Məhkəmə qərarları › İş №2(103)-1825/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1825/2021

02.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1825/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh3, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2454/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinə və tikiliyə sahiblik və istifadə hüququnun tanınması, yaradılan maneələrin qadağan edilməsi və torpaq sahəsinin tikili ilə birlikdə boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonunun Görədil ərazisində olan 0,12 hektar torpaq sahəsinin (161A nömrəli bağ) 0,08 hektar torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə onun sahiblik və istifadə hüququnun tanınması, həmin torpaq sahəsinin və tikilinin istifadəsinə yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi, sözügedən torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun əmisi X3 və onun həyat yoldaşı X5 Bakı şəhəri, Binəqədi rayonunun Görədil ərazisində 0,24 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 0,12 hektarı əmisi Məmmədov Qorxmazın, 0,12 hektarı isə Məmmədova Nüşabənin istifadəsinə verilmişdir. Onun əmisi və onu həyat yoldaşı ilə aralarında olan razılaşmaya əsasən xx xxxxxx 2003-cü il tarixli, 24330 saylı müqavilə üzrə Bakı şəhəri, Binəqədi rayonunun Görədil ərazisində olan 0,12 hektar torpaq sahəsinin (161A nömrəli bağ) 0,08 hektarı onun adına qeyri-rəsmi alınmış, həmin torpaq sahəsinə görə tərəfindən xeyli miqdarda pul ödənilmiş, 0,04 hektarı isə əmisinin həyat yoldaşı Nüşabə Məmmədovaya ayrılmışdır. O, 0,08 hektar torpaq sahəsində xeyli miqdarda xərc çəkmiş, o cümlədən 140 metr uzunluğunda hasar tikmiş və fərdi yaşayış evi inşa etmişdir. Nüşabə Məmmədova xx xxxxxx 2019-cu ildə, onun həyat yoldaşı Qorxmaz Məmmədov isə xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişlər. xx xxxxxx 2020-ci il tarixdə o, əmisi Qorxmaz Məmmədovun yas mərasimində iştirak edərkən ona məlum olmuşdur ki, əmisi uşaqları Cavabdeh1 və Cavabdeh2 onun faktiki sahibliyində və istifadəsində olan 0,08 hektar torpaq sahəsinin 0,06 hektarını tikili ilə birlikdə xəbəri olmadan gizli yolla 15.000 manata (demələrinə görə) Cavabdeh3 satmışlar və həmin şəxs orada onun tikdiyi evdə tamamlama işləri aparır. Bu barədə yas mərasimində onlardan soruşduqda onlar ona yalan vədlər verərək bildirmişlər ki, ona həmin əraziyə yaxın başqa yerdən torpaq sahəsi və ən geci bu ilin sentyabr ayınadək onun tikdiyi evə oxşar ev tikib ona təhvil veriləcəkdir. Axırıncı dəfə isə söhbət zamanı Cavabdeh1 və Cavabdeh2 ona bildirmişlər ki, bəs guya o, ancaq 0,08 hektar torpaq sahəsinin üzərində olan tikiliyə xərc çəkmiş, torpaqla bağlı heç bir ödəniş etməmiş, ona görə də ona heçnə düşmür, əmisi səhv edib ona torpaq sahəsi satıb, ona heç bir torpaq düşmür, o, onlara heçnə edə bilməz. O, xeyli miqdarda xərc çəkib həmin torpaq sahəsini almış, onlar isə onunla kobud davranaraq, onun haqlı iradlarını qəbul etməmişlər. Cavbdehlərin qanunsuz əməlləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Ona görə də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 törətmiş olduğu bu qanunsuz əməllərə hüquq müstəvisində qiymət verilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2454/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinə və tikiliyə sahiblik, istifadə hüququnun tanınması, yaradılan maneələrin qadağan edilməsi və torpaq sahəsinin tikili ilə birlikdə boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2454/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosеssual hüquq normalarını pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bu da öz növbəsində işin hallarına uyğun gəlməyən nəticəyə səbəb olmuşdur. Hadisənin birbaşa iştirakçısı olmuş şahid X4 ifadəsində mübahisəli torpaq sahəsinin ona verilməsi təsdiqlənsədə, məhkəmə tərəfindən onun ifadəsi mötəbər sübut kimi qəbul edilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2454/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2454/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə X8 arasında bağlanmış “ Goradil ərazisində 161a nömrəli bağın istifadəyə verilməsi haqqında” xx xxxxxx 2003-cü il tarixli, 24330 saylı müqavilənin surətindən görünür ki, birlik Binəqədi rayonunun Goradil ərazisində 0.12 ha torpaq sahəsi olan 161a nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verir, istifadəçi həmin bağı istifadəsinə götürür. Müqavilənin 8-ci bəndinə əsasən, istifadəçi ilə birlikdə bağdan istifadə edən yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısı bu müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar birlik qarşısında həmrəylik məsuliyyət daşıyır. Bağ 1948-ci il təvəllüdlü X6 və onun ailə üzvləri 1978-ci il təvəllüdlü Elmanın və 1970-ci il təvəllüdlü İlqarın istifadəsinə verilir. Müqavilənin 11-ci bəndinə əsasən istifadəçi vəfat etdikdə və daimi yaşayış üçün respublikadan kənara köçdükdə bağın istifadə müqaviləsi onun ailə üzvləri, qohumları və birlikdə bağ növbəsinə dayanmış kənar şəxslər ilə müvafiq razılıqlar əsasında bağlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına göstərilir ki, məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçı 0.12 ha torpaq sahəsinin 0,08 hektarının və onun üzərində yerləşən tikilinin ona məxsus olduğunu sübuta yetirməli olduğu halda bunu sübuta yetirə bilməmişdir. Belə ki, mülki qanunvericiliyin normalarının tələblərinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2454/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2454/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar