Məhkəmə qərarları › İş №2(103)-1842/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1842/2023

01.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1842/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarş mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6159/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan satıcılar X4 və X2 ilə alıcı İddiaçı arasında xx.xx.2021ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzilini alıcının mülkiyyətinə verməyi öhdələrinə götürmüşlər.

2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli ********** sаylı çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmışdır.

3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzildə qeydiyyatda heç bir şəxs yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 оna məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiançı 31 iyul 2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili alqı-satqı yoluilə almışdır. Alqı-satqı müqaviləsi (AN-l № 0960091) Bakı şəhəri, 52 saylı Notariat ofisində rəsmiləşdirilmiş və AR ƏMDKYDƏDRX tərəfindən həmin mülkiyyətə çıxarış verilmişdir (№********** xx.xx.2021-ci il). Qardaşı Cavabdeh1 gənc ailə olduğu və maddi çətinlik çəkdiyini nəzərə alaraq o həmin evi müvəqqəti olaraq yaşamaq üçün onlara vermişdir. Artıq 1 ildən çoxdur ki, qardaşı öz ailəsi ilə həmin mənzildə yaşayır. Lakin son zamanlar onun öz həyat yoldaşı ilə münaqişələri olur. Bunları nəzərə alaraq o, qardaşı və onun həyat yoldaşı Aytacdan ona məxsus olan mənzildən çıxmaqlarını tələb etmişdir. Lakin onlar müxtəlif bəhanələr gətirərək evdən çıxmırlar. Heç bir etik normaya sığmayan hərəkətləri ilə daima çətinlik yaradır və onun qarşısında ağlasığmaz tələblər qoyaraq evdən çıxmaqdan imtina edirlər. O, məcbur olaraq xx.xx.2022-ci il tixindəə ərizə ilə Bakı Şəhər Xətai Rayon Polis İdarəsinə müraciət etmiş, lakin ona mübahisənin mülki xarakterli olması qeyd edilərək aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6159/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 146, 152.1-152.4, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh1 ilə onun arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanaraq qeydə alınmışdır. Birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşudur. Ailə qurduqdan sonra Cavabdeh1 ailə üzvləri Cavabdeh1 ünvan 2 ünvana köçərək həmin ünvanda daimi yaşamağa başlamışlar. Lakin 2022-ci ilin əvəllin də Cavabdeh1 nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Aralarında nikah pozulduğu üçün onu və uşağını gəlin köçdüyü evdən çıxarmağa görə İddiaçı öz qardaşı Cavabdeh1 evdən çıxarma adı ilə məhkəməyə müraciət etmişdir. Buna görə də Cavabdeh1 Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il, 2(011)-6159/2022 nömrəli qətnaməsindən razı qalaraq qətnamədən şikayət etməmişdir. Onun başqa yaşayış yeri yoxdur. Məhkəmə azyaşlı qızı ilə onu gəlin köçdüyü və daim yaşadığı mənzildən kompensasiya verilmədən çıxarılmağını qət etmişdir. Onun yaşamağı üçün mənzil tapanadək müvəqqəti olaraq (üç il) həmin evdə yaşamağını və ya həmin ərazidə, həmin şəraitdə 3 illik müvəqqəti yaşaq üçün kirayə mənzillə təmin olunmağını istəyir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur.

14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. Maddə 6. mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

16. Maddə 146. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

17. Maddə 152.1-152.4 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir».

20. Həmin məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter alır».

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6159/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Cavabdeh apellyasiya şikayətində başqa yaşayış yerinin olmadığını, ona görə də mübahisələ mənzilə gəlin köçdüyü və daim yaşadığı üçün həmin mənzildən yalnız kompensasiya verilməklə çıxarılmalı olduğunu qeyd etsə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

31. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.

32. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

33. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzil xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. İddiaçı cavabdehlərin gənc ailə olduğu və maddi çətinlik çəkdiyini nəzərə alaraq həmin mənzili müvəqqəti olaraq yaşamaq üçün onlara vermişdir. Lakin onlar müxtəlif bəhanələr gətirərək evdən çıxmırlar və evi boşaltmaqdan imtina edirlər.

34. Göründüyü kimi, mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulduğundan o, cavabdehlərin mülkiyyətində olan mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisə mənzildə yaşaması üçün hər hansı hüquqi əsasları mövcud deyil. Onların iddiaçının iradəsinə zidd mənzildə yaşamaqla iddiaçının mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışlar.

36. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 92 nömrəli mənzilindən çıxarılmalıdırlar.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6159/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar