Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1845/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Allahverdiyeva Səkinə Rafiq qızının, cavabdeh Rəhmanov Əli Yusif oğlunun iştirakları ilə, İddiaçı Allahverdiyeva Səkinə Rafiq qızının cavabdeh Rəhmanov Əli Yusif oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3748/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Allahverdiyeva Səkinə Rafiq qızı cavabdeh Rəhmanov Əli Yusif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1530 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 2013-cü il tarixdən etibarən tanıyır. İddiaçı 2001-ci il tarixdən diş texniki işləyir. 2013-cü il tarixdən 2020-ci ilin fevral ayına qədər olan müddət ərzində, iddiaçı cavabdehin verdiyi metal keramika, zirkon dişlərinin düzəltmə sifarişlərini düzəldib, ona təhvil verirdi. Cavabdeh isə öz növbəsində pulu ona hissə-hissə olmaqla sonradan ödəyirdi. 2019-cu ilin sonralarından başlayaraq cavabdeh iddiaçıdan təhvil aldığı sifarişlərin pullarını gecikdirməyə başlamışdır. 2020-ci ilin mart ayının əvvəllərində axşam saatlarında cavabdeh iddiaçıya mesaj yazaraq bir gün öncə sifariş etdiyi dişi təcili çatdırmağı tələb etmiş, iddiaçı isə cavabdehə gecə saatlarında sifarişi təhvil verə bilməyəcəyini, gecə vaxtı onu narahat etməməsini, səhər saatlarında sifariş verdiyi dişi kuryer vasitəsi ilə verə biləcəyini bildirmişdir. Bu zaman cavabdeh onunla kobud danışmağa başlayaraq onu layiq olmayan sözlərlərlə təhqir etmişdir. Bu səbəbdən iddiaçı cavabdehə telefonla qeydiyyat apardığı siyahını göndərərək, ona olan borcunu geri qaytarmağı tələb etmiş və onunla birdaha işləməyəcəyini bildirmişdir. Həmin borcun ümumi məbləği 1970 manat təşkil etmişdir. Həmin rəqəmi iddiaçı cavabdehə bildirəndə o onu təhqir etməyə başlamışdır. Həmin məbləğdən cavabdeh iddiaçıya Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsində iddiaçının şikayətindən sonra 475 manat geri qaytarmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3748/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, iddiaçını 2013-cü ildən etibarən tanıyır və özü artıq 10 ildir ki, diş həkimi işləyir. İddiaçı isə diş texniki olduğundan o ona diş sifarişləri verirdi. Onlar arasında olan pul münasibətləri əksər hallarda nisyə formasında olmuşdur. Belə ki, o, iddiaçı onun üçün bir neçə sifariş düzəldəndən sonra pulları ona hissə-hissə göndərirmiş. Sonuncu dəfə iddiaçı onu zəng edərək, ona olan ümumi borcunun 275 manat olduğunu bildirmişdir. Onlar arasında olan münaqişələrdən sonra isə iddiaçı həmin borc məbləğinin 970 manat, daha sonra isə polisə şikayət edərək 2000 manat olduğunu bildirmişdir. Onun həqiqətdə iddiaçıya olan borcu 475 manat təşkil etmişdir və o, həmin borcu iddiaçıya Bakı şəhəri Nərimanov RPİ-də nağd olaraq qaytarmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşan kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun ümumiyyətlə mövcudluğuna, cavabdehin isə ona məxsus həmin pulu götürmüş olduğuna dair heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3748/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1845/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1845/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver