Məhkəmə qərarları › İş №2(103)-1820/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1820/2022

28.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1820/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “törədilən maneənin aradan qaldırılması vəzifəsinin qoyulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin 22.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “törədilən maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində mülkiyyətlərindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarının həyata keçirilməsinə, habelə həmin əmlaklara dəmir-beton konstruksiyalı istinad divarı çəkmələrinə mane olmamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsi, 1-ci döngə, 42 saylı torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. ünvan 1 ünvanla Neftçilər küçəsi, 67-ci ev) Əfqanistan İslam Respublikasının vətəndaşı İddiaçı2-in (daimi yaşayış icazəsi № 0019250) mülkiyətindədir. İddiaçıların daşınmaz əmlakları cavabdehin daşınmaz əmlakına nisbətdə hündürdə yerləşir, torpaq sürüşməsinə məruz qalır, bununla da həyat və sağlamlıqlarının təhlükədə olması və maddi zərərə düşmək riskindədir. Bu fakt ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının arayışı ilə də öz təsdiqini tapmışdır və müvafiq layihə əsasında istinad divarının çəkilməsinin məqsədəuyğunluğu bildirilmişdir. İddiaçılar bu təhlükədən müdafiə olunmaq və sürüşmənin qarşısını almaq üçün cavabdehin mülkiyyətinə düşməyən sahədə və qanunvericiliyin tələblərinə uyğun istinad divari (dəmir-beton konstruksiyalı hasar) çəkməyə cəhd etmişlər. İstinad divarının konstruktiv həlli Mədəniyyət və Turizm Nazirliyinin «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanmışdır. Cavabdeh istinad divarının çəkilməsinə mane olur. Mübahisə ilə bağlı Səbail RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 avqust 2018-ci il tarixli qərarı da vardır. Cavabdehin istinad divarı çəkilməsinə mane olması qanunsuzdur, belə ki: 1. divar cavabdehin sahəsində çəkilmir; 2. Onların öz mülkiyyətindəki sahədə divar tikmələri onların mülkiyyət hüquqlarının tərkib hissəsidir; 3. Divarın çəkilməsi üçün işlər görülərkən, müvəqqəti olaraq güya onun sahəsinə girilməsi zərurəti varsa da, o buna şərait yaratmalıdır, çünki bu işlər müvəqqətidir, onların həyat, sağlamlıqları və əmlak mənafeləri zəruridir və bu halda cavabdehin «qonşuya dözmək» vəzifəsi yaranır. Onun onlara yaratdığı maneə, onların görmək istədikləri işin məqsədlərinə adekvat deyil. Həyat və sağlamlığın üstünlüyü konstitusion prinsipidir. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində mülkiyyətlərindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarının həyata keçirilməsinə, həmin əmlaklara dəmir-beton konstruksiyalı istinad divarı çəkməsinə mane olmamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126,14 (bir yüz iyirmi altı manat on dörd qəpik) manatın Cavabdeh tutularaq AR ƏMDK-nin Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestr Xidmətinin hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın Cavabdeh tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir, prosessual məcəllənin istinad olunan hər üç maddəsinin tələbini məhkəmə pozmuşdur, nə qədər ki, məhkəmə iddianı təmin edərkən məhkəmə tikinti texniki ekspertizasının 30.12.2020-ci il tarixli rəyinə əsaslanıb və həmin rəy iddianın rədd olunması üçün əsasdırsa, belə vəziyyətdə yuxarıda istinad olunan prosessual normalar düzgün tətbiq olunmamışdır. Bakı şəhəri Səbail RİH-nin 28.07.1994-cü il tarixli sərəncamından görünür ki, Badamdar qəsəbəsində “Köhnə Bağlar” ərazisində mövcud bağ sahəsi X3 verilib. X1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır ki, nəticədə MPM-nin 387.2.2-ci maddəsinin tələbi pozulmuşdur. Bu da qətnamənin birbaşa ləğvinə səbəb olur. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 15.07.2021-ci il tarixli, 37/34-04600 saylı məktubundan görünür ki, qeyd olunan istinad divarının tikintisi müvafiq qaydada razılaşdırılmış tikinti layihəsi və tikintiyə icazə əsasında aparılmalı idi. Lakin sözügedən qurğunun tikintisi qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır ki, bunun da nəticəsində təhlükəli vəziyyət yaranmışdır. Bəhs olunan sənəd məhkəmə bitdikdən sonra əldə edildiyindən onu məhkəməyə təqdim etmək mümkün olmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayetində özü etiraf edir ki, iddiaçılara qonşu olan ev onun tərəfindən özbaşına inşa edilmişdir, yəni subyektiv hüququ yoxdur. Cavabdeh apellyasiya şikayətində özü etiraf edir ki, onun mane olduğu, iddiaçılara qonşu olan torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur, bununla da cavabdehin qonşu torpaq sahəsinə sahiblik və istifadəsinə heç bir hüquqi əsası yoxdur, yəni subyektiv hüququ yoxdur. Cavabdeh şikayətində qeyd edir ki, qonşu Kifayət Hüseynova prosesə cəlb edilməyib, əvvəla iddia mane törədən Cavabdeh qarşı qaldırılıb, ikincisi isə onun Kifayet Hüseynova adından hərəkət etmək səlahiyyəti yoxdur, mübahisə torpaq sahəsinin kimə məxsus olması ilə əlaqədar deyil, maneənin kim tərəfindən törədilməsilə əlaqədardır, istinad divarı qanuni tikilir, guya tikintidə hər hansı norma pozulursa, buna mane olmaq ya subyektiv hüququ pozulan şəxsə, ya da səlahiyyətli dövlət orqanına məxsusdur. Cavabdeh subyektiv hüququ pozulmamaqla yanaşı, o səlahiyyətli dövlət orqanlarının da nümayəndəsi deyildir, qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə dair etiraza yazılı münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının verdiyi etirazdan belə anlaşılır ki, Kifayət Hüseynova prosesə cəlb edilməli deyildi və Cavabdeh Kifayət Hüseynovanın adından hərəkət etmək səlahiyyəti yoxdur. Səbail Rayon İHB-nın 22.10.1994-cü il tarixli, 3397 nömrəli sərəncamından görünür ki, torpaq sahəsi X3 ayrılıb. Tikilən hasar həmin torpaq sahəsinə düşürsə, məhkəmə onu prosesə cəlb etməli və çıxardığı məhkəmə aktını ona göndərməyə borclu idi. Cavabdeh Kifayət Hüseynovanın adından hərəkət etmək səlahiyyətinin olmamasına gəldikdə isə qeyd olunmalıdır ki, Cavabdeh Kifayət Hüseynovanın adından deyil, öz adından hərəkət edib. Etirazın sonunda göstərilir ki, istinad divarı qanuni tikilidir. Lakin qanuni tikilinin əsaslarından bəhs olunmayıb. İstinad divarının qanuni olması üçün həmin divarın iddiaçıya məxsus torpaq sahəsində inşa edildiyi sübut olunmalıdır. Belə bir sübut yoxdur. Digər tərəfdən inşa olunmuş hasar tininti normalarına cavab vermir. Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə ziddir. Bu normaya əsasən hasarın hündürlüyü 2 metr 20 sm-dən artıq ola bilməz. Hasar tikinti norma və qaydalarına cavab vermədiyi üçün uçub tökülmüş və cavabdehə xeyli zərər vurmuşdur. Şərh olunanlara əsasən hesab edir ki, verilən etiraz qətnamənin qüvvədə saxlanılması üçün əsas deyil. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24.11.2017-ci il tarixli, ********** saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi, 1-ci döngə, 42 saylı sahə İddiaçı1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11.06.2018-ci il tarixli, ********** saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 67 ünvan İddiaçı2 Qaderin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planaalma Ekspedisiyasının 31.10.2018-ci il tarixli, 168 nömrəli arayışından görünür ki, müraciət olunan ünvanda mütəxəssislər tərəfindən ötən aylarda vizual mühəndis-geoloji araşdırmalar aparılmış və hər hansı ekzogen geoloji proseslərin əlamətləri müşahidə olunmamışdır. Lakin son vaxtlar respublika ərazisində və eyni zamanda Badamdar qəsəbəsi ərazisində sürüşmə sahələrində ciddi aktivləşmə baş vermişdir. Bilavasitə sözügedən ünvana baxış zamanı məlum olmuşdur ki, sahənin üst örtüyü tökmə torpaq qatından ibarət olub və şərqə doğru (hipsometik olaraq aşağıya) hərəkətinin qarşısının alınması üçün mühəndisi tədbirləri yarımçıq yerinə yetirilmişdir. Bu isə prosesin növbəti aylarda aktivliyini qaçılmaz edir. Hipsometrik olaraq aşağı hissədə yerləşən təsərrüfatlar və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə tökmə torpaq qarşısında müvafiq layihə əsasında mühəndis-bərkitmə (istinad divarı) işlərinin yerinə yetirilməsi məqsədəuyğun hesab edilir. İş materiallarında olan Səbail rayon Pİ-nin İŞ-nin baş müstəntiqi H.Bayramzadənin 14 avqust 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh Bəhman oğlunun Azərbaycan Respublikası Ekoloji və Təbii Sərvətlər Nazirliyinin «qaynar xətt» xidmətinə «ağır texnika ilə onun 17 ağacını məhv ediblər, hal-hazırda digər ağaclarını da məhv etmək iətyirlər» məzmununda müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün həmin fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01.06.2018-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvan ünvan 5sinin hüquq subyekti İddiaçı2 və başqalarıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.12.2020-ci il tarixli, 20092030 5358 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsi **********57 Reyestr nömrəli Çıxarışla İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. **********27-10302 Reyestr nömrəli çıxarışın yerləşmə koordinatları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmişdir. Mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasar sorğuya cavab olaraq təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2020-ci il tarixli, 10/2736 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsinin **********57 Reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, bir hissəsinin isə təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş Səbail RİH-nin 2465 nömrəli, 28 iyul 1994-cü il tarixli sərəncamından görünür ki, Badamdar qəsəbəsində “köhnə bağlar” ərazisində mövcud bağ sahəsi X2 adına sənədləşdirilmiş və orada fərdi evin tikintisinə icazə verilmişdir. Apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X5 RİH-nə ünvanladığı 37/34-04606 saylı, 05.07.2021-ci il tarixli cavab məktubunun surətində qeyd edilir ki: “Sizin ünvan 6 ünvanında yaşayan İddiaçı2 və qonşusu Cavabdeh arasında münaqişəyə səbəb olan istinad divarına yerində baxış keçirilməsi və münasibət bildirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə ünvanladığınız 3/10-466 nömrəli 21.05.2021-ci il tarixli müraciətə Agentlikdə baxılmışdır. Mütəxəssislərimiz tərəfindən sözügedən ünvana baxış keçirilmişdir. Araşdırma zamanı İddiaçı2 tərəfindən inşa edilən istinad divarının qonşusu Cavabdeh həyətiə tərəf əyilməsi faktı müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan istinad divarının tikintisi müvafiq qaydada razılaşdırılmış tikinti layihəsi və tikintiyə icazə əsasında aparılmalı idi. Lakin sözügedən qurğunun tikintisi qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır ki, bunun da nəticəsində təhlükəli vəziyyət yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün göstərişlər verməyinizi xahiş edirik.”. Apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 18 fevral 2022-ci il tarixli, 0079 nömrəli qərarından görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 49-da X6 tərəfindən inşa edilən istinad divarının tikintisinin dayandırılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X5 Rayon İcra Hakimiyyətinə ünvanladığı 30.12.2021-ci il tarixli telefonoqramında qeyd edilir: “Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ünvanında yaşayan Cavabdeh qonşusu tərəfindən tikilən hasarın ona məxsus torpaq sahəsinə aşması və təhlükə yaratması müəyyən edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, hündürlüyü 2.2 metrdən yuxarı olan hasarların tikintisi üçün icazə tələb olunur. Qonşuların həyətyanı sahələri arasında səviyyə fərqi olduğuna görə, həmin ərazidə tikiləcək hasarın tikinti layihəsinə ekspertiza rəyi və müvafiq icazəverici sənədlər alındıqdan sonra tikinti işlərinə başlanıla bilər. Məlum olmuşdur ki, sözügedən ünvanda tikilən hasarın hündürlüyü 2.2 metrdən çoxdur və müvafiq icazəverici sənədlər alınmadan inşa edilmişdir və hal-hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Qeyd edilənləri nəzərə alaraq ərazidə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təcili olaraq hasarın tikintisinin dayandırılması ilə bağlı tədbirlərin görülməsi, tikintiyə dair icazəverici sənədlərin alınması üçün aidiyyəti üzrə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik.” Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Belə ki, işin məhkəmə iclasında araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçılara məxsus fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə cavabdehin istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qonşuluqda yerləşir. Həmin ərazinin relyefi yamac tiplidir, İddiaçılara məxsus torpaq sahəsi yamacın yuxarı hissəsində, cavabdehin istifadəsində olan torpaq sahəsi isə aşağı hissədə yerləşir. İddiaçılara məxsus torpaq sahəsinin üst qatı tökmə torpaq sahəsindən ibarət olduğundan orada torpaq sürüşməsi təhlükəsi vardır və bu məqsədlə həmin torpaq sahəsində bərkitmə işlərinin aparılması zəruriliyi mövcuddur. Həmçinin müəyyən edilir ki, bu məqsədlə inşa edilməli olan istinad divarının bir hissəsi iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə düşsə də, digər hissəsi həmin sahədən kənarda, yəni cavabdehin istifadəsində olan əraziyə düşür. Bundan başqa müəyyən edilir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının bir hissəsi artıq inşa edilmiş, lakin həmin divarın bəzi hissələri cavabdehin istifadəsində olan torpaq sahəsinə tərəf əyilərək uçma təhlükəsi yranamışdır. Nəhayət, araşdırılan sübutlarla müəyyən edilmişdir ki, iddiaçıların tikmək istədikləri istinad divarının inşa edilməsi üçün səlahiyyətli dövlət orqanları tərəfindən zəruri icazələr alınmamış, həmin tikilinin layihəsi bu orqanlar tərəfindən təsdiq edilməmişdir. Əksinə, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 18 fevral 2022-ci il tarixli, 0079 nömrəli qərarı ilə inşa edilən istinad divarının tikintisinin dayandırılması qərara alınmışdır.Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, iddiaçıların inşa etmək istədikləri və cavabdeh tərəfindən tikintisinə maneələr yaradılan istinad divarı mahiyyət etibarı ilə özbaşına tikintidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi iddiaçıların öz mülkiyyətlərindən sərbəst istifadə etmələrinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması ilə bağlı olduğundan mahiyyət etibarı ilə neqator iddiadır və bu tələbin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən maddənin dispozisiya şərtlərinə əsasən iddianın əsaslı olması üçün iddiaçı əşyanın mülkiyyətçisi olmalı, onun mülkiyyətindən istifadə edilməsinə cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalı, bu üç halın hamısı birlikdə mövcud olmalıdır. İşin hallarını bu maddənin dispozisiya şərtləri baxımından təhlil etdikdə müəyyən edilir ki, iddiaçıların mülkiyyət hüquqları, habelə cavabdeh tərəfindən onların mülkiyyətindən sərbəst istifadəyə maneələrin yaradılması (inşa edilmək istədikləri istinad divarının tikintisinə cavabdeh tərəfindən imkan verilməməsi) mübahisə doğurmasa da, bu maneələrin qanunsuz xarakter daşıması müəyyən edilməmişdir. Belə ki, işin hallarından da göründüyü kimi iddiaçıların inşa etmək istədikləri istinad divarının bir hissəsi onların mülkiyətində olan torpaq sahəsinə düşsə də, qalan tikinti işləri cavabdehin həyətyanı sahə kimi istifadə etdiyi torpaq sahəsində aparılmalıdır. Həmçinin, istinad divarının tikilməsi yalnız cavabdehin istifadəsində olan torpaq sahəsinə daxil olmaqla mümkündür. Lakin müəyyən edilmişdir ki, iddiaçıların inşa etmək istədikləri istinad divarının tikintisinə səlahiyyətli dövlət orqanları tərəfindən icazə verilməmiş, əksinə həmin tikintinin dayandırılması qərara alınmışdır. Bundan başqa, müəyyən edilmişdir ki, iddia edilən istinad divarının uçma təhlükəsi mövcud olduğundan cavabdehin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmamasının yoxlanılmasından ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin faktiki halları iddianın qanuni əsası kimi istinad edilən Mülki Məcəlləntin 157.4-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməsi üçün əsaslı olmamışdır. Lakin işə baxmış birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış və işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, bununla da həll edilməli məsələ ilə bağlı səhv nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmadığından apellyasiya qaydasında ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.02.2021-ci il il tarixli, 2(004)-94/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin və onlardan müştərək qaydada tutularaq cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar