Məhkəmə qərarları › İş №2(103)-1859/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1859/2023

26.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1859/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5592/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, VO-114A saylı əmək müqaviləsinin surətinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək 3 ay sınaq müddətində, aylıq əmək haqqı 540 manat olmaqla bölgə üzrə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cu il tarixli, VO-130 saylı əmək müqaviləsinin surətinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aylıq əmək haqqı 540 manat olmaqla satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir..

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixli maddi məsuliyyət haqqında müqavilələrin surətinə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməməyi tam məsuliyyəti ilə öz üzərinə götürür.

4. İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli, VO-192 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən etibarən cəmiyyətin Satış üzrə nümayəndə vəzifəsində çalışan Cavabdeh ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək məcəlləsinin 72-ci maddəsinin “c” bəndində sadalanan hal) bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, işçinin istifadə edilməməiş (2019/2022 iş ili/illəri üçün) əmək məzuniyyətinə görə 47 gün pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinin əsası kimi işçi barəsində tərtib edilmiş intizam tənbehi və təqdimat göstərilmişdir.

5. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin ləğvi ilə bağlı sistemə məlumat xx.xx.2021-ci il tarixində daxil edilmişdir.

6. xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən Cavabdeh İddiaçı MMC-yə ödənilməsi üçün 1.000 manat məbləğində pul təqdim etmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi yazılı izahatında, 2019-2021-ci illər ərzində “Vəlioğlu” şirkətində işlədiyi müddətdə 16.000 manat məbləğində pulu öz şəxsi işləri üçün xərclədiyini, əlavə olaraq mal verdiyi şəxslərdən bəziləri mağaza bağlandığına və vəfat etdiyinə görə onlara verilmiş mallara görə ona borc kimi 35.000 manat hesablandığını, bir ildir ki, işdən çıxdığını, borcundan hər hansı ödəniş etmədiyini, etdiyinin cinayət olduğunu dərk etdiyini və əməlindən peşman olduğunu bildirmişdir.

8. Cavabdeh xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, o, İddiaçı MMC-də işlədyi dövrdə xeyli yeyinti etdiyinə görə əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır, işdən çıxarılanadək borcu 35.000 manat olmuşdur, işdən çıxarıldıqdan sonra aparılan araşdırma nəticəsində borcunun 38.200 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğdən 1.000 manat ödəniş etmişdir. Mənimsədiyi pulları şəxsi məqsədləri üçün istifadə etmişdir. Hazırda həmin borcun qaytarılması üçün ona vaxt verilməsini xahiş edərək, borcu qaytaracağına söz vermişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1102 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 40-44-cü vərəqlərində İddiaçı MMC ilə Cavabdeh adından olan VO-130 nömrəli xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin kserosurətinin 1-2-3-cü vərəqlərinin aşağı hissəsində əks olunmuş imzaların, 4-cü vərəqinin aşağı hissəsində “İşçi” qrafasında əks olunmuş imzanın və 5-ci vərəqinin aşağı hissəsində “11.2. İşçinin adı, soyadı və atasının adı göstərilməklə ünvanı:” hissəsində “İmza:” və “(ikincinüsxəni təhvil aldım)” qrafalarında əks olunmuş imzaların, 45-ci vərəqində xx.xx.2021-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin (əmək müqaviləsinə əlavə) kserosurətinin aşağı hissəsində “İmza: İŞÇİ” qrafasında əks olunmuş imzanın – Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı MMC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 38.200 əsas pulun, 1.910 manat əldən çıxmış faydanın və ödənilmmiş 210 manat dövlət rüsumunun, cəmi 40.320 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. İşçinin vəzifə öhdəliyi şirkətin mallarının topdan satışını həyata keçirmək idi. Cavabdeh müxtəlif vaxtlarda daha dəqiq isə işdən çıxmağına 10 gün qalmış malların pullarını özünün də qeyd etdiyi kimi mənimsəmiş və şəxsi məqsədləri üçün istifadə etmişdir. Özünün də izahatlarından göründüyü kimi şəxs etiraf etmişdir ki, ümumilikdə 38.200 manat pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etmiş və müəssisəyə ziyan vumuşdur. Cavabdehə pretenziya göndərilməsinə baxmayaraq və mediasiya prosesində iştirak üçün müraciət olunsa da ümumiyyətlə o, pulun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Təqdim edilən əmək müqaviləsinə xitam barədə bildirişdən və əmrdən göründüyü kimi xx.xx.2021-ci il tarixdən cavabdehlə əmək müqaviləsinə xitam Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən verilmişdir. Cavabdeh tərəfindən 1 ilə yaxın müddətdir ki, mənimsənilmiş pul vəsaiti geri qaytarılmır. Bu halda müəssisə cavabdehdən illik 5% olmaqla əldən çıxmış fayda tələb etməyə haqlıdır. 38.200 manatın illik 5% olmaqla hesablanmaqla məbləği 1.910 manat müəyyən olunur. Odur ki, cavabdehdən 38.200 manatdan əlavə 1.910 manat əldən çıxmış fayda da ödənilməlidir. Faktiki olaraq cavabdeh həmin vəsaiti geri qaytarmamaqla faydalanmış və iddiçıya ziyan vurmuşdur.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5592/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh 15.700 manat məbləğində pul vəsaitinin, 50 manat mediasiya xərcinin, dövlət rüsumunun əvəzi qismində 65 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X8)

13. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı vurulmuş zərərin həcmi ilə bağlıdır. İddiaçı cavabdehin yazılı izahatını borcun etirafı müqaviləsi kimi qələmə verməyə çalışsa da və borcun etirafı barədə müqavilənin tərəflərin həmin müqaviləyə qədərki etirazlarını istisna etməsinə əsaslansa da, lakin məhkəmə həmin yazılı izahatın mövcud borcun etirafı haqqında mücərrəd müqavilə hesab edilə bilməməsi qənaətinə gəlmişdir. Belə ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Halbuki qeyd edilən yazılı sənəd sırf izahat formasında alınmış və müqavilənin əlamətlərini özündə əks etdirmir. Bu baxımdan məhkəmə həmin sənədi yazılı sübut kimi qəbul etmişdir. Məhkəmə cavabdehin yazılı izahatı təzyiq, təsir altında yazması ilə bağlı dəlilləri ilə razılaşmış və hesab etmişdir ki, iddiaçı cavabdehi mənimsəmə cinayətini törətməsi ilə bağlı ittiham edirdisə, onun hansı səbəbə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etməsi anlaşılan deyildir. Hansı ki, həmin cinayət əməlinin araşdırılması prokurorluq orqanlarının səlahiyyətlərinə aiddir. Bundan əlavə məhz Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edildikdən 2 gün sonra cavabdehin iddia olunan məbləğdə zərər vurması ilə bağlı izahat verməsi təsadüfi hesab edilə bilməz. Bu səbəbdən də iddiaçının mübahisəni araşdırmağa səlahiyyəti olmadığı halda Polis orqanına müraciət etməsi onun cavabdehə təzyiq etdiyini və həmin izahatın da məhz özünümüdafiə olaraq yazıldığını göstərir. Bununla belə, məhkəmə həmin yazılı izahatın sübutların mümkünlüyü baxımından vurulan zərəri təsdiq edə bilməməsi qənaətinə gəlmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı yüksək dövriyyəsi olan şirkətdir və onun malları təhvil-təslim etmə, sifarişlərin götürülməsi, pulların mədaxil-məxaric edilməsi ilə bağlı ciddi hesabat blankları olmalıdır. Çünki ən azından cəmiyyət ildə bir dəfə auditor cəlb etməli və vergi hesabatı verməlidir. Lakin iddiaçı cavabdehin həqiqətən də 38.200 manat məbləğində zərər vurmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə iddianı cavabdehin qəbul etdiyi həcmdə əsaslı hesab etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin vurduğu zərərin nə vaxt yaranması, hansı dövrü əhatə etməsi iddiaçıya məlum deyildir. Həmin zərərin birdəfəyə də vurulmadığı aşkardır. Bu səbəbdən də öhdəliyin icrasının gecikdirilməsi müəyyən edilmir. Üstəlik iddiaçının cavabdehdən aldığı izahatında da zərərin hansı müddətdə, hansı məbləğdə hissə-hissə icra edilməli olduğu barədə hər hansı qeyd olmamışdır. Bundan başqa iddiaçı cavabdehin öhdəliyini icra etmədiyini təxmin etdiyi vaxtdan məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə iddiaçının illik 5 faiz olmaqla əldən çıxmış faydaya görə tələbini də əsaslı saymamışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci, 194.1-ci, 296.5-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 91.4-cü, 405-ci, 445.7-ci, 1096-cı, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82-ci, 88-ci, 89.1-ci, 106-cı, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsinə münasibətdə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddianın əsası kimi tərəflər arasında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, eyni zamanda müxtəlif dövrlərə aid olan malların yerdəyişməsi adlanan və özündə müxtəlif malların təhvil verilməsini ehtiva edən sənədlərə istinad etmişdir. Həmin sənədlərdə “təhvil verdi” qrafasında olan imza ilə, tərəflər arasında bağlandığı qeyd edilən xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə işçi qrafasının qarşısında olan imza, onun xx.xx.2022-ci il tarixli qəbzdə "xxxx" MMC-yə ödənilməsi üçün 1.000 manat pul təqdim etdim məzmunlu Cavabdeh qarşısındakı imza, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yazılı izahatda Cavabdeh oğlunun adının əvvəlində olan imza, xx.xx.2019-cu il tarixli əmək müqaviləsində hər səhifənin altındakı imza, xx.xx.2019-cu il tarixli tam maddi məsuliyyət müqaviləsində işçi qrafasının qarşısındakı imza, 05.4.2021-ci il tarixli VO-130 nömrəli əmək müqaviləsində hər səhifədə olan imza bir-birindən kəskin şəkildə fərqlənir. Belə ki, tam maddi məsuliyyət haqqında müqavilədəki onun adının qarşısında olan imza ona məxsus deyil, başqa şəxslər tərəfindən saxtalaşdırılıbdır. Buna görə də həmin tam maddi məsuliyyət haqqında müqavilə iddianın qismən təmin edilməsi üçün sübut qismində nəzərə alına bilməz. Məhkəmə baxış iclasında onun nümayəndəsi iddiaçı tərəfdən təqdim edilmiş bir sıra sənədlərdə cavabdehin imzasının fərqli olmasını əsas gətirərək, iddiaçı ”Vəlioğlu 2018” MMC-nin təqdim etdiyi sənədlərdə Cavabdeh adından icra olunan imzanın ona aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət təqdim etmişdir. Məhkəmə həmin vəsatəti rədd etmiş və qətnamədə bununla bağlı göstərmişdir ki, cavabdehin əvvəlki məhkəmə iclaslarında müqavilə və sənədlərdəki imzaların özünə aid olduğunu təsdiq etməsinin müəyyən edilməsi nəticəsində təqdim edilmiş vəsatətin təmin edilməsi zərurəti də aradan qalxmışdır. O, məhkəmənin bu mövqeyi ilə razılaşmır. Çünki ona hansı sənədlərin göstərilməsi, hansı imzaların ona məxsus olmasını təsdiq etməsi məlum deyil. Nəzərə alsaq ki, iddiaçı tərəfindən məhkəməyə xeyli sayda sənəd təqdim edilmişdir, məhkəmənin həmin sənədlərin hamısının ona göstərməsi inandırıcı və ağlabatan deyil, bu barədə məhkəmə qətnaməsində hər hansı izah yoxdur. Digər tərəfdən, cavabdehin dəymiş ziyanın bir hissəsini etiraf etməsi məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətin rədd edilməsi üçün də əsas deyil. Çünki işçinin işəgötürənə vurduğu ziyanın tam həcmdə ödənilməsi işçinin etirafı ilə deyil, onlar arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanması ilə şərtləndirilir. Buna görə də nə qədər ki, cavabdeh tərəf iddiaçının təqdim etdiyi sənədlərdə, xüsusən tam maddi məsuliyyət haqqında müqavilədə onun adının qarşısında olan imzanı mübahisələndirir, həmin müqavilə məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilməz və cavabdehin hansısa etirafı vəsatətin rədd edilməsi üçün əsas sayıla bilməz. Digər tərəfdən, məhkəmə vəsatəti rədd edirsə, bununla bağlı əsaslandırılmış qərardad qəbul etməlidir. Elektron məhkəmə sistemində hakimin belə bir qərardad qəbul etdiyi görünmür. Məhkəmə bütün faktiki halları araşdırmamış, tərəflər arasında bağlandığı iddia edilən tam maddi məsuliyyət haqqında müqavilənin mötəbərliyini yoxlamamış, onun şübhə altına alınmasına dair cavabdehin mövqeyini nəzərə almamış və təqdim edilən məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi haqqında vəsatəti təmin etməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin iddiaçıya daha yüksək məbləğdə borcu yaranmışdır. Birinci instansiya məhkəməsində də cavabdeh mövcud olan borcunu şəxsən etiraf etmişdir. Lakin iddiaçı mübahisənin uzanmaması səbəbindən birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Eyni zamanda, cavabdeh əməlini etiraf etdiyindən, hissə-hissə ödəniş etmək barədə vəd verdiyindən və vədinə uyğun 1.000 manat pul ödədiyindən iddiaçı ona inanmış və onun əməlləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Belə ki, cavabdeh iddiaçının əmlakını mənimsəmişdir, onun əməllərində konkret olaraq cinayət tərkibi var idi. Hazırda isə cavabdeh bütün etiraflarına baxmayaraq, iddiaçıya hər hansı borcunun olmadığını bildirir. Halbuki, onun iddiaçıya maddi ziyan vurması iş materiallarında olan sübutlarla tam təsdiqini tapır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

19. Cavabdeh vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin əslini məhkəməyə və ekspertə təqdim etməmişdir. Halbuki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məxəllənin 2.3-cü və 882-ci maddələrinin, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən işçi ilə işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilə yoxdursa, işçinin dəyən zərərin məbləği ilə bağlı etirafedici izahatı və ya məhkəmə iclasında iddianı qismən etiraf etməsi iddianın həmin həcmdə təmin edilməsi üçün əsas deyil. Buna görə də iddiaçı dəyən zərərin mövcudluğunu sübut etmək üçün cavabdehin etirafedici izahatına deyil, tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə istinad etməlidir. Belə bir müqavilənin əsli isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh həmin müqavilənin mövcudluğunu və müqavilədə olan imzanın onun tərəfindən yerinə yetirilməsini mübahisələndirmişdir. İddiaçı isə həmin müqavilənin əslini məhkəməyə təqdim etmir və onun saxta olub-olmamasının cavabdeh tərəfindən sübut edilməli olduğunu qeyd edir. Lakin öz iddiasının əsaslarını sübut etməli və bununla bağlı zəruri sübutları məhkəməyə təqdim etməli olduğu bir halda, tam maddi məsuliyyət haqqında müqaviləni təqdim edə bilmirsə, deməli, öz iddiasının əsaslı olması ilə bağlı zəruri sübutlara malik deyil. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına görə cavabdehin etirafedici izahatı iddianın təmin edilməsi üçün kifayət deyil. Məhkəmə kollegiyası cavabdeh tərəfin ərizəsini, habelə cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” hissəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsinə “c” hissəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; 193-cü maddəsinin 1-ci bəndinə əsasən mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır; 193-cü maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər; 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddənin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; 200-cü maddəsinin 5-ci hissəsinə əsasən tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır; 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır; 203-cü maddənin 2-ci bəndinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Eyni zamanda, qeyd edilmişdir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Apellyasiya şikayətində qənamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən, yəni təmin edilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında əmək münasibətləri olmuş (xx.xx.2019cu il, xx.xx.2021-ci il tarixli əmək müqaviləsi), cavabdeh iddiaçı cəmiyyətdə satış üzrə nümayəndə vəzifəsində işləmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli, VO-192 saylı əmrinə əsasən həmin tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72ci maddəsinin “c” bəndindən sadalanan hal) ləğv edilmişdir.

29. Hazırda iddiaçı əmək münasibətlərində olan zaman cavabdehin cəmiyyətin mallarının satışından əldə etdiyi pulları mənimsəyərək, şəxsi məqsədlər üçün istifadə etdiyini, nəticədə cəmiyyətə 38.200 manat məbləğində zərər vurduğunu, yazdığı izahatlarda bu halı etiraf etdiyini iddia edir və bu halı təsdiq edən sənədlərə, o cümlədən aralarında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə istinadən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, tam maddi məsuliyyət haqqında müqavilənin onun tərəfindən imzalanmadığını, müqavilənin əslinin məhkəməyə təqdim edilmədiyini, iddiaçıya dəyən zərərin mövcudluğunun sübut edilməsi üçün etirafedici izahatın deyil, tam maddi məsuliyyət haqqında müqavilənin əslinin tələb edildiyini bildirir və iddianın rədd edilməsini tələb edir.

30. Məhkəmə kollegiyası ilk növbədə maddi zərərin vurulması məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və bununla bağlı qeyd edir ki, məhz bu, yəni maddi ziyanın vurulması halının (müəyyən edilməsi) mövcudluğu onların arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə əsas olmuşdur. Lakin cavabdeh bu əmri mübahisələndirməmişdir. Cavabdehin əmr, onun verilməsinə əsas olmuş sənədlər, habelə əmrin yaratdığı nəticələr barədə məlumatlı olmaması istisna edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra da cavabdehin əmək funksiyalarını yerinə yetirməsi, habelə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin yerləşdirildiyi sistemin ona əlçatımlı olmaması öz təsdiqini tapmır. Həmçinin, xx.xx.2022-ci il tarixli izahatında cavabdeh əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad olunduğunu özü də qeyd edir. Həmin əmr hazırki işin materiallarına əlavə edilmişdir və bu baxımdan da cavabdeh üçün əlçatımlı idi. Bununla belə, cavabdeh əmr barədə məlumatlı olmuş, lakin onu mübahisələndirməməklə hüquqi nəticə etibarı ilə onun məzmunu ilə razılaşmış və bu baxımdan iddiaçıya maddi zərər vurduğunu təsdiq etmişdir.

31. Vurulmuş maddi zərərin məbləği ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh yazdığı izahatlarda (onlardan birini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində) iddiaçıya 38.200 manat məbləğində borcunun yarandığının müəyyən edildiyini, bu məbləğin 16.000 manat hissəsinin öz şəxsi işlərinə xərclədiyini, bu məbləğdən 1.000 manat hissəsini ödədiyini, qalan məbləği də hissə-hissə ödəyəcəyini bildirmişdir.

32. Birinci instansiya məhkəməsindəki icraat zamanı xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh izahatların onun tərəfindən, lakin təzyiq altında yazıldığını qeyd etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh 38.000 manat məbləğində borcunun olması barədə izahatı təzyiq altında yazdığını, satışı nümayəndəsi olduğu üçün borcun onun üstündə qaldığını, o, özü də hesabat apardığını, şirkətin işçisinin də hər ay bir dəfə yoxlama keçirdiyini, özünə məxsus blaknotda borc barədə qeyd apardığını, ona əsasən 16.700 manat məbləğində borcunun olduğunu bildiyini, həmin məbləğdən də 1.000 manat ödədiyini və 15.700 manat məbləğində borcunun qaldığını vurğulamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin borcun mövcudluğunu təsdiq etməməsi, əmək müqaviləsində, tam maddi məsuliyyət haqqında müqavilədə, habelə qaimələrdə olan imzaların biribirindən fərqlənməsi, imzaların saxtalaşdırılması mövqeyindən çıxış edir və məhkəməxətşünaslıq ekspertizasının keçirilməsini tələb edir. Lakin məhkəmə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehə nümayiş etdirilmiş müqavilələrdəki imzanın ona məxsus olduğunu qəbul etməsini nəzərə alıb, protokol qaydasında qəbul edilmiş qərardadla vəsatəti təmin etməmiş və xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolu cavabdehin nümayəndəsi və vəkilinə göstərildikdən sonra o, cavabdehin bu barədə izahat verməyindən xəbərsiz olduğunu və cavabdehin mövqeyi ilə razılaşdığını bildirmiş və nəticədə iddianı cavabdehin bildirdiyi qaydada qismən qəbul etdiyini, cavabdehin iddiaçıya 15.700 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir (i.v. səh. 98-99).

33. Bununla belə, izahatları təzyiq altında yazdığını iddia edən cavabdeh (eyni zamanda, onun nümayəndəsi və vəkili) məhkəmə iclaslarında hazırda iddiaçıya 15.700 manat məbləğində borcunun qaldığını könüllü şəkildə etiraf edir və etirafında iddiaçının verdiyi məlumata deyil, özünün apardığı hesabata, şəxsi blaknotunda bununla bağlı etdiyi qeydlərə əsaslanır və nəticə etibarı ilə bu məsələnin iddiaçının işçisinin də ayda bir dəfə yoxlamasına istinad etməklə (faktiki olaraq üzləşməni təsdiq edir), borcunun məhz 15.700 manat olmasını (yəni bu halın iddiaçının işçiləri tərəfindən də müəyyən edilməsini) sübuta yetirməyə çalışır. Belə olan halda, borcun bu məbləğdə olmasını təsdiq edən hər hansı yoxlama, o cümlədən maliyyə sənədinin iddiaçıdan tələb edilməsinə zərurət qalmır.

34. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanması ilə bağlı qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iş materiallarında olan sənədlər cavabdehə göstərildikdən sonra cavabdeh iş materiallarında olan müqavilələrin, xx.xx.2021-ci il tarixli ərizənin, xx.xx.2022-ci il tarixli izahatın onun tərəfindən imzalandığını (yazıldığını) bildirmiş, eyni zamanda, bu sənədlərdən hər hansı birinin, o cümlədən tam maddi məsuliyyət haqqında müqavilənin onun tərəfindən imzalanmadığını qeyd etməmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət də nəticə etibarı ilə iddiaçı tərəfindən təqdim edilmiş qaimələrdə olan imzaları icra edən şəxsin müəyyən edilməsi və bununla da cavabdehin iddia üzrə tələb edilən 38.200 manat məbləğində borcunun olmamasının sübuta yetirilməsi ilə bağlı olmuşdur. Bu səbəbdən vəsatətdə həmin qaimələrə münasibətdə cavabdehin nümayəndəsi və vəkili tərəfindən “mənşəyi məlum olmayan” ifadəsi istifadə edilir və vurğu qaimələrdə olan imzaların saxtalaşdırılmasına edilir. Belə ki, 15.700 manat məbləğində borcun mövcud olmasını cavabdeh tərəf iştirak etdiyi hər məhkəmə iclasında etiraf edir.

35. Hər bir halda, vəkillər kollegiyasının üzvü olan və hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirən cavabdehin vəkili tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmaması səbəbindən cavabdehdən 15.700 manat məbləğində pulun tutulmasının qanunsuz olduğunu yalnız apellyasiya şikayətini tərtib edən ərəfədə bilməsi (bu məsələ dəlil olaraq yalnız apellyasiya şikayətində irəli sürülmüşdür) qənaətinə gəlmək həmin vəkilin peşəkarlığını şübhə altına almaq deməkdir. Bu səbəbdən belə bir halın mümkün olması ən sonuncu variant kimi də nəzərdən keçirilə bilməz. Bu da öz növbəsində belə qənaətə gəlməyə əsas verir ki, 15.700 manat məbləğində borcun olmasının etiraf etməklə, cavabdeh tam maddi məsul şəxs olmasını və bu barədə müqavilə bağlamasını da etiraf etmişdir. Digər tərəfdən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehin işlətdiyi “çünki satış nümayəndəsi olduğum üçün borc mənim üstümdə qalırdı” cümləsi də onun tam maddi məsul şəxs olmasını və onun özünün də bu barədə məlumatlı olmasını təsdiq edir. Bununla belə, 34-35-ci bəndlərdə göstərilənlər, o cümlədən əmək müqaviləsinin, izahatların və ərizənin cavabdeh tərəfindən imzalandığı bir halda, onunla Tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmaması və iş materiallarında olan belə bir müqavilənin onun tərəfindən imzalanmaması qənaətinə gəlmək üçün hər hansı əsas yoxdur.

36. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri, o cümlədən cavabdeh tərəfin mövqeyi nəzərə alınmaqla iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Lakin ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş rəydə Tam maddi məsuliyyət haqqında müqavilənin surətinin aşağı hissəsində “İmza: İŞÇİ” qrafasında əks olunmuş imzanın cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının müəyyən etmək mümkün olmamışdır. Bunun da səbəbi tədqiq olunan sənədlərdə qrafik materialın azlığı, cizgilərin sadəliyi, cavabdeh tərəfindən əlavə sərbəst imza nümunələrinin təqdim edilməməsi, həmçinin cavabdehin sərbəst və eksperimental imza nümunələrində fərqin olması olmuşdur. Nəticə etibarı ilə cavabdeh fərqli şəkildə sərbəst (mətndə fərqli xəttdən istifadə etmiş) və eksperimental imzalar (fərqli imzalar çəkmişdir) icra etmişdir. Sadə dildə deyilsə, ekspert tədqiqatının aparılmasının qeyri-mümkün olmasının səbəbkarı məhz cavabdeh olmuşdur. Digər tərəfdən bununla cavabdehin fərqli imzalar icra etmək qabiliyyətinə malik olması müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdehin hərəkətləri ilə bağlı ilk olaraq, hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Bununla bağlı cavabdeh tərəfindən yazılmış izahatlarda (2 izahat) o, əməllərinin cinayət olduğunu dərk etdiyini, əməlindən peşman olduğunu bildirmiş, işinin hüquq mühafizə orqanlarına verilməməsini və ödəniş üçün vaxt verilməsini xahiş etmişdir. Başqa sözlə, cavabdehin hissə-hissə ödəniş etməsi barədə vədləri, o cümlədən xx.xx.2022-ci il tarixdə 1.000 manat ödəniş etməsi qarşılığında onun əməlləri barədə istintaq aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Belə ki, müraciət edildiyi təqdirdə onun əməllərində cinayət tərkibi olan təqsirli hərəkətlərin müəyyən edilməsi də istisna deyildi. Belə olan halda isə tam maddi məsuliyyət haqqında müqaviləyə hər hansı ehtiyac qalmırdı.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 15.700 manat məbləğində pul vəsaiti tutmaqda haqlı olmuşdur. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5592/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5592/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar