Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-182/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı “X3 Kompani S.A” Şirkətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “X3 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3973/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı “X3 Kompani S.A” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “V” yaşayış massivi, 413905.00 m B 4470690.00 koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq “xxxx” ASC Suraxanı filialının AZ69AİİB******************** №li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə “X3 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlanmış xx xxxxxx 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcədə gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X3 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X3 Kompani S A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X3 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafı koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X3 Kompani S.A. şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər istifadədə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfındən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması şirkətin qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdehlər buna əhəmiyyət verməyərək tikintini davam etdirirlər. Belə ki, Nümayəndəliyin nəzarətçiləri tərəfındən X3 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “V” yaşayış massivi 39 T 39 T 413905.00 m B 447690.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilərkən Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Bu barədə akt tərtib olunmuş, tikilinin fotoşəkilləri çəkilmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neftqaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşilir. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cıhazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloci-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3973/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən tikilini 1990-cı illərdə tikdirmiş, həmin vaxt müvafiq orqanlar tərəfindən evin tikilməsinə hər hansı bir etiraz bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək bririnci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İşdə olan “X3 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx xxxxxx 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində «X3 Kompani S.A” şirkəti fəaliyyət göstərir. İş materiallarında olan “X3 Kompani S.A” Şirkətinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “V” yaşayış massivi, 39 T 413905.00 m.B 4470690.00 koordinatlar üzrə yerləşən torpaq sahəsinin yerləşdiyi ərazi “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx xxxxxx 2005- ci il tarixli Sazişə əsasən “X3 Kompani S.A.” Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarında olan “X3 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları A.İ. Şahmuradov. A.A.Paşayev və R.E.Cəfərov tərəfindən tərtib edilmiş xx xxx 2019-cu il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin nəzarətçiləri tərəfındən X3 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “V” yaşayış massivi ünvanında Cavabdeh tərəfindən otaq tikintisi işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlətin obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət zolaqlarının, mühüm meliorasiya və su təsərrüfat obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə görə isə, Azərbaycan Respublikası torpaqlarının özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İşin müəyyən edilmiş halına görə, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “V” yaşayış massivi, 413905.00 m B 4470690.00 koordinatlar üzrə özbaşına tikili aparmış və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin coğrafi koordinatları “X3 Kompani S.A” Şirkətinin istifadəsinə ayrılmış sənaye təyinatlı torpaqlara aid olmaqla, neftqaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli 901-İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin hüdudları daxilindədir. Bu xüsusat apellyasiya baxışı zamanı alınmış ekspert rəyi, həm də iş materiallarındakı digər sənədlərlə təsdiq olunmuşdur; beləki iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müjaxəssis rəyində aşağıdakılar qeyd olunur: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “V” yaşayış massivi, 413905.00 m B 4470690.00 koordinatlar Dövlət nülkiyyəti torpaqlarının hüdudları daxilinə düşür. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş sənaye təyinatı torpaqlara aiddir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-620/2020 nömrəli qərardadında göstərilən koordinatlar (4139xx.xx-4470690.00) "X3 Kompani SA" Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx xxxxxx 2005-ci il tarixində imzalanmış "Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X3 Kompani S.A" şirkətinin icarəsində olan torpaq sahəsinin hüdudları daxilindədir. Mübahisəsi gedən tikilinin yerləşdiyi torpaq sahəsində ona tikinti aparmağa icazə verildiyi barədə cavabdehin arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında Suraxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X4.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Bu o deməkdir ki, sözügedən qərar artıq hüquqi qüvvəsini itirmişdir və ona istinadən iddiaçı şirkətin iddia tələbini təmin etməmək mümkün deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, “X3 Kompani S.A” Şirkətinin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, yuxarıda da göstərildiyi kimi, cavabdehin inşa etdiyi fərdi yaşayış evinin qanunsuz tikili olmaqla onun yerləşdiyi torpaq sahəsinin “X3 Kompani S.A” Şirkətinə ayrılmış torpaq sahələrinin sərhəddi daxilində yerləşdiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3973/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmmədov Məmməd Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-182/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-182/2021
15.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver