Məhkəmə qərarları › İş №2(103)-1835/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1835/2024

19.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1835/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5203/2023 saylı, 12 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(001)- 5203/2023 saylı qətnaməsinə əsasən, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) mənzilə köçürülmə və s. tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, 22 saylı evin 15 saylı 3 otaqlı mənzilinin Cavabdeh məxsus 2 otaqdan ibarət hissəsinə köçürülmələri qərara alınmışdır. Qətnamədən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərardadına əsasən, apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmənin qərardadı onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş forma və məzmuna riayət edilməmişdir. 10 yanvar 2024-cü il tarixdə cavabdehin vəkili Nümayəndə yenidən qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5203/2023 saylı, 12 yanvar 2024-cü il tarixli qərardadı ilə bu apellyasiya şikayəti də geri qaytarılmışdır. Məhkəmə qənaətində göstərmişdir ki, cavabdehin nümayəndəsinin qətnamədən verdiyi apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş forma və məzmuna riayət edilməmişdir. Bundan başqa, Cavabdeh məhkəmənin qətnaməsini 30 noyabr 2023-cü il tarixdə rəsmi qaydada əldə etmişdir. Belə olan halda, onun qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş son müddət 30 dekabr 2023-cü il tarixidir. Hazırki apellyasiya şikayəti isə 10 yanvar 2023-cü il tarixdə verilmişdir. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5203/2023 saylı, 23 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Əvvəla, iş materiallarının 36-cı vərəqindəki məhkəmə qəbzindən görünür ki, Cavabdeh məhkəmə qətnaməsini 30 noyabr 2023-cü il tarixdə almışdır və bu mübahisəsiz haldır. Onun tərəfindən ilk dəfə apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmiş, bu apellyasiya şikayəti xx.xx.2023-cü il tarixli qərardadla forma və məzmuna riayət edilmədiyinə görə geri qaytarılmış və qərardad eyni gündə vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh yenidən xx.xx.2024-cü ildə apellyasiya şikayəti vermiş və bu apellyasiya şikayəti də eyni tarixli qərardadla geri qaytarılmış və eyni gündə vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi, cavabdeh birinci dəfə verdiyi apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadı mübahisələndrməmiş, başqa sözlə həmin qərardadla razılaşmışdır. Demək ki, ikinci dəfə apellyasiya şikayəti verən zaman prosessual müddəti ötürmüş və prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməli idi. Cavabdeh birinci dəfə apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə versə də onun geri qaytarılması ilə razılaşdığından, ikinci dəfə apellyasiya şikayətini ya qanunla nəzərdə tutulmuş müddətdə forma və məzmununa əməl etməklə yenidən verməli idi, yada müddəti ötürməklə verdiyi halda prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməsi tələb olunurdu. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh hər hansı bir üzrlü səbəb olmadan apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün vəsatət omadığından şikayət təmin edilə bilməz. Şərh olunanlara əsasən, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5203/2023 saylı, 12 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5203/2023 saylı, 12 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar