Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1832/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh, X1 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3959/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, borclu Cavabdeh xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 2.300 manat borcun, həmin məbləğdən üç illik faizlər və dəbbə pulunun məhkəmənin rəyi əsasında təyin edilməklə onun xeyrinə tutulması, borclu Cavabdeh özünün imzası ilə təsdiq etdiyi xx.xx.2019-cu il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən aldığı 600 manat borcun və dəymiş mənəvi zərərə görə 1.000 manat pulun, telefon danışıqları üçün ödənilmiş 161 manat pulun Cavabdeh tutularaq, ona ödənilməsi ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh məhkəmə mübahisələrinin həll edilməsi üçün ona nümayəndə kimi hüquqi yardım göstərmişdir. O, cavabdehə buna görə vəsait ödəmişdir. Cavabdeh 2015-ci ildə ondan 1.500 manat, sonrakı iki il ərzində 500 manat və 300 manat olmaqla, cəmi 2.300 manat borc almışdır. Vəkiliin ödənişlərini etmək üçün o, “VTB” bankdan kredit götürərək ödənişləri vaxtında etsə də, üç il keçməsinə baxmayaraq qeyd olunan məsələ ilə bağlı bir nəticə əldə olunmamışdır. O, Cavabdeh pulların qaytarılmasını tələb etmiş, cavabdeh isə borcu qaytarmamışdır. Bu səbəbdən notariat kontoruna gedərək, aralarında xx.xx.2017-ci il tarixli 3M-229 nömrəli borcun etirafı haqqında mücərrəd müqavilə bağlamışlar və cavabdeh 2.300 manat borcu xx.xx.2017-ci ilə kimi ona qaytarmağı öhdəsinə götürsə də, bu məbləği hazırkı vaxta kimi ona qaytarmamışdır. Sonradan isə xx.xx.2019-cu il tarixdə sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən ondan 600 manat borc almışdır. Həmçinin cavabdehə onun işin aparılması məqsədilə “Azercell” və “Bakcell” mobil operatorlarından olan nömrələrinə pul yükləmişdir. Köçürülən vəsaitlərin məbləği 161 manat təşkil edir. Eyni zamanda cavadehin yükləmə kartlarından da ayrıayrı vaxtlarda nömrəsinə yüklədiyi cəmi 100 manat pul məbləğini ona ödəmişdir. Bütün bunlar ona dərin mənəvi zərbə vurmuşdur. Dəyən mənəvi zərəri 1000 manat qiymətləndirir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3959/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən aldığı 600 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 630 (altı yüz otuz) manat pulun tutularaq İddiaçı qaytarılması qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3959/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi, qanunsuz və əsassız qətnamə qəbul etmiş və prosessual normaların kobud pozulmasına yol vermiş hakim barəsində intizam icraatı başlanması üçün Məhkəmə-Hüquq Şurasına göndərilməsinə dair xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, xx xxx 2017-ci il tarixli müqavilənin şərtlərinə əsasən, Cavabdeh aldığı borcu (2300 manat) 2 ay müddətində qaytarmalı idi, lakin xx xxxx 2017-ci il tarixində müqavilənin müddətinə əsasən, yuxarıda qeyd edilən şəxs pulu qaytarmağa imkanı olmadığını bildirərək, aldığı borcu qaytarmamışdır. Bundan sonra dəfələrlə borcun qaytarılması barədə Cavabdeh müraciət etməsinə baxmayaraq, o, borcunu qaytara bilmədiyini bildirirdi. İddiaçı Nizami rayonu 24-cü Polis Bölməsinə bu iş barədə şikayət etdi, lakin bölmənin əməkdaşları cavabdehin əməlində cinayət tərkibinin olmamasını və mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etdilər. xx xxxx 2020-ci il tarixdə iddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2113/2020 saylı qərardadına əsasən, cavabdehin Yasamal rayonunda qeydiyyatda olmasına görə iddia ərizəsi qaytarılmışdır. Bundan sonra iddiaçı xx xxxx 2020-ci il tarixində Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Cavabdehin iddia müddətinin keçməsinə dair izahatını əsas götürərək, Yasamal rayon Məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh iddiaçının məhkəməyə müraciət etməsindən xəbər tutduqda, ona bildirdi ki, hakim Vahid Hacıyev onun yaxın tanışıdır, məhkəmə iclaslarına gəlməyəcəyini və araşdırılmanın uzanacağını dedi və həqiqətən də, onun iştirakı olmadığından, məhkəmə iclası 3 dəfə növbəti tarixlərə müəyyən edilirdi. xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə iclası gedərkən, cavabdeh iddia ərizəsinə etirazı məhkəməyə təqdim etdi və hakim onun əsasında qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdi, iddia tələbi, apellyasiya şikayəti və məhkəməyə daxil olmuş apellyasiya şikayətinə əlavədə göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3959/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsində təqdim etdiyi ərizəyə uyğun məzmunda izahat verərək qeyd etdi ki, onun İddiaçı hər hansı bir borcu yoxdur. İddiaçı ona 2300 manat borc vəsaiti xx.xx.2013-cü il tarixdə vermişdir. Bu barədə müqavilə xx xxx 2017-ci ildə tərtib olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2020-ci ildə müraciət etmişdir. İddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunmuş 3 illik iddia müddətini keçirmişdir. O, iddiaçıya və onun tanışlarına və iş yoldaşlarına uzun müddətdir ki, hüquqi yardım göstərir. İddiaçı həmin məbləği ona xidmət haqqı kimi ödəmişdir. Sonradan iddia tələblərinin və şikayətlərinin uğurlu olmadığını görərək, onu şantaj etməyə başlamış və ödədiyi pulları geri qaytarmağı tələb etmişdir. O, məcbur olaraq notariat kontoruna gedərək iddiaçı ilə xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqavilə bağlamış və 2.300 manat borcu xx.xx.2017-ci ilə kimi iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Hesab edir ki, həmin müqavilədə göstərilən vəsait ona xidmət haqqı kimi ödənilmişdir. İddia ərizəsində qeyd olunan iddiaçı tərəfindən əlavə olaraq 600 manat ödənilməsi tələb edilmişdir. Bu barədə iddiaçının hazırkı tələblərinə dair Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə bir müddət əvvəl müraciət etmiş, inzibati orqanların araşdırmasından sonra tərəfindən dəfələrlə iddiaçıya müxtəlif məsələlərdə hüquqi, tərcümə və digər yardımlar etmişdir. Bundan əlavə onun iki telefon nömrəsinə köçürülən məbləğlərlə bağlı qəbzlər onun özünə məxsusdur. İddiaçı ona pul köçürməyib. Qəbzlərin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmasının səbəbini isə izah edə bilmir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən- borclu Cavabdeh xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 2.300 manat borcun, həmin məbləğdən üç illik faizlər və dəbbə pulunun məhkəmənin rəyi əsasında təyin edilməklə onun xeyrinə tutulması, borclu Cavabdeh dəymiş mənəvi zərərə görə 1.000 manat pulun, telefon danışıqları üçün ödənilmiş 161 manat pulun tutularaq, ona ödənilməsi hissələrində yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissələrdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3959/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməlidir. Belə ki, Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 3M-229 reyestr nömrəli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən borclu Cavabdeh bu müqavilə ilə borc verən İddiaçı xx.xx.2013-cü il tarixdən yaranmış 2.300 manat borcu olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği müqavilədə göstərilən 2 ay müddətinə, xx.xx.2017-ci il tarixə kimi borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbini - “2.300 manat miqdarında borc məbləği və həmin məbləğdən üç illik faizlər və dəbbə pulu hesablanması” hissəsində rədd edərkən qeyd etmişdir ki, borcun etirafı haqqında müqavilə xx.xx.2017-ci tarixdə tərtib olunmuş və həmin müqavilədə Cavabdeh xx.xx.2013-cü il tarixdən yaranmış 2.300 manat borcunu 2 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixə kimi İddiaçı qaytamağı öhdəsinə götürmüşdür. İddiaçı üç illik iddia müddətini ötürdükdən sonra xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim etmişdir. İddia müddəti keçdiyinə görə, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra iddiaçı xx xxxx 2020-ci ildə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən-kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Göründüyü kimi, iddiaçı 3 illik iddia müddətini keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. MM-nin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. MM-nin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış borc müqaviləsi və həmin borcun etirafı haqqında müqaviləsindən irəli gəlir. MM-nin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından Cavabdeh Şəmsədədin oğlunun borc götürdüyü və mövcud borcun etirafı haqqında müqaviləyə əsasən iddiaçının tələb etdiyi borcu iddiaçı X2ytarmadığı üçün iddia tələbi əsaslıdır. Buna görə də, 2300 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının digər tələbi ödənilməmiş borca görə 3 illik faizlərin tutulmasıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin hallarından göründüyü kimi, borcun etiraf haqqında müqavilə müddəti xx xxxx 2017-ci il tarixdə bitmiş, həmin tarixdən xx xxxx 2020-ci il tarixədək 3 illik müddət- 1095 gün üçün illik 5% hesablanmaqla əldən çıxmış fayda 342 manat təşkil edir (2300 manat əsas borc x 0,000136 bir günlük faiz (5%:365 gün) x 1095 gün (365x3)=342,516 manat). Kollegiya hesab edir ki, faiz hissədə iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 342 manat faiz tutulmalıdır. Dəbbə pulu ilə bağlı hissədə kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. MM-nin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. MM-nin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. MM-nin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, dəbbə pulunun miqdarı ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında qeyd edilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf, fiziki və mənəvi sarsıntı keçirmələrini və bunların cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqəni sübuta yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona mənəvi ziyan vurulmasını sübuta yetirə bilmədiyindən, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, birinci isntansiya məhkəməsi telefon danışıqları üçün ödənilmiş 161 manat pulun tutulmasının təmin edilməyən hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ona hüquqi yarlım üçün cavabdehə telefon tanışıqlarına görə pul ödəməsini, lazımi hüquqi yardım göstərilmədiyinə görə həmin pulun qaytarılmasını tələb edir. Cavabdeh etirazında göstərdiyi hüquqi yardıma görə sonradan iddia tələblərinin və şikayətlərinin uğurlu olmadığını etiraf etmişdir. Göründüyu kimi, cavabdeh hüquqi yardım göstərilməsi üçün, buna qanuni əsas olması ilə bağlı sübut təqdim etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərin ona məxsus olduğunu bildirsə də, həmin qəbzlərin iddiaçı tərəfindən təqdim olunmasının səbəbini izah edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiya hesab edir ki, iddia tələbi 161 manat pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə telefon danışıqları üçün ödənilmiş 58 manat məbləğində pul tutulmalıdır. Belə ki, işdə olan qəbzlərlə yalnız telefona görə 58 manat pul ödənişinin olması müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-3959/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 3959/2020 saylı qətnaməsi mübahisələndirilən- iddia tələbinin borclu Cavabdeh xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 2.300 manat borcun, həmin məbləğdən üç illik faizlər və dəbbə pulunun məhkəmənin rəyi əsasında təyin edilməklə onun xeyrinə tutulması, borclu Cavabdeh telefon danışıqları üçün ödənilmiş 161 manat pulun tutularaq, ona ödənilməsinin təmin edilməyən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissələrdə qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2300 (iki min üç yüz) manat borc, 342 (üç yüz qırx iki) manat faiz borcu, telefona görə 58 (əlli səkkiz) manat, cəmi 2700 (iki min yeddi yüz) manat tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə-iddia tələbinin mənəvi zərərə görə 1.000 manat pulun tutulmasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1832/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1832/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver