Məhkəmə qərarları › İş №2(103)-1841/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1841/2023

18.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1841/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X8rşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X8rşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(004)-4485/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İŞİN HALLARİ

1. İddiaçı 07 avqust 2019-cu il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”na kardiologiya şöbəsinə tibb bacısı vəzifəsinə qəbul edilmiş, 26 sentyabr 2019-cu il tarixdə xəstəxanaınn nefrologiya şöbəsinə tibb bacısı vəzifəsinə, 21 sentyabr 2020-ci il tarixdə 2-ci cərrahiyyə şöbəsinə tibb bacısı vəzifəsinə, 23 noyabr 2020-ci il tarixdə nefrologiya şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir.

2. 24 may 2022-ci il tarixli təqdimata əsasən xəstəxananın baş həkimi xəstəxananın X5 İttifaqı Komitəsinə müraciət edərək iddiaçının tibb bacısı kimi öz əmək funksiyalarını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, xəstəxanadaxili nizam-intizam qaydalarını pozmasını nəzərə alaraq onun ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xitam verilməsinə münasibət bildirməsini xahiş etmişdir.

3. Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 01 iyun 2022-ci il tarixli iclasının 100 No-li protokoluna əsasən tibb bacısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi əvəzinə digər intizam tənbehi növünün seçilməsi və başqa şöbəyə keçirilməsi məsələsinə baxılması xahişi ilə rəhbərlik qaydasında vəsatət qaldırılmışdır.

4. 08 iyun 2022-ci il tarixli təqdimata əsasən xəstəxananın baş həkimi xəstəxananın X5 İttifaqı Komitəsinə müraciət edərək həmkarlar ittifaqının tövsiyyə xarakterli qərarının iddiaçının iştirakı ilə keçirilmiş iclasda müzakirə olunduğu, iddiaçıya əmək haqqı eyni olmaqla boş vakansiya barədə məlumat verildiyini, lakin iddiaçının həmkarlar ittifaqı komitəsinin tövsiyəsindən imtina etdiyini, 01 iyun 2022-ci il tarixdə xəstəxananın nefrologiya şöbəsində müalicə alan Şəmkir rayon sakini Rəhimov Abbas tərəfindən iddiaçının qeyri etik davranışları barədə şikayət daxil olduğunu və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xitam verilməsinə münasibət birdirməsini xahiş etmişdir.

5. Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 09 iyun 2022-ci il tarixli iclasının 102 No-li protokoluna əsasən tibb bacısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir.

6. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”n 10 iyun 2022ci il tarixli 455 saylı əmrinə əsasən iddiaçı ilə bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.

7. Maliyyə Şöbəsinin müdiri və mühasibi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli arayışa əsasən iddiaçıya əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən xx.xx.2022-ci il tarixdə son haqq hesabı ödənilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik hüquqi şəxsin 10 iyun 2022-ci il tarixdə 455 nömrəli əmrinin ləğv edilməsi, tibb bacısı vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqi yardıma görə vəkilə ödədiyi 500 manat, ilkin medasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat olmaqla ümumilikdə 550 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Şirzad qızı 07 avqust 2019-cu il tarixdən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik hüquqi şəxsində tibb bacısı vəzifəsində çalışmağa başlamışdır. 10 iyun 2022-ci il tarixdə 455 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin qəbul edilməsinin əsası kimi nefrologiya şöbəsinin işçiləri tərəfindən daxil olmuş müraciətlər və Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 102 nömrəli protokolu qeyd edilmişdir. O, iş qrafikinə digər tibb bacıları tərəfindən əməl edilmədiyi üçün, yəni, qrafikə əsasən onun iş rejimi olduğu halda müəssisəyə daxil olan xəstələrə yardım göstərilməsi üçün digər (qrafik üzrə növbədə olmayan) tibb bacılarının səlahiyyətləndirildiyini görüb bu barədə dəfələrlə işəgötürənin rəhbərinə və baş tibb bacısına şifahi və yazılı müraciətlər ünvanlamışdır. İşəgötürən isə mövcud problemi aradan qaldırmaq əvəzinə onun hüquqlarının pozulmasına göz yummuş, hətta iş yerini də dəyişdirmişdir. Ümumiyyətlə iş kollektivi – həm rəhbərlik, həm də tibb bacıları ona qarşı qərəzli mövqe göstərmişlər. O, bütün bu hallarla bağlı işəgötürənə 18 may 2022-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmiş, lakin buna da məhəl qoyulmamışdır. O, hüquqlarının pozulduğunu görüb bütüb baş verən qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və digər orqanları yazılı şikayət ərizəsi ilə müraciətlər etmişdir. Bundan sonra işəgötürən tərəfindən qərəzli mövqeyə, yəni şikayət etməsinə görə onun barəsində 10 iyun 2022-ci il tarixdə 455 nömrəli əmr qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmr qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassız olaraq qəbul edilmişdir. Belə ki, işin faktiki hallarından aydın olur ki, o, müəssisədə olan qanun pozuntuları barədə həm öz rəhbərliyinə, həm də digər hüquq mühafizə orqanlarına müraciət etdiyindən “qisas” almaq məqsədi ilə həmin əmr verilmişdir. Əmək müqavisinə qanunsuz və əsassız xitam verilmə ilə yanaşı həmçinin əmrin sənədləşirilməsi zamanı da ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci bəndində qeyd olunur ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Lakin əmrdə, əmrin qəbul edilməsi əsasları demək olar ki, qeyd olunmamışdır.

10. Cavabdehin iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iş yerində əmək kollektivi ilə yola getməmiş, öz vəzifələrini lazımınca yerinə yetirməmiş, ona təhkim edilmiş xəstələri qəbul etməmiş, həkim təyinatlarıını yerinə yetirməmiş, işlədiyi müddətədə bir neçə şöbə dəyişdirmiş, bütün şöbələrdə də eyni hallar baş vermişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. İddiaçı onun əmək müqaviləsinə 10 iyun 2022-ci il tarixdə xitam verilməsini 11 iyun 2022-ci il tarixdə bilmiş, ona son haqq hesabı 10 iyun 2022-ci il tarixdə ödənilmişdir. 14 iyun 2022-ci il tarixdə əmək kitabçasını götürmək üçün ünvanına bildiriş göndərilmiş, 22 iyun 2022-ci il tarixdə bildiriş iddiaçıya ünvanında rəsmi qaydada çatdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçı 10 iyun 2022-ci il tarixdən 10 iyul 2022-ci il tarixədək ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etməli olduğu halda 25 iyul 2022-ci il tarixdə müraciət etmiş və iddia müddətini ötürmüşdür.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(004)- 4485/2022 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tədqiq olunmuş sübutlarla, iddiaçının öz əmək funksiyalarını lazımınca yerinə yetirməməsi öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdeh (işəgötürən) tərəfindən iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin tələblərinə əməl edilməklə ləğv edilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı 11 iyun 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi haqqında əmri almış, 04 iyul 2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı mediatora müraciət etmiş, 06 avqust 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı almış, məhkəməyə iddia ərizəsi ilə 08 avqust 2022-ci il tarixdə müraciət etmişdir. Buna görə də iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68, 70, 71, 80, 84, 296, və 300-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddiaçının öz əmək funksiyalarını yerinə yetirməməsinin sübut olunduğunu qeyd etsə də, bunun məhz hansı sübutlarla sübut edildiyini qeyd etməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən cavabdeh təşkilatın əməkdaşları hamısı iddiaçının iş yoldaşları ilə yola getməməsini və bu səbəbdən mübahisələr yaranmasını qeyd etmişlər. Dindirilən şahidlərdən heç bir onun bir tibb bacısı olaraq öz əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinin şahidi olmadıqlarını bildirmişlər. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı həmin müəssisədə 3 ildən artıq müddətdə çalışmışdır. Əgər iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirə bilməsəydi, onu ilk günlərdə öz vəzifəsindən cavabdeh təşkilat azad etməli idi. Amma iddiaçının şəxsi iş vərəqəsindən görünür ki, çalışdığı müddət ərzində ona inzibati tənbeh tətbiq edilməmiş, onun fəaliyyət göstərdiyi şöbə dəyişdirilmişdir. İddiaçı müəssisədə olan qanun pozuntularına görə yuxarı instansiyalara müraciət etdiyindən, işəgötürən onunla qərəzli mövqe göstərmiş və onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Cavabdeh iddiaçının öz əmək vəzifələrini yerinə yetirə bilməməsini sübut edə bilməmişdir. Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqdadır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanunimənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altıay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Lakin əmək müqaviləsinə xitam verilməsi barədə 10 iyun 2022-ci il tarixli, 455 nömrəli əmr qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassız olaraq qəbul edilmişdir. Belə ki, işin faktiki hallarından aydın olur ki, iddiaçı müəssisədə olan qanun pozuntuları barədə həm öz rəhbərliyinə, həm də digər hüquq mühafizə orqanlarına müraciət etdiyindən qisas almaq məqsədi ilə həmin əmr verilmişdir. Məhkəmə qətnaməsi əsaslandırılmamış, cavabdeh iddiaçının öz əmək funskiyalarını yerinə yetirməməsini sübut edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək qətnaməsinin tam ləğv edilərək iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

18. Cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 43.2 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ... f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186.1 İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iddia təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktlar aydınlaşdırılmamışdır, müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar təsdiqini tapmır və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

23. Apellyasiya şikayətinin ilkin dəlili ondan ibarətdir ki, məhkəmə öz qətnaməsində iddiaçının öz əmək funksiyalarını yerinə yetirməməsinin sübut olunduğunu qeyd etsə də, bunun məhz hansı sübutlarla təsdiq olunduğunu qeyd etməmişdir.

24. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də birinci insitansiya məhkəməsi iddianın rədd olunmasının əsası kimi iddiaçının öz əmək funksiyalarını lazımınca yerinə yetirməməsinin təsdiqini tapmasını qeyd etsə də, əmək funksiyalarının hansı sənəddə əksini tapmasını, iddiaçının hansı əmək funksiyasını yerinə yetirmədiyini, bu halın hansı sübutlarla təsdiqini tapdığını araşdırmamış və buna görə də yanlış nəticəyə gəlmişdir.

25. Ümumiyyətlə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yeganə düzgün qənaət iddia müddətinin ötürülməməsi ilə bağlı olmuşdur.

26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda 10 iyun 2022ci il tarixli 455 saylı əmrdə ümumi olaraq “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” sözlərindən istifadə etmiş, işçinin hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə hansı öhdəliyini yerinə yetirmədiyini qeyd etməmiş, yəni, qeyd olunan normanın tələbinə zidd olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır.

27. Tərəflər arasında bağlanmış 07 avqust 2019-cu il tarixli əmək müqaviləsinin “İşçinin əmək funksiyası” adlanan 3-cü bölməsinin 1-ci bəndində “İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür” və bəndin sonunda “əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır” cümlələri qeyd olunsa da, həmin qrafada heç bir funksiya göstərilməmişdir.

28. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsinin baş həkimi tərəfindən təsdiq olunmuş “Tibb bacısının nümunəvi təlimatın”ın “Vəzifə öhdəlikləri” bölməsində qeyd olunmuşdur ki, tibb bacısı tibb müəssisəsində və evdə xəstələrə qulluğu həyata keçirir, tibbi alətlərin, sarğı materiallarnın və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirir, ambulator və stasionar şəraitlərdə müalicə - diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik edir, pasientlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara, həkimi ambulator qəbuluna hazırlanmasını aparır, həkim təyinatının yerinə yetirilməsini təmin edir, dərman vasitələrinin və etil spirtinin qeydiyyatını, saxlanmasını və istifadəsini həyata keçirir, xidmət göstərilən əhalinin fərdi qeydiyyatını, sağlamlıq vəziyyəti barədə məlumatların informasyia (kompüter) bazasını aparır, kiçik tibb heyətinin fəaliyyətinə rəhbərlik edir, tibbi sənədləşdirməni aparır, xəstələr və onların qohumları arasında sağlamlığın möhkəmləndirilməsi və xəstəltklərin profilaktikası, sağlam həyat tərzinin təblği üzrə sanitar – maarifləndirmə işini aparır, tibbi tullantıların toplanılması və istifadə edilməsini həyata keçirir, sanitariya – gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə təkmilləşdirmə kursunda iştirak edir, müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. Vəzifə təilimatında qeyd olunan öhdəliklərin göstərilməsinə baxmayaraq əmrdə məhz hansı öhdəliyin yerinə yetirilməməsi əksini tapmamışdır.

29. Əmrin verilməsi üçün əsas kimi Nefrologiya şöbəsinin işçiləri tərəfindən daxil olan müraciətlər və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 09 iyun 2022-ci il tarixli iclasının 102 No-li protokolu göstərilmişdir.

30. Nefrologiya şöbəsinin işçiləri tərəfindən publik hüquqi şəxsin rəhbərliyinə ünvanlanmış ərizəni (31-32-ci səhifə) nəzərdən keçirərkən görünür ki, ərizənin məzmununda İddiaçı şöbədə hay – küy salması, xəstələri narahat etməsi, onları təhqir etməsi, qaydala riayət etməməsi, iş qrafiki üzrə yazılan növbələrə, yanvar ayında gecə növbələrinə çıxmaması, postu boş qoyub getməsi qeyd olunmuşdur. Qeyd olunan halların (iş qrafiki üzrə yazılan növbələrə, yanvar ayında gecə növbələrinə çıxmaması, postu boş qoyub getməsi) əmək funksiyasıını yerinə yetirməmə kimi qiymətləndirilərək bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün göstərilən faktların hər biri rəsmiləşdirilməli idi. Lakin işə baxılarkən bu halların konkret olaraq hansı tarixlərdə baş verməsi, hansı qaydada rəsmiləşdirilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, bir qrup işçi tərəfindən rəhbərliyə ünvanlanmış ərizə əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil əsas hesab edilə bilməz.

31. Qeyd olunan müraciət əsasında Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 01 iyun 2022-ci il tarixli iclasının 100 No-li protokoluna əsasən tibb bacısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi əvəzinə digər intizam tənbehi növünün seçilməsi və başqa şöbəyə keçirilməsi məsələsinə baxılması xahişi ilə rəhbərlik qaydasında vəsatət qaldırılmışdır. Yəni, artıq həmin müraciət əsasında Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin gəldiyi qənaət bundan ibarət olmuşdur ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi əvəzinə digər intizam tənbehi növünün seçilsin və başqa şöbəyə keçirilsin.

32. Bundan sonra 08 iyun 2022-ci il tarixli təqdimata əsasən xəstəxananın baş həkimi xəstəxananın X5 İttifaqı Komitəsinə yenidən müraciət edərək həmkarlar ittifaqının tövsiyyə xarakterli qərarının iddiaçının iştirakı ilə keçirilmiş iclasda müzakirə olunduğu, iddiaçıya əmək haqqı eyni olmaqla boş vakansiya barədə məlumat verildiyini, lakin iddiaçının həmkarlar ittifaqı komitəsinin tövsiyəsindən imtina etdiyini, 01 iyun 2022-ci il tarixdə xəstəxananın nefrologiya şöbəsində müalicə alan Şəmkir rayon sakini Rəhimov Abbas tərəfindən iddiaçının qeyri etik davranışları barədə şikayət daxil olduğunu və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xitam verilməsinə münasibət birdirməsini xahiş etmişdir. Yəni, Həmkarlar İttifaqı Komitəsinə artıq əvvəlki əsasla (Nefrologiya şöbəsinin işçiləri tərəfindən daxil olan müraciətlər) deyil, digər əsaslarla müraciət olunmuş, həmin müraciətə cavab olaraq Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 09 iyun 2022-ci il tarixli iclasının 102 N-li protokoluna əsasən tibb bacısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir.

33. Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 09 iyun 2022-ci il tarixli iclasının 102 No-li protokoluna əsasən tibb bacısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə etiraz olunmamasının əsasını Nefrologiya şöbəsinin işçiləri tərəfindən daxil olan müraciətlər deyil, 08 iyun 2022-ci il tarixli təqdimatda göstərilən hallar təşkil etmişdir. Buna görə də müqaviləsinə xitam verilmə üçün əsas olaraq Nefrologiya şöbəsinin işçiləri tərəfindən daxil olan müraciətlər deyil, 08 iyun 2022-ci il tarixli təqdimatda qeyd olunan hallar göstərilməli idi.

34. Bundan başqa, Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 01 iyun 2022ci il tarixli iclasının 100 N-li protokoluna əsasən tibb bacısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi əvəzinə digər intizam tənbehi növünün seçilməsi və başqa şöbəyə keçirilməsi məsələsinə baxılması xahişi ilə rəhbərlik qaydasında vəsatət qaldırıldıqdan sonra əgər yeni əsaslarla həmkarlar komitəsinə müracəit edilməklə iddiaçı barədə intizam tənbehi tətbiq olunurdusa, Əmək Məcəlləsinin 187.1 maddəsinə əsasən işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməli, işçi imtina etdiyi təqdirdə bu qanuna müvafiq olaraq rəsmiləşdiriliməli idi. Lakin 01 iyun 2022-ci il tarixdən sonra işçidən izahat alınması, sonuncunun bundan imtina etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamış, Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 09 iyun 2022-ci il tarixli iclasının 102 N-li protokolunda bu barədə hər hansı bir qeyd aparılmamışdır.

35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv, iddiaçı tibb bacısı vəzifəsinə işə bərpa olunmalı, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir.

36. İddia ərizəsində tələblə yanaşı medasiya üçün ödənilən 50 manat və hüquqi yardıma görə ödənilən 500 manat məbləğində pul vəsaitinin tutulması da xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğundan ilkin medasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Lakin həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər barədə iddiaçı tərəfindən hesab təqdim olunmadığından məhkəmə kollegiyası hesab edir ki, həmin pul vəsaiti cavabdehdən tutula bilməz.

37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(004)- 4485/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(004)- 4485/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası təmin edilsin. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 10 iyun 2022-ci il tarixli, 455 nömrəli əmri ləğv edilsin. İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin nefrologiya şöbəsində tibb bacısı vəzifəsinə işə bərpa edilsin. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxs tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. İlkin medasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul vəsaiti “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar