Məhkəmə qərarları › İş №2(103)-1858/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1858/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1858/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3005/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən (mənzildən) istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 638-ci məhəllə Sarabski küçəsi 16B saylı evin 1-2 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxx 2008-ci il təvəllüdlü X4 doğulmuşdur. Sonradan cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5393/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh ilə aralarında xx xxxxxx 1999-cu il tarixdə Nəsimi rayon VVADQ şöbəsində 532 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx xxxx 2003-cü il təvəllüdlü X1 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 anaları onun yanında saxlanılması qət edilmişdir. Cavabdehlə birgə nikahda olduğu dövrdə, 2013cü il tarixdə ünvan 1 ünvanda yerləşən mənzil onun adına əldə edilmiş və dəyəri birgə nikah dövründə ödənilmişdir. Həmin ildən etibarən o, ailə üzvləri ilə birgə həmin mənzildə yaşayır və ailə üzvləri (keçmiş ailə üzvü Cavabdeh, övladları X3 və X4) hazırda orada qeydiyyatdadırlar. Cavabdehlə nikahlarının 2016-cı il 15 dekabr tarixindən pozulmasına baxmayaraq, cavabdehin hazırkı günədək həmin mənzildən istifadə hüququ vardır və cavabdeh hal-hazırda həmin mənzildə yaşamır, uzun müddətdir ki, Rusiya Federasiyasındadır. Cavabdehin həmin mənzildən istifadə hüququ 2013-cü il tarixdən, yəni xx xxxxxxx 2009-cu ildən etibarən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmışdır və bu amil yaranmış mübahisəyə həmin Məcəllənin müvafiq normasının tətbiq olunması üçün əsasdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, Mənzil Məcəlləsinin imperativ normasına əsasən cavabdehin mənzildən istifadə hüququ ailə münasibətlərinə xitam verildiyi, yəni iddiaçı ilə aralarında olan nikahın pozulduğu vaxtdan mövcud deyildir. Hal-hazırda cavabdehin sözügedən mənzildən istifadə hüququnun olması həm yuxarıda qeyd edilmiş imperativ normanı pozur, həm də iddiaçının mənzilə dair mülkiyyət hüqununun həyata keçirilməsinə mane olur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3005/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən (mənzildən) istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3005/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi əsassız və qanunsuz olduğu, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyi sübuta yetirilir və hu səbəbdən qətnamə tamamilə ləğv edilməli, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnamə qəbul edərkən mübahisə predmetinin “ər-arvadın ümumi mülkiyyətinin bölüşdürülməsi” deyil, məhz “birgə nikah dövründə əldə edilmiş mənzildən cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi” məsələsi olduğunu nəzərə almamışdır. Hazırki iddia tələbi məhz Mənzil Məcəlləsinin 30.4-cu maddəsi tətbiq edilərək təmin edilməlidir. Belə ki, cavabdehlə nikahlarının 2016-cı il 15 dekabr tarixindən pozulmasına baxmayaraq, cavabdehin hazırkı günədək hamin mənzildən islifadə hüququ vardır və cavabdeh hal-hazırda həmin mənzildə yaşamır, uzun müddətdir ki, Rusiya Federasiyasındadır. Qeyd edilməlidir ki, cavabdehin həmin mənzildən istifadə hüququ 2013-cü il tarixindən, yəni x xxxxxxx 2009-cu ildən etibarən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmışdır və bu amil yaranmış mübahisəyə həmin Məcəllənin müvafiq normasının tətbiq olunması üçün əsasdır. Həmçinin məhkəmə qətnamə qəbul edərkən iddiaçı ilə cavabdehin nikahlarının xx xxxxxx 2016-cı il larixdən, yənİ 4 il əvvəl pozulduğu faktını, həmçinin Ailə Məcəlləsinin “Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur” tələbini nəzərdə tutan 36.9-cu maddəsini nəzərə almamış və Ailə Məcəlləsinin “ər-arvadın ümumi mülkiyyəti”nə həsr edilmiş maddələrinə istinad etməklə iddiaçının mülkiyyət hüquqlarını pozaraq, onun iddia tələbinin əsassız sayılaraq rədd eidlməsi qənaətinə gəlmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3005/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə etdiyini bildirərək iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3005/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5393/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh iddia tələbi təmin edilərək, İddiaçı ilə aralarında xx xxxxxx 1999-cu il tarixdə Nəsimi rayon VVADQ şöbəsində 532 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx xxxx 2003-cü il təvəllüdlü X1 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan, AZ-İ № 25564 saylı, xx xxxxxx 2016-cı il tarixli Nikahın pozulması Haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx xxxxxx 2016-cı il tarixdə ləğv edilmişdir. İş materiallarında olan, Seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə doğulmuş İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi 638ci məhəllə ev 16B mənzil 1-2-də qeydiyyatdadır. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi 638-ci məhəllə ev 16B-da yerləşən ümumi sahəsi 326 kv.m olan mənzil 1-2 saylı mənzil tam mülkiyyət hüquq ilə İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə reyestr kitabına, xx xxxx 2018-ci il tarixdə qeydiyyat aparılmışdır. Məkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Həmin Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin tərəflərin birgə nikah müddətində alınmasını, tərəflərin ümumi mülkiyyətidə olmasını, cavabdehin mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olmaqla, onun mülkiyyət hüququnun qanunlarla təsbit edilməklə, müdafiə olunmasını əsas tutaraq, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədədə iddiaçının iddia tələbinin təmin edilməməsi və iddianın rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək, cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etsə də, işin faktiki hallarından göründüyü kimi, həmin maddi hüquq normasının hazırkı mübahisəyə tətbiq edilməsi mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azdalıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3005/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3005/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar