Məhkəmə qərarları › İş №2(103)-1820/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1820/2021

01.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1820/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müavinətin tam ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-2161/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilmiş müavinətdən gəlir vergisi kimi tutulan 3126 manat məbləğində vəsaitin ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Birliyin xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. DNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx xxxxx 2009-cu il tarixli 57/06-19ə nömrəli birgə Əmr- Qərarında göstərilmişdir ki, «Bu əmr-qərar verildiyi tarixdən, habelə xx xxx 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir». Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və əmək haqqının 5 misli məbləğində müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. O, dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətdan gəlir vergisinin tutulmasının qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat cürbəcür bəhanələrlə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)- 2161/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən İddiaçı xeyrinə 3126 manatın tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. İş materiallarından göründüyü kimi, iddiaçı işçilərin və ştatların ixtisarı ilə əlaqədar deyil, yaşa görə pensiyaya çıxmaq çıxmaq istədiyinə görə öz ərizəsi ilə işdən azad edilib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişdir. Odur ki, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apelyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxx 1973-cü il tarixli əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı NQÇN-nin 3-cü dərəcəli elmi-təcrübə və istehsalat işləri sexinə maşinist nasos quraşdırma vəzifəsinə qəbul edilmiş və xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan SOCAR “Azneft” İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, o, 2020-ci ildə ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmusdur və həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Müavinət ödənilən zaman, həmin müavinət məbləğinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərdə tutulmuş güzəşt tətbiq edilərək ödənilmiş müavinətin 1000 manat hissəsi vergi bazasına aid edilməmişdir. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə xx xxxxx 2008-ci il tarixdən 17 nömrəli Əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə xx xxxx 2020-ci il tarixdə işçinin öz ərizəsinə (Əmək məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əsasən xitam verilmiş və ona ARDNŞ-nin və ANQSİHİRK-nın xx xxxxx 2009-cu il tarixli 57/06-19 a nömrəli Əmr-qərarın 4-cü bəndinə və ona edilmiş xx xxxxxx 2009-cu il tarixli 112/07-22-ə nömrəli dəyişikliyə əsasən, orta əmək haqqının beş misli məbləğində 13682,50 manat müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 3126.33 manat təşkil edir. Hazırda iddiaçı ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. Cavabdeh tərəf isə etirazında bildirmişdir ki, əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olmadığına görə, ona ARDNŞ-nin və ANYSİHİRK-nın xx xxxxx 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində ödənilmiş birdəfəlik müavinətə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan güzəştin tətbiq edilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx xxxxx 2009cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx xxxxxx 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Beləliklə, cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. xx xxxxx 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halındandır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt tərəflərin izahatları ilə təsdiq olunmuşdur. Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Həmin maddəyə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən əmək haqqı və işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən fiziki şəxslərin əmək qabliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyində işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdənçıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş razılaşmada da işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. Sadalanan maddələrin tələblərinə görə də, növündən asılı olmayaraq, işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Qeyd olunan əmr-qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti doğrudur, cavabdehin apelyasiya şikayətində qeyd etdikləri isə əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2161/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar