Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1819/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" ASC-yə qarşı “torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3634/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra, cavabdeh) qarşı “torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanda yerləşən və onun istifadəsində olan dövlət mülkiyyətindəki 152496.8 kv.m torpaq sahəsinin xx.xx.1998-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və mediasiya sessiyası ilə bağlı mediatora ödənilən 40 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında yerləşən "xxxx" ASC-nin istifadəsində və dövlət mülkiyyətində olan 152496.8 kv.m torpaq sahəsinin 650 kv.m hissəsində cavabdeh tərəfindən özbaşına olaraq qeyri-yaşayış obyektlərinin inşa edildiyi aşkar olunmuşdur. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1204 nömrəli sərəncamı ilə H.Z.Tağıyev adına X3 bazasında "xxxx" X9 Cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2007-ci il tarixdə tam özəlləşdirilmişdir. Cəmiyyətin səhmləri tam özəlləşdirilsə də, onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdeh tərəfindən tikinti işləri xx.xx.1998-ci il tarixli texniki pasportda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.46-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək, habelə 3.0.36-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Xidmətin vəzifələridir. Qanunvericiliyə əsasən cavabdeh tərəfindən dövlət mülkiyyətində və onun istifadəsində olan torpaq sahəsində müvafiq tikinti işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq alınmalı olduğu halda, cavabdeh belə bir razılıq almadan tikinti işlərini aparmışdır ki, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazın məzmununa əsasən, cəmiyyətin qanuni istifadəsində olan torpaq sahəsindəki tikililərinn sökülməsini tələb etmək Əmlak Məsələsi Dövlət Xidmətinin Əsasnaməsi ilə ona verilən səlahiyyətlərə uyğun deyildir. Cavabdeh dövlətə məxsus hər hansı obyekti (əmlakı), torpaq sahəsini zəbt etməmiş, hər hansı torpaq sahəsindən qanuna zidd formada istifadə etməmişdir. İddiaçının ilkin vəziyyətə gətirilməsini tələb etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243-cü və 245-ci maddələrinə əsasən cavabdehin tam qanuni sahibliyində və istifadəsindədir, təyinatı isə dəyişdirilməmiş, yalnız sahədə özəlləşdirməyə qədər tikilmiş yarımçıq tikililər təmir edilmişdir. Cəmiyyət özünün qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsində icazə o cümlədən, Dövlət Əmlak Xidmətinin razılığı, tələb olunan hər hansı tikinti, yenidənqurma və quraşdırma işləri aparmamışdır. ƏMDX-nin Əsasnaməsinin 3.0.46-cı yarımbəndində cari təmir üçün hər hansı razılıq tələbi olmadığı üçün cavabdehin torpaq sahəsindən istifadəsi qanunsuz hesab edilə bilməz. Hazırda Dövlət Əmlak Xidmətinin sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsi icarə obyekti kimi fəaliyyət göstərir və həmin icarə obyektində 50-dən artıq şəxs işləyir,cəmiyyət hər il icarə haqqından dövlət büdcəsinə təkcə ƏDV üzrə 5000 manatdan artıq vergi ödəyir. İcarə haqqından il ərzində mədaxil olan gəlirdən isə büdcəyə 5600 manata yaxın mənfəət vergisi ödənilir. Göstərilən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dövlət büdcəsi ildə 10000 manatdan artıq, cəmiyyətə isə xeyli gəlirini itirə, 50-dən artıq iş yeri bağlana bilər. Dəyəri cəmiyyətin nizamnamə kapitalına daxil olan daşınmaz əmlakın sökülərək ləğv olunması onun nizamnamə kapitalının miqdarının dəyişməsinə, yəni azalmasına səbəb olur. Səhmdar Cəmiyyətin nizamnamə kapitalının miqdarının dəyişdirilməsi isə Mülki Məcəllənin 104.1, 105.1, 107.1.1-ci və cavabdehin Nizamnaməsinin 6.4-cü maddəsinə əsasən X1 müstəsna səlahiyyətidir. Mülki Məcəllənin 107.1.1-ci maddəsində göstərilir ki, X1 müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1 Cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək. Cəmiyyətin nizamnaməsinin 6.4-cü maddəsində göstərilir: X1 müstəsna səlahiyyətinə aşağıdakı məsələlər daxildir. 1) Cəmiyyətin nizamnaməsinə dəyişiklik və əlavələr edilməsi, nizamnamə kapitalının dəyişdirilməsi. Belə olan halda texniki pasportda göstərilən ilkin vəziyyət dedikdə iddiaçının hansı vəziyyəti nəzərdə tutduğu məlum deyildir. İddiaçı iddia ərizəsində cavabdehin qanuni istifadəsində və sahibliyində olan dövlətə məxsus torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasını tələb edir. Lakin müvafiq sənədlər həmin torpaq sahəsindəki tikililərin özəlləşdirməyə qədər mövcud olduğunu və onların cavabdeh tərəfindən dövlət əmlakının özəlləşdirilməsi qaydasında satın alındığını təsdiq edir. İddiaçı müvafiq aidiyyatı sənədləri araşdırmadığına, onlarda göstərilənləri işin halları ilə tutuşduraraq həqiqəti aşkar etmədiyinə görə cavabdehə qarşı əsassız və qeyri-qanuni iddia tələbi irəli sürmüşdür. Ona görə də iddiaçının iddia tələbi təmin olunmamalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3641/2023 saylı qərardadı ilə mülki işin məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(005)- 3634/2023 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin olunmamışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması, yalnız cavabdehin etirazının əsas götürülməsi, iddiaçının əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçirilərək özbaşına tikinti faktının aşkar olunması, cavabdehin təmir-tikinti adı ilə əlavə tikinti işləri aparması, məhkəmə tərəfindən topraq sahəsindəki əmlakların ilkin və hazırkı vəziyyəti arasında fərqlərin müəyyən olunması üçün hər hansı araşdırma aparılmaması (ekspertiza təyin olunması və s.), bununla da iddiaçının ədalətli məhkəmə araşdırması hüququnun pozulması və s. göstərilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə, eləcə də iddia ərizəsində qeyd olunanlara və birinci instansiya məhkəməsndə verilmiş izahatlara uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanda yerləşən və onun istifadəsində olan dövlət mülkiyyətindəki 152496.8 kv.m torpaq sahəsinin xx.xx.1998-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi barədə tələb irəli sürülsə də, tərəflər arasında hazırki mübahisə dövlət mülkiyyətində olan 152496.8 kv.m torpaq sahəsinin yalnız bir hissəsində, yəni texniki pasportda “Sanatoriya yarımçıq tikili” kimi qeyd olunmaqla, qırıq xətlərlə əhatə olunmuş 650 m2 torpaq sahəsi ilə bağlıdır. Məhz həmin ərazidə iddiaçının razılığı alınmadan tikililər inşa olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq şikayətin əsassız olmasını, iddianın məqsədli şəkildə verilməsini, əslində ərazidə heç bir tikinti işlərinin aparılmamamasını, hər hansı qanunsuz fəaliyyətin həyata keçirilməməsini, yalnız texniki pasportda öz əksini tapmış, özəlləşdirilmiş mövcud yarımçıq tikilidə bəzi təmir işlərinin aparılması, qeyd olunan vəziyyətin apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza zamanı ekspert rəyi ilə də təsdiq olunması və s. bildirmiş, qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1204 nömrəli sərəncamı ilə H.Z.Tağıyev adına X3 bazasında "xxxx" X9 Cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2007-ci il tarixdə tam özəlləşdirilmişdir. Həmin Sərəncamın 2-ci bəndinə əsasən yeni yaradılan Səhmdar Cəmiyətinin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmiş və 3cü maddəsi ilə nizamnamə kapitalı (37 556 900 000 manat) müəyyən olunmuşdur. Həmçinin, Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən yeni yaradılan Səhmdar Cəmiyyətinin əsas ərazisində yerləşən və nizamnamə kapitalına daxil edilən daşınmaz əmlak obyektləri və istifadəsinə verilən torpaq sahəsinin Baş Planı əks olunmuş 02681 nömrəli, xx.xx.1997-ci il tarixli Texniki Pasport hazırlanmışdır. Bununla yanaşı müəyyən edilmişdir ki, Cəmiyyətin səhmləri tam özəlləşdirilmiş, lakin onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi sədrinin xx.xx.1997-ci il tarixli 1204 nömrəli sərəncamındаn görünür ki, H.Z.Tağıyev adına Bakı-X3 bazasında "xxxx" ASC yaradılmış, "xxxx" ASC-nin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmiş, ASC-nin nizamnamə kapitalı 37556.900.00 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən H.Z.Tağıyev adına Bakı-X3 əsas ərazisində yerləşən və nizamnamə kapitalına daxil edilən daşınmaz əmlak obyektləri və istifadəsinə verilən torpaq sahəsinin Baş Planı əks olunmuş 02681 nömrəli, xx.xx.1997-ci il tarixli Texniki Pasportundan görünür ki, başa çatmamış yarımçıq tikili qırıq xətlərlə ayrılaraq “Sanatoriya yarımçıq tikili”kimi göstərilmişdir. İşdə olan H.Z.Tağıyev adına Bakı-X3 Özəlləşdirmə Planına 8 nömrəli əlavə xx.xx.1997-ci il vəziyyətinə “bitməmiş əsaslı tikintinin dəyərinin qiymətləndirməsinə dair xx.xx.1997-ci il tarixli aktı”na əsasən tikintisi 1988-cı ildən başlanmış “Məişət binasının genişləndirilməsi” (sanatoriya-profilaktoriya) yarımçıq tikilisində görülmüş işlərin dəyəri **********.0 manat məbləğində təsdiq olunmuşdur. İşdə olan H.Z.Tağıyev adına Bakı-X3 xx.xx.1997-ci il vəziyyətinə müəssisə əmlakının dəyərinin qiymətləndirilməsi aktı və səhmdar cəmiyyətin nizamnamə kapitalının hesabına dair xx.xx.1997-ci il tarixli Özəlləşdirmə Planına 17 nömrəli əlavədən görünür ki, səhmdar cəmiyyətin nizamnamə kapitalı ********.4 manat müəyyən edilmişdir İşdə olan Z.Tağıyev adına Bakı-X3 özəlləşdirmə planından (emissiya prospekti) görünür ki, səhmdar cəmiyyəti yaradılarkən buraxılan adı səhmlərin ümumi sayı ******* əsas, nominal dəyəri 37556900 min manat. Nizamnamə kapitalının xalis çəkisi 100%-dir. Dövlət mülkiyyətində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə saxlanılan adi səhmlər ******* ədəddir; İşdə olan “İcarəyəverən "xxxx" ASC-nin “İcarəçi” X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 32/02 saylı icarə müqaviləsindən görünür ki, “İcarəyəverən” “İcarəci”yə Bakı şəhəri, Nərimanov rayonu, Z.Büuyadov, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında yerləşən istifadə edilməyən 1000 kv.m qeyri-yaşayış sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün aylıq icarə haqqı 2500 manat olmaqla icarəyə verir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qanuni istifadəsində olan 152496,8 kv.m. torpaq sahəsində hər hansı tikinti, yenidənqurma və quraşdırma işləri aparılmamış, Cəmiyyətin 2023-cü ilə olan 983 səhmdarına məxsus ******* ədəd səhmin dəyərinə sökülməsi iddia edilən yarımçıq tikilinin də dəyəri daxil olmaqla, göstərilən, başa çatmamış yarımçıq tikili də sabiq H.Z.Tağıyev adına Bakı-X3 digər əmlakları kimi özəlləşdirilərək Cəmiyyətin ərazisinin Baş Planında qırıq xətlərlə ayrılaraq “Sanatoriya yarımçıq tikili”kimi göstərilmişdir. Bir sözlə, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin razılıq olmadan aparılması, eləcə də dövlətə məxsus torpaq sahələrinin zəbt olunması və qanuna zidd formada istifadə olunması hallarının mövcudluğu öz təsdiqini tapmamışdır. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər həmin torpaq sahəsindəki tikililərin özəlləşdirməyə qədər mövcud olduğunu və onların cavabdeh tərəfindən dövlət əmlakının özəlləşdirilməsi qaydasında satın alındığını təsdiq edir. Belə olan halda, iddiaçı tərəf texniki pasportda göstərilən ilkin vəziyyət dedikdə iddiaçının hansı vəziyyəti nəzərdə tutulması aydın deyildir. İddiaçı tərəf cəmiyyətin qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsində icazə o cümlədən, Dövlət Əmlak Xidmətinin razılığı, tələb olunan hər hansı tikinti, yenidənqurma və quraşdırma işləri aparmasına dair sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tələbində cavabdehin qanuni istifadəsində və sahibliyində olan dövlətə məxsus torpaq sahəsini əvvəlki vəziyyətə qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər həmin torpaq sahəsindəki tikililərin özəlləşdirməyə qədər mövcud olduğunu və onların cavabdeh tərəfindən dövlət əmlakının özəlləşdirilməsi qaydasında satın alındığını təsdiq edir. Belə olan halda iddiaçı tərəf texniki pasportda göstərilən ilkin vəziyyət dedikdə iddiaçının hansı vəziyyəti nəzərdə tutulması aydın deyildir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi ƏMDX-nin Əsasnaməsinin 3.0.46-cı yarımbəndində özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına razılığın alınmasını tələb olunsa da, həmin normada cari təmir üçün hər hansı razılıq tələbi yoxdur və bu halda cavabdehin torpaq sahəsindən istifadəsi qanunsuz hesab edilə bilməz. Məhkəmənin mövqeyinə görə, görülmüş işlər yalnız mövcud tikililərin cari təmir edilərək, onların istifadəyə yararlı vəziyyətə gətirilməsindən ibarət olmuşdur. Belə olan halda, təmir üçün hər hansı razılıq tələb olunmur, bu halda cavabdehin torpaq sahəsindən istifadəsi qanunsuz hesab edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, Cəmiyyətin 2023-cü ilə olan 983 səhmdarına məxsus ******* ədəd səhmin dəyərinə sökülməsi iddia edilən yarımçıq tikilinin də dəyəri daxildir. Cavabdehin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Sədrinin xx.xx.1997-ci il tarixli, 1204 nömrəli sərəncamının 3-cü maddəsi ilə təsdiq olunmuş **********0 AZM məbləğində nizamnamə kapitalı “X4 Cəmiyyətinə çevrilməsinin Qaydaları haqqında” Əsasnamənin 7.3-cü maddəsinin 3-cü hissəsinə əsasən balansına verilmiş dövlət müəssisəsinin əmlakının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, dəyəri Cəmiyyətin nizamnamə kapitalına daxil olan daşınmaz əmlakın sökülərək ləğv olunması onun nizamnamə kapitalının miqdarının dəyişməsinə, yəni azalmasına səbəb olа bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, eyni zamanda apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd olunmalıdır ki, işin faktiki hallarına əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1204 nömrəli sərəncamı ilə H.Z.Tağıyev adına X3 bazasında "xxxx" X9 Cəmiyyəti yaradılmış və onun səhmləri xx.xx.2007-ci il tarixdə tam özəlləşdirilmişdir. Həmçinin, Cəmiyyətin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilmiş, nizamnamə kapitalı (37 556 900 000 manat) müəyyən olunmuşdur. Cəmiyyətinin əsas ərazisində yerləşən və nizamnamə kapitalına daxil edilən daşınmaz əmlak obyektləri və istifadəsinə verilən torpaq sahəsinin Baş Planı əks olunmuş 02681 nömrəli, xx.xx.1997ci il tarixli Texniki Pasport hazırlanmış, Cəmiyyətin səhmləri tam özəlləşdirilmiş, lakin onun yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən Xidmətinin vəzifəsinə həmçinin dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq, dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək (3.0.36 və 3.0.46-cı yarımbəndləri). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən, özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Torpaq Məcəlləsinin 60-cı maddəsinə əsasən, 1-ci hissəsinə əsasən Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. “X4 Cəmiyyətinə çevrilməsinin Qaydaları haqqında” Əsasnamənin 7.3-cü maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. Həmin Əsasnamənin 7.5-ci bəndinə əsasən, dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır. Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti” Məcəlləsinin 79.1.7-ci maddəsində göstərilir ki, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı hazırki iddia tələbinin “xahiş etdi” hissəsində cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanda yerləşən və onun istifadəsində olan dövlət mülkiyyətindəki 152496.8 kv.m torpaq sahəsinin xx.xx.1998-ci il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını göstərsə də, iddia ərizəsinin məzmunundan, eləcə də nümayəndəsinin izahatından görünür ki, qanunsuz tikililərin inşa olunduğu iddia edilən mübahisə torpaq sahəsi 152496.8 kv.m torpaq sahəsinin yalnız bir hissəsi, yəni texniki pasportda “Sanatoriya yarımçıq tikili” kimi qeyd olunmaqla, qırıq xətlərlə əhatə olunmuş 650 m2 torpaq sahəsi ilə bağlıdır. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən (iddiaçının əməkdaşları tərəifndən tərtib olunmuş 20 iyun 2022-ci il tarixli akt, fotoşəkillər) görünür ki, iddiaçı məhz həmin 650 m2 torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq qeyri-yaşayış obyektlərinin inşa olunmasını iddia etmidir. Cavabdeh isə öz növbəsində müvafiq torpaq sahəsində hər hansı əlavə tikilinin inşa olunmadığını, mövcud tikililərin texniki pasportda öz əksini tapmasını (“Sanatoriya yarımçıq tikili” kimi qeyd olunmaqla, qırıq xətlərlə əhatə olunması və s.), özəlləşdirilmiş həmin tikililərdə sadəcə cari təmir işlərinin aparılmasını və s. göstərərək iddia tələbinin əsassız olduğunu bildirmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə aparılmış, müəyyən olunmuşdur ki, iddia olunan tikililər köhnə tikililər olmaqla, texniki pasportda nəzərdə tutulmuşdur. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh tərəfindən qanuni istifadəsində olan 152496,8 kv.m. torpaq sahəsində iddia edilən hər hansı tikinti, yenidənqurma və quraşdırma işləri aparılmamış, texniki pasportda mübahisəli sahə “Sanatoriya yarımçıq tikili” kimi qeyd olunmaqla, qırıq xətlərlə əhatə olunmuşdur və həmin hissədə əvvəldən mövcud olmuş tikililərdə yalnız cari təmir işləri aparılmışdır ki, bunun üçün də hər hansı razılıq tələb olunmur. Apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3350 nömrəli ekspert rəyindən görünürki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən cavabdehin adına verilmiş xx.xx.1997-ci il tarixli Texniki Pasportda Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında yerləşən 152496.8 kv.m torpaq sahəsinin 650 kv.m hissəsində (Texniki pasportda “Sanatoriya yarımçıq tikili” kimi göstərilmiş, qırıq xətlərlə ayrılmış hissədə) faktiki vəziyyətdə mövcüd olan tikililərin həmin texniki pasportda qeyd olunan ərazinin hüdudları daxilində yerləşdiyi, ərazidən kənaraçıxma halının mövcud olmadığı müəyyən edilmişdir. Ekspert həmçinin qeyd etmişdir ki, həmin hissədə (Texniki pasportda “Sanatoriya yarımçıq tikili” kimi göstərilmiş, qırıq xətlərlə ayrılmış hissədə) olan tikililərin texniki parametrləri (tikililərin ölçüləri, sahəsi, sayı, planlı yerləşməsi, mərtəbəliyi və s.) barədə məlumatlar göstərilmədiyindən həmin tikililərin texniki pasportun tərtib edildiyi vaxt ilkin vəziyyətinin nədən ibarət olmasını, tikililərin ilkin vəziyyəti ilə hazırkı vəziyyəti arasında fərqin olubolmamasını, ərazidə ilkin vəziyyətlə müqayisədə hər hansı tikinti, yenidənqurma, quraşdırma və s. işlərin həyata keçirilib-keçirilməməsini müəyyən etmək, eləcə də həmin ərazidə faktiki mövcüd olan tikililərin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.46 bəndində qeyd olunan əvvəlcə iddiaçının razılığın alınması tələb edilən işlərə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, eksperti rəyindən də göründüyü kimi, iddiaçının iddia etdiyinin əksinə cavabdeh tərəfindən müvafiq torpaq sahəfində mövcüd olan tikililərin həmin texniki pasportda qeyd olunan ərazinin hüdudları daxilində yerləşdiyi, ərazidən kənaraçıxma halının mövcud olmadığı müəyyən edilmişdir. İddiaçı tərəf bunun əksini sübut edə bilməmiş, məhkəməyə yeganə sübut kimi təqdim etdiyi 20 iyun 2022-ci il tarixli aktdan da iddia tələbinin əsaslılığı görünmür. Bununla yanaşı, həmin akt yalnız iddiaçının özünün əməkdaşları tərəfindən tərtib olunmuqla, ümumi sözlərlə ifadə olunmuş, qanunsuz inşa edilmiş tikililərin nədən ibarət olması, sahəsi və s. fərdi xüsusiyyətləri ümumiyyətlə göstərilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı torpaq sahəsinin ilkin vəziyyətə qaytarılmasını tələb etsə də, bunun nədə ifadə olunmasını, tikililərin ilkin vəziyyəti ilə hazırkı vəziyyəti arasında fərqin nədən ibarət olub-olmamasını, ərazidə ilkin vəziyyətlə müqayisədə hər hansı tikinti, yenidənqurma, quraşdırma və s. işlərin həyata keçirilib-keçirilməməsini əsaslandıra və sübut edə bilməmiş, həmin halların ekspertiza tədqiqatı zamanı da müəyyən olunması mümkün olmamamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının istinad etdiyi ƏMDX-nin Əsasnaməsinin 3.0.46-cı yarımbəndində özəlləşdirilən obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində yalnız tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına razılığın alınması tələbi mövcud olsa da, özəlləşdirilərək, xüsusi mülkiyyətdə olan mövcud tikililər üzərində hər hansı cari təmir işlərinin aparılmasına razılığın alınması qeyd edilməmişdir. Bunun əksi, şəxslərin öz mülkiyyətlərindən sərbəst istifadə etmək, onun salamatılığını və dayanaqlılığını qorumaq (o cümlədən zəruri təmir işlərini aparmaq və s.), beləliklə əmlakları üzərinə sərbəst və maneəsiz sərəncam hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Məhkəmə kollegiyası qəbul edir ki, özəlləşdirilmiş dövlət əmlakının yerləşdiyi müvafiq torpaq sahəsi dövlət mülkiyyətində qalmış, məhz bu səbəbdən də həmin torpaq sahəsində tikinti və s. bu kimi işlərinin aparılması üçün səlahiyyətli orqanın razılığının alınması zəruridir. Lakin, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəfindən analoji işlərin həyata keçirilməsi müəyyən olunmamış, iddiaçının özü də bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edə bilməmiş, həmin halların mövcudluğu istər birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı, istərsə də apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası zamanı da müəyyən olunmamışdır. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddiaçının tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfin izahatı da iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 100 (bir yüz) manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" ASC-yə qarşı “torpaq sahəsinin texniki pasportda qeyd edilən ilkin vəziyyətdə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3634/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3634/2023 saylı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı yaranmış məhkəmə xərci iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri kimi - 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1819/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1819/2024
20.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver