Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1857/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3, Cavabdeh3 MMC, Abşeron rayon İcra şöbəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülki iş (Açar sözlər: «hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 qızının, cavabdeh X2 və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5235/2022 saylı, 23 noyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-181/2022 saylıŞ xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək cavabdeh İddiaçı 8000 manat Cavabdeh2 xeyrinə tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə yönəldilərək ilkin satış qiyməti 14000 manat müəyyən edilməklə açıq hərracdan satılması qət edilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx/xx-107971/5 nömrəli icra işindən müəyyən olunur ki, icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı bildiriş iddiaçıya göndərilmişdir. Borclu icra şöbəsinə gəlmədiyindən icra məmuru ona xx.xx.2022-ci il tarixli çağırış vərəqəsi göndərərək icra şöbəsinə gəlməyi tələb etmişdir. Borclu - İddiaçı xx.xx.2022-ci il tarixdə icra şöbəsinə gələrək bildirişi imzalamaqla tanış olmuşdur.
3. xx.xx.2022-ci il tarixli 1346/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 1481/2022 nömrəli bildirişlərdən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-181/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh3(bundan sonra MMC) tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 11:00-a ilkin satış qiyməti 14000 manat, xx.xx.2022-ci il tarixdə, saat 11:00-a ilkin satış qiyməti 11900 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər Cavabdeh2, Abşeron rayon İcra şöbəsi və İddiaçı göndərilmişdir.
4. Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hərracın baş tutmaması barədə protokolun surətinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)- 181/2022 saylıŞ xx.xx.2022-ci il tarixli icra sənədi ilə əlaqədar xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixə təyin edilmiş açıq hərraclar iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
5. “Birjanews.az” saytının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məlumatların surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzrə hərracın keçirilməsi barədə məlumatlar saytda dərc olunmuşdur.
6. Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli, 1604/2022 nömrəli ipoteka predmetinin əldə edilməsi barədə təklifinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-181/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi ilə əlaqədar Abşeron rayon İcra şöbəsinin sifarişi üzrə İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin təkrar hərracdakı satış qiymətindən (11900 manat) 25% az olmayan qiymətə əldə edilməsi Cavabdeh2 təklif edilmişdir. Təklifin surəti Abşeron rayon İcra şöbəsi və İddiaçı göndərilmişdir.
7. Cavabdeh3 MMC-nin hərracın nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 159/22 nömrəli protokolunun surətinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi hərracdan 8925 manata Cavabdeh2 satılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı cavabdehlər X3, Cavabdeh3 MMC-yə, Abşeron rayon İcra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra şöbəsinin 17/759242V saylı, xx.xx.2022-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişinə əsasən aparılmış açıq hərracın, həmin hərracın nəticəsi olaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair bağlanmış 159/22 saylı, xx.xx.2022-ci il tarixli ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş açıq hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və X2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiada göstərilir ki, qətnamə ilə ipoteka ilə yüklü edilmiş torpaq sahəsi real dəyərdən və ipoteka müqaviləsində göstərilən qiymətindən çox aşağı dəyərləndirilmişdir. İddiaçı həmin vəsaiti yenidən qaytarmaq niyyətində olduğu üçün qətnamədən apellyasiya şikayəti verməmişdir. Bundan sonra, icra işinin icra mərhələsinə daxil olmasından sonra borcun ödənilməsini gözləmişdir. Buna baxmayaraq, icra məmuru İddiaçı icra hərəkətləri barəsində məlumatlandırmamış, icra məmuru "İpoteka haqqında" Qanununun 41.2-ci maddəsinin tələblərini yəni ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata göndərilməsi barədə razılığının olub-olmaması barədə qərarını nəzərə almadan İddiaçı ipoteka qoyulmuş əmlakını onun xəbəri olmadan icra işini açıq hərraca göndərmiş, açıq hərracı keçirən "xxxx" MMC-nin 1786/22 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, borclu İddiaçı açıq hərracın keçirilməsi barədə bildirişlərin icra məmuru tərəfindən göndərilən sifarişdə göstərilən ünvanda yaşamaması səbəbindən çatdırılmayaraq geri qaytarılmış, bununla bağlı "xxxx" MMC tədbir görərək sifarişçi Abşeron Rayon İcra Şöbəsini məlumatlandırmış və borclunun yeni ünvanları barədə məlumat verilməsini tələb etmiş, buna baxmayaraq həmin məktuba cavab gözləmədən təkrar hərracı təyin etmiş, yenə borclunun yaşamadığı ünvan üzrə açıq hərracın keçirilməsi barədə bildiriş göndərilmiş yenidən həmin bildiriş geri qaytarılmış, icra məmuru isə öz növbəsində portal vasitəsi ilə borclunun yeni ünvanı və əlaqə telefonları barədə məlumatı açıq hərracı keçirən quruma təqdim etməmiş, bundan başqa açıq hərracı keçirən təşkilat hərracın baş tutmaması barədə elanları internet informasiya portalına yerləşdirsə də, açıq hərracının keçirilməsi barədə məlumatları (elanları) internet informasiya portalına yerləşdirməmiş, bununla açıq hərracı keçirən təşkilat "İpoteka haqqında" Qanunun 42.2-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, borclunun açıq hərracda iştirakı təmin olunacağı tədqirdə borclunun açıq hərracda iştirak edəcəyi təqdirdə əmlakın ilkin qiymətinin düşməmə ehtimalı var idi. Bununla da, icra məmuru və açıq hərracı keçirən təşkilatı İddiaçı hüquqlarının pozmaqla keçirilmiş açıq hərracın nəticəsində ona məxsus torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə keçməsinə şərait yaratmışlar. Cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, icra məmuru bildirişi iddiaçıya xx.xx.2022-ci il tarixdə vermişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5235/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Günay Axundova) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərrac barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməməsini və kütləvi informasiya vasitələrində məlumatların dərc edilməməsini qeyd edərək hərracın yekunlarının etibarsız hesab olunmasını xahiş edir. Lakin iş materialları ilə sübut olunur ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş iddiaçıya göndərilmişdir. Tələbin könüllü icrası üçün 10 gün müddət keçdikdən sonra icra məmuru məcburi icra tədbiri olaraq borclunu məcburi gətirilməsi barədə təqdimatla müraciət edəcəyi barədə məlumatlandırmışdır. İcra məmurunun məcburi gətirilmə barədə çağırış vərəqəsi göndərməsindən sonra borclu xx.xx.2022-ci il tarixdə icra şöbəsinə gələrək icra işi ilə tanış olmuşdur. Bundan başqa, hərrac mərkəzi tərəfindən hərracın tarixi və yeri barədə iddiaçının icra sənədində qeyd olunmuş ünvanına iki dəfə bildiriş göndərilmiş, kütləvi informasiya vasitələrində 2 dəfə elan dərc edilmiş, əmlakın satış qiyməti birinci dəfə 14000 manat, ikinci dəfə isə 11900 manat müəyyən edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərir ki, məhkəmə qeyd olunan maddi hüquq normalarını tətbiq etməməklə iş üzrə qəbul edilmiş qətnamə ilə maddi hüquq normalarını pozmuşdur. Hazırkı tələb üzrə əsaslandırılmış mövqe ondan ibarət olmuşdur ki, iddiaçının əvvəlki işi üzrə borclu olduğu icra sənədi ilkin olaraq Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icaatına qəbul edilmiş, sonrakı müddətdə icra sənədi icra olunması üçün aidiyyəti üzrə Cavabdeh1nə göndərilmiş, iş materillarında olan Cavabdeh1 Bakı şəhəri 19 saylı Vəkil Bürosunun sorğusuna 17/751219 nömrəli, 30 sentyabr 2022-ci il tarixli cavab məktubunda həmin icra işinin Cavabdeh1 icraatına qəbul etdiyi qeyd olunsa da, belə qərar qəbul edilməmiş, bu isə öz növbəsində şöbənin icra məmuru tərəfindən icraata qəbul etmək barədə qərar qəbul etmədən, icra sənədini icra etmişdir. Bundan başqa, həmin məktubda qeyd olunmuşdur ki, Cavabdeh1 icra məmuru icraata başlamaq haqqında qərarı və borcluya tələbin könüllü icrası barədə bildirişi xx.xx.2022-ci il tarixdə şəxsən imza etdirməklə ona təqdim etmişdir. Bundan sonra, Cavabdeh1 icra məmuru yəni xx.xx.2022-ci il tarixdə tələbin yəni borclunun mülkiyyətində olan torpaq sahəsinin satılması üçün açıq hərracı keçirən təşkilata müraciət etmişdir. Göründüyü kimi, icra məmuru borclu üçün müəyyən edilmiş könüllü icra müddəti olan 10 günü gözləmədən icra sənədi üzrə işi 7 gün sonra açıq hərraca göndərimiş, bu isə öz növbəsində həmin qanununun tələblərinin pozulması ilə baş vermişdir. Cavabdeh1 icra məmuru icra sənədi üzrə könüllü icra müddəti bitdiyi vaxtdan sonra borclu ilə tələbkar arasında əmlakın açıq hərracdan satılması məqsədi ilə hərrac təşkilatının qarşılıqlı razılıq əsasında seçilib-seçilmədiyini müəyyən etməli, əgər tərəflər belə razılığı 5 təqvim günü müddətində əldə etmədikdə icra məmuru öz təşəbbüsü ilə hərrac təşkilatını seçib, əmakın satışının təmin edilməsi məqsədi ilə işi həmin hərraca göndərməli idi. Göründüyü kimi, icra məmuru hazırkı iş üzrə həm “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, həm də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməməklə qanunla müəyyən edilmiş açıq hərracın keçirilməsi qaydalarını pozmuşdur. Cavabdeh3 MMC-nin 1786/22 saylı, 08 sentyabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, borclu İddiaçı açıq hərracın keçirilməsi barədə bildirişlərin icra məmuru tərəfindən göndərilən sifarişdə göstərilən ünvanda yaşamaması səbəbindən çatdırılmayaraq geri qayıtmış, bununla bağlı Cavabdeh3 MMC tədbir görərək sifarişçi Cavabdeh1 məlumatlandırmış və borclunun yeni ünvanları barədə məlumat verilməsini tələb etmiş, buna baxmayaraq həmin məktuba cavab gözləmədən təkrar hərracı təyin etmiş, yenə borclunun yaşamadığı ünvan üzrə açıq hərracın keçirilməsi barədə bildiriş göndərilmiş, yenidən həmin bildiriş geri qayıtmış, icra məmuru isə öz növbəsində portal vasitəsi ilə borclunun yeni ünvanı və əlaqə telefonları barədə məlumatı açıq hərracı keçirən quruma təqdim etməmiş, bundan başqa açıq hərracı keçirən təşkilat hərracın baş tutmaması barədə elanları internet informasiya portalına yerləşdirsə də, açıq hərracının keçirilməsi barədə məlumatları (elanları) internet informasiya portalına yerləşdirməmiş, bununla açıq hərracı keçirən təşkilat “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələblərini pozmuşdur. Açıq hərracın keçirilməsi barədə borcluya bildiriş təqdim olunmadığına və borclunun (ipoteka qoyanı) hər hansı formada olan rabitə vasitə ilə məlumatlandırılmadığına görə o, açıq hərracda alıcı qimində iştirak edə bilməmiş, bununla da hərraca çıxarılan əmlakın qiyməti süni şəkildə “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinin tələblərinə əsasən ilkin satış qiymətindən 15 faiz aşağı salınmışdır. Əgər alıcı açıq hərracda alıcı qismində iştirak etsə idi, təkrar hərracda əmlakın dəyəri 15 faiz aşağı salınmayacaqdı. Bununla da, iş üzrə iddiaçının mülkiyyətində olan əmlakının qiymətini süni şəkildə aşağı salmaqla, hərracın keçirilməsi qaydaları nəticəsində iddiaçının həm də mülkiyyət hüquqları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
Cavabdeh X3 təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda qeyd edir ki, iş üzrə predyusial əhəmiyyətə malik olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(004)-181/2022 saylı qətnaməsindən göründüyü kimi sözügedən torpaq sahəsinin likvid qiyməti məhkəmə-əmtəəşünaslıq ekspertizasının həyata keçirilməsi ilə müəyyən olunmuşdur. İddiaçının ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin real bazar dəyərindən aşağı olmasının qeyd etməsi tam əsassızdır. Həmin torpaq sahəsinin qiyməti real bazar dəyərinə uyğun müəyyən olunmuşdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, icra məmuru İddiaçı icra hərəkətləri barəsində məlumatlandırılmış, icra məmuru “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinin tələblərini yəni ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata göndərilməsi barədə razılığının olub-olmaması barədə qərarını nəzərə almadan İddiaçı ipoteka qoyulmuş əmlakını onun xəbəri olmadan icra işini açıq hərraca göndərmiş, açıq hərracı keçirən Cavabdeh3 MMC-nin məktubunda qeyd etmişdir ki, borclu İddiaçı açıq hərracın keçirilməsi barədə bildirişlərin icra məmuru tərəfindən göndərilən sifarişdə göstərilən ünvanda yaşamaması səbəbindən çatdırılmayaraq geri qaytarılmışdır. İddaçı tərəfindən irəli sürülmüş bu hallarda tamamən əsassızdır. Belə ki, hazırkı etiraza əlavə edilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron Rayon İcra Şöbəsini 17/759242V saylı, xx.xx.2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında” sifarişi üzrə ipoteka predmeti olan, İddiaçı məxsus, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə dair ilkin hərrac 27 iyul 2022-ci il, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş və sözügedən ilkin hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan “Birjanyus” X1 (Portalında) (www.birjanews,az) dərc olunmuş, eyni zamanda həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) yerləşdirilmişdir. Sözügedən hərracın göstərilən tarixə təyin edilməsi, həmçinin hərracın keçirilmə yeri, hərracın forması və digər zəruri məlumatları əks etdirən “Açıq hərracın keçirilməsinə dair” 1346/22 nömrəli, xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, tələbkara, eləcə də borcluya rabitə orqanı vasitəsilə göndərilmişdir. Eyni zamanda Abşeron Rayon İcra Şöbəsininin icra məmuru dəfələrlə iddiaçı ilə telefon vasitəsilə əlaqə yaratmış, ona icranın yeri, vaxtı barədə hər bir məlumat verilmişdir. İddiaçı hərracın keçirilməsi barədə əvvəlcədən məlumatı olmuşdur. Bu halı Abşeron Rayon İcra Şöbəsininə vəkili vasitəsilə göndərdiyi sorğuya verilmiş cavab sübut edir. Belə ki, cavab məktubunda göstərilmişdir ki, “2(004)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə Yasamal rayon icra şöbəsində icraata başlanılmış, sonradan icra sənədi aidiyyəti üzrə Abşeron Rayon İcra Şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək üçün borclu şəxs İddiaçı xx.xx.2022-ci il tarixli çağırış vərəqəsi göndərilmiş, eyni zamanda borclu şəxs icra şöbəsinə dəvət olunaraq icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2022-ci il tarixdə şəxsən imza edilməklə ona təqdim edilmişdir. Eyni zamanda icra sənədi üzrə aparılmış icra hərəkətləri, habelə torpaq sahəsinin hərraca çıxarılması barədə ayrı-ayrı vaxtlarda borcluya məlumat verilmişdir.” Borclu şəxs İddiaçı Yasamal Rayon İcra Şöbəsində icra vərəqəsi üzrə icra işinin 10 gün müddətində könüllü icrası təklif olunub lakin, o, icra etmədiyinə görə aidiyyəti üzrə icra işi Abşeron Rayon İcra Şöbəsinə göndərilibdi. Borclu onun ünvanına göndərilmiş məktublar “bu ünvanda yaşamır” qeyd-şərti ilə geri qaytarılmışdır. Buna səbəb isə İddiaçı qeydiyyat ünvanını dəyişməsi və bilərəkdən ünvanını Abşeron Rayon İcra Şöbəsində qeyd etməməsi olmuşdur. Halbuki, qeydiyyat ünvanını dəyişdikdən sonra iddiaçı Abşeron Rayon İcra Şöbəsində olmuş və hərracın keçirilməsi barədə bildirişi imzalamışdır. Belə ki, iddiaçının Yasamal Rayon Məhkəməsində başqa bir məhkəmə işi olduğundan həmin məhkəmə qərarı ilə göstərdiyi ünvandan qeydiyyatdan çıxmış və inzibati qeydiyyata düşmüşdür. İcraçılar evə gəldiyindən də o, qapını icraçılara açmırdı. Lakin bu barədə icra şöbəsinə gələrkən məlumat verməmişdir. Hərracın keçirilməsi ilə bağlı bildirişlərin gələcəyini bildiyi üçün qəsidli şəkildə sanki məlumatsız kimi özünü göstərmək üçün belə bir yola əl atmışdır. Eyni zamanda məktublar gələrkən qapını bilərəkdən açmamışdır. Hərracın keçirilməsi barədə iddiaçının məlumatı olması faktını bir təsdiqi də onun qohumu olan Salam adlı şəxsin ********** telefon nömrəsi ilə onun əlaqə telefonuna zəng edib hərracın dayandırılması xahişidir. Həmçinin, iddiaçı özü də onunla bir neçə dəfə telefonla danışıb eyni zamanda evinə gəlib hərracın dayandırılmasını ondan xahiş etmiş və onunla razılığa gəlməyə çalışmışdır. Bunlar hər biri İddiaçı hərracın keçirilməsi barədə məlumatlı olmasını sübut edir. 27 iyul 2022-ci il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bununla əlaqədar olaraq həmin tarixdə hərracın baş tutmamasına dair protokol tərtib olunmuş, eləcə də bu barədə elanın verildiyi kütləvi informasiya vasitəsi kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) müvafiq məlumat dərc olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən ilkin satış dəyəri 14000 (on dörd min) manat məbləğində müəyyənləşdirilən, İddiaçı məxsus yuxarıda sözügedən torpaq sahəsinə dair 27 iyul 2022-ci il tarixli, saat 11:00-a təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin torpaq sahəsinə dair təkrar hərrac xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş və bu barədə elan “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərracın təşkilatçısının rəsmi internet səhifəsində “E-herrac.com) yerləşdirilmişdir. Hərracın yenidən təşkil olunması ilə bağı da məlumat məktubu tərəflərin bütün qeyd olunan ünvanlarına göndərilmişdir. xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bununla bağlı müvafiq məlumat “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) dərc olunmuş, həmin elan eyni zamanda hərracın təşkilatçısının rəsmi internet səhifəsində “E-herrac.com) yerləşdirilmişdir. Eyni zamanda tərəflərə də qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat göndərilmişdir. Onun tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə, yəni 8925 (səkkiz min doqquz yüz iyirmi beş) manata qəbul edilmişdir. Bundan əlavə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq, həmin Məcəllənin 220.8-ci və 220.8.1-ci maddələrinə əsasən açıq hərracda satışa çıxarılmış torpaq sahəsinə hesablanmış sadələşdirilmiş vergi məbləği 240 (iki yüz qırx) manat və hərrac üzrə hesablanmış xidmət haqqı olan 267,75 (iki yüz altmış yeddi manat yetmiş beş qəpik) məbləği onun tərəfindən ödənilmişdir. Satışdan geriyə qalan 925 (doqqu yüz iyirmi beş) manatı Abşeron Rayon İcra Şöbəsinin balansına yerləşdirmiş, Dövlət reyestrindən daşınmaz əmlaka mülkiyyət hüquqlarını təsdiq edən çıxarış üçün 205 (iki yüz beş) manat ödəniş etmişdir. Daşınmaz əmlak ipoteka ilə yüklülükdə olduğu üçün yüklülüyü götürmək üçün 40 (qırx) manat ödəniş etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Ümumi olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı ondan 15 gün üçün borc müqaviləsi əsasında götürdüyü borca görə 4 ildir ki, onu məhkəmələrdə süründürür. Həm maddi, həm mənəvi olaraq ona yüksək zərər yetirmişdir. Onun konstitusion və qanunvericiliklə verilmiş hüquqlarını kobud surətdə pozmuşdur və pozmağa davam edir. Cavabdeh1 tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli, 17/75 1219/2V saylı cavab məktubunda da bildirilmişdir ki, Sizin xx.xx.2022-ci il tarixli, VK1672 saylı sorğunuza cavab olaraq bildiririk ki, Cavabdeh1 icraatında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı 8000 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh2 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə Yasamal rayon İcra şöbəsində icraata başlanılmış, sonradan icra sənədi aidiyyəti üzrə Abşeron rayon icra şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqəsdilə borclu İddiaçı xx.xx.2022-ci il tarixli çağırış vərəqəsi göndərilmiş, eyni zamanda borclu şəxs icra şöbəsinə dəvət olunaraq icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2022-ci il tarixdə şəxsən imza edilməklə ona təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinin satılması ilə üçün Cavabdeh3 MMCyə müraciət olunmuşdur. Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokola əsasən 0,04 hektar torpaq sahəsinin 8.925 manat məbləğində tələbkar Cavabdeh2 tərəfindən əldə edildiyi müəyyən edilmişdir. Artıq ödəniliən 925 manat pul vəsaiti tələbkar tərəfindən Cavabdeh1 depozit hesabına köçürülmüşdür. İcra sənədi üzrə aparılmış icra hərəkətləri, habelə torpaq sahəsinin hərraca çıxarılması barədə ayrı- ayrı vaxtlarda borcluya məlumat verilmişdir. Beləliklə aydın olur ki, İddiaçı lazımi qaydada xəbərdarlıqlar edilmiş, məhkəmə qərarını özü şəxsən almış, icra qeydini şəxsən almış, Yasamal İcra Şöbəsi tərəfindən ona könüllü icra üçün bildiriş təqdim edilmiş, barəsində başqa məhkəmə qərarları olduğundan dəfələrlə icra şöbəsinə dəvət edilmişdir. Yasamal İcra Şöbəsinin icraatında İddiaçı barəsində mənzildən çıxarılma barədə icra sənədini könüllü icra etmədiyindən barəsində məcburi gətirmə verməklə İddiaçı məcburi qaydada gətirərək ona xx.xx.2022-ci ildə qərar və bildirişləri təqdim edilmişdir. Bu barədə Yasamal rayon İcra Şöbəsinin Vəkil3 tərəfindən verilmiş vəkil sorğusuna cavab verilmiş və məktubda qeyd edilmişdir ki, Şöbənin icraatına daxil olan VK1661/23 nömrəli, xx.xx.2023-cü il tarixli yazılı məktubunuza cavab olaraq bildiririk ki, borclu İddiaçı 8000 (səkkiz min) manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh2 ödənilməlidir. İddia tələbi cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə yönəldilərək, ilkin satış qiyməti 14000 (on dörd min) manat müəyyən edilməklə açıq hərracda satılması, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli və iddiaçının tələbi ödənildikdən sonra İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdeh İddiaçı verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və yuxarıda qeyd olunan torpaq sahəsi Abşeron ərazisi olduğundan xx.xx.2022-ci il tarixdə ərazi aidiyyəti üzrə Cavabdeh1nə göndərilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
14. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 qızı ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasında cavabdeh X3 və vəkili Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh3 MMC-nin, Abşeron rayon İcra şöbəsinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
18. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
19. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
24. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
25. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
26. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
27. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli torpaq sahəsinin ilkin satış qiyməti 14000(on dörd min) manat müəyyən edilmişdir. İddiaçı bu qiymətdən yaxud digər hallardan narazı idisə həmin işdə bunu mübahisələndirə bilərdi, ancaq mübahisələndirməmiş, ilkin satış qiyməti ilə razılaşmışdır. Həmin məhkəmə aktı ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Çünki, mübahisələndirilən torpaq sahəsinin ilkin satış qiymətinin qanuniliyi həmin məhkəmə aktı ilə təsdiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada iddiaçının yaşadığı və qeydə alındığı ünvana bildiriş göndərilmiş və bildirişlər üzərinə “qapı bağlı” qeydi yazılmaqla geri qaytarılmışdır(bax.i.v.16-47). İpoteka qoyanın həmin bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Buna baxmayaraq, hərrac təşkilatı tərəfindən “Birjanyus” X1 və özünün internet səhifəsində hərracın keçirilmə yeri və vaxtı barədə məlumatlar yerləşdirilmişdir. Bundan əlavə, iş materiallarından, o cümlədən cavabdehin apellyasiya şikayətinə yazılı etirazda göstərilənlərlə də açıq-aşkar təsdiq olunur ki, iddiaçının keçirilən hərraclardan məlumatı olmuşdur. Ona görə hərracın nəticəsi olaraq ipoteka predmeti olan torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçməsi iddiaçının hüququna və mənafeyinə zidd hesab edilə bilməz. İddiaçının “Birjanyus” X1 və hərrac təşkilatının internet səhifəsinin mövcudluğundan xəbəri olmaması, oradakı məlumatları və elanları görə bilməməsi də da iddianın əsaslı olmasına dəlalət etmir.
29. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış torpaq sahəsinin təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin torpaq sahəsini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin əmlakı hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına da səbəb olur. 30.Göründüyü kimi, iddiaçının dörd il yarım əvvəl qaytarmalı ollduğu, çox da yüksək olmayan borc məbləğini bugünədək qaytarmaması yaxud qaytarmaq istəməməsi də onun iddiasının və şikayətinin əsassız olduğuna və dövlətin adından çıxarılmış məhkəmə aktını da qərəzli olaraq icra etmək niyyətinin olmadığına dəlalət edir. Yasamal Rayon İcra şöbəsinin 16 fevral 2023-cü il tarixli məktubundan da bəlli olur ki, iddiaçının çoxsaylı məhkəmə qətnamələri ilə ayrı-ayrı şəxslər qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5235/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5235/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.