Məhkəmə qərarları › İş №2(103)-1833/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1833/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1833/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Baxışova Vüsalə Ələkbər qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4216/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7399,53 manat əsas, 4232,83 manat faiz, 2885,92 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 1789,11 manat faiz borcunun tutulması; tutmanın ipoteka predmeti olan “Mercedes BenzE320” markalı, Tip:sedan, Ban nömrəsi WDBUF65JX3A223048, ağ rəngli, buraxılış ili 2003-cü il olan, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4216/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 7399,53 manat əsas, 4232,83 manat faiz, 739 manat cərimə, hesablanmış 1789,11 manat faiz borcu, cəmi 14160,47 (on dörd min yüz altmış manat qırx yeddi qəpik) manat borc və 26 (iyirmi altı) manat məbləğində dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətləri və onların dəlili: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, onun tərəfindən banka edilmiş ödənişlərin nəzərə alınmadığını, bank tərəfindən iddia tələbində göstərilən əsas, faiz və cərimə borcunun düzgünlüyü yoxlanmalı olduğu halda yoxlanmadığını və ekspertiza təyin edilməli olduğu halda edilmədiyini qeyd etmişdir Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda vəsatət verərək borcun məbləğinin müəyyən edilməsi üçün iş üzrə yenidən məhkəmə-mühasibatlıq eksperizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ə.Yusubov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə cavabdehin vəsatətinə etiaz edərək, hazırkı ekspert rəyi ilə yalnız faiz borcu hissədə fərq olduğunu, yenidən ekspertiza keçirilməsi barədə vəsatətin işi uzatmaq məqsədilə verildiyini bildirdi. Sübutların tədqiqi: Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 215/13 nömrəli kredit müqaviləsinə əsasən avtomobilin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 12000 manat kredit vəsaiti verilmişdir. Müqavilənin təminatı olaraq avtomobil ipoteka ilə yüklü edilmişdir. Əmlakın qiymətləndirilməsinə dair Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5698 saylı ekspert rəyinə əsasən “Mercedes Benz- E320” markalı ** VV *** dövlət qeydiyyat nişanlı 2003-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin real bazar qiyməti təxminən 16 000 manat müəyyən olunur. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan müəyyən olunur ki, cavab tərəfindən xx.xx.2018-ci il tarixində 50 manat ödəniş edilmiş, bu da “gecikdirilən faizlərin silinməsi” üzrə borcdan silinmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2383 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən məlum olur ki, xx.xx.2013-cü il tarixli 215/13 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, müqavilə bitən xx.xx.2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 7399,89 manat, faiz borcu üzrə 2155,02 manat, cərimə borcu üzrə 1327,5 manat olmaqla, ümumilikdə 10.882,42 manat müəyyən edilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da sonradan lazımınca icra olunmamış və onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Eyni Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Hazırkı iş üzrə Məhkəmə tərəfindən təyin edilmiş 2(103)-1833/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizasına əsasən verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 9/2383 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən məlum olur ki, xx.xx.2013-cü il tarixli 215/13 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, müqavilə bitən xx.xx.2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 7399,89 manat, faiz borcu üzrə 2155,02 manat, cərimə borcu üzrə 1327,5 manat olmaqla, ümumilikdə 10.882,42 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ekspert rəyinə uyğun olaraq faiz borcunun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı faiz borcunun məbləği 2155,02 (iki min yüz əlli beş manat iki qəpik) manat müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcunun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı faiz borcunun məbləği 2155,02 (iki min yüz əlli beş manat iki qəpik) manat müəyyən edilməli, qətnamə qalan mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-4216/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsi, qismən cavabdehdən tutulmalı faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalı faiz borcunun məbləği 2155,02 (iki min yüz əlli beş manat iki qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Vüsalə Baxışova Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar