Məhkəmə qərarları › İş №2(103)-1869/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1869/2022

23.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1869/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «məcburi pay almaq hüququndan məhrumetmə» tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2894/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mirasından məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1938-ci ildə Laçın rayonunun, Arduşlu kəndində anadan olub. 1962-ci ildə ailə həyatı qurub. Üç uşağı var: bir qız, iki oğlan. Oğlan övladları onu ahıl yaşında küçələrə düşməyinə səbəb olmuşdur. O,bildirir ki ona baxmırlar, söyürlər, döyürlər hətta üstünə silah çəkirlər. Qonşular olmasa onu çoxdan öldürəcəyini qeyd etmişdir. Polisə dəfələrlə müraciət etmişdir. Özünə məxsus əmlak barəsində “Asan” Xidmətə müraciət edərək, qızının övladlarına vəsiyyətnamə tərtib etmişdir. Oğulların Cavabdeh1 və Cavabdeh2 pay almaq hüququndan məhrum etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2894/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iş üzrə yeni məhkəmə aktının əbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən məhkəmə maddi hüquq normalarına istinad etsə də ətraflı araşdırma aparmamış, maddi hüquq normalarını işin faktiki halları ilə müqayisədə düzgün tətbiq etməmişdir. Halbuki, oğlanlarının ona qarşı bütün hərəkətləri onların Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən ləyaqətsiz vərəsə kimi hesab edilməsinə tam əsas verir. Məhkəmə qanunsuz və əsassız qətnaməsini cavabdehlərin şifahi ifadələrinə əsasən qəbul etmiş və sübutlara əsaslanmamışdır. Bununla da milli və beynəlxalq qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdehlər heç bir sübut təqdim etməmiş və məhkəmə iclasında tədqiq edilməmişdir. Halbuki, o, oğlanları tərəfindən tam atılmış bir vəziyyətdədir və onların hərəkətləri, onu döymələri, söymələri, ona qarşı əxlaqsız hərəkətlər kimi deyil adi hal kimi qəbul edilmişdir. Məhkəmə Ailə Məcəlləsində təsbit olunmuş valideynlərlə uşaqlar arasındakı öhdəlik münasibətlərinə hüquqi qiymət verməmişdir, ümumiyyətlə ailə qanunvericiliyinin tələbləri unudulmuşdur. Məhkəmə iclasında oğlanları tərəfindən verilmiş yalan və özünü müdafiə xarakterli ifadələr əsas götürülmüşdür. Məhkəmə onunla oğlanları arasındakı mövcud münasibətlərə hüquqi qiymət verməmişdir, adi qəbul edilən normal hal kimi qeyd edilmişdir. Nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. Mülki Məcəllənin 1137-ci maddəsində ləyaqətsiz vərəsənin anlayışı verilmişdir. Hazırki iş üzrə cavabdehləri səciyyələndirən bütün əlamətlər onları ləyaqətsiz vərəsə kimi tanımağa əsas verir. Valideyni döymək, söymək, ondan ayrı yaşamaq, təmizliyinin və sağlamlığının qayğısına qalmamaq, ölümlə hədələmək, qış vaxtı ahıl kişinin pencək ilə küçəyə çıxmasına səbəb olmaq nə deməkdir. Məhkəmə qeyd edilən mövcud halların məcmusuna hüquqi qiymət verməkdən bir mənalı şəkildə imtina etmişdir. Həmin Məcəllənin 1176-cı maddəsində vəsiyyət üzrə vərəsəlik hüququndan məhrum etmək barədə danışıiır lakin, məhkəmə qanunvericiliyin bu tələbini də nəzərə almamışdır. Yenə həmin Məcəllənin 1203-cü maddəsində məcburi pay almaq hüququndan məhrum etmədən bəhs edilir. Həmin maddənin tələbinə görə göstərdiyi xüsusatlar üzrə cavabdehləri məcburi pay almaq hüququndan miras qoyan kimi sağlığında məhkəmə yolu ilə həyata keçirə bilər. Beləliklə məhkəmə əsassız və qanunsuz mövqe tutmuş, həmin maddəni nəzərə aimamışdır. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 82, 83-cü, Mülki məcəllənin 1137,1176 və 1203-cü maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirdi ki, cavabdehlər İddiaçı qarşı kobud hərəkətlər etmişlər, lakin aydın məsələdir ki cavabdehlər bu barədə izahat verməzlər. Digər tərəfdən cavabehlər iddiaçıya lazımi qayğını göstərmirlər və cavabdehlər qanunla nəzərdə tutulmuş qaydada mirasdan məcburi pay almaq hüququndan məhrum edilməlidirlər. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlməmişlər, kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarından göründüyü kimi iddiaçı cavabdeh qismində çıxış edən öz oğullarının mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsası kimi cavabdehlər qismində çıxış edən oğullarının valideyn kimi onlara hörmət etməməsi, alçatması, təhqir etməsi kimi hallarla əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi araşdırma çərçivəsində iddia tələbinin əsaslılığını müəyyən etmək mümkün olmadığını əsas götürərək, düzgün olaraq iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia tələbinin əsası kimi qeyd edilən və mülki qanunvericilikdə şəxsin vərəslik hüququndan məhrum edilməsinin əsası qismində çıxış edən hallarla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki qanunvericilikdə şəxsin vərəsəlik hüququndan məhrum edilməsinin əsasları birbaşa qeyd olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı qeyd olunan əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmiş, həmin hallar öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Hazırki iş üzrə iddiaçı isə cavabdehlər tərəfindən onun son iradəsinə həmçinin ona qarşı yönələn mirasdan məhrum etmə barədə hallar barədə hər hansı sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2894/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar