Məhkəmə qərarları › İş №2(103)-1827/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1827/2025

28.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1827/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işüzrə (Açar sözlər:nikahın etibarsızlığı ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu(sədrlik edən və məruzəçi),Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh nikahı xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Birgə nikahdan uşaqları yoxdur.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar sosial şəbəkə vasitəsi ilə tanış olub, nikah bağlamışlar. Aralarında heç bir ər-arvad münasibətləri olmamışdır, bir-birilərini cəmi 2 dəfə görmüşlər.

4. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edib izahatında bildirmişdir ki, yalnız virtual münasibətdə olmuşlar, aralarında heç bir ər-arvad münasibəti olmamışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2(008)- 5734/24 saylı qətnaməsi ilə (hakim A.Paşayeva) iddia təmin edilməmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlə rəsmi nikaha daxil olarkən ailə qurmaqdan başqa bir məqsədinin olmaması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iddiaçının ərizədə göstərdiyi “tərəflərin könüllü razılığı olmadan nikaha girdikləri” barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı, ailə qurmaq niyyətinin olmaması, ər-arvad kimi yaşamamaları və birgə təsərrüfat idarə etməmələri barədə sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, nikah qeydə alındığı andan hüquqi nəticələr yaratdığından, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-12, 13.7cimaddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iddiaçı iddianı etiraf etmiş, onu aldatdığını, onunla ailə qurmaq fikrinin olmadığını bildirmiş və nikahlarının etibarsız sayılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

13. Cavabdeh öz izahatında apellyasiya şikayətini qəbul etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, onun iddiaçı ilə ailə qurmaq niyyəti olmayıb, məqsədi formal nikah bağlamaqla İsveçdə ev əldə etməyə nail olmaqdan ibarət olub. Lakin sonradan məlum olub ki, ona yanlış məlumat veriblər. Belə ki, bununla bağlı nikah bağlamağa heç bir ehtiyac yox imiş. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 25.1. Həmin Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrində, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuş nikah hüququnun mahiyyəti ondan ibarətdir ki, nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüququ var. Nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər.

18. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

19. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ərarvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması,uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir (Ailə Məcəlləsinin 2.2cimaddəsi).

20. Ailə qanunvericiliyində təsbit olunan prinsiplərin təmin edilməsi məqsədilə Ailə Məcəlləsi nikahın bağlanmasına mane olan, nikahın etibarsız sayılmasına səbəb olan birsıra hallar, nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasınınnəticələri müəyyən Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10- 12-ci maddələrində və13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin vəya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

21. İddia tələbinin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 25.1-ci maddəsi təşkil edir.

22. Hazırkı işin hallarından nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin müəyyən olunması barədə gəlinən nəticə, işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə cavab vermir. Belə ki, iddiaçının evlənmək niyyətinin həqiqi olması şübhə doğurmur. İddia tələbi cavabdehin evlənmə məqsədi olmadan nikah bağlaması ilə əsaslandırılır. Nikahın etibarsız sayılmasının əsaslarını müəyyən edən Ailə Məcəlləsinin 25.1-ci maddəsində tərəflərdən birinin ailə qurmaq niyyəti olmadan nikah bağlaması, nikahın etibarsız sayılması üçün müstəqil dispozisiya şərti kimi nəzərdə tutulub. Buna görə də baxılan iş üzrə cavabdehin nikah bağlanan vaxt həqiqətən də iddiaçı ilə ailə münasibətləri yaratmaq niyyətində olub-olmaması araşdırılmalıdır.

23. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olublar. Tərəflər arasında nikah bağlandığı andan formal xarakter daşıyıb, onların toyları, habelə faktiki ailə münasibətləri olmayıb, heç vaxt bir yerdə yaşamayıblar.

24. Bundan əlavə, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən 26 noyabr 2024-cü il tarixli məhkəmə baxışında bildirmişdir ki, xaricdə ev əldə etmək üçün iddiaçı ilə nikaha daxil olub. İddiaçını özü ilə xaricə aparmaq fikri olmayıb. Yalnız virtual ünsiyyətdə olublar. Onunla birgə yaşamaq niyyəti olmayıb.

25. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclas protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

26. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə cavabdehin iddianı etiraf etməsi məhkəmə iclas protokoluna qeyd olunmuşdur.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 191-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

28. Qanunvericiliyin göstərilən müddəalarına və mübahisənin yuxarıda qeyd olunan faktiki hallarına əsaslanaraq Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış nikah etibarsız sayılmalıdır.

29. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (maddə 390).

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində 2596 nömrə ilə qeyd edilmiş nikah etibarsız sayılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar