Məhkəmə qərarları › İş №2(103)-1844/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1844/2024

23.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1844/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 Bayram qızının və onun nümayəndəsi (vəkili) Vəkil Babasan oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bayram oğluna və Cavabdeh2 Bayram qızına oğluna qarşı “yaşayış hüququnun tanınması, evə köçürülmə, evdə yaşamaq hüququna yaradılmış maneənin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Bayram oğluna və Cavabdeh2 Bayram qızına qarşı “yaşayış hüququnun tanınması, evə köçürülmə, evdə yaşamaq hüququna yaradılmış maneənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında yerləşən evə yaşayış hüququnun tanınması, evə köçürülmələri, evdə yaşamaq hüququna yaradılmış maneənin qadağan edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdə Cavabdeh1 Bayram oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan Murad və Nərmin adlı uşaqları vardır. Ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında yerləşən evə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Bir müddət sonra evin yerləşdiyi yerdə həyətdə olan digər tikilidə təmir işləri apararaq, oraya yerləşmişlər. Evin təmir xərci iddiaçı tərəfindən qarşılanmışdır. Həmin tikili iki otaqdan (qonaq və yataq otaqları), mətbəx və sanitar qovşaqdan ibarətdir. Uşaqlar həmin evdə dünyaya gəlib böyümüşlər. Cavabdeh1 iddiaçının mülkiyyətində olan nikahdan əvvəl əldə edilmiş ünvan 2 ünvanında yerləşən 162 saylı mənzili iddiaçının xəbəri və razılığı olmadan etibarnamə əsasında özgəninkiləşdirmişdir. Bu səbəbdən tərəflər arasında narazılıq yaramışdır. Həmin alqısatqıdan iddiaçı gec məlumatlı olmuşdur. Qaynanası olan Cavabdeh2 həmin narazılıqdan qəsdən istifadə edərək, iddiaçını yaşadığı evdən qovmaqla hədələyir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1478/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən, iddia rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli ünvanda yerləşən evə gəlin köçməsi, uşaqlarının həmin ünvanda dünyaya gəlməsi, cavabdeh Bəxtiyarla münasibətlərinin pisləşməsi, bu səbəbdən digər cavabdeh Nərminənin onu evdən məhrumetməklə hədələməsi, onun yaşamasına manelər yaratması, həmin evdən başqa yaşamağa evinin olmaması və s. göstərilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, istər iddia verilən zamanı, istərsə də hazırda uşaqları ilə birlikdə mübahisəli ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. O həmin ünvana köçən zamanı həyətdə 3 ədəd tikili mövcud olmuş, hazırda faktiki yaşadığı tikilini sonradan təmir edərək orada yaşamağa başlamışdır. O, cavabdehlər tərəfindən evdən çıxarılmamışdır, hüquqi savadsızlığı üzündən iddia ərizəsində mənzilə köçürülmə tələbini də irəli sürmüşdür. Eyni zamanda hazırki vəziyyətdə cavabdehlər tərəfindən onun və övladlarının yaşamasına hər hansı maneə də törədilmir. Əvvəllər Cavabdeh2 Bayram qızı ilə mübahisələri olmuş, qardaşı onlara qonaq gələn zamanı cavabdeh buna etiraz edərək, yaşadığı evin işığını kəsmiş, bir müddət işıqsız qalmışdır. Lakin hazırda belə hallar baş vermir. Həmçinin qeyd edir ki, o, Siyəzən rayonunda müəllimə işləyir, hər gün səhər işə gedir, axşam işdən evə qayıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Bayram qızı və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq, iddiaçının uşaqları ilə mübahisəli ünvanda, ayrıca evdə yaşamasını, ona cavabdehlər tərəfindən hər hansı maneə yaradılmamasını, münasibətlərinin yaxşı olmamasına baxmayaraq iddiaçının və onun övladlarını evdən çıxarılmamasını, əvvəllər mübahisələrinin olmasını, lakin iddiaçının yaşadığı evdən istifadə ilə bağlı hər hansı müdaxilənin olmamasını və s. göstərərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh1 Bayram oğluna rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işin mübahisə olunmayan hallarına əsasən - iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 Bayram oğlu arasında nikah xx.xx.2013-cü il tarixdə qeydə alınmış, birgə nikahdan iki azyaşlı uşaqları (xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3) vardır, nikahları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bununla yanaşı işdə olan sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı ailə qurduqdan sonra cavabdehlərin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında yerləşən yaşayış sahəsinə köçmüş, hazırda həmin ünvanda yerləşən iki yaşayış otağından, mətbəx və sanitar qovşaqdan ibarət olan tikilidə uşaqları ilə birlikdə yaşamaqda davam edir. İddiaçının bildirməsinə görə, o həmin ünvana köçən zamanı həyətdə 3 ədəd tikili mövcud olmuş, hazırda faktiki yaşadığı tikilini sonradan təmir edərək orada yaşamağa başlamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2351 nömrəli ekspert rəyindən də göründüyü kimi, baxış zamanı təqdim olunmuş mübahisəli torpaq sahəsində 3 fərdi yaşayış evinin olduğu, bu evlərdən ikisinin cavabdehlərin, birinin isə iddiaçının faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Hər bir tikilinin ayrıca giriş-çıxış qapıları vardır. İddiaçının faktiki istifadəsində olan tikilinin çöl ölçüləri nəzərə alınmaqla 74 m2 təşkil edir. Bununla yanaşı, işdə olan arayışlardan görünür ki, iddiaçının uşaqları Binəqədi rayonu 100 nömrəli tam orta məktəbin müvafiq olaraq 1-ci və 3-cü siniflərində təhsil alırlar. Bununla yanaşı, işdə olan “Abonent saldosu”ndan görünür ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında yerləşən evdə təbii qaza aid kommunal ödənişlər İddiaçı adınadır. İşdə olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi xx.xx.2023-cü il tarixli, 02/112 №-li sorğuya cavab məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal ünvanında yerləşən fərdi yaşayış evinin altındakı və həyətyanı sahəsindəki torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı vətəndaşlar İddiaçı, Cavabdeh1 Bayram oğlunun və Cavabdeh2 Bayram qızının adına Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpaqayırma qaydasında müvafiq qərar verilməmişdir. Həmçinin, işin mübahəsiz halıdır ki, mübahisə predmeti olan fərdi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla, özbaşına tikilidir. Qeyd edilməlidir ki, MM-nin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və yaşayış sahəsi ehtiyacını qarşılayan tikilidir. Ona görə də, mülki hüquq subyektlərinin onun üzərində qanunla qorunan və müdafiə olunan şəkildə sahiblik, istifadə və sərəncam vermək hüquqları yaranmasa da, bu, həmin daşınmaz əşya ilə bağlı onların mövcud haqlı mənafelərinin qorunmasını tələb etmələrinə mane təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). MM-nin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya qeyd edir ki, bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. İddiaçı hazırki tələbində - mübahisəi ünvanda yerləşən evdə yaşamaq hüququnun tanınması, evə köçürülməsi və cavabdehlər tərəfindən ona yaradılan maneələrin qadağan edilməsini xahiş etmişdir. Halbuki, işin müəyyən olunmuş faktiki hallarından, eləcə də, iddiaçının özünün izahatından açıq-aşkar görünür ki, iddiaçı istər iddia qaldırılmamışdan əvvəl, istərsə də sonrakı vaxtlarda (hazırda da) mübahisəli yaşayış sahəsində yaşamaqla, oradan sərbəst istifadə edir. İddiaçı izahatında hüquqi savadsızlığı ilə bağlı yaşadığı evə köçürülməsi tələbini də irəli sürməsini qeyd etmişdir. Göründüyü kimi, qeyd edilən tələbin mahiyyəti üzrə araşdırılmasına hər hansı zərurət yoxdur, iddiaçı yaşadığı evdən faktiki məhrum olunmamışdır, iddiaçının özü də bu halı təsdiq edir. İddiaçının digər tələbi – mübahisəli evdə yaşamaq hüququna yaradılmış maneənin qadağan edilməsi ilə bağlıdır. İddia ərizəsindən görünür ki, iddiaçı həmin hissədə tələbini əsaslandırmamış, maneənin konkret olaraq nədən ibarət olmasını, cavabdehlər tərəfindən maneənin necə, hansı qaydada və üsulla həyəta keçirilməsini və s. bu kimi zəruri halları göstərməmiş, tələbini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. İddiaçı izahatında da bildirmişdir ki, hazırki vaxtda ona yaşadığı tikilidən istifadə ilə bağlı hər hansı maneə həyata keçirilmir. Əvvəllər bir dəfə qardaşı qonaq gələn zamanı Cavabdeh2 Bayram qızı onun yaşadığı evin işığını kəsmiş, qardaşının gəlməməsini tələb etmiş, aralarında mübahisə düşmüşdür. Sonrakı vaxtlarda isə evin işığının cavabdeh tərəfindən kəsilməsi halları olmamışdır. Cavabdeh, ümumiyyətlə, onun yaşadığı tikiliyə gəlmir, onun giriş çıxışına maneə törətmir. Cavabdeh tərəf də izahatında iddiaçının yaşadığı tikilidən istifadəsinə hər hansı maneə törətmədiyini, əvvəllər müəyyən mübahisələri olsa da, iddiaçının yaşadığı evə müdaxilə etməməsini, iddia tələbinin əsassız olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, iddiaçının övladları ilə köçürülməsini tələb etdiyi tələb etdiyi yaşayış sahəsi faktiki sahibliyində və istifadəsindədir, onların həmin evdə yaşamasına hazırki vəziyyətdə heç bir maneə yoxdur. Göründüyü kimi, qeyd edilən tələb də əsassız olmaqla, tərəflərin izahatları və işin halları ilə uzlaşmır. İddiaçı həmin hissədə də tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçının son tələbi isə yaşadığı özbaşına tikiliyə yaşayış (istifadə) hüqununun tanınması ilə bağlıdır. Yuxarıda da qeyd edildiyi kimi, mübahisə predmeti olan ev özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına mülkiyyət və ya digər əşya hüququ üzrə qeydiyyata alınmamışdır. Buna baxmayaraq, özbaşına tikililiər bir iqtisadi dəyər kimi mövcuddur və müxtəlif şəxslərin yaşayış sahəsi ehtiyacını qarşılayan tikilidir. Lakin, bu hal özü-özlüyündə həmin tikilidə yaşayan şəxslərin ona hər hansı əşya və s. bu kimi hüquqlarının tanınmasına əsas ola bilməz. Belə ki, MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-nin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-nin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin qeyd edilməlidir ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (MM-nin 180.3-cü mad.) Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddiaçı həmin evə yaşayış hüququnun tanınmasını tələb etmək hüququna da malik deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşayış (istifadə) hüququnun tanınmasını tələb etdiyi ev qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış özbaşına tikilidir və belə olan halda hüquqi vəziyyəti bəlli olmayan həmin yaşayış evinə hüququn tanınması da mümkün deyildir. Göründüyü kimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslanlıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Bayram oğluna və Cavabdeh2 Bayram qızına oğluna qarşı “yaşayış hüququnun tanınması, evə köçürülmə, evdə yaşamaq hüququna yaradılmış maneənin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar