Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-186/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 131890-1-12031 nömrəli “Baş kredit razılaşması” əsasında xx.xx.2014-cü-cü il tarixdə imzalanmış 131890-1-12031/1 nömrəli “Bərpa olunmayan kredit xətti müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 88.811,74 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6.684,57 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 2.736,50 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin” qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 60 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş digər cavabdehlərdən – Cavabdeh3 və Cavabdeh2 tutularaq Banka ödənilməsi; tutmanın ipoteka predmetlərinə - Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 507ci məhəllədə yerləşən 2 nömrəli evin 30 nömrəli mənzilə (bundan sonra – 1-ci mənzil), habelə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən 142 nömrəli evin 81“B” nömrəli mənzilə yönəldilməsi; 30 nömrəli mənzilin 90.000 manat, 81“B” nömrəli mənzilin (bundan sonra – 2-ci mənzil) isə 180.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması; mənzillərin satışından əldə edilə biləcək pul vəsaiti hesabına Banka olan kredit borcunun ödənilməsi; açıq hərracdan satıldığı halda Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin 1 aydan gec olmayan müddət ərizəndə mənzillərdən çıxarılamları və mənzillərin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Baş kredit razılaşmasına” əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Razılaşma əsasında Cavabdeh1 ilə Bank arasında “Bərpa olunmayan krediti xətti müqaviləsi” bağlanmış və Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 15,5 faiz dərəcəsi ilə 36 ay müddətinə birinci tranş üzrə 78.420 manat, ikinci tranş üzrə 39.210 manat, üçüncü tranş üzrə 19.605 manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında göstərilən müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016cı il tarixli 01 saylı “Razılaşma” bağlanaraq müqavilə üzrə borc məbləği kapitallaşdırılmış və 99.666 manat məbləğində müəyyənləşdirilərək borcun illik 15,5 faiz dərəcəsi ilə 60 ay müddətinə qaytarılması razılaşdırılmışdır. Cavabdeh1 “Baş kredit razılaşmasından” irəli gələn öhdəliklərinin təminatı məqsədi ilə mülkiyyətində olan iki mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında 10.09.201-cü il tarixli, 131890-NEDVİJ-3164 nömrəli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” və xx.xx.2014-cü il tarixli, 131890-NEDVİJ-3165 nömrəli “Daşınmaz əmlakın sonrakı ipoteka müqavilələri” bağlanmışdır. Həmçinin Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmini üsulu kimi iş üzrə digər cavabdehlər, yəni Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərinin icrasına zamin durmuş və bu barədə onlarla Bank arasında xx.xx.2014-cü il tarixli 132567-7-7869 və 132569-7-7868 nömrəli “Zaminlik müqavilələri” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, krediti və ona hesablanmış faizləri ödəməkdən yayınmışdır. Nəticədə onun Banka 88.811,74 manat məbləğində əsas, 6.684.57 manat məbləğində faiz borcu yaranmışdır. Bank, borcalan ilə arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməklə Cavabdeh1 cərimə tətbiq etmişdir ki, cərimənin məbləği 2.736,50 manat təşkil edir. Cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin” qeydə alınması üçün cəmi 60 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, tərəflər arasında bağlanmış “Bərpa olunmayan krediti xətti müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 88.811,74 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6.684,57 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 2.736,50 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat və “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin” qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 60 manat məbləğində pulun cavabdehlərdən tutularaq Banka ödənilməsini; tələb üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsini; ipoteka predmeti olan 1-ci mənzilin ilkin satış qiymətinin 110.000 manat, 2-ci mənzilin ilkin satış qiymətinin 220.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmasını; mənzillərin satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehlərin Banka olan borcunun ödənilməsini; bundan sonra artıq qala biləcək məbləğin Cavabdeh1 ödənilməsini; satıldığı halda hər iki mənzilin məcburi qaydada boşaldılmasını; qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh1 Banka olan kredit borcunu əvvəllər vaxtlıvaxtında qaytarmışdır. Lakin daha sonra onun maddi durumu pisləşdiyindən öhdəliklərini icra edə bilməmişdir. Cavabdeh1 Bankdan “Ödəniş qrafikinə” yenidən baxılmasını xahiş etmiş, lakin Bank onun təklifinə qarşı hər hansı addım atmamış və bununla da faiz borcunun süni surətdə artmasına şərait yaratmışdır. Cavabdeh1 tərəfindən kredit borcu üzrə Banka edilmiş ödənişlər əsas borcun deyil, yalnız faiz və cərimə borcunun silinməsinə yönəldilmiş və bunun nəticəsində hər üç borclunun vəziyyəti ağırlaşmışdır. İşə baxmış Rayon Məhkəməsi Cavabdeh1 həyata keçirdiyi ödənişlərin hansı qaydada silinməsini əks etdirən sənədi Bankdan tələb etməmiş, Bank tərəfindən tələb olunan borc məbləği düzgün hesablanıb-hesablanmamasının araşdırılması məqsədi ilə iş üzrə müvafiq ekspertiza təyin etməmişdir. Rayon Məhkəməsi, həmçinin ipoteka predmeti olan mənzillərin ilkin satış qiymətini həmin əmlakların real bazar qiymətindən aşağı müəyyən etməklə əsassız nəticəyə gəlmişdir. Bunlardan başqa, Rayon Məhkəməsi cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmiş, iclasın yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verməmişdir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş cavabdehlər apellyasiya baxışı iclasında iştirak etməmiş, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Baş kredit razılaşmasından” görünür ki, həmin “Razılşamaya” əsasən Bank tərəfindən Cavabdeh1 bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün 2.000.000 manat məbləğində kredit xətti açılmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Bərpa olunmayan krediti xətti müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 15,5 faiz dərəcəsi ilə 36 ay müddətinə 1-ci tranş üzrə 78.420 manat, 2-ci tranş üzrə 39.210 manat, 3-cü tranş üzrə isə 19.605 manat məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Bərpa olunmayan kredit xətti müqaviləsinə” dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2016-cı il tarixli “Razılaşmadan” görünür ki, bu “Razılamaya” əsasən kredit alan Cavabdeh1 Banka mövcud olan borcu kapitallaşdırılaraq 99.666 manat məbləğində müəyyən edilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsindən” görünür ki, bazar dəyəri müvafiq olaraq 120.000 manat və 180.000 manat olan və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan iki mənzil Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli “Çıxarışlardan” görünür ki, Cavabdeh1 məxsus hər iki mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət reyestrində qeydə alınmışdır. Bank tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Bank tərəfindən təqdim edilmiş “Arayışdan” görünür ki, cavabdeh tərəfin Banka xx.xx.2018-ci il tarixə olan əsas borcu 88.811,74 manat, faiz borcu 6.684,57 manat, cərimə borcu 2.736,50 manat təşkil edir. “İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərdən görünür ki, Cavabdeh1 3 iş günü ərzində pul tələbləri ödənilməzsə və ya məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşma təsdiq edilməzsə, B ank tərəfindən pul tələblərinin ödənilməsi, ipoteka predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. “xxxx” MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2018-ci il tarixli 217M/1 nömrəli “Qiymətləndirmə rəyindən” görünür ki, G.Hüsenyovaya məxsus 1-ci mənzilin bazar dəyəri 110.000 manat, 2-ci mənzilin bazar dəyəri isə 220.000 manat təşkil etmişdir. İşin materiallarından görünür ki, Cavabdeh1 “Bərpa olunmayan kredit xətti müqaviləsi” üzrə üzərinə öhdəlik götürsə də, bu öhdəliyi icra etməmiş, krediti və ona hesablanmış faizləri Banka ödəməmişdir. Göstərilənlərə əsasən, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77.1ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın, hazırki halda cavabdehlərin üzərinə düşür, lakin onlar, öhdəliyi icra etdiklərini sübuta yetirə bilmirlər. Cavabdeh tərəf, ümumiyyətlə, bu halı mübahisələndirmir. Apellyasiya şikayətində bildirilir ki, borcalan Cavabdeh1, ilk vaxtlar borcunun vaxtlı-vaxtında ödəmiş, lakin daha sonra maddi vəziyyətində yaranan problemlərə görə Bank qarşısında olan öhdəliyini icra edə bilməmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə münasibətdə bildirir ki, cavabdeh G.Hüseyenovanın, habelə digər cavabdehlərin maddi vəziyyətinin aşağı düşməsi onları Bank qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasında azad etmir. Çünki tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrində borcalan və zaminlərin maddi vəziyyətinin aşağı düşməsinə görə onların borc öhdəliklərindən azad edilməsi və ya məsuliyyətlərinin yüngülləşdirilməsi məqsədi ilə onlara hər hansı bir şəkildə güzəştin tətbiq olunması barədə şərt də nəzərdə tutulmamışdır. Odur ki, cavabdehlər Bank qarşısında olan öhdəliklərini tam həcmdə icra etməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır. Cavabdehlərin apellyasiya şikayətində irəli sürdüyü daha bir dəlil ondan ibarətdir ki, borcalan Cavabdeh1 Banka etdiyi ödənişlər hesabına borc təyinatı üzrə düzgün silinməmişdir. Məhkəmə, bununla bağlı qeyd edir ki, ödənişlərin silinmə ardıcıllığı tərəflər arasında bağlanmış “Bərpa olunmayan kredit xətti müqaviləsinin” 5.6-cı maddəsi ilə müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, müqavilə üzrə ödənişin silinməsi aşağıdakı ardıcıllıqla həyata keçirilmir: birinci növbədə Bankın kredit müqaviləsi üzrə borcun qaytarılması, həmçinin məhkəmə xərcləri üzrə məsrəflər; ikinci növbədə borcun gecikdirilməsinə görə penya (gecikmələr baş verdiyi halda); üçüncü növbədə gecikən faiz məbləği (gecikmələr baş verdiyi halda); dördüncü növbədə faiz məbləğinin ödənişi; beşinci növbədə əsas borc məbləği. Bundan başqa nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 432.4-cü maddəsinin mənasına görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin, sonra faizlərin və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Qeyd olunan maddi hüquq normasının tələblərinə, habelə “Bərpa olunmayan kredit xətti müqaviləsinin” şərtlərinə əsaslanan Məhkəmə hesab edir ki, Cavabdeh1 həyata keçirdiyi ödənişlər Bank tərəfindən düzgün olaraq ilk öncə faiz borcunun ödənilməsinə yönəldilmişdir; apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, müqavilə üzrə cavabdehin həyata keçirdiyi ödənişlərdən sonra kredit borcunun düzgün hesablanmamasını təsdiq edən hər hansı sübutları cavabdeh tərəf məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil isə mülki prosessual qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz. Belə olan halda hesab edilməlidir ki, borc məbləğlərinin müəyyən edilməsi hissədə Bankın tələbinin əsaslılığı şübhə doğurmur və Rayon Məhkəməsi kredit borcuna dair tələbi tam həcmdə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin daha bir dəlili isə ipoteka predmeti olan və “Bərpa olunmayan kredit xətti müqaviləsi” üzrə tutmanın yönəldildiyi mənzillərin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlıdır. Cavabdehlər bildirirlər ki, Rayon Məhkəməsinin 1-ci mənzilin ilkin satış qiyməti kimi müəyyən etdiyi 110.000 manat, 2-ci mənzilin ilkin satış qiyməti kimi müəyyən etdiyi 220.000 manat mənzillərin real qiymətindən qat-qat aşağıdır. Məhkəmə apellyasiya şikayətinin müzakirə olunan dəlilinə münasibətdə ilk növbədə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Rayon Məhkəməsi mənzilin ilkin satış qiyməti müəyyən etmək üçün iş qiymətləndirmə ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını “xxxx” MMC-yə həvalə etmişdir. Həmin MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, 1-ci mənzilin bazar dəyəri 110.000 manat, 2-ci mənzilin bazar dəyəri isə 220.000 manat təşkil edir. Rayon Məhkəməsi mütəxəssis rəylərini əsas götürərək mənzillərin ilkin satış qiymətini rəylərdə göstərilən məbləğlərə müəyyən etmişdir. Cavabdeh tərəf bu rəyləri şübhə altına ala biləcək hər hansı sübutu (ən azından digər qiymətləndiricinin rəyini) məhkəmələrə təqdim edilmədiyindən, habelə rəylərin əsassız hesab edilməsi üçün hər hansı bir hal məhkəmə baxışı zamanı aşkar edilmədiyindən, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı hesab edilməlidir. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehləri lazımi qaydada məlumatlandırmamış, onların məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı işdə olan sənədlərə əsasən bildirir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə bildirişlərini cavabdehlərin ünvanlarına göndərməklə, məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat vermiş, lakin cavabdehlər məhkəmə baxışı iclaslarına getməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Rayon Məhkəməsi də, bunu nəzərə alaraq və MPM-nin 185-ci maddəsinin tələblərindən çıxış edərək işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. MPM-nin 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmamışdır. Qətnamə çəkişmə şəraitində qəbul edilmişdir. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlərin ödədiyi dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlərin ödədiyi dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-186/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-186/2020
28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver