Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1847/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reyestrdən çıxarışın etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh adına Bakı şəhəri 8-ci mikrorayon, S.Axundov küçəsi 3 saylı evin 38 saylı mənzilinə dair verilmiş RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, sözügedən mənzilə dair çıxarış alınan zaman mənzil sahəsinə hüququ olan şəxs kimi iddiaçının razılığı alınmamışdır. Halbuki, özəlləşdirmə haqqında qanunun tələblərinə əsasən, onun razılıq ərizəsi mütləq alınmalı idi. Buna baxmayaraq, məhkəmə reyestr xidməti tərəfindən çıxarış verilərkən hər hansı qanun pozuntusuna yol verilib-verilməməsini ümumiyyətlə araşdırmamış, qətnaməsini eyni tərəflər arasında eyni mahiyyət üzrə işə baxılması ilə əsaslandırmışdır. Lakin o, əvvəlki məhkəmə prosesində “çıxarışın ləğv edilməsi və mənzilin paylara bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Hazırkı tələbi isə çıxarışın etibarsızlığı barədədir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Kirov rayon X6 İcraiyyə Komitəsinin 40 saylı xx.xx.1986- cı il tarixli qərarına, 599187 nömrəli xx.xx.2017-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa, MaCavabdeh razılıq ərizəsinə əsasən Bakı şəhəri, 8-ci mkr, S.S.Axundov küçəsi, 3 saylı evin 38 saylı mənzili xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. İddiaçı mübahisə predmeti olan həmin mənzilə istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4748/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi). Bundan sonra, Cavabdeh, İddiaçı istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və həmin mənzildən çıxarılması barədə ilkin, İddiaçı isə mənzilə dair Cavabdeh adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi və mənzilə payların müəyyən edilməsi haqqında qarşılqılı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, istifadə hüququ sahibi kimi, onun razılıq ərizəsi alınmadan Cavabdeh evi öz adına özəlləşdirməsi onun hüquqlarına kobud şəkildə pozur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, rayon məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, ilkin iddia rədd edilmiş, qalan hissədə (qarşılqılı iddianın təmin edilmədiyi) qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh və İddiaçı kassasiya şikayətləri təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvə minmiş həmin qətnaməsində İddiaçı qarşılıqlı iddiasına münasibətdə qeyd olunmuşdur ki, mənzilin özəlləşdirilməsi qanuni həyata keçirildiyindən və çıxarışın verilməsi ilə əlaqədar hər hansı qanun pozuntularına yol verildiyi müəyyən olunmadığından, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti olan mənzilə dair Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair işə baxılmaqla, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə həmin çıxarışın verilməsi zamanı mənzillərin özəlləşdirilməsi ilə bağlı qanunvericiliyin pozulmadığı təsdiq olunmuşdur. Odur ki, həmin hallar tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İddiaçı, apelyasiya şikayətində məhkəmə tərəfindən cavabdehin adına mübahisəli mənzilə dair çıxarış verilərkən qanunvericiliyin tələblərinin pozulub-pozulmadığının araşdırılmadığını bildirsə də, nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2016-cı il tarixli qərarları). Odur ki, Kollegiya, qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4933/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1847/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1847/2021
03.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver