüd etmir. Çünki, Əmək Məcəlləsində işçinin həmkarlar təşkilatının iclasında iştirak etməməsi əmək müqaviləsini ləğv edilməsini qadağan edən hallar siyahısına aid edilməmişdir.
25. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq olunmasına dair ərizəsi ilə bağlı qeyd edib ki, iddia tələbinin özü əsassız olduğundan iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirməsi məqsədəmüvafiq deyil. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci ihissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımı dayandırılsa da yenədə iddiaçı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu müddəti də pozmuşdur. Bu hal da iddianın rədd edilməsi üçün müstəqil əsas kimi nəzərdə tutulur.
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 5097/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5097/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.