Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1869/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs Zəminə Alıyevanın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “ərizənin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1325/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının adından hazırlanmış və cavabdeh tərəfindən notariat qaydasında təsdiq olunmuş xx.xx.2008-ci il tarixli ərizə etibarsız hesab olunsun. Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ərizə təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və üçüncü şəxs Zəminə Alıyeva apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Etibarsız sayılması tələb olunan ərizə iddiaçı tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanlanıb və əl yazısı ilə yazılıb (cild 1, iş v. 95). Ərizədə iddiaçı bildirib: “Yazıb sizdən xahiş edirəm ki, bizə veriləcək yeni mənzilin bacım X1 adına sənədləşdirilməsinə etiraz etmirəm”. Ərizədəki imzanın həqiqiliyi xx.xx.2008-ci ildə cavabdeh tərəfindən təsdiq olunub. İddia onunla əsaslandırılıb ki, ərizədəki imza iddiaçıya məxsus deyil. Lakin AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1309 nömrəli ekspert rəyinə görə, ərizədəki yazılar və imza iddiaçıya məxsusdur (cild 2, iş v. 18). Ekspert rəyi kifayət qədər əsaslandırılıb ki, təkrar ekspertiza təyin edilməsi üçün əsas yoxdur. AR Mülki Məcəlləsinin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Birtərəfli iradə ifadəsi olan həmin ərizə iddiaçının özü tərəfindən yazıldığına və imzalandığına görə, onun etibarsız hesab edilməsi üçün əsas yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1325/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1869/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1869/2025
14.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver