Məhkəmə qərarları › İş №2(103)-1828/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1828/2022

01.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1828/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı 03.12.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı 21.09.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı 01.11.2021-ci il tarixli qərardadına əsasən apelyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra iddiaçı apelyasiya şikayəti verərək, eyni zamanda apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(011)-5939/2021 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 nömrəli, 21.09.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apelyasiya şikayəti 2(011)-5939/2021 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək qərardadı ləğv edib buraxılmış prosessual müddətin bərpa edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı 21.09.2021-ci il tarixli qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verməmişdir. Belə ki, İddiaçı sözü gedən qətnamənin surətini rəsmi qaydada əldə etsə də müddətin ötürülməsindən sonra məhkəməyə müraciət edərək guya elektron qaydada apelyasiya şikayəti verə bilmədiyindən qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı və onun səlahiyyətli nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasından bir neçə ay sonra yazılı qaydada məhkəməyə müraciət etdiyini bildirsə də bunu sübuta yetirə bilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli, 2(011)-5939/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı 21.09.2021-ci il tarixli qətnaməsini iddiaçı poçt xəbərnaməsinə imza etməklə 15.10.2021-ci il tarixdə, iddiaçının nümayəndəsi-vəkili Vəkil1 isə məhkəmə qəbzinə imza etməklə 06.10.2021-ci il tarixdə qəbul etmiş, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə 01.11.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmənin 01.11.2021-ci il tarixli qərardadına əsasən apelyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkilinin yenidən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 16.11.2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayət cavabdehin formal mülahizələrinə əsaslanır və öz təsdiqini tapmır. Göründüyü kimi şikayətin dəlilləri qərardadın ləğv edilməsinə əsas deyil. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı 03.12.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı 03.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar