Məhkəmə qərarları › İş №2(103)-1848/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1848/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1848/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Üçüncü şəxs (qətnamə hüquq və vəzifələrinə toxunan şəxs) X2, onun nümayəndəsi (vəkili) Nümayəndə, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin natura şəklində təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)-7446/2015 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin natura şəklində təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 05.10.2005-ci il tarixli, 334 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05.10.2005-ci il tarixli, 334 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzili satın almışdır. Mənzili satın alarkən müqavilədə nəzərdə tutulan bütün məbləği tam olaraq ödəmişdir. Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus hündürmərtəbəli binanın tikintisi və satışı ilə məşğul olaraq vətəndaşlara tikilib təhvil verilməsi üçün bnağlanmış müqavilədə mənzilin mülkiyyətçisi olduğu göstərilir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)- 7446/2015 saylı qətnaməsi ilə (hakim Hüseyn Səfərov) iddia təmin edilmişdir. Qeyd olunan qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı X8 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – 26.12.2011-ci il tarixli, 469 saylı müqaviləyə əsasən cavabdeh MTK-dan mübahisə predmeti mənzili əldə etməsi, həmin mənzildə təmir işlərinin həyata keçirilməsi, lakin 2016-cı ildə mənzilin qıfılının dəyişdirilməsi, məhkəmə qətnaməsi ilə mübahisə predmeti mənzilin ona verilməsinin qət olunması, lakin icra vaxtı mənzilin digər şəxslərin istifadəsində olmasının müəyyən edilməsi, hüquqlarının pozulması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən maraqlı şəxs X4, onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 05 oktyabr 2005-ci il tarixli, 334 nömrəli müqavilədən və eyni tarixli arayışdan görünür ki, iddiaçı Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzili əldə etməklə, dəyərini tam ödəmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən (Cavabdeh MMC ilə X4 arasında bağlanmış 26.12.2011-ci il tarixli, 469 saylı müqavilənin, 26 dekabr 2011-ci il tarixli qəbzin surətləri) görünür ki, Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzilin əldə edilməsi ilə bağlı Cavabdeh MMC ilə X4 arasında müqavilə bağlanmış, müqavilədə mənzilin dəyəri 137850 manat müəyyən edilmiş, 26 dekabr 2011-ci il tarixli qəbzlə 137850 manat pul vəsaiti ödənilmişdir. Həmçinin, apellyasiya şikayətinə əlavə olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qiyabi qətnaməsindən və Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 17 iyun 2020-ci il tarixli «icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması» barədə qərarından görünür ki, Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzilin X3 təhvil verilməsi qət olunmuş, lakin icra icraatı zamanı müəyyən olunmuşdur ki, həmin yaşayış sahəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)-7446/2015 saylı qətnaməsi ilə İddiaçı təhvil verilməsi qət olunmuş, sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli icra sənədi üzrə həmin mənzillə bağlı 05 oktyabr 2005-ci il tarixli müqavilə üzrə tələb hüquqlarının X7 ötürülməsi, mənzilin onun adına rəsmiləşdiriliməsi ilə bağlı sənədləşdirmənin aparılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət olunmuşdur. Bu səbəbdən də Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qiyabi qətnaməsinin icrası ilə bağlı verilmiş icra vərəqəsinin icrasız məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qərarından və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 dekabr 2020ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 Cavabdeh MMC-yə qarşı iddiası qismən təmin olunmuş, Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzillə bağlı 05 oktyabr 2005-ci il tarixli müqavilə üzrə tələb hüquqlarının X7 ötürülməsi, mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı sənədləşdirmənin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. X4 maraqlı şəxs kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Beləliklə, məhkəmə kollegiyası işin müəyyən olunmuş faktiki hallarını, işdə olan sübutları nəzərə alaraq tərəflər arasında yaranmış mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli mənzilə dair (Bakı şəhəri, Atatürk prospekti, 3078-ci məhəllədə yerləşən yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzil) Cavabdeh MMC ilə İddiaçı arasında 05 oktyabr 2005-ci il tarixli müqavilə, Cavabdeh MMC ilə X4 arasında isə 26 dekabr 2011-ci il tarixdə müqavilə bağlanmışdır. Göründüyü kimi, üçüncü şəxs X4 ilə bağlanmış müqavilə daha əvvəl eyni daşınmaz əmlakla bağlı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin qüvvədə olduğu, yəni tərəflərin hüquq və vəzifələrinə xitam verilmədiyi dövrdə bağlanmışdır Belə olan halda isə, Murad Cavadovla bağlanmış müqavilə mübahisə predmeti olan daşınmaz əmlak üzərində sonuncunun qanuni əmlak hüquqlarının yaranmasına əsas ola bilməzdi. Üçüncü şəxs apellyasiya şikayətində iddiaçı ilə daha əvvəl bağlanmış müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hər hansı halın mövcudluğunu göstərməmiş, bu istiqamətdə məhkəməyə sübut təqdim etməmişdir. Eyni mənzilə dair sonradan üçüncü şəxslə də müvafiq müqavilənin bağlanması halı isə iddiaçı ilə daha əvvəl bağlanmış müqavilənin hüquqi qüvvəsini və etibarlılığını aradan qaldırmır. «M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Həmçinin, mübahisəli mənzil faktiki olaraq İddiaçı təhvil verilmiş, sonuncu tərəfindən mənzilə dair hüquqlar üçüncü şəxs X7 güzəşt olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Həmçinin qeyd edilməlidir ki, mülkiyyətin qazanılması borclunun əşyaya sərəncam verməsi - daşınarlarda əşyanı alıcının faktiki sahibliyinə verməsi (MM, maddə 182), daşınmaz əşyalarda əşyanın dövlət reyetrindəki qeydini alıcının adına keçirməsi (MM, maddə 139), fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsi halında isə əşyanın üçüncü şəxsə mülkiyyət hüququ ilə (faktiki yiyələnmə formasında sahibliyə) verilməsi ilə mümkün olur (MM, maddə 452.1). Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Bu xüsusatla bağlı məhkəmə kollegiyası vurğulayır ki, əşyaya sahiblənmə dedikdə hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Üçüncü şəxs apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnamələri apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin natura şəklində təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)-7446/2015 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)- 7446/2015 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar